Gəncliyin və gələcəyin qəzeti
"525-ci qəzet"in ərsəyə gəlməsi
Azərbaycanın müstəqillik
dövrünün ilk xoş
sədalı hadisələrindən
biri kimi tarixi önəm kəsb edir. Yaşca "525"dən kiçik olan fikir adamları bu barədə yalnız şifahi-yazılı
xatirələrdən məlumat
alıblar. "525"in
mayası kəskin, qərəzsiz yazılarla
yoğrulub. Bəlkə də,
bütün illərdə
gəncləri bu qəzetə cəlb edən amil də elə bu olub. Çünki gənclərə xas olan yenilik
istəyi, fərqli yanaşma qəzetin amalı ilə mütənasiblik təşkil
edib.
Qəzetin təsisçisi və
baş redaktoru Rəşad Məcid
"525-ci qəzet"in ilk sayında yazır: "Bu
qəzetə istedadlı,
təmiz, saf cavanların toplaşacağına
əminəm və inanıram ki, həmin cavanlar "düzü düz, əyrini əyri" yazacaq, haqqı nahaqqa verməyəcəklər".
"525-ci
qəzet"in keçdiyi
tarixi yola nəzər saldıqca, qəzetdə fəaliyyət
göstərən insanlar
barəsində eşitdikcə
görürük ki, baş redaktor qarşısına qoyduğu
məqsədə nail olub.
Daima
"525-ci qəzet"də işıqlı simalar fəaliyyət göstəriblər.
Jurnalistika sahəsində həmsöhbət
olduğumuz insanların
əksəriyyətinin tərcümeyi-halında
"525" də yazılır.
"525-ci qəzet" yaranandan bu günə
qədər Azərbaycan
jurnalistikasında yüzlərlə
kadr üçün tramplin rolunu oynayıb. Bir çoxları öz
nəzəri biliklərini
məhz "525"də praktikaya
çevirərək cəmiyyətə
peşəkar jurnalist
kimi təqdim olunub. Daim kreativliyi ilə seçilən qəzeti hələ də oxunaqlı edən səbəblərdən biri
də elə budur: zamanla ayaqlaşa bilmək. Texnologiyanın sürətli
inkişaf etdiyi dövrdə, çap mediasının ötən
illərə nisbətən
az oxunduğu
bir zamanda ölkədə uşaqdan
böyüyə qədər,
demək olar ki, hər kəs
"525-ci qəzet"i tanıyır,
orada çap olunan imzalar barədə məlumatlıdır.
Yaşının üzərinə yaş gəldikcə gəncləşən
"525"in səhifələrində gənclərə geniş
söz meydanı verilib. Biz öz düşüncələrimizi məhz qəzetdə çap olunan mətnlərlə, həmin
mətnlər üzərindəki
redaktələrlə cilalamağa
çalışmışıq. Əslində, bir çox
media orqanı hazır,
püxtələşmiş kadr axtarışındadır
və ya bəlli adamlarla əməkdaşlıq edirlər.
Buna görə onları qınamaq olmaz. Amma populyarlıqla, keyfiyyətli
iş ərsəyə
gətirməklə yanaşı,
Azərbaycan jurnalistikasının
gələcəyini düşünmək,
bunun üçün
mücadilə aparmaq fədakarlıq tələb
edir. "525-ci qəzet" bu gün - 17 noyabr düz 29 ildir ki, bu missiyanın
öhdəsindən gəlir,
bu yükü çiyinlərində daşıyır.
"525-ci qəzet"in tarixi xronikası barədə, yaradan və yaşadanları haqqında müxtəlif vaxtlarda kifayət qədər yazılıb. O yazıları
oxuduqca yalnız qürur hissi keçirmək olar. "525-ci qəzet"in bir parçası olmaq böyük bir tarixi hadisənin
iştirakçısı olmaq
deməkdir.
Mənim "525" haqqında qələmə
aldıqlarımı qəzetin
əməkdaşının düşüncələri kimi
yox, tarixlə maraqlanan, keçmiş söhbətləri həvəslə
dinləyən, nostalji
hisslərlə yaşayan,
bir çox sahələrdə ənənələrə
sadiq qalmağın tərəfdarı olan gənc yazarın fikirləri kimi qiymətləndirin. Amma sözsüz ki,
mən və hələ mənə qədər neçə-neçə
bədii yaradıcılıqla
məşğul olan imzaları ictimaiyyətə
məhz "525-ci qəzet"
təqdim edib.
"525-ci
qəzet" vaxtilə
ölkədə ədəbiyyatla
maraqlanan insanların sayı minimuma enəndə, heç kim şeir,
hekayə çap eləməyəndə öz
səhifələrində ədəbiyyata
səxavətlə yer
ayırıb. Bunu orta
və daha yaşlı nəslin nümayəndələri məmnunluqla
təsdiqləyirlər. İndi də,
"525"də mütəmadi olaraq nəzm, nəsr nümunələri
ilə tanış
olmaq mümkündür.
"525-ci qəzet" eyni zamanda, gənc
yazarların cəmiyyətdəki,
dünyadakı hadisələrə
publisistik yanaşmalarına
şərait yaradıb,
bir növ, həm də jurnalist kimi yetişmələrində rol
oynayıb.
Bu yazını hazırlayanda
düşündüm ki,
lap gənc yaşlarında
"525"də yazıları dərc olunan ədəbiyyat adamlarının
bəzilərinin təbriklərini
oxucularla bölüşüm.
Yazıçı Cavid Zeynallı
ilk yazılarının "525"də
çap olunduğunu bildirir: "Hər şeydən əvvəl
"525-ci qəzet" bizim
dost qapımızdır. O qapını
hər vaxt ürəklə, heç
nədən çəkinmədən
döyə bilərik.
İlk yazılarımızı məhz
bu qəzet çap edib və bizi inandırıb
ki, heç nədən çəkinmədən
yazmaq lazımdır.
Kitabdan, kinodan, teatr tamaşalarından və özümüzə bir köynək yaxın bildiyimiz hər şeydən. Bu gün
çiy olacaq, sabah ləzzətlə
oxunacaq. Vacib olan isə,
hər gün eyni şövqlə yazmağı bacarmaqdır.
Rəşad Məcid,
Yusif Rzayev, Seyfəddin Hüseynli... bu əziz ünvanlardan
çox şey öyrənmişik və
nə yaxşı ki, eyni taledə
yollarımız kəsişib.
İndi məktəb bildiyimiz bu qəzet yenə
istedadlı gənclərə
qapı açıb.
Yenə öyrədir, yetişdirir,
yol açır.
"525"in 25 yaşı
olanda kiçik bir yazı yazmışdım.
Axtarıb tapdım və 4 il
əvvəl hansı isti hisslərlə yazmışdımsa, yenə
eyni doğmalığı
bölüşürəm. Yaşın mübarək,
doğma qəzet! Mən buna adım
kimi əminəm: sənin divarların arasında hələ kimlər yetişəcək,
kimlər. O adamlar ki, hələ 29 il sonra da
sənin qarşında
baş əyib yazı oxuyacaqlar..."
Şair
Ramil Əhməd yazı işində vacib olan bir
çox bacarıqları
"525"də qazandığını
qeyd edir: "Səkkiz il öncə "525-ci qəzet"də
işləmək həyatımda
önəmli bir rol oynadı. Əminliklə deyə bilərəm
ki, informasiyanı cəmiyyətə təqdim
etmək, xəbər
və ya reportaj hazırlamaq, müsahibə almaq, informasiya mətnin redaktəsi və sair kimi məsələləri
orada işlədiyim dövrdə əxz etdim. Orada öyrəndiklərim bu gün də
çox köməyim
olur. Başda Rəşad müəllim
olmaqla, Seyfəddin Hüseynli, Yusif Rzayev, əvvəllər isə həm də Yaşar müəllim həmişə
məsləhətləşdiyim, fikir aldığım ustadlar idi. Bu
fikir alış-verişi
sadəcə jurnalistika
ilə məhdudlaşmırdı,
ədəbiyyatdan siyasətə,
qurmaca dünyadan real yaşama qədər əhatələnirdi. Yaxşı kollektivimiz
vardı. Sevinirəm ki,
oradakı dostlarla ünsiyyətimiz hələ
də davam edir. "525-ci qəzet"in mətbuat tariximizdəki yeri, mövqeyi haqqında uzun uzadı nəsə deməyə ehtiyac duymuram. İndi bu təbriki oxuyanların, özünü
ictimai-siyasi, ədəbi-mədəni
hadisələrin içində
görənlərin "525-ci qəzet"i daim izlədiyini, onun bizə nələr qazandırdığını bildiklərini
düşünürəm. Bu dəyərli qəzetin
yeni yaşı münasibəti ilə, özüm də daxil olmaqla, yolu "525-ci qəzet"dən
keçənləri, qəzetin
əməkdaşlarını ürəkdən təbrik
edirəm, hər birinə uğurlar arzulayıram. Yaxşı ki,
"525"imiz var!"
Hər iki fikir və söz
adamının səmimi
təbriki olduqca xoş təsir bağışladı. Onların dedikləri
bir daha sübut edir ki, "525-ci qəzet"
mətbuat orqanı kimi məktəbləşib
və böyük bir yola çevrilib.
Bu yoldan gəlib
keçənlər heç
nə itirməyiblər,
əksinə, addımlamaq
istədikləri yolda
çox şey qazanıblar.
Mən ötən il "525"də işə başlayanda çox ehtiyat edirdim. Qorxurdum ki, standartlara cavab verə bilməyəm. Baş redaktor müavinləri - Əməkdar jurnalist Yusif Rzayev və Seyfəddin Hüseynli, başqa neçə-neçə gənc kimi, yazmağı mənə də öyrətməyə başladılar. Rəşad müəllim ilk yazılarıma çox həssaslıqla yanaşıb, təhrifləri bir-bir kağız üzərində izah edib. Hər bir cümləmə görə onlara borcluyam.
Rəhman Mirzəlizadə və El Roman "525-ci qəzet"də mənimlə birgə işə başladı. Onların da ürək sözlərini bölüşürəm:
El Roman, şair: "İşlədiyim 1 il 2 aylıq müddətdə "525" mənə çox şey qazandırıb: ilk növbədə, təcrübə. Baş redaktorumuz Rəşad Məcidin iş mühitində bizə göstərdiyi diqqət həmişə daha yaxşı işləməyə stimul verib. Hər gün həm hal-əhvalımızdan, həm də gördüyümüz işlərdən xəbər alır, ardınca da elə həvəsləndirir ki, olmayan yerdən də iş tapıb işləmək istəyirsən. Hər dəfə bir şeyin fərqinə varıram. Elə bir yazım olmur ki, redaktorumuz Yusif Rzayevdən öyrəndiklərimi ora tətbiq etməyim. Bunun üçün ona minnətdaram. "525" bütün fərqliliyi, rəngarəngliyi, kreativliyi ilə "525"dir. "525-ci qəzet"in dəyərli əməkdaşları, səmimiyyət və rəsmiyyətin ideal dozada birləşərək yaratdığı səliqəli mühit adamı vadar edir ki, sən mütləq burada işləyəsən və bu ailənin bir parçası olasan. 29 yaşın qutlu olsun, "525"!
Rəhman Mirzəlizadə, jurnalist: "525-ci qəzet"ə yeni gələndə qəzetin ilk nömrələri - 1992-ci ildə çıxanlar mənə çox maraqlı gəlmişdi. Araşdırıb tapdım. Sonra digər illərdəki nömrələr - 1993, 1994... 2005... 2010... Müxtəlif illərdə çıxan nömrələri vərəqlədim. Bir şeyin fərqinə vardım: Qəzetimizdə 2 mövzu var ki, daim aktual qalıb, mərkəzdə olub: Qarabağ və gənclər.
Elə Qarabağı da işğaldan azad edən gənclərimiz oldu. Qəzetin baş redaktoru Rəşad Məcidin ilk nömrədə dediyi "Bu qəzet gənclərin qəzetidir" cümləsinə bu gün bir sözardı yazmaq olar: Bu qəzet vətənin qəzetidir. Bu qəzet zəfərin qəzetidir..."
Dostlarımın dediklərinə
qatılıram və dəyərlərə sadiq
qalaraq qəzetçilik ənənələrini
davam etdirən, daim ictimai fikri düzgün
yönə istiqamətləndirən doğma
"525-ci qəzet"i, qəzetin baş
redaktoru Rəşad Məcid başda olmaqla, əziz kollektivi, qəzetin sadiq
oxucularını, dəyərli yazarlarını təbrik
edirəm!
Nadir
YALÇIN
525-ci qəzet.- 2021.- 17 noyabr.- S.12.