Qız övladı: duz
yükü, yoxsa
Yaradanın ən gözəl bəxşişi?
Deyirlər ki, qız övladına
sahib olmaq dünyanın
ən gözəl hissidir. Xüsusilə atalar üçün,
"Qız övladın
olmadan ata sayılmazsan" kimi bir deyim də
var. Qızı olan ataların çoxsu bu fikri təsdiqləyər.
Təəssüf ki, dünyanın
bir çox cəmiyyətlərində də
qız uşaqlarına
qarşı münasibət
birmənalı deyil.
Bəzi ailələrdə qız
övladının varlığı
valideynlər üçün
yük kimi qəbul olunur. Bu düşüncənin çox
qədim kökləri,
ibtidai təməlləri
var. Bəlkə elə
buna görə ibtidai təfəkkürdən
xilas ola
bilməyən adamlar qız övladını daxilən çox sevsələr də, onu duz yükü
qədər ağır
bir yük kimi qəbul edirlər. Dönüb yaşadığım cəmiyyətə, öz
uşaqlığıma boylananda
qız övladının
üstündə hər
zaman kölgələr
görürəm. Valideynlərini "gözükölgəli" etməsinlər
deyə, onlar özləri hər zaman kölgədə qalırlar. Başqalarının kölgəsi altında
varlığını qorumağa
çalışan balaca,
zərif və zəif çiçəklər,
həyatdan qismən məhrum ikinci dərəcəli varlıqlar
kimi yetişdirilmək
bəzi mədəniyyətlərdə
qız uşaqlarının
qədərinə çevrilib.
Elmin və mədəniyyətin işığıyla
aydınlanan ailə mühitində isə qız uşağı ailənin başqa fərdləri ilə bərabər, hüquq və azadlıqlara sahib olmaqla yanaşı, həm də atanın ən çox etimad göstərdiyi əzizinə
çevrilir. Heç şübhəsiz, dünyanın
ən xoşbəxt
qızları elə ataları tərəfindən
dəstəklənənlərdir.
Valideynlik də, həyata dair digər bütün məsuliyyətlər
kimi öyrənilən
bir vəzifədir. Təəssüf ki, bizdə bu vəzifənin öhdəlikləri yanlış
öyrədilir. İnsan həyatla
bağlı çox şeyi özündən əvvəl yaşayan insanlardan öyrənir, görüb-götürür. Bu səbəbdən ağlı, qabiliyyəti ilə dünyada tanınan dahilər, yazıçılar, sənətkarlardan
bir neçəsinin qızlarına olan münasibəti, etimadı,
onlara yazdıqları
məktubları oxuyaraq
görməyinizi istərdim.
Psixoanaliz
elminin banisi Ziqmund
Freydin qızı Lieserlə yazdığı
qısa məzmun sosial şəbəkələrdə
ən çox paylaşılan sitatlardan biridir: "Əzizim Lieserl, ən çox güvəndiyin insanlardan pislik gördüyün üçün
üzülməyin sənin
zəif olduğunu göstərmir. Fizikanın qanunlarına görə,
arxanı söykədiyin
nəsnə bir anda yox olarsa,
sən də o tərəfə doğru yıxılarsan. Yəni ki,
bunun gücsüzlüklə
heç bir əlaqəsi yoxdur".
Atasının inanclarına zidd bir həyat yaşasa da, Anna həm mənəvi, həm də intellektual baxımdan Freydə ən yaxın varlıq idi. Təsadüf deyil ki, qızı da illər sonra onun yolundan getmiş,
çox qiymətli psixioanalitik olmuşdu.
Dahi fizik
Albert Eynşteyndən qızı
Lieserlə 1400 məktub
qalıb. Onlardan birini şəxsən Lieserlə ithafən yazıb: "Nisbilik nəzəriyyəsini izah
edəndə məni çox az
adam başa düşdü. İndi bəşəriyyətə çatdırmağın üçün
yazacağım fikirlər
isə bu dünyada səhv başa düşülməyə
və qərəzlərlə
qarşılanmağa məhkumdur.
İstəyirəm ki, məktubları
lazım olduğu müddətə qədər
qoruyub saxlayasan.
O vaxta qədər ki, cəmiyyət mənim izah edəcəyim fikirləri
qəbul edib anlayacaq səviyyəyə
çatsın.
Elmin izah edə bilməyəcəyi
böyük bir güc var. O güc hər kəsi əhatəsinə alır
və idarə edir. O, kainatı var
edən hər bir fenomenin arxasında
dayanır və hələ insanlar tərəfindən müəyyən
edilməyib. Bu, universal qüvvə
sevgidir!
Alimlər kainatı anlamaq üçün vahid nəzəriyyə axtarışındaykən
bu, ən güclü, görünməyən
universal qüvvəni unutdular. Sevgi, onu
alıb-verənləri aydınlandıran
bir işıqdır.
Sevgi cazibədir, çünki
insanları birləşdirir.
Sevgi gücdür, çünki
o, içimizdəki yaxşılığı
çoxaldır, insanlığın
kor-koranə eqoizmində
tükənməməyi öyrədir.
Biz sevgi üçün
yaşayırıq və
ölürük. Sevgi
Allahdır, Allah da sevgidir. Bu güc
hər şeyi izah edir və
həyata məna verir. Bu, çox
uzun müddət diqqət yetirmədiyimiz bir ziddiyyətdir. Çünki bəlkə də,
sevgidən qorxuruq.
Ona görə ki, sevgi kainatda insanın öz iradəsi ilə istifadə edə bilmədiyi yeganə enerjidir".
Məktubun davamında dahi
fizik qızına bu qənaətə necə gəldiyini etiraf edir: "Əziz Lieserl, bu ümumbəşəri
enerjini almağı və verməyi öyrənəndə, biz təsdiq
edə biləcəyik
ki, sevgi hər şeyə qalib gəlir və hər şeydən üstündür.
Çünki sevgi həyatın
ən vacib hissəsidir. Bütün ömrüm
boyunca ürəyimdə
sənin haqqında döyünən hissləri
ifadə edə bilmədiyim üçün
çox təəssüflənirəm.
Bəlkə də indi üzr istəmək üçün çox gecdir. Amma zaman nisbi olduğu üçün
sənə deməliyəm
ki, mən səni sevirəm və son cavabı tapdığım üçün
sənə təşəkkür
edirəm.
Atan
Albert Enişteyn"
Bu məktubu isə dünya ulduzu Çarli Çaplin
1965-ci ildə, 76 yaşı
olanda öz qızına yazıb:
"Əziz qızım,
indi gecədir. Yeni il gecəsi. Mənim balaca qəsrimin
silahsız mühafizəçiləri
yatırlar. Bacın və
qardaşın yatıb,
hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa
gəlincə az qaldım hamısını oyadam.
Necə
də uzaqsan məndən! Əgər indi şəkillərinə
baxmıramsa, kor olum. Şəkillərin stolumun üstündə,
ürəyimə ən
yaxın yerdə dayanıb".
Məktubun davamında onun
qızına verdiyi tövsiyələr insanın
qəlbinə od salır. Bu məktubda bir
ata öz ruhunu, həyatı boyu çiyinlərində
gəzdirdiyi ailə məsuliyyətini, dolanışıq
yükünü və
daxili iztirablarını
övlad sevgisiylə yoğurub qələmə
alıb. Bu məktub onun Paris səhnələrini fəth
edən qızı Ceraldinədir. Çaplin
məktubda israrla qızından bir şey xahiş edir: İnsanlığını
qoru, daşlaşma və atanın timsalında dar gündə olan insanların yanında ol. O, övladına mərhəmətin və
xeyirxahlığın ən
ali dəyər
olduğunu bu cümlələrlə çatdırmağa
çalışır: "...Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm - Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam,
şirin nağıllar
danışmışam. Bəzən "Yatmış
gözəl"i, bəzən
"Pis qəlbli əjdaha"nı nağıl etmişəm...
Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə,
onu ələ salır və deyirdim: "Rədd ol! Mənim yuxum - qızımın
xəyallarıdır!" Mən sənin xəyallarını görürdüm,
Ceraldin! Sənin gələcəyini görürdüm,
bax bu gününü!
Səhnədə rəqs
edən qızı görürdüm, qanadlarını
açıb havada uçan pərini... İnsanların sözlərini
eşidirdim: "Bu qızı
görürsən? Qoca bir klounun qızıdır.
Atasının adı Çarli
idi, yadına gəlmir?" Rəqs və
alqış səsləri
ayaqlarını yerdən
kəsəcək. Qanadlan
və uç yüksəkliklərə! Amma arada
ayaqların yerə dəysin. Xalqın necə yaşadığını
bilməlisən, küçə
rəqqaslarının həyatı
ilə tanış
olmalısan. Aclıqdan
rəngi solan, yoxsulluqdan və soyuqdan titrəyə-titrəyə
rəqs edənlərlə...
Mən də onlar kimi olmuşam, Ceraldin! O sehrli gecələrdə, sən mənim nağıllarımda yatırdın, amma mən yatmazdım. Sənin gözəl simana baxar, ürəyinin döyüntüsünə qulaq asar və öz-özümdən soruşardım: "Çarli, görəsən, bir gün bu balaca quş səni başa düşəcək? Sən məni tanımırsan, Ceraldin, mənim nağılım çox qəribədir. Yoxsul bir klounun nağılıdır bu. Londonun kənar məhəlləsində mahnı oxuyub rəqs edən, sonra bəxşiş yığan klounun nağılıdır. Mənim nağılımdır!
Mən aclığa da yaxşı bələdəm, evsizliyə də. Bu nədir ki? Mən okean böyüklüyündə qürurla qabaran sinəmdə qabağıma atılan qəpiklərin sızıltısını hiss etmişəm, hamının yazığı gələn, alçaldılan səfilin nə çəkdiyini bilmişəm. Hər şeyə rəğmən, həyat davam edir. Yaşayanlar haqda həmişə daha az danışılır. Sən mənim soyadımı daşıyırsan, Çaplini...
Bu ad yarım əsrdən çox bütün dünyanı güldürüb; mənim ağlamalarımın yanında bu gülmələr nədir ki? Sənin dünyan ancaq rəqs və musiqidən ibarətdir... Ceraldin, bir gecə yarısı o məşhur səhnədən düşəndə varlı tamaşaçılarını unut, amma mindiyin taksinin sürücüsündən arvadının hal-əhvalını soruşmağı unutma. Bəlkə arvadı hamilədir, bəlkə doğulacaq ilk uşağı üçün paltar almağa pulu yoxdur heç... Əgər belədirsə, onun cibinə pul qoy. Kredit Bankına tapşırmışam, bütün ehtiyaclarını qarşılayacaqlar. Arada metroya, avtobusa min, şəhəri gəz. İnsanlara bax, yaxşı müşahidə elə onları... Dul və yetimlərin gözlərinə yaxşı bax. Heç olmasa gündə bir dəfə özünə de: "Mən də onlardan biriyəm!". Bəli, əziz qızım, unutma, sən də onlardansan...
...Çarli qocalıb, Ceraldin, çox qocalıb. Sən gec-tez qara paltarlar geyinib məzarıma gələcəksən. İndi sənin əhvalını korlamaq istəmirəm, amma arada güzgüyə bax. Orada məni görəcəksən. Damarlarında mənim qanım axır. İstəyirəm ki, mənim damarlarımdakı qan axmaz olanda atan Çarlini unutmayasan.
Mən mələk olmamışam, amma həmişə insan olmağa çalışmışam.
Sən də elə ol.
Öpürəm səni, Ceraldin.
Sənin Çarlin".
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 16 noyabr.- S.11.