"Fatehlərin zəfəri"
sənədli
romandan parça
...Daşaltı
kəndi düşmənin əlindən qoparıldı...
Birləşmiş
briqadaların komandiri, polkovnik Tehran Mənsimov yeni
tapşırıq aldı: istiqamət Şuşayadır!
Ağır
döyüşlərin yorğunluğu içində sanki
bir sevinc qığılcımı işıq saçdı:
"Axır ki, Şuşaya hərəkət edirik. Daşaltıda şəhid olmuş
yoldaşlarımızın qisasını mütləq,
mütləq alacağıq. Xüsusi təyinatlılar
düşmənə qan udduracaq". Sevinc
qığılcımı sanki ürəyinə
çökmüş hüzn və kədəri
yüngülləşdirdi, ona bir təskinlik və
rahatlıq gətirdi. Yamacdan çevrilib geriyə
baxdı: Daşaltı və Daşaltıdan o tərəfə
görünən və görünməyən dağlar
vardı. Boranı, qarı əskik olmayan o
dağların zirvəsində onların pozulmayan izi vardı.
Onlar düşmənin kök
saldığı, güclü müdafiə mövqeləri
yaratdığı bu dağlarda işğal olunmuş
yüksəklikləri ermənilərdən təmizlədilər.
Xüsusi təyinatlılar ürəklərində
vətən sevdası adlı bir ocağı
alışdıraraq və bu ocağın istisinə
qızınaraq soyuqda, boranda, leysan yağışların
altında keçilməz meşələrdən, sərt
qayalardan, təhlükə dolu dərin yarğanlardan, dərə-təpələrdən
keçərək canı, qanı bahasına düşməni
məhv etdilər. İndi o dağlar,
geniş vadilər, sıx meşələr, kollu-koslu,
tikanlı çöllər azaddır. Arxada həm də
saysız-hesabsız xarabalıqlar qalıb və o
xarabalıqlar da azaddır... Düşmən bu
xarabalıqların - odu sönmüş ocaqların sahiblərinə
divan tutduğu kimi bu evlərə, gül bağçalara,
bir vaxtlar bu yerlərə yaşıl rəngli örpəyini
çəkən qollu-budaqlı şah ağaclara da divan
tutmuşdu. Bu xarabalıqların içi göz
yaşı ilə doluydu və göylərdən nə qədər
leysan töksə də, bu göz yaşlarının
acısını yuyub təmizləyə bilməzdi...
Polkovnik əsgərlərini gizli bir qürur hissi ilə
süzdü.
Onların arıqlamış sifətində,
çuxura düşmüş gözlərində mərdlik,
cəsurluq işarəti vardı. Onlar
dayanmadan irəli gedərək düşmənə bir daha
öz gücünü, qüdrətini göstərmək,
gözəl Şuşanı ermənilərin doyumsuz
iştahından, təhlükəli nəfsindən xilas etmək
istəyirdilər. Bu savaşda kimin sağ
qalacağı, kimin qazi və ya şəhid olacağı məlum
deyildi. Düşmənə nifrət hissi, qisas hissi,
Şuşanı işğaldan qurtarmaq inadı bu hissi üstələyirdi...
Polkovnik birdən-birə Anarı, Nihadı
xatırladı. Hüznlü bir
duyğudan kövrəldi. Onlar əsl qəhrəman
idilər. Və indi döyüş
tapşırığını yerinə yetirməyə gedəcək
xüsusi təyinatlıların arasında yerləri
görünürdü...
...Polkovnik
Tehran Mənsimovun rəhbərliyi ilə xüsusi təyinatlılar
Xankəndidən Şuşaya gələn təminat yolunu,
polkovnik-leytenant Rəşad Aslanovun briqadası isə
Gorus-Laçın yolunu bağlayacaqdı. Bununla
da düşmən Ermənistandan Şuşaya gələn
silah-sursat və canlı qüvvə yardımından məhrum
olacaqdı. Tapşırığı
yerinə yetirdikdən sonra Rəşad Aslanovun briqadası
İsa bulağı istiqamətindən Şuşaya tərəfə
hərəkət edərək şəhərin girəcəyində
Tehran Mənsimovun xüsusi təyinatlıları ilə birləşəcəkdi.
...Komandir
Rəşad Aslanovla çiyin-çiyinə gedən polkovnik
Elnur Şirinov dedi:
- Ermənilər
nəyin bahasına olursa olsun Şuşanı əldə
saxlamağa çalışacaq.
Polkovnik
Renat Şıxnəbiyev başını buladı:
-
Nağıllarda deyildiyi tək, divin canı şüşədə
olan kimi ermənilərin də canı Şuşadadı. Elə
ki, Şuşa alındı, düşmənin
beli sındı.
- Şuşa üç tərəfdən
mühasirəyə alınacaq: xüsusi təyinatlıların
bir qismi qayalıqlardan çıxaraq şəhərin
içinə girəcək, əlbəyaxa döyüş
aparacaq. Biz də Komutanla Şuşanın girəcəyindəki
ərazidə birləşəcəyik. Demək
olar ki, Şuşanı azad etmək əməliyyatı
üçbucaq şəklində həyata keçiriləcək.
Arxadan isə ordu köməyə gələcək.
...Ermənilər
də Şuşanın ətrafına tanklar, BMP-lər, piyada
döyüş maşınları, uzaqvuran toplar, minamyotlarla
güclü mövqe yaradırdılar. Ermənilərin
fikrincə, müdafiəni yarıb keçmək qəhrəmanlıqla
birgə möcüzə də istəyirdi.
***
Xankəndiyə
gedən yolda, Şuşaya qalxan yamaclarda çoxlu adam toplaşmışdı. Onların
tutqun, kədərli üzlərində,
çatılmış qaşlarının altında məyus-məyus
baxan gözlərində heç bir vaxt yaşamadıqları
məğlubiyyətin acısı, doğma evlərini tərk
etmək qorxusu bütün dəhşəti ilə həkk
olunmuşdu. Yamaclarda silahlılar da
vardı. Bunlar Xankəndidən gəlmiş,
əlində avtomat silah olan yeniyetmə və yaşlı
adamlar idi. Erməni əsgərlərinə
köməyə getmək, onlarda ruh yüksəkliyi yaratmaq
niyyətindəydilər.
Müharibə isə Şuşanın girəcəyində
gedirdi. T-12
tankları və BMP-2-lər dayanmadan od
püskürür, havaya qalxan şimşək kimi
parıltıdan sonra dəhşətli partlayış
eşidilirdi. Qara tüstü və alov ara
vermədən ətrafı bürüyürdü.
Şuşaya gedən Xankəndi yolu
bağlanmışdı. Yollarda ərzaq
maşınlarının hərəkəti
dayanmışdı, sanki onlar da ermənilər kimi dərin məyusluq
içində bir möcüzənin baş verməsini,
düşmənin məğlub olmasını gözləyirdilər.
Amma çox güman ki, müharibə artıq
sona yetirdi, ermənilərin qalib gəlmək xəyalı isə
yüngül sabun köpüyü tək
dağılırdı.
Uzaqda rus jurnalistlərinin olduğu yüngül
maşın göründü. Maşın sürətlə
Xankəndiyə gəlirdi. Arxada isə
sanki dəhşətli atəş səsi maşını
izləyirdi. Şoferin yanında oturmuş rus jurnalisti
qorxu ilə çevrilib geriyə baxdı və acıqla dedi:
- Şuşaya yaxınlaşa bilmədik. Dəhşətli
döyüş gedir. Elə bilirəm ki,
üstünlük düşmən tərəfdədi. Çünki onlar bizimkilərə göz
açmağa aman vermir. Yıxılırlar,
dururlar, yenidən irəli yüyürürlər və sanki
özlərini atəşin içinə atırlar. Tanklardan bir neçəsi vurulmuşdu. Bir neçəsi hərəkətsiz idi. Çox güman ki, bizimkilər qoyub
qaçmışdılar, - irəlidə toplaşmış
adamları seyr etdi, - görəsən, bunların taleyi necə
olacaq? Çox güman ki, onlar Xankəndi
dedikləri Stepanakertə də girəcəklər.
- Əliboş geri qayıdırıq. Mən ümidlə
getmişdim, - ikinci sarısaçlı, göygözlü
cavan sifətini turşudub başını yellədi,- Müharibəni canlı-canlı çəkmək
istədim. Amma qorxdum. Atəşin
altına düşə bilərdik.
-
Çox təəssüf, tanklar heç nə eləyə
bilmir, - yaşlı şofer də başını bulayıb
hirslə dedi, - əllərinin altında o qədər
qüvvə varkən bizimkilər əfəllik etdilər,
bacarıqsızlar... Yoxsa türklər kimdi ki,
bizə qalib gələlər, - şofer barmağını
Şuşaya tərəf silkələdi, - ermənilər
doxsan ikinci ildə bu torpaqları qəhrəmancasına, qan
tökərək aldılar.
Zirehli maşın sürətlə yanlarından
keçib, izdihamın yanında dayandı. Jurnalistlər
də maşını saxlayıb düşdülər.
Yaşlı
erməni qızarmış gözlərini sildi, çənəsi
əsə-əsə, ağlamsınaraq soruşdu:
-
Onların tankı çoxdurmu?
- Hələlik, məlumata görə,
xüsusi təyinatlılar döyüşür.
- Bəs
bizimkilər hardadı? Öldülərmi?
- kişi hirslə yumruğunu
düyünlədi.
- Onlar
bizimkiləri göz açmağa qoymadılar.
- Nikolu
sürüyüb bura gətirmək lazım idi, - başqa
biri dedi.
- Nikolun əlindən
heç nə gəlmir. O, ancaq boş-boş
danışır, yalan vədlər verir.
Alçaqboy,
gözlərindən nifrətin yaratdığı atəş
qığılcımları oynayan orta yaşlı erməni əllərini
havada oynatdı:
- Mənim
babam on səkkizinci ildə türk ordusunun qarşısına
çıxıb. Bizimkilər indi məğlub
olsalar da, biz türkləri zamanı gələndə
qarışqa kimi əzəcəyik. Bunu mən sizə
deyirəm: Dəmirçiyan Arşak. Yadınızda
saxlayın.
Yamacda
daşın üstə oturmuş qoca erməni ayağa
qalxdı, arxadan şalvarının tozunu çırpdı,
sonra yamaca boylanıb peşman-peşman dedi:
- Nəvəmi
gətirdim ki, köməyə getsin. Amma bircə nəvəm
var. O, müharibənin gedişini dəyişə bilməz
ki... Biz evə qayıdaq. Burda bizlik bir
iş yoxdu.
Zirehli
maşının sürücüsü rus jurnalistindən
papiros istədi, yandırıb arxayınlıqla
tüstünü havaya pülədi və laqeyd halda dedi:
- Biz tərəfdə
itki çoxdu. Hər tərəf cəsəddi.
Heç olmasa yaralıları götürmək
istədik. Amma yaxın gedə bilmədik.
Qoca erməni
yamacdan düşüb gələn çəlimsiz nəvəsini
bağrına basdı:
- Biz gedək,
oğlum, - sonra da üzünü rus jurnalistinə tutdu, - evdə
tək qalmışıq. Şəhərdən
əhalini təxliyə ediblər. Küçələr,
evlər bomboşdu. Qohumlarımız
Şuşada yaşayırdı, şəhəri
boşaldanda onlar bizə gəldi. Amma indi
heç kəs yoxdu. Gəl oğlum, gəl, -
uşağın qolundan tutub axsaya-axsaya şəhərə tərəf
üz tutdu.
Şuşadan Xankəndiyə tərəf iri
maşınlar toz qopara-qopara sürətlə gəlirdi. Bu anda tankdan
açılan atəş onları yolun ortasında
haqladı. Bir göz qırpımında
maşınlardan birini sanki alova büküb havaya tulladı,
sonra isə yerə çırpdı. Ətrafa
dəmir qırıntıları səpələndi. O
biri maşınlar böyrüüstə çevrildi. İkisində də yanğın başladı.
Rus jurnalistləri maşınları qoyub irəli
qaçdılar. Onlardan biri qışqırdı:
- Bu,
bizimkilərin atəşidi, amma niyə düşmənə
yox, Stepanakertə atırlar?
-
Ağıllarını itiriblər. Hara gəldi atəş
açırlar...
...Şuşanın yaxınlığında isə
xüsusi təyinatlılar qaladan içəri girməyə
cəhd edirdilər. Nəhayət ki, düşmən geri
çəkildi. Qala qapısından
içəri girdilər. Şuşanın
girəcəyi təmizləndi. Əsgərlərin
gur səsi dalğa-dalğa ətrafa yayıldı. Bu anda komandir Rəşad Aslanov Azərbaycan
bayrağını götürüb ermənicə
"Şuşi" yazılmış lövhənin
yanına qalxdı. Çevikliklə
bayrağı erməni hərflərinin üstə çəkdi.
Sevinc dalğası sanki Şuşanın hər
tərəfinə yayıldı, elə bil uzaq dağlara qədər
gedib çatdı.
Bu,
xüsusi təyinatlıların Şuşa
uğrunda gedən döyüşdə ilk, əzəmətli
qələbəsiydi. Ruhlanmış əsgərlər
qaladan içəri girdilər.
***
7 noyabr... Şuşa sıx dumanın içindəydi. Sanki duman Şuşanın içində hər nə varıydısa - hündür binalara, küçə və meydanlara, şəhərdən o tərəfə silsilə dağlara, geniş vadilərə qədər udmuşdu. Elə bil Şuşa yoxa çıxmışdı. Yalnız tankların, BTR-lərin, minamyotların, piyada döyüş maşınlarının səsi, dəhşətli partlayışlar, avtomat silahlardan açılan güllələrin aramsız atışı bir-birinə qarışmışdı. Nə isə uçulub dağılırdı və göydə partlayışın alov qarışıq tüstüsü görünürdü.
Şəhərin qala hissəsində dəhşətli döyüş gedirdi. Döyüş maşınları ilə yüngül silahla silahlanmış xüsusi təyinatlılar üz-üzəydi. Bu, bəlkə də dünyanın savaş tarixində ilk savaş idi. Tanklarla canlı insan döyüşürdü.
Xüsusi təyinatlıların qumbaraatanları tükənirdi. Komandir Tehran Mənsimov komandanlığa məlumat verdi:
- Vəziyyət çətindir. Cəmi dörd ədəd qumbaraatan qalıb. Tanklar isə çoxdur.
- Hava dumanlı olduğundan biz sizə kömək eliyə bilmirik. Artilleriyadan, zərbə dronlarından istifadə mümkünsüzdür. Ruhdan düşməyin, tankları sıradan çıxarmağa çalışın.
Polkovnik özü də əsgərləri ilə çiyin-çiyinə döyüşürdü. Rəşad Aslanovun xüsusi təyinatlıları düşmənə ağır zərbə vururdu. Sıradan çıxmış tanklar alovlanıb yanırdı.
...Tank sürətlə, atəş
aça-aça üstlərinə gəlirdi. Mayor Elnur Şirinov
qışqırdı:
- Renat,
tankı dayandır. Qumbaraatanın varmı?
- Var.
Elnur kənara
çəkildi,
tank üstünə gəldi. Cəld yana çevrilib əlindəki qumbaraatanı
tankın lyukuna çırpdı, tank bir anlıq ləngər
vurdu, alov tankı bürüdü. Elnur dərindən nəfəs
alıb alnının soyuq tərini sildi:
- Az qala
tank məni tırtılın altına almışdı.
İkinci tankı Renat vurdu. Yaxında olan tanklar sanki
yanmış tankları görüb, bir anlıq dayandılar,
geri çevrildilər
və sürət götürdülər.
Renat güldü:
- Tanklar da döyüşdən qaçır.
Bu anda irəlidə gələn tank atəş açdı. Top xeyli aralı düşdü və dəhşətli partlayış səsi eşidildi. Komandir Rəşad Aslanov sevinclə dedi:
-
Uşaqlar, aşağıda birini də vurdular. Tanklar döyüş
meydanını tərk edir.
Elnur Şirinov təəssüflə
dedi:
- Amma tankın birini vura bilmədik. Tank gözlənilmədən sürəti azaltdı, sonra dayandı, erməni əsgərləri düşüb qaçdılar. Onları vura bilmədik.
- Düşmən artıq məğlub olur, -
polkovnik Tehran Mənsimov dərindən,
rahatlıqla nəfəs aldı.
Güllü
MƏMMƏDOVA
525-ci qəzet.- 2021.- 16 noyabr.- S.15.