Güney ziyası  

 

MƏRHUM ŞAİR-ƏDƏBİYYATŞÜNAS HƏSƏN RİYAZI İLDIRIM HAQQINDA BİR NEÇƏ SÖZ

 

 

Bu il iyul ayının 19-da xalqımız daha bir vətən, azadlıq sevdalı, qardaş həsrətli oğlunu itirdi. Güney Azərbaycanın tanınmış ictimai və ədəbi şəxsiyyəti, görkəmli şair-ədəbiyyatşünası və jurnalisti doktor Həsən Riyazi (İldırım) koronavirusa yoluxma səbəbindən həyatla əbədilik vidalaşdı.

 

Köçsəm bu dünyadan, ara sevgilim,

Elin qucağında taparsan məni.

Sinəm yanar dağdır, atəşi sönməz,

Vətən ocağında taparsan məni.

 

Çöllərə, çaylara dönər bədənim,

Günəşli, ulduzlu göylər kəfənim,

Beşiyim, məzarım doğma vətənim,

Onun torpağında taparsan məni.

 

Qardaş gözlərinə həsrətdir gözüm,

Məni qara daşa döndərdi dözüm.

Qoşuluyb çaylara axanda özüm,

Araz qırağında taparsan məni.

 

Güllərin şəhdidir qəlbimdə dilək,

İlk bahar eşqilə çırpınır ürək.

Qismətim olmasa, o günü görmək,

Lalə yanağında taparsan məni.

 

Çiçəkli həyata vurulub Həsən,

İşıqlı yolunu ala bilməzsən.

Gözləsən bu yolun karvanını sən,

Zəfər bayrağında taparsan məni.

 

Arazın o tayında köz kimi için-için yanan, bütün ümidi, həsrəti ilə misralara sığan daha bir nisgilli şair ömrü sona çatdı...

 

Mən Həsən İldırım imzasına ilk dəfə 1920-ci ildə vətənpərvər el şairi M.Q.Qaflantının həyat yaradıcılığını tədqiq edərkən "Ömur aynası"  kitabında rast gəldim. Bu kitab 1990/1369-cu ildə Tehranda Həsən İldırımın redaktorluğu ilə "Nəşre Mina" nəşriyyatı tərəfindən çap olunmuşdu. Kitaba ön sözü H.İldırım yazmışdı. Fədai şair Qaflantının yaradıcılığında önəmli yer tutan "Omur aynası" kitabının ərsəyə gəlməsində xalqımızın qədirbilən ziyalı oğlu Həsən İldırımın böyük əməyi var. H.İldırım həm Qaflantı əsərlərinin ilk tənqidçisi kimi yaddaşımda qaldı.

 

Həsən Riyazi İldırım 1958-ci ilin fevral ayında (Şəmsi təqvimlə 1337-ci ilin bəhmən ayında) əvvəllər Sarab, sonralar isə Hıris şəhərinin tabeliyində olan Camalabad kəndində dunyaya göz açmış, ibtidai təhsilini öz kəndləri və Hıris şəhərində, orta məktəbi isə Təbrizdə başa çatdırmışdı. İstedadı və elmi səviyyəsinə güvənərək, İranda tibb ixtisası üzrə universitetə qəbul olmuş və təhsilini davam etdirmişdi. Təhsilini başa vürduqdan sonra uzun illər Tehranın "Doktor Şəriyəti" xəstəxanasında insanların sağlamlığı üçün əlindən gələni əsirgəmədi.

 

Həsən İldırımın Azərbaycan ədəbiyyatı ilə tanışlığı öz ailəsindən başlayıb. Atasının, xüsusən azərbaycanlı hərəkatı dövründə, ruhuna və şəxsiyyətinə hopmuş Azərbaycançılıq ideologiyası, onun yeniyetmə övladının tərbiyəsinə də öz təsirini göstərir. Ata oğlunu evində saxladığı şifahi xalq ədəbiyyatı kitabları ilə tanış edir. Yeniyetmə Həsən qış gecələri evlərinə yığışan qohum-qonşuya Azərbaycanın klassık nağıllarından olan "Koroğlu", "Əsli və Kərəm"  kimi çap olunmuş kitabları oxuyurözübu nağılların təsiri altında 1975/1354-cü ildən Azərbaycan ədəbiyyatı ilə ciddi surətdə maraqlanmağa başlayır.

 

 

 

Ədəbi yaradıcılığa 1975-ci ildə başlayan H.İldırım Tehranda türk dilində bir neçə ədəbi dərnəyin qurucusu olub. Çoxsaylı  şeir və ədəbi-ictimai məqalələrin müəllifi olan H.İldırım tərcüməçiliklə də məşğul olmuş, dünya ədəbiyyatının seçilmiş nümunələrindən dilimizə tərcümələr etmişdi. O, 2001/1380-ci ildən Guney Azərbaycanın türkfars dillərində buraxılan "Azəri" dərgisinin baş yazarı, Azərbaycan yazıçılar heyətinin əməkdaşı, "Sahir ədəbi-mədəni dərnəyi"nin idarə heyətinin üzvü idi.

 

İran İnqlabının qələbəsi Həsən İldırımın Azərbaycan ədəbiyyatı ilə  tanışlığına əlverişli şərait yaradır. Gənc olmağına rəğmən, inqlabdan sonra geniş oxucu rəğbəti qazanan "Yoldaş" məcəlləsinin fəal əmkdaşlarından olur. Onun bu məcəllənin muxtəlif nömrələrində dərc edilən yazıları Həsən İldırımın dunyagörüşünə, z?hm?tkşlərin tapdalanmış haqq və hüquqlarını mudafiyə etməyinə və Azərbaycanlı varlığının həqiqət olduğuna aydın sübütdür.

 

Həsən İldırım inqilabdan sonra təzə dil açan Azərbaycan mətbuatına qoyulan məhdudiyyətlər zamanı öz qələmdaşları və yoldaşları ilə bərabər  "Arzu Karvan"ı adlı ədəbi dərnək yaradır və bu dərnəkdə bariz şeirimizin öndəri sayılan ustad Həbib Sahirin ölümünə qədər ədəbi fəaliyyətinə davam edir. Sonralar "Sahir ədəbi mədəni dərnəyi"nin qurucularından olurömrünün sonuna kimi bu dərnəyin idarə heyətində fəaliyyəti ilə ədəbiyyatımıza çox dərin və müsbət təsırlər göstərir. Eyni zamanda Tehranda fəaliyyət göstərən "Sabir ədəbi əncüməni" ilə çox yaxından əməkdaşlıq edir və hər iki dərnəyin fəaliyyətində önəmli vəzifələr daşıyır. Həsən İldırımın 90-cı illərdəki Azərbaycanın ədəbi və mədəni şəxsiyyətlərinə həsr edilmiş bir çox təntənəli tədbirlərin təşkilində və Azərbaycan şairlərinin əsərlərinin çapa hazırlanmasında fəal iştirak edir. O, istedadlı bir şair, ədəbiyyatşünas və jurnalist olaraq, Azərbaycanın digər şair və yazıçılarının əsərlərini yaymağı öz əsərlərinin yayılmasından daha üstün tuturbu işdə böyük fədakarlıqlar göstərir.

 

Həsən İldırım şeirdə ustad Həbib Sahir məktəbinin, jurnalistlik fəaliyyətində isə ustad Behzad Behzadi məktəbinin istedadlı və bacarıqlı yetirməsi oldu. O, 2003-cü ildən ardıcıl olaraq nəşr edilən "Azəri" dərgisinin baş yazarı vəzifəsində elimizin, dilimizin və mədəniyətmizin keşiyində duruböz yazıları ilə böyük bir ədəbi irsin yaranmasına yol açıb.

 

H.İldırım jurnalistlik fəaliyyəti ilə yanaşı, yaranan hər bir Azərbaycan dərgi, dərnək və ədəbi cəmiyyətlərə yaxından köməklik edirdi. 2011-ci ilin avqustun 12-dən "İşıq gəncləri" tərəfindən fəaliyyətə başlayan "İşıq" (Azərbaycan ədəbiyyat və incəsənət) veb-saytının ilk məşvərətçilərindən olmuşbu ədəbi saytın 10 illik fəaliyyətində çox dəyərli rəylər, məsləhət və təkliflərlə çıxış etmişdi.

 

Həsən İldırımın ustad Behzad Behzadi ilə bərabər, nəşrə hazırladığı üç cildlik "Ana dili" dərslik kitabları və dunya şöhrətli türk şairi "Nazım Hikmətin həyat və yaradıcılığına dair tədqiq" sanballı əsəri onun ədəbi fəaliyyətlərinin çox dəyərli məhsullarıdır. Təəssuf ki, o, həyatında başqa əsərlərinin çap olmasına şahid olmadı. Ömrünün son aylarında yaxın dostlarının təklifini qəbul edərək bütün əsərlərinin çapa hazırlanmasına icazə verdi. 5 cildlik şeir məcmuəsi, "Ədəbi publisistik məqalələr toplusu", "Dunya ədəbiyyatından tərcümələr" əsəri çox az bir müddətdə redaktə olunub nəşrə hazırlanmışdır. Bu kitablardan "Yağış yuxusu" və "Gözlərimdən asıldım" adlı iki şeir məcmuəsi yaxın gələcəkdə Təbrizin "Muğam" nəşriyyatı tərəfindən oxuculara təqdim ediləcək. Çox təəssüflər olsun ki, sevimli şairimiz, Azərbaycanımızın fədakar oğlu bu əsərlərinin  heç birini görməyəcək. Çünki onun şair ürəyinin son çırpıntıları uzun illərlə başqa xəstələrə xidmət göstərdiyi Tehranın "Doktor Şəriyəti" xəstəxanasında iyul ayının 19-da biryolluq dayandı.

 

Həyat və yaradıcılığı, ədəbi görüşləri və ictimai fəaliyyəti ilə xalqın sevgisini qazanan Həsən İldırımın ölümü Cənubda Azərbaycan ədəbiyyatına və mədəni ictimaiyyətimizə ağır itki kimi qarşılandı. "Sahir ədəbi - mədəni dərnəyi, "Azəri" fəsilnaməsı", "Sabir ədəbi əncüməni", "İşıq" - Azərbaycan mədəniyyat və incəsənət saytı, "Ədəbiyyat sevənlər güruhu", "İşıq" dərgisi, "Eldar musiqi güruhu" böyük hüznlə "Azərbaycanımızın başı sağ olsun!" - deyərək, bütün Azərbaycan xalqına, sevimli şairimizin hörmətli ailəsinə, dost-tanışlarına və ədəbi-mədəni cəmiyyətimizə başsağlığı verirdilər. Şimali Azərbaycanda da görkəmli ziyalımızın vəfatı sayğı və sevgi ilə anıldı.

 

İnanırıq ki, Azərbaycan xalqının fədakar oğlu və görkəmli ədəbiyyatçısı Həsən Riyazi İldırımın əziz xatirəsi heç zaman unudulmayacaq.

 

 

 

Qəndab ƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru

(Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu)

 

525-ci qəzet.- 2021.- 17 noyabr.- S.19.