Addım-addım "mavi
qızıl" böhranına doğru
İqtisadi əhəmiyyətinə görə
"qara qızıl"
adlandırılan neft
kimi, artıq dünya bazarında əmtəəyə çevrilməkdə
olan su da
"mavi qızıl"
adı ilə dəyər qazanıb.
"Mavi qızıl"ın
varlığı həyat
mənbəyi, onun çatışmazlığı, qeyri-bərabər paylanması
davamlılığın sonu,
yoxluğu isə istisnasız hər canlı üçün ölümün digər adıdır. Bu baxımdan
yalnız regional iqtisadi
inkişafın yox, hər baxımdan inkişafın davamlılığını
təmin etmək üçün bütün
dünyanın davamlı
və zəngin yararlı su ehtiyatına sahib olması
vacibdir. Vaciblik ilə
reallıq isə üst-üstə düşmür.
Demək olar ki, bütün
dillərdə işlədilən
"sudan ucuz" ifadəsi hələ ki reallığı əks etdirir. Dünyada su
çox ucuzdur, hətta pulsuzdur. Bunun səbəblərindən biri
də dövlətlərin
həyata keçirdiyi
sosial və iqtisadi siyasətdir. Məsələn, kənd təsərrüfatının
inkişafı təbii
olaraq suyun çox ucuz olmasını tələb
edir. Pulsuz və ya nisbətən ucuz olan hər şey
bir qayda olaraq daha çox
israf edilir. Dünyanın bir çox yerində sudan istifadə
baxımından tələbat
aşağı səviyyədə
olsa da, suyun israf edildiyi
məlumdur. Bu da bizi gözlənilən,
qaçılmaz reallığa
doğru sürətlə
yaxınlaşdırır.
Yox, söhbət
dünya üzərində
suyun tükənməsindən
getmir. Əslində, dünyamızda heç su qıtlığından
söhbət gedə bilməz. Bəşəriyyətin qarşısında duran bu böyük
problemi "su problemi" olaraq adlandırmaq absurd və məsələnin ciddiyətini
pərdələyən yanaşmadır.
Dünyanın elə 70 faizi
su ilə örtülüdür. Qorxunc reallıq
su qıtlığı
yox, su emalının
getdikcə daha baha başa gəlməsi ilə bağlıdır.
Təbii ehtiyatlar olan neft və kömür
kimi mədənlər
tükənə bilər. Lakin dünyanın
su ehtiyatı tükənmə xüsusiyyətindən
çox, keyfiyyətinin
pisləşməsi təhlükəsi
ilə qarşı-qarşıyadır.
Belə
ki, istifadəyə yararlı şirin su dünyadakı ümumi suyun cəmi 2,5 faizini
təşkil edir. Qalanı isə duzlu, istifadəyə yararsız
olan sudur. Yararlı su mənbələrinin yalnız 1 faizi insan istifadəsi üçün - içməyə
uyğundur. Böyük bir
hissəsi isə Cənubda və Şimalda buzlaqlar halında toplanıb.
Onların da əriməsi
başqa bir qlobal problemdir. İnsanların istifadə edə
biləcəyi su göllərdə, gölməçələrdə
və yeraltında insan əlinin çatacağı qədər
dayazdadır. Bu su ehtiyatları qar və yağışlarla
yenilənir. Yəni bəzi
dövrlərdə quraqlıq
nisbətən su qıtlığına səbəb
olsa da, ümumən davamlılıq
var. Amma su sərfiyyatı artdıqca
bu mənbələrin
bütün insanlara çatmayacağı barizdir.
Bu həyati səbəbə
görə gün keçdikcə "mavi qızıl"ın dəyərini
daha yaxşı anlayırıq. Heç şübhəsiz, yaxın dövrdə dünya üzərində
gedən enerji müharibələri artıq
su müharibələri
ilə əvəzlənəcək.
Son 25-30 ildə qlobal iqtisadi, siyasi və sosial inkişaf suyun iqtisadi və strateji əhəmiyyətini artırıb.
Necə ki, neft sərvətlərinin
sahibliyi, idarə olunması və bölüşdürülməsi uğrunda son əsrdə aparılan gizli və aşkar hökmranlıq mübarizəsinə
şahid oluruq, bu mübarizənin yaxın gələcəkdə
su üçün aparılacağını da
gözləmək olar.
Kapitalist
sistem üçün
bir məhsulun və ya xidmətin
qiymətləndirilməsi, alınıb-satılacaq mala çevrilməsi
üçün onun az, qıt
olması kifayətdir.
Qızıl və digər az
tapılan qiymətli metallar, daşlar kimi təbii ehtiyat olan su
da artıq mövcud sistem üçün qiyməti
ödənilə bilən
əmtəə və
xidmətə çevrilməkdədir.
Bunun səbəbi suyun getdikcə çirklənməsi
və istifadəyə
yararsız hala düşməsi kimi səbəblərdən bazar
təklifinin məhdud,
tələbinin isə
sonsuz olmasıdır.
Beləcə, təbii sərvət
olan su, sənayeləşmə və
qloballaşma nəticəsində
ona olan ehtiyacın artması ilə iqtisadi sərvətə çevrilir.
Neft kimi o da təbiətdə bütün coğrafiyalara
bərabər paylanmayıb
və az
deyil, məhduddur. Amma su, enerjidən daha vacibdir.
Su olmadan yaşamaq
mümkün deyil. Suyun gücü
ilə enerji istehsal etmək mümkündür. Buna baxmayaraq, dünyada enerji və su istifadəsi paralel gedir. Hər ikisindən istifadə bir növ iqtisadi
və sosial inkişafın göstəricisidir.
Hər ikisi azdır. Əhali artımı ilə yanaşı, dünyada iqtisadi və sosial inkişaf səviyyəsi yüksəldikcə
su istehlakının da sürətlə artdığı müşahidə
olunur.
Bu gün dünyada buxar maşınlarından su elektrik stansiyalarına, əczaçılıqdan tekstil və kosmetikaya qədər bir çox sahədə mənbə kimi sudan istifadə olunur. İçməli su, məişət istifadəsi, kənd təsərrüfatı suvarma, enerji istehsalı, sənaye istehsalı, tullantıların çıxarılması, idman məqsədləri kimi nəfəs aldığımız havadan gündəlik həyatımıza, sənətdən iqtisadiyyata qədər bütün sahələrdə su həyatın davamlılığını təmin edir.
Sudan ən çox istifadə edilən və israfa yol verilən sahə isə kənd təsərrüfatıdır. Bu gün dünyada yararlı suyun 90 faizə yaxını kənd təsərrüfatında istifadə olunur. 1980-ci illərdə FAO-nun apardığı araşdırmalar göstərir ki, suvarma sistemlərində verilən suyun 60 faizi su sahəyə çatana qədər boş yerə sərf olunur. Yeri gəlmişkən. yararlı su mənbələrinin ən çox istifadə olunduğu coğrafi bölgə Asiya qitəsidir. Bunun səbəbi də çəltik istehsalıdır. Dünyanın heç bir yerində çəltik istehsalından başqa heç bir təsərrüfat sahəsində suya basdırılma üsulu tətbiq edilmir. Çəltik istehsalı buğda və digər dənli bitkilərin yetişdirilməsinə nəzərən təxminən iki dəfə çox su tələb edir. Respublikamızın səkkiz zonasında çəltik əkini aparılmaqdadır: Lənkəran, Masallı, Şəki, Zaqatala, Quba, Xaçmaz, Ağdaş, Ucar zonalarında hər il çəltik əkini baş tutur.
Vacib məqamlardan biri də odur ki, istifadəyə yararlı su təmiz su mənasına gəlmir. İstifadəyə yararlı hesab olunan su mənbələrinin hamısı təmiz və içməli su deyil. İnsan sağlamlığı baxımından lazımi qədər təmiz olan su mənbələri daha azdır. Bu mənbələrin miqdarı dəqiq bilinməsə də, bəzi statistikalar onun "qıt" deyə biləcəyimiz qədər az olduğunu sübut edir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada hər il 5 milyon insan çirkli sudan istifadə nəticəsində yaranan xəstəliklərdən ölür. Bunun çox mühüm hissəsi Afrika və Asiya qitələrinin payına düşür. Çirkli suyun sağlamlıq üçün təhlükəli olmayan suya nəzərən daha çox olduğu məlumdur. Dünya əhalisinin təxminən üçdə biri "su problemi" olan ərazilərdə yaşayır. Böyük su ehtiyatına sahib olduğu düşünülən Asiya qitəsindəki su ehtiyatının yarısının 1900-cü illərin ortalarından sonlarına kimi tükəndiyi bildirilir. Həmçinin, müxtəlif mənbələr 2025-ci ildən sonra bir çox Asiya ölkələrində çox ciddi "su problemi" yarana biləcəyindən xəbər verir.
Bütün bu xəbərdarlıqlara baxmayaraq,
bütün dünyada
olduğu kimi, ölkəmizdə
də 2014-cü ildə qəbul olunmuş
"Sudan istifadə
qaydaları"nın tələblərini pozan
müəssisələr fəaliyyət göstərir. Təkcə
2021-ci ilin yanvar-oktyabr
aylarının statistikasına nəzər salsaq,
sudan qanunsuz istifadə
ilə bağlı "Azərsu" ASC üzrə 13537 fakt aşkarlanıb. Sürətlə azalan təmiz su, içməli
su qaynaqlarımızın mövcudluğunu
təhlükə altına alan
aidiyyatı qurumlara məlum olmayan hələ minlərlə bu kimi hallar
var. Bütün bunlar və mövcud qlobal təhlükə
yaşadığımız coğrafiya və
ölkəmiz üçün getdikcə
daha böyük təhlükələrdən
xəbər verir. Buna
görə də bütün istehsal sahələrində sudan
istifadəylə bağlı nəzarətin daha
da gücləndirilməsi vacib
və qaçılmaz addımlardan biridir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 17 noyabr.- S.20.