Milli dövlətçilik tariximizdə
mühüm səhifə
ARAZ-TÜRK
CÜMHURİYYƏTİNİN 103 İLLİYİ TAMAM OLUR
Araz-Türk Cümhuriyyətinin tarixi Azərbaycan
tarixşünaslığında ən çox maraq
doğuran, lakin səthi öyrənilən mühüm elmi
problemlərdən biridir. Bu respublikanın
yaranması, fəaliyyəti və süqutu bölgənin və
Naxçıvan diyarının 1918-1919-cu illərdəki
ictimai-siyasi vəziyyəti ilə əlaqədardır.
1914-1918-ci illərdə baş vermiş I Dünya
müharibəsindən sonra dünyanın siyasi xəritəsi
əhəmiyyətli dərəcədə dəyişdi. Amerika və
İngiltərə başda olmaqla müharibədən qalib
çıxmış dövlətlər dünyanın yeni xəritəsini
cızırdılar. 1918-ci ilin 30 oktyabr tarixində
imzalanan Mudros sazişinə əsasən Osmanlı Türkiyəsi
1914-cü il sərhədlərinə
çəkilməli idi və buna məcbur edilirdi.
Şimaldakı mənzərə də təxminən
eyni idi. Çar Rusiyası da Dünya müharibəsindən
ağır itkilərlə çıxmışdı. Lakin Fevral burjua inqilabı siyasi oyunçuları dəyişərək
imperiyanın özünə və onun təsir dairəsində
olan ölkələrə yeni dividentlər gətirdi. Belə ki, Rusiyada mütləqiyyətin devrilməsi
əsarət altına alınmış müstəmləkə
xalqların azadlıq əldə etmək ümidlərini
artırdı və milli azadlıq hərəkatının
genişlənməsinə səbəb oldu.
Azərbaycan xalqı Fevral inqilabı xəbərini
sevinc hissi ilə qarşıladı. Çarizmin sərt təqibləri
altında gizli fəaliyyət göstərən
"Müsavat" partiyası açıq fəaliyyətə
başladı. Gəncədə
"Federalistlər" partiyası, İrəvanda
"İrşad" milli partiyası təsis edildi. Fevral inqilabından sonra Naxçıvan, Culfa və
Ordubad şəhərlərində də müxtəlif siyasi
qurumlar və qarışıq milli komitələr
yaradılmışdı. Ümumi prosesin davamı olaraq
Cənubi Qafqazda əvvəlcə "Xüsusi Zaqafqaziya Komitəsi",
sonra "Zaqafqaziya Seymi" təşkil olundu ki, bu da
Zaqafqaziyada 3 müstəqil dövlətin yaranması ilə
sonuclandı. Azərbaycan, Xalq Cümhuriyyətinin
timsalında müstəqillik qazansa da, onun Cənub Qərbi Azərbaycan
adlandırılan Naxçıvan diyarında siyasi, iqtisadi və
hərbi vəziyyət son dərəcə ağır idi.
Beləki, ermənilər, Mudros sazişinə əsasən
Osmanlı ordusunun daxilə çəkilmək əmrini
duyar-duymaz hərəkətə başlamışdılar.
Dağılmış Çar imperiyasından
qoparaq Qafqaza qayıdan erməni diviziyaları təpədən-dırnağa
silahlanmış şəkildə daşnak partiyasının
nəzarətinə keçmişdi. Bu da
onların illərlə hazırlıq gördüyü
çirkin niyyətlərini həyata keçirməyə rəvac
verirdi. Daşnak hökuməti İngiltərə
başda olmaqla imperialist qərbdən və bolşevik
Rusiyasından siyasi dəstək alaraq Azərbaycan
torpaqlarına iddia edir və iri miqyaslı hərbi əməliyyata
hazırlaşırdı. Belə bir vəziyyətdə
Azərbaycan Xalq Cümhuriyyəti böyük təhlükə
qarşısında qalan, ana torpaqdan ayrı
düşmüş Naxçıvana siyasi-mənəvi dəstək
versə də, konkret olaraq kömək edə bilmirdi. Bunu görən milli vətənpərvər
qüvvələr çarə axtarmağa başladı.
Cəfərqulu xan Naxçıvanskinin rəhbərlik
etdiyi heyət Türk Ordu Komandanlığı ilə
danışıqlar aparıb bölgədə yerli
özünüidarə orqanı və könüllü hərbi
dəstələrin yaradılması üçün köməklik
edilməsi xahiş olundu. Bu
görüş, mərkəzi hakimiyyət tərəfindən
əvvəlcə narazılıqla qarşılansa da, sonra
Naxçıvan ziyalılarının Azərbaycan hökumətinə
və parlamentinə ünvanladıqları məktub və
teleqramlarla məsələyə aydınlıq gətirildi.
Naxçıvan əhalisi yekdilliklə bildirirdi ki,
Naxçıvan Azərbaycanın ayrılmaz bir
parçasıdır və ən qısa zamanda Azərbaycan
Xalq Cümhuriyyətinə birləşməyə can
atır.
Türk qoşunları artıq ərazini
boşaltmağa başlamışdı. Təbrizdən
geri qayıdarkən Naxçıvanda camaatla görüşən
Kazım Qarabəkir paşa naxçıvanlıların yerli
özünüidarə orqanı və könüllü
silahlı dəstələr yaratmaq fikrini dəstəkləmişdi.
O günlərin canlı şahidi olmuş L.Hüseynzadə
"Araz şahiddir" kitabında yazır: "Oktyabr
ayının son günləri idi. Kazım Qarabəkir
paşanın son iqamətgahı olan Rəhim xanın evinin
qarşısında çoxlu adamlar toplanmışdı.
Burada Naxçıvanın gələcək
taleyi - dövlətçilik statusu haqqında məsələ
müzakirə edilirdi. Bu iclasda Kazım Qarabəkir
paşa dedi: "Naxçıvanın gələcək
müqəddaratını təmin etmək üçün
burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq
mübarizəsində tarixə şanlı səhifələr
yazmışsınız. Dövlətçilik
hüququna və ləyaqətinə maliksiniz".
İrəvan qəzasının, Naxçıvan, Şərur-Dərələyəz
bölgəsinin türk-müsəlman əhalisinin istəyini
Osmanlı Ordusunun 9-cu Ordu Komandanlığı Baş Qərargaha
bildirdi və razılıq cavabı alındı. Araz cayı
boyunca yaşayan Türk-müsəlman əhalisinə yerli
özünüidarə qurumu və özünümüdafiə
qüvvələri yaradılması işində köməklik
göstəriləcəkdi.
Araz-Türk Cümhuriyyətinin yaranma tarixi və
paytaxtı uzun illərdir ki, müzakirə mövzusudur. Bir çox tədqiqatçılar
yaranma tarixini 3 noyabr 1918-ci il göstərsələr
də, biz, son tədqiqatlara - xüsusilə akademik
İ.Hacıyevin "Araz-Türk Cümhuriyyəti"
monoqrafiyasına əsaslanaraq Cümhuriyyətin yaranma tarixini
1918-ci il noyabr ayının 18-i olduğunu deyə bilərik.
1918-ci il noyabrın 3-də respublikanı
yaradacaq şəxslər tərəfindən cümhuriyyətin
alt yapısı, yəni hökumət strukturu, hərbi-siyasi
təşkilatçılıq, maliyyə, sosial və digər
məsələlər müzakirə edilmiş və
keçirdikləri yığıncaq həmin tarixdə
protokollaşdırılmışdır. Araşdırmalar
zamanı bu sənədlə rastlaşan tədqiqatçılar
tələsərək respublikanın yaranma tarixini həmin
tarixə göstərmişlər. Lakin Cümhuriyyətin
rəsmi şəkildə elan edilərək fəaliyyətə
başlaması qeyd etdiyimiz kimi 1918-ci il
noyabrın 18-nə təsadüf edir ki, həmin gün
bütün dünyaya bəyan edilən Araz-Türk
Cümhuriyyətinin Quruluş (İstiqlal) Bəyannaməsində
də bu tarix öz əksini tapmışdır.
Cümhuriyyətin paytaxtı məsələsi ətrafında
da xeyli sayda elmi müzakirələr aparılmaqdadır. Noyabrın
18-də Qəmərli qəsəbəsində keçirilən
təsis yığıncağında hökumətin
İqdır qəsəbəsində fəaliyyət göstərəcəyi
bildirilsə də, erməni daşnak hökumətinin o əraziləri
sürətlə işğal etməsi paytaxtın
Naxçıvan şəhərinə daşınması ilə
nəticələndi. Əslində,
Cümhuriyyət qurucularının böyük əksəriyyətinin
Naxçıvanda yaşaması de fakto Cümhuriyyətin
Naxçıvandan idarə olunması demək idi. Cümhuriyyətin Quruluş Bəyannaməsində
paytaxtın İqdır göstərilməsinin bir çox səbəbləri
vardır ki, bu da gələcək tədqiqat mövzusudur.
Bir daha qeyd edək ki, Araz-Türk Cümhuriyyətinin
yaradılması təşəbbüsü ilə
Naxçıvan, Şərur müsəlmanları
çıxış etmiş və onların təklifi ilə
ordubadlılar da bu siyasi tədbirə qoşulmuşlar.
Respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz,
Ordubad, Mehri, Sərdarabad, Uluxanlı, Vedibasar, Sürməli, Qəmərli,
İqdır və s. olmaqla 8696 kv.km, əhalisi isə 1
milyondan artıq olmuşdur.
Hökumət
strukturu: Araz-Türk Cümhuriyyətində bir sıra
hökumət və idarəçilik orqanları təşkil
edilmişdir. Cümhuriyyətin mərkəzi
orqanı kimi Hökumətxana - Nazirlər Şurası
yaradıldı. Hökumət rəisi - Əmir bəy Nərimanbəyov,
hərbi nazir İbrahim bəy Cahangiroğlu, maliyyə naziri Qənbərəli
bəy Bənəniyarlı, inzibati nazir Bağır bəy
Rzayev, ədliyyə naziri Məhəmməd Bəyzadə,
xarici işlər naziri Həsənağa Şəfizadə,
şeyxülislam Mirzə Hüseyn Mirzə Həsənzadə
və Lütvi Xoca Ekid Əfəndi, fəxri üzv və
aşirətlər rəisi general Əli Əşrəf bəy
təyin olundu. Cümhuriyyət ərazisində
milis idarələri və onların sahə şöbələri,
həmçinin iqtisadi-maliyyə məsələləri ilə
əlaqədar Xəzinə yaradıldı.
Araz-Türk Hökuməti parlamentli respublika idi. Cümhuriyyətin
parlamenti yığıldı, lakin Parlament fəaliyyətini
genişləndirə bilmədi. Araz-Türk
Cümhuriyyətinin parlamentinin üzvləri, yerli
ziyalılar, Naxçıvan xanlarının varisləri,
İrəvan quberniyası əhalisinin nümayəndələri
bölgəni qorumaq üçün bütün imkanlardan
istifadə etməyə çalışır, müxtəlif
təşkilatlarla danışıqlar aparır, erməni basqınının
qarşısını almaq üçün onlara müraciət
edirdilər. Araz-Türk hökumətinin fəaliyyətinə
nəzər saldıqda görürük ki, hökumət təşkilati
işləri davam etdirir, maliyyə vəsaitləri əldə
etmək üçün yollar axtarırdı. Hökumətin
əsas məqsədi bölgə sakinlərinin xilas edilməsi,
ərazinin erməni işğalına düşməsinə
yol verməmək
idi. Bunun üçün hökumət bir
sıra hazırlıqlar görür, müəyyən qərarlar
qəbul edirdi.
Mülki işlərlə bərabər hərbi təşkiatlanma
işləri də uğurla davam etdirilirdi. Hərbiyyə
naziri İbrahim bəy Cahangiroğlunun rəhbərliyi ilə
Cümhuriyyətin 20 tabordan ibarət silahlı qüvvələri
yaradıldı ki, bunlar əsasən könüllü
özünümüdafiə dəstələri idi. Hərbi təchizat və təlim-tədris məsələsinin
bir qismini Türk ordusundan təxris olunaraq Naxçıvanda
qalan Xəlil bəy həyata keçirirdi. Onun tabeliyində 5 türk zabiti və 300 əsgər
saxlanılmışdı. Ümumi
komandanlığı Cəmşid Naxçıvanskinin
dayısı Kərim xan İrəvanski həyata
keçirirdi.
Cəmşidin
böyük qardaşı III Kalbalı xan 500 nəfərlik
Naxçıvan taboruna, həmçinin 400 nəfərlik
süvari alaya komandanlıq edirdi. Ümumiyyətlə,
1918-1920-ci illərdə Naxçıvanın sərhədlərinin
müdafiəsində, əhalinin təhlükəsizliyinin və
digər hərbi-siyasi işlərin təşkilində Cəmşid
Naxçıvanskinin ailəsi və yaxın qohumları
misilsiz xidmətlər göstərmişlər. Silahlı qüvvələrin tərkibində cəmiyyətin
bütün təbəqələrindən, o cümlədən,
xanlar, bəylər, tacir uşaqları, kəndlilər xidmət
edirdilər. Əsas məqsəd hərbi
gücü artırmaq, bölgənin və əhalinin təhlükəsizliyini
təmin etmək idi. Araz-Türk
Cümhuriyyətinin yaratdığı
özünümüdafiə qüvvələri bu amal
uğrunda əzmlə mübarizə aparmışlar. Araz-Türk Cümhuriyyətinin fəaliyyəti
çoxşaxəli olsa da əsasən hərbi-siyasi fəaliyyəti
daha qabarıq görünməkdədir. Erməni
təhlükəsinin qarşısını almaq
üçün hərbi hissələrin yaradılmasına
üstünlük verən Araz-Türk hökumətini buna
vadar edən səbəblər var idi. Beynəlxalq
nümayəndələrin də iştirakı ilə ermənilərlə
aparılan bütün danışıqlar və edilən cəhdlər
səmərəsiz qaldı. Qərbdə ingilislərdən,
şimalda bolşeviklərdən dəstək alan
erməni daşnak hökuməti tamamilə
azğınlaşmışdı. Nuru paşa
Bakını, Kazım Qarabəkir paşa
Naxçıvanı tərk edən kimi ermənilər Qərbi
Azərbaycan torpaqlarına, Qarabağa, Zəngəzura və
Naxçıvana iri miqyaslı hərbi əməliyyata
başladılar. 1918-ci ilin dekabrında 25 minlik
qoşunla 3 tərəfdən Naxçıvana hücum edən
erməni quldurları Araz-Türk Cümhuriyyətinin nizami
qüvvələri və qəhrəman Naxçıvan əhalisi
tərəfindən mərdliklə dəf edilirdi. Geri püskürdülən erməni generalları
bir-birini əvəz edirdilər. Andraniki Dro, Dronu
Doluxanov, sonuncunu Nijde əvəzlədi, lakin heç bir nəticəsi
olmadı. İtkilərin miqyası ağır
olsa da, nə Cümhuriyyət dövründə, nə də
onun süqutundan sonra yerində qalan sələfləri qədim
diyardan bir qarış torpaq düşmənə vermədilər.
Yuxarıda
qeyd etdiyimiz kimi, I
Dünya müharibəsinin qalibləri Parisin Veysəl
sarayına yığılaraq dünyanı yenidən
"bölüşdürürdülər". Mudros müqaviləsinin şərtlərinə
görə Cənubi Qafqaz ingilislərin təsir zonasına
daxil edilmişdi. İngilis qüvvələri
1918-ci ilin noyabrında Bakıya, 1919-cu ilin yanvarında
Naxçıvana gəldilər. Azərbaycan
Xalq Cümhuriyyəti şimaldan gələn təhlükədən
qorunmaq üçün ingilislərlə isti münasibət
yarada bilsə də, Araz-Türk Cümhuriyyəti yankilərlə
"dil tapa" bilmədi. Ərazidə
ingilis General-qubernatorluğu yaradıldı və Cümhuriyyət
qısa müddətə süquta uğradı.
Araz-Türk Cümhuriyyəti qısa müddət fəaliyyət
göstərməsinə baxmayaraq bölgənin taleyində
mühüm rol oynamaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ərazi
bütövlüyünü təmin etdi. O, Naxçıvan, Şərur,
Ordubad və digər bölgələrin əhalisinin
düşmənə qarşı mübarizə
üçün birləşdirilməsində mühüm
rol oynamaqla yanaşı, bölgənin ermənilər tərəfindən
işğal edilməsinə imkan vermədi. Araz-Türk
Cümhuriyyəti dövründə əldə edilmiş
nailiyyətlər təkcə o dövr üçün yox,
bütövlükdə bölgənin taleyi, bu günü və
gələcəyi üçün də çox böyük
əhəmiyyətə malikdir.
Araz-Türk Cümhuriyyətinin
yaradılmasının 103-cü ildönümü ərəfəsində
Cümhuriyyət qurucularını sayqı və minnətlə
anırıq. İmperialist dövlətlər onlara
"tutduqları işin" bədəlini ağır ödətdilər,
lakin bu gün onarın arzuları çin, ruhları şad,
mükafatları cənnətdi. Arzularınız daima
çin, ruhunuz daima şad, məkanınız əbədi cənnət
olsun BABALARIMIZ.
Abasət NURİYEV
Cəmşid Naxçıvanski
Muzeyinin direktoru
525-ci qəzet.- 2021.- 18 noyabr.-
S.12;15.