Mersində unudulmaz Zəfər bayramı
Yol qeydləri, səfər təəssüratları bir
janr kimi artıq dəbdən düşüb. Yadımdadır, 1970-80-ci
illərdə qardaş Türkiyəni görmək səadəti
nəsib olan yazıçı, şair və alimlərimizin
yol qeydlərini necə böyük acgözlüklə
oxuyurduq! Bu adamlara az qala Məkkə, Mədinə
ziyarətindən qayıdan zəvvarlar kimi baxırdıq.
Geniş auditoriyalarda keçirilən görüşlərdə
dedikləri hər sözə, anlatdıqları hər mətləbə necə
qulaq kəsilirdik!
Belə zamanlar vardı. Amma indi yəqin ki,
ölkəmizdə elə ailə tapmaq mümkün deyil ki,
onun bir üzvü Türkiyəni gəzib-dolaşmasın,
dostları və həmkarları arasında türk
bacı-qardaşları olmasın. Ona görə də bizim
günlərdə Türkiyəyə səfər haqda yazmaq açıq
qapını döymək kimi bir şeydir.
Çünki
hər şeydən anında xəbər tutmağa, görməyə,
eşitməyə imkan yaradan internet resursları - istaqram,
feysbuk, yutub, teleqram - kanalları var. Hətta hansısa konfransa qatıldığın zaman vətəndəki
dostların, yaxınların canlı yayıma qoşulub səni
izləyə bilərlər. Amma hər şeyə rəğmən, Türkiyəyə
sonuncu səfərlə bağlı dədə-baba qaydası
ilə müxtəsər də olsa, yol qeydləri
yazmağı qərara aldım.
Tanışlığımızın 20 ilə yaxın
bir tarixi olan görkəmli tarixçi-alim, hazırda
Türkiyənin Çağ universitetində
çalışan Xaləddin İbrahimli zəng vurub Mersinin
Toroslar bələdiyyəsi tərəfindən keçiriləcək
"8 Kasım. Karabağ`ın Kurtuluşu. Tek millet, iki devlet" adlı konfransa panelist qismində
iştirak imkanlarımla maraqlananda heç tərəddüd
etmədən razılıq verdim.
Çünki belə möhtəşəm bir gündə
Türkiyədə olmağın, sevinc və qürurumuzu bu Zəfərin
mənəvi-siyasi həmmüəllifi olan türk insanı
ilə bölüşməyin ayrı zövqü vardı.
Həm də fikrimcə, bu, bir vicdan borcu
idi.
Hər şey çox yüksək səviyyədə təşkil
edilmişdi.
İlk dəfə gəldiyim, amma adını həm bizdə,
həm də Türkiyədə yayğın olan ata
sözündən ("Hər kəs gedər Mersinə, biz
gedərik tərsinə") eşitdiyim Aralıq dənizi
(türklər Ağ dəniz deyir) sahilindəki Mersin
füsunkar gözəlliyi ilə valeh etdi. Əhalisinin
sayı 2 milyona yaxınlaşan meqapolisin köhnə
balıqçı qəsəbələrinin yerində 30-40 ilə salındığını
eşidəndə istər-istəməz vandal
qonşularımızı - hayları xatırladım. Son 30 il ərzində yalnız adını eybəcərləşdirib
"Şuşi" eləməkdən başqa heç bir
iş görmədikləri Şuşada hətta bir
küçəni belə abadlaşdıra bilmədiklərini
yada saldım.
Tədbirlər silsiləsi Yunis İmrə Mədəniyyət
Mərkəzində təkilatçılarla - Mersinin Toroslar bələdiyyəsinin
başqanı Atsız Afşin Yılmazla görüşdən
başladı.
İlk təmasdan hiss olunurdu ki, sağlam ruhlu türk milliyyətçisi,
təmənnasız Azərbaycan dostudur. Həqiqi
Turan sevdalısıdır. Ortaq qələbəmizə
ürəkdən sevinir və Böyük Zəfərimizlə
bağlı daha çox türk vətəndaşının
ilkin mənbədən, gerçəklərə dayanan, təhlil
və proqnozlarla zəngin olan məlumat almasını
çox önəmli sayır. Geniş
miqyaslı tədbirin keçirilməsində məqsəd də
budur.
Milli himnlərin səsləndirilməsindən və bələdiyyə
başqanının açılış nitqindən sonra
Çağ universitetinin professoru Xaləddin İbrahimlinin
moderatorluğu ilə başlanan və iki saatdan çox
sürən panel, zənnimcə, iştirakçılarda
böyük maraq doğurdu. Mən 44 günlük
savaş ərəfəsində və savaşdan sonra Azərbaycan-Türkiyə
hərbi-siyasi əməkdaşlığı, regionun yeni
simasının formalaşmasında Türkiyənin rolu, erməni
terroruna qarşı birgə mübarizənin zəruriliyi
haqda danışdım. Türkiyənin
yüz ildən sonra Qafqazlara dönüşünü təkcə
regionda deyil, daha geniş coğrafiyada ciddi dəyişikliklərə
təkan verəcəyindən bəhs etdim.
Qəhrəmanmaraş
Sütçü İmam universitetinin müəllimi,
soydaşımız Mərziyə Məmmədlinin məruzəsi
region dövlətlərinin - Türkiyə, Rusiya, İran və
Gürcüstanın savaş dövründə, habelə savaş sonrası dövrdə Azərbaycan
və Ermənistanla münasibətlərinin
geniş təhlili üzərində
qurulmuşdu.
Mərziyə
xanımın mükəmməl türkcəsi, ifadəli
nitqi, mövzuya
hərtərəfli bələdliyi
fikir və mülahizələrinin böyük maraqla
qarşılanmasına səbəb oldu. Düşündüm
ki, nə yaxşı təsadüfi "xocaların",
"öyrətim görəvlilərinin" dövrü
artıq arxada qalıb. Heç şübhəsiz, Türkiyə universitetlərində
öz sahəsinin yetkin mütəxəssisi olan Mərziyə xanım kimi dərin
biliyə, yüksək mədəniyyətə, vətəndaş
mövqeyinə malik soydaşlarımızın
çalışması tələbə
gənclər arasında Azərbaycana sevgini artırır, nəticə
etibarı ilə böyük ehtiyac duyduğumuz gerçək
türk birliyinə xidmət edir.
İstanbuldakı
Yedditəpə universitetinin müəllimi Turac
Teyyubqızının məruzəsi erməni
işğalının ağrı-acılarını,
sarsıntılarını yaşayan, amma sonda qələbənin
qazanılmasına böyük töhfə verən
günümüzün azərbaycanlı gənclərinin mənəvi-psixoloji
durumuna həsr edilmişdi. Məruzə
çox maraqlı, düşündürücü
müşahidələr üzərində qurulmuşdu.
Turacı tələbəlik dövründən
tanıyıram. Həmişə ictimai fəallığı,
vətənpərvərliyi ilə seçilib. Aradan keçən illər ərzində onun necə
inkişaf etdiyini, Türkiyədə Azərbaycan diasporunun fəal,
yorulmaz üzvlərindən birinə, savaşdan sonra isə
İstanbulda qazilərimizin ən yaxın
yardımçısına, xeyirxah bələdçisinə
çevrildiyini görmək çox xoş oldu.
Çağ universiteti Sosial Bilimlər institutunun
başqanı, əməkli albay (təqaüddə olan
polkovnik) Murad Koç Azərbaycanda dəfələrlə
olub. Ordu
quruculuğunda keçdiyimiz yolun mərhələlərini izləyib. Prosesdə
iştirak edib. Əsasən təhlükəsizlik
və terrorçuluğa qarşı mübarizə məsələlərinə
həsr olunmuş məruzəsində regionumuzu hədə və
risklərdən qorumaq baxımından Azərbaycan-Türkiyə
əməkdaşlığının vəzifələrindən,
perspektivlərindən danışdı. Əsgər
və zabitlərimizin çalışqanlığı, vətən
sevgisi, hərbi-texniki biliklərə yiyələnmək
bacarığı haqqında dediyi xoş sözlər bir azərbaycanlı
kimi məndə qürur hissi yaratdı.
Paneldən sonra Toros bələdiyyəsi ərazisindəki
Qarabağ adı verilən yüksəkliyə yollandıq. Azərbaycan, Türkiyə
və Şimali Kipr Türk Cümhuriyyətləri bayraqlarının
qaldırılması mərasimində iştirak etdik.
Şimali Kipr Prezidenti Ersin Tatar da video bağlantı vasitəsi
ilə mərasimə qatılmışdı və təbrik sözlərini
çatdırdı. Sonra quruluş
ardıcıllığı ilə Azərbaycan (1918),
Türkiyə (1923) və Şimali Kipr (1983) Cümhuriyyətlərinin
dövlət bayrağı milli himnlərin müşayiəti
ilə havada dalğalandı. Bələdiyyə
başqanı gələcəkdə təpə üzərində
Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Türkmənistan və digər türk dövlətləri bayraqlarının da
ucaldılacağını dedi. Ağ dəniz
sahilində, Mersinin mərkəzində yerləşən
Qarabağ təpəsini böyük Turan yolunun
başlanğıc nöqtəsi adlandırdı.
İnsanların üzündəki sevinc və vüqarı
görmək, gənclərin "Qarabağ Azərbaycandır!",
"Azərbaycan Türkiyədir!", "Türkiyə Azərbaycandır!"
hayqırtılarını eşitmək nə qədər
xoş idi!
Və nəhayət
axşam yenicə öz tarixi adını almış
Qarabağ təpəsində Türkiyədə sevilən sənətçi Azərinin
açıq hava konserti. Mənə elə gəlir
ki, Anadolu insanı bizimlə müqayisədə hisslərini,
duyğularını daha bariz, görümlü şəkildə
büruzə verməyi, həqiqi və səmimi şou
yaratmağı bacarır. Əllərdə nə qədər
Azərbaycan, Türkiyə bayrağı vardı! Gənc,
yaşlı, qadın, kişi
tamaşaçılar nə qədər sevinirdilər! Hələ
konsertin əvvəlindən məşhur
"Çırpınırdı Qara dəniz..." şərqisinin
tələb olunması və xorla oxunması! Və rəqs etməyi
bacarıb-bacarmamasından asılı olmayaraq hər kəsin
ortalığa düşüb oynaması... Zəfər
bayramını yalnız zəfərimizə ürəkdən
sevinənlər belə qeyd edə bilərdilər. Bu
baxımdan Mersin Toroslar bələdiyyəsi türk dünyasına həqiqətən
də bir örnək verdi.
Çox yorulsaq da, dağılışmağa tələsmirdik. Gecə saat 12 olmasına
baxmayaraq, qonaqpərvər bələdiyyə başqanının
dəvəti ilə
dəniz sahilindəki gözəl restoranlardan birinə,
şam yeməyinə yollandıq və yalnız saat 3-də
otelə dönə bildik. Söhbətlər,
sorular, duyğusal xatirələr biri-birini əvəz edirdi. Beləcə bu zəfəri
qazananlara sonsuz şükranlarımızı bildirərək
ömrə yazılacaq bir gün yaşadıq.
Türkiyənin
müxtəlif universitetlərində çalışan
soydaşlarımızla, Toroslar bələdiyyəsi
başqanı - natiqlik məharəti, yüksək
erudisiyası ilə diqqət çəkən Atsız
Afşin Yilmaz bəylə, bələdiyyə başqan
yardımçısı, bizi bir an da olsun qayğı və
diqqətdən kənarda buraxmayan işgüzar, səmimi
Şeyda Gülden xanımla sanki illərdən bəri
tanıdığım dostlar
kimi vidalaşdım. Ən başlıcası isə Zəfər
Günümüzün Mersində keçiriləcək
növbəti ildönümlərinə dəvət
aldım...
Sonuncu
günü ilk dəfə 28 il əvvəl
gəldiyim Adanada keçirdim. Panelin təşkilində
böyük əməyi olan alim həmkarım Xaləddin
İbrahimli ilə birlikdə siması tanınmaz dərəcədə
dəyişmiş Adananı gəzib-dolaşdıq, Bakı
neftini dünya okeanına daşıyan BTC-nın varış
nöqtəsi Ceyhanda, Yumurtalıq limanında olduq.
Axşam iyirmi ildən bəri Adanada sənət
rüzgarı əsdirən, teatr ortamı yaradan görkəmli
teatr xadimi, bu gün də Azərbaycan
tamaşaçılarının yaddaşında sevgi ilə
yaşayan, hörmətlə anılan Cahangir Novruzovla birlikdə
olduq. Gənclik illərini, indi həyatda olan və
olmayan dostlarımızı xatırladıq. Azərbaycan
mədəniyyətinin bu günü və gələcəyi
ilə bağlı fikirlərimizi, əndişələrimizi
bölüşdük...
Türkiyədən noyabrın 11-də, Atatürkü
Anım günündə ayrıldım. Hər kəs
öz iş-gücündə idi. Sanki
tarixi bir gün yaşadıqlarının fərqində
deyildilər. Amma inanıram: hamı ürəyinin dərinliklərində
Böyük İnsana minnətdar idi - onlara azad,
işıqlı, hürr vətən, müqtədir bir
Türkiyə qoyub getdiyi üçün... Özü
düşmənə zəfər çalan, türk ulusunu
yeni zəfərlərə aparan əbədi Türkiyə üçün...
Vilayət QULİYEV
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri
525-ci qəzet.- 2021.- 17 noyabr.- S.10.