"Alp-ərənlik tariximiz Qarabağda təkrarlandı"  

 

- Adil müəllim, xoş gördük. Sizinlə bu söhbətimdə elmi yaradıcılığınızdan, tərcümə fəaliyyətinizdən, daha konkret "Manas"dan danışmağınızı istərdim. Yeri gəlmişkən deyim ki, bu günlərdə Qırğızıstanın Azərbaycandakı səfiri cənab Kayrat Osmonəliyevin Beynəlxalq İssık-Göl Forumunun təsis etdiyi "Çingiz Aytmatov" medalını sizə təqdim etməyində də "Manas"la bağlı zəhmətinizin izləri görünür. Bu mükafatla bağlı sizi təbrik edirəm. Elə bu məqamdan söhbətə başlamağımız, məncə, yerinə düşərdi...

 

- Öncə mənimlə söhbətə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Əlbəttə, mənim ədəbi, elmi fəaliyyətimdə "Manas" eposunun məxsusi yeri var. İllərdən bəridir ki, mən bu türk-qıpçaq dastanının, qırğız abidəsinin tərcüməsi, tədqiqi və təbliği ilə məşğulam. Qırğızıstanın elmi-ədəbi elitası, həmçinin, rəsmi dairələri bundan xəbərsiz deyillər. Bu yaxınlarda Qırğızıstan səfirliyinə dəvət olunaraq mükafatlandırılmağım da dediklərimi bir daha təsdiq edir. Hörmətli səfir Kayrat Osmonəliyevin mənə təqdim etdiyi "Çingiz Aytmatov" medalı Ç.Aytmatovun adını daşıyan İssık-Göl Beynəlxalq Forumunun prezidenti Əskər Aytmatov tərəfindən Qırğızıstan Respublikası müstəqilliyinin 30 illiyi münasibətilə təsis edilib. Belə bir medala layiq görülmək mənimçün böyük şərəfdir. Bu, həm də mənim şəxsimdə Azərbaycan yazarına verilən dəyərdir. Siz bilirsiniz ki, Ç.Aytmatov türk təfəkküründən sıyrılıb dünya mədəniyyətinə qovuşan dahi yazıçıdır. Azərbaycan oxucusu zaman-zaman onun əsərlərini böyük məhəbbətlə oxuyub, oxumaqdadır və oxuyacaqdır. Bəxtim gətirib ki, bu dahi şəxsiyyətlə bir neçə dəfə Bişkekdə və Bakıda görüşüb söhbət etmək mənim də qismətimə düşüb.

 

1995-ci ildə Ulu öndərimiz Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində mən də Qırğızıstanda keçirilən "Manas-1000" Beynəlxalq yubiley tədbirinin iştirakçısı olmuşam. Mən o tədbirə 32 səhifəlik "Manas"dan bir parça poetik tərcümə kitabımla getmişdim. Lakin 4-5 gün davam edən möhtəşəm yubiley tədbiri Ər Manasın gerçək obrazını mənim gözümdə yenidən canlandıranda, Çingiz Aytmatovla məhz o günlərdəki yığcam söhbətimdən sonra bu qəhrəmanlıq eposunu araşdırmaq, tərcümə etmək qərarına gəldim.

 

- Əvvəlcə nədən başladınız?

 

- Daha öncə başladığım xırda-xuruş poetik tərcümə yaradıcılığımı bir yana qoyub eposu tədqiq etməyə başladım. "Manas" eposu və türk dastançılıq ənənəsi" mövzusunda dissertasiya yazıb müdafiə etdim, filologiya üzrə təlsəfə doktoru elmi dərəcəsini aldım. Sonra həmin dissertasiyanı monoqrafiya üslubuna salıb Bakıda Azərbaycan və rus dillərində, Bişkekdə rus və qırğız dillərində nəşr etdirdim. Onu da deyim ki, Bişkekdə nəşr və tərcümə olunan monoqrafiyamın işıq üzü görməsinə orada yaşayan dəyərli həmyerlimiz, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov səbəbkar oldu.

 

"Manas" eposunun 60-dan artıq variantı mövcuddur. Bu variantların içərisində ən mötəbər S.Karalayev və S.Orozbəyov versiyasıdır. Hər iki şəxsin yaratdıqları "Manas"ın həcmi yarım milyon misranı keçir. Digər manasçılardan, M.Musulmankulovun, B.Sazanovun, M.Bayciyevin versiyaları da olduqca dəyərlidir. Mən Azərbaycan oxucusuna Manası tanıtmaq üçün yığcam bir varianta əl ataraq, qırğız yazıçısı Keneş Yusupovun "Manas dastanı" prozaik əsərini Azərbaycan dilinə tərcümə edərək 2009-cu ildə nəşr etdirdim, AYB-nin Natəvan klubunda alimlərin və yazıçıların iştirakı ilə təqdimatını keçirdim.

 

Növbəti illərdə mən diqqətimi çəkən qırğız atalar sözlərinin müəyyən qismini dilimizə çevirmək həvəsinə düşdüm. 2017-ci ildə həcmcə o qədər də böyük olmayan "Qırğız atalar sözü və məsəlləri" kitabım işıq üzü gördü.

 

Siz bilirsiniz ki, atalar sözünü, məsəli çevirmək olduqca çətindir. Belə deyimlərdə idiomatik ifadələr, obrazlı frazalar geniş yer aldığı üçün tərcümə işini xeyli çətinləşdirir. Az-çox buna da nail oldum...

 

- Bu xidmətlərinizə görə hansısa mükafata layiq görüldünüzmü?

 

- Əslində, mən bu işləri başlayandan indiyə kimi heç bir mükafat, medal, orden, fəxri ad haqqında düşünməmişəm. Ancaq mümkün deyil ki, sənin gördüyün (həm də illərdən bəri) bir işi nə vaxtsa görməsinlər. O baxımdan, xidmətlərimə diqqət göstərən Qırğızıstan elmi, ədəbi elitası 2009-cu ildə mənim Ç.Aytmatov Akademiyasının fəxri akademiki seçilməyimə şərait yaratdı. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrimiz, Xalq yazıçısı Anar TÜRKSOY-un təsis etdiyi Toktoqul Satılqanov medalını mənə təqdim etdi. Bu mükafat da təbii ki, "Manas"la bağlı fəaliyyətimə verilən dəyər idi. T.Satılqanov qırğızların məşhur el şairi və aşığı olmuşdur. Bu günlərdə də "Ç.Aytmatov" medalı ilə mükafatlandırılmağım Azərbaycan - Qırğız ədəbi əlaqələrinin inkişafında növbəti addımlarımı atmaqda təbii ki, mənə müəyyən stimul və enerji verir...

 

- Adil müəllim, "Manas"ın tərcüməsi, tədqiqi ilə bağlı müəyyən məlumatım oldu, bəs təbliği ilə bağlı hansı işləri görmüsünüz?

 

- Əslində, "Manas" eposu ilə bağlı hər hansı nəşr - istər tərcümə, istərsə də məqalə və kitab elə bu dastanı təbliğ etməkdir. Ancaq təbliğin canlı formalarından biri, bəlkə də birincisi elmi konfrans və simpoziumlardır. Mən müxtəlif illərdə, müxtəlif ölkələrdə türk dastançılıq ənənəsi ilə bağlı keçirilən Beynəlxalq elmi konfranslarda "Manas"la bağlı mülahizələrimi, tezislərimi iştirakçıların diqqətinə çatdırmışam. Dəfələrlə Bakıda, Qırğızıstanda, sonra Türkiyənin İstanbul, Alanya şəhərlərində, Quzey Kıbrıs Türk Cümhuriyyətində, Qazaxıstan, Tatarıstan, Ukraynada, həmçinin, Moskvada keçirilən türk dastançılıq ənənəsi ilə bağlı elmi simpozium və konfransların iştirakçısı olmuşam. Necə deyərlər, Azərbaycanımızı təmsil edən yeganə manasşünas kimi məruzələrimlə çıxış etmişəm və bundan qürur duymuşam.

 

Onu da deyim ki, "Manas"la tanışlığım - Qırğızıstana ilk səfərim 1987-ci ildən başlayıb. Qayıdanda səfər təəssüratımdan doğulan "Tyan-Şanın zümrüd qaşı" adlı ilk yazım "Ulduz" jurnalında (№-11, 1987) dərc olunub.

 

1989-cu ildə eposdan poetik tərcüməm əsasında Azərbaycan Televiziyasında "Manas" adlı televiziya tamaşam göstərilib. Bunlar da o təbliğatın bir hissəsidir, məncə...

 

- Bu yaxınlarda mətbuatdan öyrəndiyimə görə Manasla bağlı sizin yeni bir kitabınız da nəşr olunub...

 

- Elədir. Əslində, öncə qeyd etdiyim kimi, "Manas" eposunun müxtəlif variant və versiyaları mövcuddur. Hər manasçı öz "Manas"ını yaradıb. Təbii ki, eposun süjet olayları, əsas qəhrəmanları, dastan koloriti, ritm və vəzn, ruh və motiv yerində qalmaqla, qorunmaqla. Mən də sonradan belə qərara gəldim ki, öz "Manas"ımı yaradım və interpretasiya təcrübəsindən istifadə etməklə eposun dastan-poema variantını işlədim. Bu əsərin üzərində müəyyən fasilələrlə 10 ilə yaxın çalışdım. Orijinaldakı yeddi heca, qoşa və çarpaz qafiyə sistemini, dastançılıq koloritini saxlamaqla epik poemamı nəhayət ki, tamamladım. Kitab Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, Milli Məclisin üzvü Nizami Cəfərovun qayğısı ilə sözügedən Mərkəz tərəfindən nəşr edildi (Bakı, "Elm və Təhsil", 2021). Bu ilin iyul ayında Nizami müəllimin növbəti təşəbbüsü ilə TÜRKPA-nın Bakı ofisində "Manas" dastan-poemamın təqdimat mərasimi keçirildi. Tədbirdə bizim ölkənin, həmçinin, Qırğızıstan Respublikasının bir neçə deputatı, tanınmış elm, ədəbiyyat adamları iştirak edirdilər. Həmin tədbirdə qırğız yazarı K.İmanəliyevin "Qırğızlar" əsərinin də təqdimatı keçirildi və bu kitablar eyni tarixi köklərə, ortaq mədəniyyətə, vahid dilə və vahid dinə mənsub türk xalqlarının inteqrasiyasında oynadığı mənəvi körpü roluna görə yüksək dəyərləndirildi.

 

- Maraqlıdır ki, "Manas"a bu qədər məhəbbətiniz haradan və nədən qaynaqlanır?

 

- Bilirsiniz, əslində, bu dastanda bir qançəkərlik var. Təbii ki, "Manas" qırğız eposudur. Qırğızlar isə əsasən qıbçaq, qismən oğuzdurlar. Əsərdə bütün türk boy və soylarının adı keçir. Bəllidir ki, "Kitabi-Dədə Qorqud" 7-ci əsrin məhsuludur, "Manas" isə 10-cu əsrin. Hər iki dastanın yaradıcısı türk xalqıdır. "Dədə Qorqud"dakı bir çox motivləri "Manas"da da izləmək mümkündür. Müəyyən paralellər aparanda ümumtürk təfəkkür və təxəyyülünün oxşar və ortaq cəhətləri ilə qarşılaşırsan. 850-ci ildə hakimiyyətə gələrək ayrı-ayrı qırğız xanlıqlarını birləşdirib xaqanlığa çevirən, möhtəşəm, yenilməz bir qırğız dövləti yaradan ər Manasın qəhrəmanlıqları tarixi faktlara söykənən reallıqdır. Bu, reallıq olduğuna görə bu gün də müstəqil Qırğızıstan Respublikası özünün daxili və xarici siyasətini Manasın milli dövlətçilik prinsiplərinə uyğun şəkildə tənzimləyir.

 

- Bəs Manasın bir sərkərdə kimi əsas qəhrəmanlığı nədən ibarətdir?

 

- Manasın doğma yurd yerləri, dədə-baba torpaqları çinlilər və kalmıklar tərəfindən illərlə işğalda qalır. Qırğızlar qaçqın, köçkün və didərgin vəziyyətində müxtəlif yad bölgələrə səpələnmək məcburiyyətində qalırlar. Əsasən Altayda məskunlaşırlar. Yeniyetmə Manas bu işğalla barışmaq istəməyib özünə güclü bir ordu yaratmaqla düşmənləri doğma torpaqlarından qovmağa, əzəli yurd yerlərini azad etməyə nail olur. Nəticədə Manas başda olmaqla qırğızlar Altaydan Ala-Tooya - doğma dədə-baba yurdlarına köçməyə başlayırlar.

 

...Bizim torpaqlar illərdən bəri işğalda olduğu dövrdə hər zaman düşünürdüm ki, xalqımızın içindən elə bir oğul çıxa ki, Manas kimi, torpaqlarımızı işğaldan azad edə. Arzum çin oldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız, dəmir yumruqlu sərkərdəmiz İlham Əliyev bu missiyanı böyük rəşadətlə yerinə yetirdi. Mənim nəzərimdə, Alp-ərənlik tariximiz Qarabağda təkrarlandı. Bu qürur və fəxarətdən irəli gəldiyi üçün təzəcə nəşr olunan "Manas" dastan-poemamı qüdrətli sərkərdəmiz İlham Əliyevin şərəfli adına ünvanladım...

 

Şəlalə CAMAL

 

525-ci qəzet.- 2021.- 17 noyabr.- S.22.