MƏĞRURLUQ ABİDƏSİ  

 

Bu gün görkəmli yazıçı-publisist Əli İldırımoğlunun doğum günüdür. Yaşasaydı, ömrünün 94-cü ilini qeyd edəcəkdi. Amansız əcəl bir ildir ki, onu sevdiklərindən, sevənlərindən, dost-tanışdan, sədaqətli oxucularından ayırıb. Lakin o, doğmalarının ürəklərində, xəyallarında, söz-söhbətlərində, bu gün də dünənki kimi oxunan kütləvi oxucu rəğbəti qazanmış roman və povestlərinin səhifələrində əbədi yaşayır.

 

Əli İldırımoğlunun belə bir müdrik kəlamı var: "Yazıçı az yaşasa da, çox ömür sürür". Bu sözlər onun öz həyatını, öz ömrünü də çox dəqiq əks etdirir. Doğrudan da, yaradıcı adamın ömrünə ömür calandıqca onun obrazı bir az da parlaqlaşır, illərin o tayından daha əzəmətlə boy göstərir. Bu məntiqlə Əli müəllim indi də sağdır, sevdiyi insanların, çoxsaylı oxucularının qəlbində yaşayır və yaşayacaq.

 

Biz də mərhum ədibimizin əziz xatirəsini böyük ehtiramla anır, "Ruhunuz şad olsun" deyirik.

 

"525"

 

***

 

Hər bir yazıçı, şübhə yoxdur ki, ömrü boyu özünü, öz daxili aləmini, mənəvi dünyasını, ruhi yaddaşını yazır. Bizim üçün bu yaddaş bir əlçim bulud da ola bilər, bir zolaq gün işığı da, bir damla göz yaşı da, gülüş və fərəh hissi də... Bütün bunların məcmusu isə yenə də yazıçı özüdür, onun mənliyi, daxili aləmi, boy atıb böyüdüyü yurd, qızındığı ocaq, varlığıyla bağlandığı yuva... bir sözlə, evinin içi, vətən deyilən bir əlçim torpaqdır. Bir kənd-kəsək subyekti, daş-torpaq, çəmən-çöl, dağ-meşə, əslində, insan üçün bu dünyanın kiçildilmiş modeli, miniatür mənzərəsidir. Və bütün ömrümüz boyu biz bir yazıçı olaraq, bütün dünyanın içimizdə yaşatdığımız həmin mənzərəsini, həmin reallığını qələmə alırıq. Tamda zərrə, zərrədə tam yaşadığı kimi, yazıçının içində də həmin zərrə böyük bir dünyanın modeli kimi bitib-tükənmir, sərhədsiz və hüdudsuz atributa çevrilir. Və həm də bitib-tükənmədiyi kimi yazılıb qurtarmır, sanki çağlayan çeşmədir, qaynayan bulaqdır.

 

Bəli, yazıçı Əli İldırımoğlu hər əsərində bədii şüurun ən dərin qatlarından təqdim olunan mənəvi-əxlaqi dəyərlərlə zəngin, psixoloji yaşantıların həyəcan dolu çalarlarıyla süslənmiş əsərlərlə bir daha sübut edir ki, yazıçı ömrü boyu özünü yazıb qurtara bilməz. Və hər dəfə də yeni, orijinal, dəyərli və qiymətli əsər yaradar. Onun Əliquluuşağı adlı mənəvi ərazisində, mötəbər və alicənab nəsil-nəcabətinin xatirə yaddaşında bədii həllini gözləyən hələ nə qədər ədəbi-bədii nümunələr üçün material vardır. Yazıçı dünyası elə bununla da mənalı və maraqlıdır. Bu məqamda U.Folknerin dediyini xatırlamalı oluruq. Dahi nasir yazır: "Doğma yurdun bir poçt markası boyda yerindən yazıçı ömrü boyu əsər yaza bilər və o poçt markası boyda yerin barəsində hər şeyi yazıb qurtarmağa bir yazıçı ömrü bəs eləməz".

 

Məsələ burasındadır ki, Əli İldırımoğlu bir yazıçı kimi özünə, ədəbi-bədii kredosuna, mənəvi-estetik prinsipinə sadiqdir. Bu sadiqliyin əsasında, mayasında ən çox da elə haqqında danışdığımız o əziz torpaq, bu yerin adamları, dağı-daşı, yeri-göyü, çölü-çəməni... bir sözlə, bütün substansiyası ilə Vətən məfhumu dayanır. Vətən torpağının sərhədi var, Vətən sevgisi isə hüdudsuzdur. Bütün əsərlərində Əli İldırımoğlu həqiqətlərindən, Əli İldırımoğlu hədəflərindən ən əsası Vətən sevgisidir, onun üçün ən müqəddəs olan torpağıdır, toxunulmaz sərhədləridir, mərd, qeyrətli oğul və qızlarıdır.

 

Ə.İldırımoğlu Vətəni, doğulduğu torpağı təkcə sevmir, həm də onun ağrı-acısını yaşayır, problemlərini çözələyir. Bu müqəddəs missiya ilə təkcə günümüzün reallıqlarını bədii ədəbiyyatın işığında fokuslaşdırmır, tarixə də nəzər salır, qəhrəmanlıqla dolu tariximizin qanlı-qadalı olaylarını vərəqləyir. Onun bütün əsərlərində bu və ya digər rakursdan Vətən və onun layiqli övladlarının təbii, canlı obrazını görürük və onlara alicənab yazıçı himayəsinin şahidi oluruq. Onun "Zorən jurnalist", "Həmin adam", "Közərən sətirlər", "Silinməz izlər", "Aqibət", "Qarlı gecələr", "Mənim rəncbər atam", "Daş yağan gün" və başqa əsərlərində bu problem leytmotivə çevrilir. Haqqında söhbət açdığımız "Əmrahsız qalan dağlar" əsəri ədibin bu xüsusda hadisə və problemlərə yeni baxışı və bədii yanaşmasıdır. Bu əsər yaxın tariximizin qanlı-qadalı, müdhiş, ən kədərli və eyni zamanda qəhrəmanlıqla dolu ən mərdanə lövhələrini oxucuyla bölüşən canlı həyat salnaməsidir.

 

Hər bir əsər dünyanı dərk etmək, anlamaq cəhdidir. Axı hər bir roman, povest, hekayə təkcə bədii əsər deyil, həm də tarix, fəlsəfə, psixologiya, sosiologiyadır, etik-estetik görüşlər toplusudur. Odur ki, bütün elmi-fəlsəfi dünyagörüşlərin toplusu olan bədii əsərlər bu düşüncə mənbələrinin ayrı-ayrılıqda təsir gücündən daha böyük təsir gücünə malik olur. Əli İldırımoğlunun "Əmrahsız qalan dağlar" əsərində dünya dərki tarixi rakurslardan çözələnir və xalqımızın mənfur qonşuya - erməni vandallarına qarşı mübarizə müstəvisi üzərində qurulur. Şübhəsiz, əsərin obrazlar sistemi, insanlar, baş verən hadisələr, mənəvi-əxlaqi keçidlər heç də birxətli deyil. Bir-birini izləyən olaylar, əriş-arğac kimi bir-birinə qovuşan və bir-birini tamamlayan hadisələr, fövqəladə situasiyada insan xarakterlərinin rəngarəng dəyişmələri təkcə erməni millətçilərinə qarşı mübarizədən söz açmır. Belədə əsər, şübhəsiz, bəsit təsir bağışlardı. Buradakı hadisələrin genişliyi, rəngarəngliyi, ictimai-siyasi kolliziyalar, müxtəlif məzmunlu və xarakterli insan münasibətləri, yazıçı fikir və düşüncəsinin çoxlaylı, çoxplanlı alt qatındakı dərin mətləblər, Vətən və namus yolundakı mücadilələrin estetik siqləti - bütün bunlar əsərə daha dərin məzmun və mündəricə, daha parlaq ideya-estetik rəng, emosional güc verir.

 

Adətən ədəbiyyatşünaslıqda bədii əsərin məziyyətindən, ədəbi-bədii keyfiyyətindən danışanda ilk növbədə süjet, fabula, kompozisiya, surətlər qalereyası, müəllif idealı ilə həyat hadisələrinin, siyasi-ictimai paralellərin uyuşması, hadisələrin məntiqi inkişafı daha çox diqqət mərkəzinə çəkilir. Bəri başdan qeyd edək ki, Əli müəllimin "Əmrahsız qalan dağlar" romanı başqa əsərləri ilə müqayisədə daha yığcam və kameral təsir bağışlayır. Amma əsərdə hər şey yerində və öz bədii mizanındadır. Süjet xəttinin genişliyi və tutumluluğu, hadisələrin epoxal zaman müstəvisində cərəyan etməsi, zəngin surətlər və xarakterlər silsiləsi, insan münasibətlərindəki sosial və mənəvi qloballıq - bütün bunlar hər biri roman ünsürüdür və geniş zaman-məkan anlamında yazıçı ideyalarının, müəllif məqsədinin epoxal daşıyıcısıdır. Əslində, əsərə həcminə görə "roman" möhürü vurmaq arxaik bir elmi təfəkkürün məhsuludur. Bizcə, həcm hər şeyi həll etmir. Əsas məzmundur, ideya-estetik qayədir, zaman məkan masştabıdır, şaxələnmiş hadisələrin sistemləşdirilməsi və bədii həllidir, zəngin və əzəmətli obrazlar sistemidir. Bu xüsusda, böyük rus yazıçısı Y.Trifonovun özünün "Qoca" adlı romanı barədəki fikirləri yerinə düşür. O deyir: "Mən bu yazımı roman adlandırmışam: baxmayaraq ki, həcmcə çox da böyük deyil. Amma onu povest adlandırmaq da olmazdı. Çünki bu yazı Pavel Yefqrafoviç Letunovun 13 yaşından başlayaraq bu günə kimi altmış illik həyatını əhatə edir. Personajların sayına görə də, bu, roman adlana bilər. Mən özüm hesablamamışam, amma dostum Yuri Karyagin romanda öz adı, taleyi və xarakteri olan 39 personaj saymışdı". Bu sözləri qeyd-şərtsiz Əli müəllimin "Əmrahsız qalan dağlar" əsərinə də şamil etmək olar. Öz xarakteri, öz taleyi, öz sərgüzəşti olan personajların bu əsərdə sayı neçədir, deyə bilmərik, saymamışıq, ancaq hər halda Y.Trifonovun "Qoca" əsərindəkindən, gərək ki, az olmasın.

 

"Əmrahsız qalan dağlar" romanı gərgin və dinamik süjet üzərində qurulub. Əsər sakit templə başlayır, lakin getdikcə münasibətlər gərginləşir, kolliziyalar dərinləşir, bir-birini əvəz edən sərt dönümlər, sosial qarşıdurmalar, daban-dabana söykənən ictimai-siyasi münaqişələr oxucunu sonadək gərgin və həyəcanlı vəziyyətdə saxlayır. Bir-birini əvəz edən gözlənilməz hadisələr bir-birinə o qədər sıx və zəncirvari bağlıdır ki, oxucu özündən asılı olmayaraq, nəfəs dərmədən hadisələrin axarına düşüb gedir. Yəqin elə buna görədir ki, əsər birnəfəsə oxunur. Hadisələr inkişaf etdikcə şaxələnən süjet xətti bir məcrada qovuşur, fabula oturuşur.

 

Ustad yazıçı hadisələrin və olayların bir məntiqdə davamını, dialoq və monoloqların, daxili düşüncələrin və həsb-halların mizan-tərəzisini zərgər dəqiqliyi ilə verir. Artıq səhnə, miyanə görüş, epizod, mətləbi uzatmaq xatirinə əlavə ştrixlər, lüzumsuz danışıq, mənasız yazıçı remarkaları, artıq-əskik dialoqlar bu əsərin ruhuna tamamilə yaddır. Müəllif, sanki əsəri sıxıb-sıxıb şirəsini saxlayıb, bir yumruğa döndərib. Bitkinlik əsərin bədii, estetik, leksik parametrlərində özünü aydınlığıyla büruzə verir.

 

Əsərdə müxtəlif hadisə və olaylar, insan taleləri barədə zaman və məkan daxilində çərxi-fələyin gah sakit, gah təlatümlü dövranının dəyişən paralellərində söz açılsa da, əsas yazıçı qayəsi Əmrahın həyat, ömür Odiseyini yaratmağa yönəlmişdir. Odur ki, gənc yaşlarından ömrünün sonunadək Əmrahı bədii tədqiqatın əsas subyektinə və predmetinə çevirən yazıçı sonadək obrazın taleyi ilə yanaşı, zamanın, dövrün sosial sifarişinin, siyasi tələbinin, mənəvi-əxlaqi harayının məntiqi bağlarını da unutmur, qəhrəmanını zaman içində, dövrün ab-havası daxilində, şəxsiyyət kimi formalaşması müstəvisində təqdim edir. Əmrah və ətrafda baş verən hadisələr, bu hadisələrin yaradıcısı və iştirakçısı olan insanlar bütöv bir harmoniyadadır. Əmrahın bir obraz, ədəbi qəhrəman kimi formalaşmasında və bitkin bir şəxsiyyət kimi yaranmasında bu harmoniyanın, heç şübhəsiz, kifayət qədər rolu vardır. Yeniyetməliyindən, gəncliyindən tutmuş ömrünün sonunadək Əmrahın həyat yolu bütün çalarları, rəngləri və spektrləri ilə canlanır. Bu ömrün acılı-şirinli günləri, ziqzaqları, məşəqqətləri, qürur və fəxarət doğuran anları obrazın bütövləşməsinə və son anda oxucu üçün aydın, duru bir insanın formalaşmasına kömək edir. Əmrahın kənddə yeniyetməlik həyatından tutmuş Sultan bəy və Xosrov bəy qardaşları ilə görüşənə qədər, Qarabağın general-qubernatoru Xosrov bəyin onu yenicə təşəkkül tapmış Azərbaycan Cümhuriyyətinin idarəçiliyinə cəlb edərək, etimad göstərməsi, doğma rayonu Qubadlıda əmin-amanlığı təmin etməyi, daxili başıpozuqluqlardan və əbədi düşmənimiz ermənilərin qəfil hücumlarından yaxın el-obanın qorunmasını ona tapşırması, sonrakı hadisələrdə Əmrahın öz vəzifə və vətəndaşlıq, insanlıq borcunu ləyaqətlə, mərd-mərdanə yerinə yetirməsi səhnələri, bir sözlə, təsvir edilən hər olay Əmrahın bədii obraz kimi formalaşmasına, ədəbi qəhrəman səviyyəsinə yüksəlməsinə xidmət edir. Onu da qeyd edək ki, yazıçı bu işin öhdəsindən layiqincə gəlib, Əmrahın simasında tam, bitkin bir qəhrəman obrazı yarada bilib.

 

Əsərin süjeti, kompoziyası və fabulası da əsasən bu ideyaya tabe etdirilib. Və məqsəd Əmrahın mərdliyi, dönməzliyi, kişiliyi və qəhrəmanlığını ortaya qoymaq, onun simasında mərd, mübariz, vətənpərvər igid obrazı yaratmaq olmuşdur. Bu, son anda yazıçı idealı kimi təzahür edir. Belədə L.Tolstoyun bu fikri yerinə düşür: "Hər hansı bədii əsəri tam vəhdət halında bağlayan bir vasitə varsa, o da sənətkarın təsvir obyektinə özünəməxsus mənəvi münasibətidir. Yalançı mənəvi idealdan həmişə qəlp əsərlər yaranır". Görünür, "Əmrahsız qalan dağlar" əsərinin mənəvi gücü və daxili bədii-estetik enerjisi də, daha çox bu sağlam və müqəddəs ideala bağlıdır.

 

Əmrah yüzbaşı ictimai xadimdir, el qəhrəmanıdır, yüzlərlə mərd azərbaycanlının nəcib sifətini özündə birləşdirən ümumiləşdirilmiş bir obrazdır. Belədə, müəllifin şəxsi duyğuları ilə ümumxalq fikir və düşüncələri, ümumbəşəri idealı çuğlaşır. Əmrah obrazında müəllif xalqın bütöv bir yaddaşını, solmaz və pozulmaz əxlaqi kodlarını ümumiləşdirir. Bu anda Əmrah təkcə onun yox, bütün Azərbaycan xalqının təəssübkeşi, soy-köküdür, qan yaddaşıdır.

 

Qeyd edək ki, romanda süjet, kompozisiya, fabula bir-birinə daxili tellərlə, mexaniki yox, təbii qaynaqlarla bağlıdır. Ədəbiyyat qurama yox, yaradıcıdır. Əli müəllimin əsərlərinin hamısında olduğu kimi, bu romanda da həyat təbii axarıyla baş alıb gedir. Hər şey - hadisələr də, insanların tərz-hərəkəti də, mənəvi-əxlaqi ayrıntıları da, psixoloji yaşantıları da öz məcrasında, məntiqi tutumunda, bədii-estetik ölçüsündədir. Əsərdən bəzi misallar yerinə düşərdi. Eləcə, girişdə yazıçı Əmrahı sakit, üzüyola yeniyetmə kimi təqdim edir. Lakin yazıçı özü istəməsə də belə, təsvirlərin alt qatında Əmrahın qaynar təbiətini, aşıb-daşan daxili enerjisini hiss etdirməyə bilmir. Sonrakı hadisələrin inkişafında oxucu da bunun şahidi olur. İlkin duyğular, müəllif təhkiyəsinin sətirləri arasında sıxılıb qalmış intuitiv təsəvvürlər pozitivləşir. Bulaq başında cavan bir gəlinə sataşmaq istəyən, özündən yaşca böyük olan üç nəfər cantaraq nakəsə dov gəlməsi, Hacı Misirxanı bihörmət eləyən uryadnikə qulaqburma verməsi, Mərdan bəyin burnunu ovması, quldurluğa qurşanan Qara Qasımı öldürüb, hətta cənazəsinin kəndin ortasından aparılmasına icazə verməməsi və başqa səhnələr həmin sətiraltı işarələrin bir-bir təsdiqi və Əmrahın fenomenal xarakterinin aşkarlanma məqamlarıdır.

 

Dediyimiz kimi, əsər yığcam və kameral bir süjetə malikdir. Lakin qoyulan mətləbin ləngəri, hadisələrin məzmun genişliyi, məna dərinliyi, obrazların zənginliyi və xarakter əlvanlığı bu əsərə özəl münasibət tələb edir. Təsvir olunan hadisələrin mahiyyəti, estetik qayə, obrazların yaşamı, tərz-hərəkəti, hətta təbiət təsvirləri bir şəxsiyyət və xalq qəhrəmanı kimi Əmrahın xarakterinin açılmasına, daxili aləminin güzgülənməsinə xidmət edir.

Romanın süjet xətti Əmrahın başına gələn ayrı-ayrı hadisələrdən ibarətdir. Və əsərdə iştirak edən obrazlar da, eləcə həmin olayların daxili bətnində yetişir. Çox böyük ustalıqla birləşdirilən, sanki təbii şəkildə qaynaq edilən və son anda müəllif idealının daşıyıcına çevrilən bu hadisələrin əslində, hər biri ayrılıqda fundamental bir əsərin mövzusudur. Eyni zamanda personajlar, obrazlar silsiləsi... Onlar da öz dolğunluğu, bütövlüyü, məna yükü, sosial çəkisiylə - hər biri bir romanın baş qəhrəmanı səviyyəsindədir. Məşədi Allahverən, Məmmədbağır, Fatma, İldırım, Hacı Misirxan, Mərdan bəy, Fərhad, Şamil bəy, Balaca bəy, Nəzər Heydərov, Molla Abbas, Xosrov bəy, Sultan bəy, Mövlanverdi və digərləri. Əslində, müəllif burada təkcə insanları, başqa sözlə, konkret adamları deyil, zaman daxilində insanı və insanın özündə yaşatdığı zamanı təsvir edib. Bu insanların hər birində zamanın bir gərdişi, yaşadığı dövrün möhürü və ab-havası müxtəlif forma və çalarlarda reallaşır. Onlar ayrı-ayrılıqda yaşadığı dövrün bir atributu, birlikdə isə zamanın özüdür.

 

Əli müəllimin özünəməxsus, təmiz, aydın, hər cür əllaməçilikdən uzaq, daxilən daima qaynayan, təzələnən, zənginləşən dili və üslubu ilə, təbii ki, bu romanda da üz-üzəyik. Üslub düşüncə tərzidir, bədii atributun mayası, əsərin daxili enerjisidir. Əli müəllimin üslubu son dərəcə sadə, cəlbedici, təravətlidir. Onun obrazları xalq dilinin canlı ifadələri ilə danışır. Leksikonları idiom və qanadlı deyimlərlə, atalar sözləri, omonim və antonimlərlə zəngindir. Üslubun təmizliyi, şəffaflığı, saflığı yazıçıya anlaşıqlı, realist bir forma və bədii struktur seçməyə imkan verir. Onun əsərlərində qurama səhnələrə, aldadıcı kombinasiyalara, saxta kompozisiyalara rast gəlmək qeyri-mümkündür. O, yalançı pafosdan istifadə etmir. Təmtəraqlı, ekstravaqant cümlələr qurmur. Hər şey sadə, aydın, həm də dərindir.

 

Əsərdə təbiət təsvirləri, antropomorfizmlər (təbiətə canlı insan xassələri vermək) süjetin bədii qatı olmaqla yazıçı məqsədinin açılışına xidmət edir, onun estetik idealının daha geniş planda şərhinə şərait yaradır. Bu da əsərə yeni gözəllik, bədiilik və ekspressivlik gətirir. Belə səhnələrdən ikisini xatırladaq: ermənilər kəndə hücum edərkən yaxınlıqdakı meşədə ayı balasının erməni gülləsinə tuş gəlib ölməsi, ayının fəryadı və qartal yuvana dəyən erməni top qəlpəsindən yuvanın viran qalması, qartal balalarının diri-diri yanması... Burada ayı da, qartal da insan kimi dil açıb erməniləri, müharibəni lənətləyir. Müəllif təbiət hadisələrində də ictimai mətləbləri qabardır. Bu isə, heç şübhəsiz, əsərin bədii-fəlsəfi təsir gücünü kifayət qədər artırır.

 

Əmrahın mərdliyi, igidliyi, dönməzliyi, heç şübhəsiz, qandan, gendən, nəsildən gəlir. Yazıçı da Əmrah haqqında öz dastanına məhz buradan başlayır, babası Məşədi Allahverənin və atası Məmmədbağırın təqdimatıyla. Çox yığcam və lakonik cümlələriylə nəslin ağsaqqalları oxucunun nəzərində tam dolğunluğu və aydınlığı ilə canlanır. Əmrahın ipə-sapa yatmaması Məşədi Allahverəni narahat edir, əndişələrə salır. Müəllim yazır:

 

"Qara tənbəkinin acı tüstüsü Məşədi Allahverənin dolaşıq fikirlərinə qarışıb yavaş-yavaş çözələnirdi..." Yaxud: "Məşədi Allahverən dərin-dərin düşüncələrə daldıqca elə bil palıd kötüyünün üstündə balacalaşırdı..."

 

Bu ifadələrdə obrazın əhval-ruhiyyəsi, konkret zamanda və məkanda daxili yaşantıları necə də uyarlı təsvir edilmişdir. Əli müəllimin dili, ifadə tərzi lakonik olduğu qədər də poetik və obrazlıdır. Buraya məntiq ardıcıllığı, fəlsəfi təmayülü də əlavə eləsək, yazıçının dil təbiəti barədə daha dolğun təsəvvür yarada bilərik. Nədir bu dilin özəlliyi, təbiəti, daxili mahiyyəti və enerjisi?..

 

Tədqiqatçılar onun yaradıcılığı barədə danışarkən Əli müəllimin obrazlı, poetik, folklor məzmunlu dili barədə həmişə xüsusi söz açmışdılar. Təəssüf ki, Əli müəllimin dil və üslubuna xas məntiqi çalarlar və fəlsəfi qatlar müəyyən qədər tədqiqatın diqqətindən yayınıb. Əli müəllimin dilində Azərbaycan dilinin sehr və möcüzələrlə dolu ehtiyat layları yatıb qalır. Onun elə ifadə, şərh və təhkiyə məqamları var ki, dilimizin nəyə qadir olduğunu, ifadə imkanlarının son dərəcə sərhədsizliyini sübut edir. Az sözlə, bəzən bir ifadə, cümlə və yaxud söz birləşməsi ilə səhifələrə sığmayan mətləbləri ifadə edə bilir. "Əmrahsız qalan dağlar" romanında belə məqamlar çoxdur. Misal üçün, əsərin girişində Əmrahın portretini üç-dörd cümlə ilə yaradır və əsər boyu bu təqdimatın başqa çalarlara ehtiyacı olmur: "Yaşca özündən böyük olan və mənəm-mənəm deyən cahil oğlanlara dov gəlirdi. Mülayim də xasiyyəti var idi. Ona dəyib-dolaşan, sataşan olmasa, heç kəsə əl qaldırmazdı. Lakin biri ilə sözü çəp gələndə və ya kimsə ona dirsək göstərsə də, şil-küt eləyərdi".

 

Bu "xəsis" yazıçı təqdimatı əsər boyu dolğunlaşır və hadisələrin inkişafında təsdiqini tapır. Xüsusən, Xosrov bəylə görüş zamanı bu cəhətlər pik həddinə çatır. Xosrov bəyə böyük rəğbətiylə yanaşı, özünü məğrur, bərabərhüquqlu tutması, bəyin yüzbaşılıq təklifini böyük təkiddən sonra qəbul etməsi onu təkcə igid, vurub-tutan kimi deyil, eyni zamanda, təvazökar və alicənab bir insan kimi də xarakterizə edir. Digər bir məqamda biz onu başqa rakursdan yenə də öz ampluasında görürük. Uryadnik Hacı Misirxanı ailəsinin gözü qarşısında döyüb bihörmət edəndə, Əmrah dözməyib uryadniki ayağının altına salır. Bu anda o, heç də Hacl Misirxanı mülahizə eləyib bu xatalı addımı atmır. Məsələ burasındadır ki, kişini ailəsinin gözü qabağında döymək və alçaltmaq elə ölümə bərabər bir şeydir. Əmrah məhz bunu qəbul edə bilmir. Pristavın kəndə göndərdiyi dəstə ilə də məhz buna görə görüşmür və uryadnikin Hacı Misirxandan ailəsinin qarşısında üzr istəməsini tələb edir. Müəllifin əvvəldə misal çəkdiyimiz yığcam təqdimatında, əslində, Əmrahın bütün bu cəhətləri əks olunub, lakin çılpaq yox, daha dərin qatlarda.

 

Məsələ burasındadır ki, bütün bu cəhətlər Əmraha ata-babasından, nəsil-nəcabətindən gəlir. Mərd, qeyrətli, el təəssübü çəkən Məşədi Allahverənin illərlə ürəyində yatan arzusunun, uzaqdakı bulaq suyunu kəndə gətirmək istəyinin reallaşması da məhz bu qeyrət hissindən, bu el təəssübündən qaynaqlanır. Eşidəndə ki, nəvəsi bulaq başında tanımadığı adamlarla, bir qadının müdafiəsi üçün qeyrət üstündə dalaşıb, qəti qərar verir: var-yoxunu satıb bulağın suyunu kəndin ortasına gətizdirir.

 

Bütün bu olayları Əli müəllim yığcam, poetik və mənalı bir dillə, az sözlə, qısa cümlələrdə böyük məna daşıyan fəlsəfi bir təhkiyə ilə nəql edir. Xarakterik bir misal: Mərdan bəy haqqında danışarkən onu çox da geniş təqdim etmir. Onsuz da belinə örkən dolanmayan bu bəylərin namərdliyi, nakəsliyi, mənəviyyatsızlığı hamıya bəllidir. Bu bəy, yaxud bəylər haqqında səhifə-səhifə açıqlama da vermək olardı. Amma Əli müəllim kəsə bir söz işlədir: "Mərdan bəy də ki yiyəsini yıxmış atdır..." Bu bircə cümlədə nə qədər məna yatır! Bütün bunlardan sonra düşünürsən ki, ilahi, Azərbaycan dilinin nə böyük qüdrəti, nə böyük ifadə imkanları var...

 

Əsərdə bir-birini tamamlayan, biri digərini işıqlandıran təbii cizgilərə malik dolğun obrazlar qalereyası var. Onların hər biri müsbət və mənfi çalarlarıyla özüdür, öz təbii koordinatındadır. Əsas odur ki, yazıçı onların hər birini özünəməxsus düşüncə və hərəkətdə yaradıb. Onların hər biri hansı məqamdasa yazıçının həyatından keçib, ya xatirələrində, ya yaddaşının hansısa qatında yaşayıb, bir sözlə, ədibin həyat salnaməsində müəyyən yer aldığına görə tanış cizgilərlə təbii şəkildə canlı obrazlara çevrilib. Q.Markesin bir fikri burada yerinə düşür: "...Öz obrazlarına gəldikdə isə onların prototiplərini tanıyıram. Ancaq onların hər birində çoxlarının, lap çoxlarının əlamətlərini tapmaq olar. Yaxşı və pisliyindən asılı olmayaraq, müəllif özü əsasdır. Və bütün təsirlər müəllifin özündən gəlir. Və hər şey onun üzərində qurulur. Müəllifin ürəyi bütün personajlarda yaşayır".

 

Əmrah yüzbaşı bir obraz və qəhrəman kimi hərtərəfli işlənmişdir. O, həyat hadisələrinin fonunda canlı insan kimi yaddaşlarda dərin iz buraxır. Romanın baş qəhrəmanı Əmrah yüzbaşının ictimai-siyasi fəaliyyətində, şəxsi keyfiyyətində, həyat tərzində, mübarizəsində bir sıra ədəbi qəhrəmanlarla paralellər aparmaq, uyğun cəhətlər tapmaq olar. Qaçaq Nəbi, Qaçaq Kərəm, yaxud gürcü yazıçısı C.Amirecibinin Data Dutaşxia, L.Tolstoyun Hacı Murad obrazları ilə Əmrahı, heç şübhəsuz, müəyyən bağlar birləşdirir. Bu qəhrəmanların hər biri Şərə qarşı mübarizə aparır və Xeyirin döyüşçüsüdür. Lakin Əmrah bir ədəbi qəhrəman kimi, həm də özəlliyə malikdir. Şübhəsiz, onun fəaliyyəti, mübarizəsi qlobal mənada pisliyə, zülmə, şərə qarşıdır. Özəllik isə bundadır ki, o, Vətənin müdafiəsindədir, xalqını işğalçı düşmənlərdən qoruyur.

 

Onu adını çəkdiyimiz qəhrəmanlardan fərqləndirən ən böyük cəhət Vətən yolunda mücadiləsidir. Deyək ki, Hacı Murad mərddir, igid, cəsarətli və qorxmazdır. Amma Hacı Murad böyük amallarla yaşamır, şəxsi prinsip və ambisiyaların əsiridir; Şeyx Şamillə pozuluşur, rusların tərəfinə keçir. Lakin düşmənlərin münasibəti də onu qane etməyəndə, qüruru tapdananda qaçmağa çalışır və döyüşdə öldürülür. Əmrah isə nə üçün yaşadığını, nəyin uğrunda mübarizə apardığını yaxşı bilir. Onun üçün şəxsi həyatından daha üstün və daha qiymətli bir amal, bir məqsəd var - xalq təəssübü, vətən qeyrəti, torpaq sevgisi! Ömrü boyu bunun uğrunda vuruşur və bu yolda da qəhrəmancasına həlak olur...

 

***

 

Zaman axır, vaxt dolanır, illər bir-birini əvəz edir... O qanlı-qadalı günlər tarixə qovuşur, əmin-amanlıq başlayır. Vaxtilə Əmrah yüzbaşının mirzəsi və yaxın dostu olmuş Nəzər Heydərov artıq bu gün böyük vəzifə sahibi - Respublika Ali Soveti Rəyasət Heyətinin sədridir. Lakin o günlər unudulmur, qəhrəman Əmrah heç vaxt yaddan çıxmır!.. Aradan neçə onillik keçsə də, etibarlı və vəfalı dost Nəzər Heydərov paytaxtdan yüz kilometrlərlə uzaqdakı Qubadlıya, Əliquluuşağı kəndinə, Əmrahın ailəsini yoluxmağa gəlir... Bu da bir dəyərdir, özü də dərin insani və milli dəyər. Nəzər Heydərov həm də o günləri, qəhrəman Əmrahın həyat dastanını əbədiləşdirir, özünün "Zəngəzur qartalları" əsərində. Həm də Əmrahın bir fikrini əbədi şüarına çevirir: "Kişi başqasını qabağa verib, özü dalda-bucaqda gizlənməz!"

 

Doğrudan da bu sözlər Əmrah yüzbaşının kredosu, həyat manifesti olub, əqidəsinə çevrilib. Eləcə erməni qəsbkarlarıyla son döyüşü bunu bir daha sübut eləyir. Davıdlı kəndinə gecəyarı hücum edən ermənilərlə təkbaşına döyüşə atılır. Özü də dəstəsini, döyüşçülərini çağırmadan. Bircə Balaca bəyi yanına alır. O da eləcə, döyüş başlayar-başlamaz xəyanətkarcasına onu atıb qaçır. Alatorandan başlanan qanlı savaşda erməni vandalları ilə təkbaşına, ölümcül yara alanadək döyüşür və düşməni geri oturdur.

 

Əsərin təsirli və həyəcanlı səhnələrindən olan bu məqamda yazıçı Mövlanverdi obrazı ilə Azərbaycan xalqına məxsus mərdlik, kişilik, canıyananlıq kimi ənənəvi-əxlaqi dəyərləri bir daha parlaq şəkildə əks etdirir. Qaçaqaç düşəndə ev-eşiyində olan vəzndə yüngül, qiymətdə ağır nə vardısa ata yükləyib, canını götürüb qaçan Mövlanverdi yaralı Əmrahı görüb sarsılır. Əmrahın etirazlarına baxmayaraq, atın yükünü açıb dərə aşağı buraxır və Əmrahı atın üstünə aşırıb nisbətən sakit kənd olan Xanlığa çatdırır. Və deyir ki, dünya malını aparıb belə bir igidi darda qoymaq namərdlik olardı... Bax budur Azərbaycan xalqının böyüklüyü! Bax budur bəzən incə eyhamla istehza etdiyimiz mentalitet, budur əxlaq, budur içimizdə yatan dolu mənəviyyat vulkanı! Bəli, bu xalqın Balaca bəyi varsa, Mövlanverdisi də yox deyil...

 

Sağalmaz yara alan Əmrah axır ki, dünyasını dəyişir. Dairə qapanır. Lakin müəllifin cəmiyyətə, insanlara açıq sualları durur: "Biz kimik?..", "Hardan gəlib hara gedirik?..", "Nəslimizi, nəcabətimizi, soykökümüzü tanıyırıqmı?..", "Düşmənimizi necə, bilirikmi kimdir?..", "Səhvlərimizin girdabından nə vaxtsa qurtula biləcəyikmi?..", "İçimizdə yatan şiri, soyumuş vulkanı oyada biləcəyikmi?.." Bəli, suallar müəllifdəndir. Cavablar isə bizdən, hər bir oxucudan olmalıdır.

 

Əsərin sonu hüznlü, kövrək notlarla yekunlaşır. "Bərgüşad, Çay bağlarının yanından ötüb köpüklənə-köpüklənə dağları, dərələri, düzləri, döngələri aşıb Əmrahın uyuduğu məzarlığın yanından keçir. Baharda Bərgüşad, Çay bağlarının gül-çiçəyini ətirşahın yaşıl-yaşıl yarpaqlarına büküb Tinli qəbiristanlığına tərəf aparır. Aparır ki, Əmrahın yaralı sinəsinə qoyub, ona şəfa versin; Qərib eldə uyuyan dağlar qartalının ruhu şad olsun..."

 

Əli müəllimin poetik çalarlar dolu bu sədasında kədər və yanğı ilə yanaşı, qəhrəmanlıqla dolu alovlu himn sədası da var. Müəllif sanki qəhrəman Əmrahın ruhuna dualar oxuyur. Əmrahın ruhuna ən böyük dua, başqa sözlə, ən böyük abidə isə bu əsərin özüdür.

 

Bədii əsər həyatı yaşadan, həyatı öyrədən dərs kitabıdır. Hər bir əsər yazıçı ilə oxucunun yeni dialoqu, ünsiyyəti və həsb-halıdır. Buna sınaq da demək olar. Yazıçı hər sınaqdan qalib çıxa bilirmi? Oxucu dəyəri və etibarı qazana bilirmi?.. "Əmrahsız qalan dağlar" romanı yazıçı uğurunun və oxucu etimadının yeni nümunəsidir. Əli müəllim bu əsəri ilə də cəmiyyətə yeni ustad dərsi keçmişdir.

 

Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru,

Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2021.- 17 noyabr.- S.16-17.