Özünə oxşayan
şəkil
Nəzakət Məmmədliyə
Keçən əsrin 75-ci ilində, şahın vaxtında, İranın İsfahan şəhərində adını
unutduğum bir İtaliya filminə baxmışdım. Mənim aləmimdə İtaliya
dünya kinosunun zirvəsində qərar tutub. Filmin məzmununu danışmaq
fikrim yoxdu. Ancaq fikrimi izah etmək
və çatdırmaq
üçün bəzi
detalları açmalıyam.
Belə ki, film gənc bir rəssamın
öz portretini- avtoportretini çəkməsi
ilə başlayır
və film boyu davam edir- Ömrünün
axrına qədər
hər gün öz portretinə nələrsə əlavə
edir...
Bu sətirləri yaza-yaza heç vaxt unutmadığım, adını
isə unutduğum, bu filmə ürəyimdə
ad da qoydum: "Özünü çəkən
adam". Nə bilim, bəlkə də, o filmin adı beləymiş... Əlqərəz...
Bakılı hesab elədiyim,
əslən Ərdəbildən
olan, "Xatirə kitabı"nın baş
redaktoru, "Yada düşdü" jurnalının
təsisçisi və
baş redaktoru, şair, publisist, üç zabit anası, zabit qayınanası, ədəbi
və qeyri-ədəbi
mühitdə hamının
sevimlisi, dünyanın
ən səmimi və rahat adamlarından
biri olan Nəzakət Məmmədlini
hər dəfə görəndə o İtaliya
filmini xatırlayıram;
səbəbini bilmirəm,
buna heç vaxt çalışmamışam
da - əgər bu yazını qurtarana qədər ağlıma və qəlbimə nəsə gəlsə, mütləq
sizinlə bölüşəcəm
- söz verirəm.
Bu günə qədər tanıdığım, ünsiyyətdə
olduğum adamları iki yerə bölmək
olar; onların bir qismi neçənci
ildə, hansı ayda, ayın neçəsində, hətta
saat neçədə
üz-üzə gəlib
tanış olduqlarımdı;
ikinci bir qismi isə nə vaxt tanıdığım
yadımda deyil və mənə elə gəlir ki, onları doğulduğum gündən
tanıyıram - bu mənada ikincilər birincilərdən daha qədim və doğmadır. Baxmayaraq ki, birincilərin içində eləsi var ki, tanışlığımızın
tarixi əlli ili keçsə
də, ikincilərdən
beş il əvvəl tanıdığım
biri daha qədim, doğma görünür. Görünür, bu yerdə illərin
uzunluğu yox, münasibətlərin səmimiyyəti
hər şeyi yerbəyer eyləyir.
Nəzakət Məmmədli sözün
bu mənasında ikincilərdəndir. Elə ikincilərdən
ki, bizim adət etmədiyimiz, öyrəşmədiyimiz kimi
birincilərdən uca
və səmimi.
Görünür, ikincilərin
birincilərdən doğma
ucalıqda olması iyirmi birinci əsrin yeni keyfiyyətlərindəndi- mənlik
deyil və məni qınamayın... deyə bilərsiniz ki, bu, harda
görünüb ki, ikinci birincidən?: düzdü, heç harda görülməyib, ancaq indi görünür də... Yuxarıda dediyim kimi, İyirmi
Birinci əsrdən soruşun, düzünü
o deyər, mən yalan deyərəm... mənə yaraşmaz...
Nəzakət Məmmədlinin nəinki
özü, hətta atası da Bakıda
doğulub. Ərdəbildən Quzey Azərbaycana
təşrif gətirən,
məskunlaşan babası
olub. O, yalnız
sərhədlər açılandan
sonra ata-baba yurduna- Ərdəbilə gedib. Görünür, bu məqamda
harda doğulmaq bizlərin adət etdiyi anlamda, o qədər də önəmli deyilmiş - əsas ulu babaların
dünyaya göz açdığı torpaq
imiş - Ərdəbil,
Güney Azərbaycan.
Yoxsa, Nəzakət xanım o yerlərə xitabən yazmazdı ki:
İrəvanda gur səsiniz döyünə,
Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün vətən torpağını
gözlərim,
Çöksün vətən torpağında
dizlərim.
Beş misranı
misal gətirdiyim bu şeirdən qan iysi gəlir. Ona görə
belə deyirəm ki, son Qarabağ müharibəsi də göstərdi ki, qansız-qadasız heç
nə eləmək, daha sərrast desək, vətən torpağını- vətəni
bütövləşdirmək mümkün deyil. Yeri gəlmişkən şair,
publisist, naşir Nəzakət xanımın
üç zabit övladı (iki oğul, bir qız hərbi həkim) zəfər qazandığımız Qarabağ
müharibəsində iştirak
etmişlər. 44 gündə
44 dəfə qırpılmayan,
yol çəkən ana gözləri...
Adətən rəssamlar, bəstəkarlar,
yazıçılar haqqında
deyirlər ki, filankəs çox nəhəng sənətkardı. Allaha da
xoş gedər bu yerdə desək
ki, Nəzakət Məmmədli nəhəng
anadır. Müharibədə
iştirak eləyən
üç övladın
nigaranlığını çəkmək
üçün ya gərək Nəhəng
Ana olasan, ya da yük qatarını
dartıb aparan Parovoz...
...Bir neçə il bundan
qabaq Nəzakət xanım Türkiyənin Əskişəhər şəhərində
bir qıza rast gəlir. Qızın suyu ona çox şirin gəlir, qanı qaynayır, qıza quşu qonur, ona görə
də oteldə işləyən bu qızla tanış
olmaq qərarına gəlir.
- Sizin adınız nədi? - Nəzakət xanım nəzakət və məhəbbətlə
soruşur.
- Mənim adım... - qız utana-utana deyir, - mənim adım... - elə bil, adını yadına salmağa çalışır, - mənim
adım Gülərdi...
Gülər...
- Sizdə də Gülər adı olur? - Nəzakət xanım təəccüblə,
nəzakət və məhəbbətlə soruşur.
- Mən buralı deyiləm... - Qızın
gözləri bir anlıq çox uzun yol çəkir.
- Bəs hardansan?
- Azərbaycandanam...
Nəzakət xanım elə
bil sevincək olur:
- Azərbaycanın harasından?
- Xocalıdan... - Gözləri
dolur, - məni türk tanışımız
gətirib bura...- Gözləri boşalır,
-ailəmizdə hamımızı
qırdılar, bircə
mən salamat qalmışam... -türklər
mənə öz balaları kimi baxır... özdərinkindən
seçmirlər...
Nəzakət xanım onu bağrına basır, öz doğması kimi öpür, sığal-tumar çəkir, yalvarıb-yaxarır ki, gəl səni aparım özümlə. Qız deyir:
- Çox sağ olun... hələ tezdi... Qayıdacağam... Xocalıda ev tikəcəm... həmişəlik orda yaşayacağam...
- Gülər, onda söz ver ki, gələndə birinci mənə zəng vuracaqsan...
- Onsuz da Azərbaycanda sizdən başqa heç kəsi tanımıram... Gələcəm... Hər şeyi sıfırdan başlayacağam...
Bu çox böyük hadisə 2013-cü ildə olmuşdu... kiminləsə bu cür qarşılaşmaq da hamıya, hər kəsə qismət olan deyil. Bu, müqəddəs, kövrək qismətdi, Nəzakət Məmmədli qismətidi... Və Azərbaycan xalqı demişkən, Qismət Allahındır...
Nəzakət xanıma zəng eləyib Güləri soruşanda dedi:
- Əlaqələrimiz var... yazışırıq...
Gülər Xocalıya qayıdıb hər şeyi sıfırdan başlayacaq.
- Gülər bala. Bütün başlanğıclar sıfırdandı - elə yaşadığımız Yer kürəsi də sıfırdandı. Gəl. Nəzakət xanım Məmmədli səni gözləyir. Gəl. Mən də səni gözləyirəm. Gəl. Xocalı səni gözləyir, Xocalı... Gəl... Azərbaycan gözləyir... Gəl...
Bütün bunları ona görə xatırladım ki, Nəzakət Məmmədliyə dəxli var. Hər halda mənə elə gəlir... İnsanıq də...
Nəzakət Məmmədlinin qələmindən çıxanların hamısı igidlik, qəhrəmanlıq, vətənpərvərliklə bağlıdır. -İnsana məhəbbət, həssaslıq, istiqanlılıq, səmimiyyət də öz məkanında və məqamında...
Nəzakət Məmmədli orta məktəb illərində gündəlik yazırmış. Əgər belə demək mümkündürsə, o, ədəbiyyata gündəliklərindən gəlib. Yazı-pozu ilə məşğul olmaq-ədəbiyyat qəliz olduğu qədər də qeyri-qəlizdi, havadı, sudu. Ədəbiyyatda ilk kövrək və nabələd addımlarını atanların hamısına, sözün böyük mənasında, bələdçi lazım olur. Bu mənada Nəzakət xanımın kitablarından birinə böyük şairimiz (böyük bələdçi) Xalq şairi Musa Yaqub ön söz yazıb. Bu qarmaqarışıq Söz zamanında Xalq şairi Musa Yaqubun diqqətini cəlb eləmək özü bir ədəbiyyat uğurudu-mənim buna heç bir şübhəm yoxdu...
Xalqı qəflət yuxusundan oyadan da, onu dünyada tanıdan, başını uca eləyən, bayrağını qaldıran da onun qəhrəmanlarıdır. Qəhrəmanları olmayan milləti heç kəs saya salmaz, onun əsl qiymətini verə bilməz. Saya salınıb söz sahibi kimi tanınmayan, əsl qiyməti verilməyən xalqların aqibətini bilmək üçün tarixi vərəqləmək kifayətdi: onların çoxusu əsl simasını itirib tanınmaz olub, ya da ki, ümumiyyətlə tarixdən silinib, yoxa çıxıb.
Vətəni üç zabit balası qədər, üç zabit balasını da vətəni, torpağı, xalqı qədər sevən Nəzakət Məmmədlinin Milli Qəhrəmanlar haqqında çap etdirdiyi kitab, bu mənada çox dəyərlidir, alqışlanmalıdır və şəxsən öz adımdan ona "var olun Nəzakət xanım" deyirəm.
Nəzakət Məmmədlinin bu qəbildən olan xidmətləri haqqında uzun-uzadı danışmağım da, əslində, yersizdi - çünki hər şey göz qabağındadır və bu qeyrətli - vətən qeyrətli türk xanımına Allahdan və Torpaqdan güc-qüdrət diləmək keçir könlümdən.
"Bakı-xəbər" qazeti ilə birlikdə "Şəhidlər ölməz - Vətən bölünməz" layihəsinin adı hər şeyi anladır - necə deyərlər, görünən kəndə nə bələdçi... Hətta tədbirlərin birində hamının son dərəcə təvəzökar insan kimi tanıyıb qəbul etdiyi Nəzakət Məmmədli özünün rəhbərlik etdiyi Respublika Xatirə Kitabı haqqında belə dedi:
- Respublika Xatirə Kitabı ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsidir.
Hamı da onunla həmrək olduğunu bildirdi - onu alqışladılar...
Vətənsevən, torpaqsevən, övladsevən insan belə də olmalıdı - onun bircə yolu var: belə olmaq - Nəzakət Məmmədli kimi olmaq - Nəzakət Məmmədli olmaq...
Bir misal - ehtiyac olmasa da. Topxana meşəsindən
başlayan (ilk səbəbkar
kimi) milli azadlıq uğrunda mücadilədə yüz
minlərlə adam məşhur, tarixi Azadlıq Meydanında tufanlı dəniz kimi dalğalanıb şahə
qalxanda Nəzakət xanım balalarını da götürüb meydana gedir, elinə, obasına - xalqına qoşulurdu. Gücü çatan yerdən biş-düş
eləyib yüz minləri yedirtmək istəyirdi; ona elə gəlirdi ki, bişirdiyi bir qazan yemək,
bir-iki təndir çörəyi meydandakı
adamların hamısına
çatacaq - neyləmək
olar, varını verən utanmaz...
Sonuncu Qarabağ müharibəsində
özləri kimi vuruşan üç zabit balası, bəlkə də vətənsevərlik "peyvəndi"ni
ilk dəfə elə
o tarixi, möhtəşəm
Azadlıq Meydanında
qəbul eləmişdilər
- çox güman ki...
...Hə... imkanı
olanlar inansın mənim səmimiyyətimə
ki, uzaq 1975-ci ildə baxdığım
İtaliya filminin əsl mahiyyətini hələ indi başa düşdüm. Sən demə, bütün insanlar doğum evindən qəbir evinə qədər qələm-fırça ilə
deyil, əməlləri
ilə öz şəkillərini çəkirlər.
Nəzakət Məmmədli kimi...
Nəzakət xanımın şəklini
isə mən çəkdim - telefonla yox - Sözlə...
Görün Özünə
oxşayırmı?..
Seyran
SƏXAVƏT
525-ci qəzet.- 2021.- 17 noyabr.- S.18.