Fərdilik və fərqlilik
Ustad şair Nəriman
Həsənzadənin yaradıcılığına bir baxış
Mənim
də həyatım sözdü, şeirdi,
Bir isti nəfəsəm, bir səsəm belə.
İnsana
diləyim ancaq xeyirdi,
Şər gəlməz əlimdən, istəsəm belə.
Bu misraları böyük sənətkar Nəriman Həsənzadənin
bütün yaradıcılığının epiqrafı
adlandırmaq olar. Ustad ədibin bütün şeir və
poemalarında bir axıcılıq, həzin lirizm var ki, bu
emosionallıq müasir danışıq dilimizə bənzəyir
və bəzən həmin əsərləri mütaliə edərkən,
elə bilirsən, şairlə şirin söhbətdəsən.
Əlbəttə, hər söz adamı
misralarından boylansa, sətirlərindən görünsə,
özünün uğurudu. Şəksiz, şübhəsiz
irili-xırdalı hər əsərində mövcuddur - ilk
poeziya nümunələrindən, mənzum dramlarından, nəsrindən
("Nabat xalanın çörəyi" povestini yada salaq)
tutmuş ədəbi-bədii esselərinəcən,
müsahibələrinəcən, müxtəlif teleradio
verilişlərindəki danışıqlarınacan...
Məncə, Nəriman Həsənzadənin özünəməxsus
üslubu onun cəmiyyətə, bütöv dünyaya
münasibətinin orijinal surətdə
çağırışıdır. Bu üslubun
arxasında böyük tapıntılar, təzə-tər
poetik axtarışlar, lirizmin bütöv rəng və
çalarlarının, ecazkar, bənzərsiz əks-sədası
ifadəsi dayanır. Dünya ədəbiyyatı
kontestində (əsasən poeziya) götürdükdə,
şairin mövzularının nə qədər bəşəri
əhəmiyyət daşıdığının dərhal
şahidi olursan. Deyir, "görünən kəndə
nə bələdçi" Nizamidən (insan dünyanın
əşrəfidir) üzü bu yana
şeirimizdə vəsf olunan insan dünya xalqları ədəbiyyatının
dühalarının da şah mövzusudur. Şair
sözlə yaxşı rəftar edir, ustalıqla davranır,
poetik ricətlər yaradarkən çətinlik çəkmir.
Bu zaman sənətkarın önə çəkdiyi, məsələn,
qadın məhəbbəti ilə ülvi vətən məhəbbəti
üst-üstə düşür:
Sənin
nəfəsinin hərarətində,
Elə
bil günəşin od nəfəsi var.
Həya
var, ismət var hərəkətində
Qədim bir millətin ənənəvi var.
Qoy yeri gəlmişkən,
deyim bu sözü,
Nə var yer üzündə anadan əziz?
Sənin
yastığına baş qoymaq özü
Cəmiyyət önündə borcdu, şübhəsiz.
Azərbaycanda
Vətənə də "ana" deyirlər, "ana
torpaq", "ana vətən" kəlmələri
dilimizin əzbəridir. Söylədiyimiz kimi,
böyük sənətkarın yaratdığı
"ana" obrazı elə hər mənada qüdrətli
ölkəmizin anlamını verir. Bəs
qadın kimdir? N.Həsənzadə şeirlərinin
birində bunun təkrarsız cavabını tapır:
"Qadın üz döndərsə, sönər məhəbbət.
Nəğmələr yayılmaz obaya, elə.
Qadın xoşbəxt edər, istəsə əlbət,
dünyada ən bədbəxt kişini belə". Bu cür yanaşma təkcə adi vüsal-hicran
prizması deyil, daha bəşəri, qlobal yanaşmadır.
Qadın - anadır, bacıdır, həyat
yoldaşıdır, məcazi götürsək, bətni
övladlarının ilkin vətənidir. Beləliklə,
ana simvolu ilə vətən birləşir,
gözümüzdə bütövləşir, ali mərtəbəyə yüksəlir.
Pəncərəm
önündə sular çağlayır,
Xal düşür gecənin aydınlığına.
Qollarım
üstündə bir qız ağlayır,
İnana
bilməyir qadınlığına...
Nəriman Həsənzadə Saralı (mərhum
ömür-gün yoldaşı) günlərini həyatının
ən gözəl, şirin, mənalı çağları
adlandırır və dünyadan erkən
köçmüş bir qadına həsr etdiyi say-seçmə
şeirlərini də ruhuna vida nəğməsi sayır. İndi
övladlarının anası, evinin dadı-duzu əbədiyyətə
qovuşub, heykəl, ömrünü, daş dövrünü
yaşayır. Lakin şair ilk məhəbbətinə
çox sadiqdir, Sarasını məzarıstanda da tək
qoymur, hər gün qəbrinə baş çəkir,
saatlarla başı üstündə xəyala dalır, onunla
söhbətləşir, dərdləşir. Sonra bu
"görüş" dərdli-kədərli misralara
çevrilir, notsuz nəğmə kimi ətrafa
yayılır:
Ayrılıq
əbədi bir qədərdir, nə qəm,
Nə arzuya baxır, nə yaşa baxır.
Mən
daşa baxmaqdan daşa dönmüşəm,
Üz-üzə
durmuşuq: daş daşa baxır.
Artıq insana məhəbbət, anaya hörmət-izzət
şaxələnir, böyüyür, ictimai məna kəsb
edir. Bax, Nəriman
Həsənzadə şeirinin də gücü-qüdrəti
bundadır: hər hansı bir adi təbiət hadisəsinə
ictimai don geyindirə bilmək, onu məzmuna mindirmək,
oxucunu heyrətləndirmək bacarığı. Özü də qəribə burasındadır ki,
şair ən adi məişət hadisəsini də dəyərləndirir,
kiçicik bir predmeti danışdırır, onunla canlı
kimi rəftar edir. Oxucunun dağ-dərə,
daş-qaya, çay-bulaq, yol-yamac, təsəvvürü yox
olur və o, qarşısında bunların əvəzində
insan görür. Şeir mətnlərində
işlətdiyi metaforalar, təşbehlər, obrazla isə zəngindir,
rəngarəngdir və yalnız öz müəllifinə məxsusdur.
Məsələn: "Qayıt" lirik parçanın bir
neçə misrasına diqqət yetirək:
Gedirsən,
darıxıram,
get,
qayıt külək kimi.
Çiçəyim,
bitmə gedib
çəməndə çiçək kimi.
Kölgəni
yerdə görüb
göydən uçan durnalar -
Səni də
durna bilib,
qatarına çağırar.
Şeir həcmcə elə də böyük olmasa da,
tutumu, siqləti dərindir, adamı ovsunlayır. Müəllif
həsrətini ifadə eləmək üçün təbiətdən,
ətraf canlı aləmdən bir vasitə kimi bəhrələnir.
Burda durna qatarı da, külək də,
sayrışan ulduz da, kəklik də, su pərisi də, bənövşə
də, hətta tikanlı kol da ayrı-ayrı təbii predmetlər
və obrazlardır. N.Həsənzadənin
poetik duyğularında, nəfəsində qəribə bir
sehr-möcüzə var, bu maqnit cazibəsi dərhal oxucunu
yaxalayır, təsir dairəsinə salır. Fərqi yoxdur, şair insan sevgisindən yazır və
ya müharibə mövzusunda. Bu fərdlilik
və fərqlilik hər şairdə yoxdur, yalnız nəhəng
istedad sahiblərində var, onların sözə
yanaşması qeyri-adi olduğu üçün,
yaratdıqları da möcüzəvi təsir
bağışlayır.
Məlumdur ki, vətən, torpaq, yurd sevgisi bütün
digər sevgilərin şahıdır. Müəllifin son illərdə,
daha doğrusu, müstəqillik dövrünə həsr
olunmuş "Nuru Paşa" və "İstiqlal əsgəri"
kitablarını təkcə öz
yaradıcılığının deyil, poeziyamızın son
uğuru adlandırsaq, haqlıyıq. Hər iki
poema elə lirik ahəng ovqat üstə köklənən
qocaman ədibin ürək
çırpıntılarının səsidir. Əgər "Nuru Paşa" adından
göründüyü kimi, cümhuriyyət tariximizin
başlanğıcının əks-sədasıdırsa,
ikinci irihəcmli poema Milli Qəhrəmanımız Mübariz
İbrahimova həsr olunub, onun şanlı qəhrəmanlığından
bəhs edir. Lirik rişətlər,
kövrək duyğular bu ictimai-siyasi mündəricəli əsərlərdə
belə dərhal oxucunu çəkir, qeyri-adi gözəlliyə
qovuşdurur.
Doğrudur,
"Nuru Paşa" poemasında baş qəhrəman əsasən
xilaskar rolunu oynayır və müəllifi dönə-dönə
etiraf edir ki, "daşnak-bolşevik" qüvvələr
ötən əsrin əvvəllərində Azərbaycanda
(Qubada, Şamaxıda, Lənkəranda və s.) qətliamlar
törədərkən, o, qardaş kimi kömək əlini
uzadıb. Ancaq böyük sevgi və coşqu
ilə çətin məqamda xalqımızı müdafiəyə
qalxan türk-islam bayraqlı general-leytenant Nuru Paşa ordusu
torpaqlarımızı, daşnaklardan və havadarlarından təmizləyir,
millətimizin məhəbbətini qazanır.
...Simurq
quşu-qanadında
bir dəyirman
daşı gəlir.
İldırımlar
cana-cana,
şimşəklə yanaşı gəlir.
Qisas gəlir,
tufan gəlir
qovğa
gəlir.
Mənim
xalqım, Nuru Paşa
arxasıza arxa gəlir.
Poemada Nuru Paşa ilə bərabər, Ənvər
Paşanın, Xəlil Paşanın da adları çəkilir,
türk xalqının birliyi yolumda yenilməz mübarizələri
- haqq savaşının qəhrəmanları kimi dəyərləndirilir. Bu gün Azərbaycanla
Türkiyə qardaşlaşmış ölkələrdir,
onlar bütün siyasi, iqtisadi, ictimai müstəvilərdə
bir-birini dəstəkləyirlər. Şairin
bu uzaqgörənliyi, öncəgörməsi bənd-bənd,
misra-misra "Nuru Paşa"da əksini tapıb. Poema, sanki bir qəhrəmanlıq eposudur, sənətkarın
çin olmuş, həyata keçmiş arzularının səsidir.
Altı
qandı, üstü qandı
göz
yaşıdı bu torpağın.
Göz
yaşı - qan yaddaşıdı,
bu
torpağın
Aç
sinəni səhərlərin dağ yelinə
Nuru
Paşa!
Qığılcımlar
səpələnsin
at
nalından, at belinə,
Nuru
Paşa!
Yeri gəlmişkən, Azərbaycan Vətən
müharibəsinə ötən ilin 8 noyabrında qalibiyyətlə
son qoydu, təcavüzkar Ermənistanı diz
çökdürdü. Ali Baş Komandanın, xalqın və Ordunun sıx
birliyi bu zəfəri təmin etdi. Doğma
Qarabağımız, ətraf ərazilərimiz düşmən
caynağından qurtuldu. Əlbəttə,
ilk növbədə Milli Qəhrəman Mübariz İbrahimov
kimi cəsur, mərd, ölümün gözünün
içinə dik baxa bilən övladlarımızın sayəsində.
Maraqlıdır ki, Mübarizin qəhrəman
obrazını ilk canlandıran şair də irihəcmli
("İstiqlal əsgəri") poemasında məhz Nəriman
Həsənzadə olmuşdur.
Mübarizin
ruhu safdı,
yazılmamış bir kitabdı,
toxunmamış ipək gəvə,
ömür yolu - bir səhifə.
Həyatının
bircə anı,
O da Nuhun bir tufanı.
Unudulmaz o
bircə gün,
Sənin
üçün, mənim üçün...
Heç təsadüfi deyil ki, bu orijinal, dil
baxımından axıcı, rəvan poema dərhal İsmət
Bora Binatlının diqqətini cəlb elədi. Türkiyə türkcəsinə çevrildi, kitab
şəklində hər yerə yayıldı. Poema geniş
təhlil, tədqiqat tələb edir, onu tamamilə incələyib
süzgəcdən keçirmək, sənətkarlıq cəhətdən
analiz etmək poeziya bilicilərinin, alimlərin işidir.
Mənim yazdıqlarım kiçik oxucu rəyidir.
Çağdaş poeziyamızda 70 il külüng çalan,
90 yaşında da seçilməyi, fərqlənməyi
bacaran, şair fərdiliyini qoruyan Nəriman Həsənzadəyə
bu təlatümlü ömür halaldır.
Şəhriyar
TƏYYAROĞLU (BƏHMƏNOV)
Filoloq
525-ci qəzet.- 2021.- 16 noyabr.- S.12.