Azərbaycan və Rusiya
politoloqları Şuşada
Noyabrın 13-də Şuşada Rusiyanın tanınmış ekspert, politoloq və elm adamlarının iştirakı ilə "10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, Rusiyada nəşr olunan "Milli Müdafiə" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko, eləcə də digər rusiyalı politoloqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Qarabağın "hava qapısı" adlandırılan Füzulidə yeni istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlara məlumat verilib ki, bu hava limanı Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə tikilən 3 aeroportdan birincisidir. Beynəlxalq aeroport Prezident İlham Əliyevin göstərişinə əsasən səkkiz ay müddətinə inşa edilib.
Sonra qonaqlar İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Zəfər yolu ilə tanış olublar. Məlumat verilib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu çətin relyef şəraitində məhz bu yolla irəliləyərək Şuşa şəhərini işğaldan azad edib.
Daha sonra Şuşa şəhərinə gələn qonaqlar burada dəyirmi masada iştirak ediblər.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Şuşa şəhərinin doğma Azərbaycana qovuşması sevindiricidir. "Şuşa Azərbaycanın turizm incilərindən birinə çevriləcək. Azad edilən ərazilərinin bərpası ilə bağlı Prezident İlham Əliyevin planlarının həyata keçiriləcəyinə hər hansı şübhə yoxdur". Onun sözlərinə görə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bir oldu, həmrəy oldu. Həmrəy oldu ki, torpaqlarını işğaldan azad etsin: "Hamı qələbə ruhu ilə vuruşurdu. Azərbaycan xalqını Qələbənin ildönümü münasibətilə təbrik edirəm. Ölkədə yaradılan güclü iqtisadiyyat, möhkəm ordu quruculuğu və düzgün siyasət qələbəni şərtləndirdi. Bütün dünya Azərbaycanın İkinci Qarabağ müharibəsində güclü dövlət olduğunun şahidi oldu. Bütün dünya Azərbaycanın İkinci Qarabağ müharibəsində güclü dövlət olduğunun şahidi oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanat hər iki tərəf üçün faydalıdır. Bu razılaşma həm Azərbaycan, həm də Ermənistan üçün "yaşıl işıq" yandırmış oldu və bu sənədin imzalanmasında Rusiyanın rolunu danmaq mümkün deyil. Üç rayonun Azərbaycana döyüşsüz təhvil verilməsi yüzlərlə gənc əsgərin sağ qalması demək idi. Rusiya bu çətin dövrdə hər iki ölkəyə öz dəstəyini göstərdi. Kazan prinsipləri əsasında razılaşma çox vacib idi".
Rusiyada nəşr olunan "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko isə vurğulayıb ki, Prezident İlham Əliyev qarşıya qoyulan məqsədə çatmaq, ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mükəmməl siyasət həyata keçirdi, çoxlarının edə bilmədiyini bacardı. Bununla da Azərbaycan Prezidenti adını dünyanın məşhur siyasətçilərinin siyahısına yazdırdı və tarixə düşdü.
Rusiyalı ekspert bildirib ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlaması və müharibənin ilk günlərindən cəbhədə üstünlük qazanması Ermənistanda şok effekti yaratdı. Orduda başıpozuqluq baş alıb gedirdi, fərarilərin sayı artmaqda davam edirdi. Azərbaycanda isə gənclər döyüş meydanında yaralansa da, səngəri tərk etmək istəmirdilər. Ekspert vurğulayıb ki, Azərbaycanın Zəfəri güclü dövlət-xalq-ordu birliyini ortaya qoydu.
Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu bildirən rusiyalı ekspert diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyi 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında heç bir quruculuq işləri aparmayıb, əksinə, mövcud olan hər şeyi məhv edib. Azərbaycanın infrastrukturuna ciddi ziyan vurub. Baş redaktor Azərbaycanın işğal olunmuş ərazilərinin xaraba qoyulmasını, hər şeyin dağıldılmasını Ermənistanda faşizm meyllərinin nəticəsi kimi dəyərləndirib. "Bunlar, Ermənistanda faşizm atributlarının dirçəldilməsinə cəhdlərin, hərbi cinayətkarların qəhrəmanlaşdırılmasının nəticələridir. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük cəsarət, siyasi müdriklik və prinsipiallıq göstərərək belə hallara qarşı çıxan ilk siyasətçilərdən oldu".
Millət vəkili Şahin Seyidzadə, politoloq İlqar Vəlizadə və digərləri də tədbirdə çıxış ediblər.
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 16 noyabr.- S.6.