Sakit Məmmədovun "Qarabağnamə"si

 

 

Bu il ölkəmizin tarixində Zəfər bayramının bir illiyinin tamam olduğu, 30 illik hicran, həsrətə son qoyulduğu, tarixi qələbə qazandığımız ilidir. Tarixi torpaqlarımıza qovuşduğumuz birinci il. Bu tarixi qələbəni xalqımızın dövlətimizin birgə əzmkarlığı, vahid birliyi şəklində qazandıq. Məşhur şeirdə deyildiyi kimi: "Torpaq əgər uğrunda ölən varsa vətəndir". İgid Azərbaycan oğullarımız bir daha canları qanları bahasına bunu sübut etdilər. Bu amal uğrunda şəhadətə qovuşmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can- sağlığı diləyirəm.

 

Bu il həmçinin mədəniyyət tariximizdə bir çox uğurlu, yaddaqalan mədəniyyət layihələri, mədəni tədbirlər baş tutdu. Fikrimcə, bu tədbirlər siyahısında Xalq rəssamı Sakit Məmmədovun ərsəyə gətirdiyi möhtəşəm "Qarabağnamə" tablosunun təqdimat mərasimi xüsusi yer tutur. Özünəməxsus yaradıcılıq üslubu ilə seçilən, məxsusi yaradıcılıq dəsti-xəttinə malik, əsərləri ilə geniş tanınan,  rəssamlıq sənətimizi beynəlxalq aləmdə uğurla nümayiş etdirən, dünya şöhrətli rəssamımız Sakit Məmmədov xalqımızın şanlı qələbəsinə həsr etdiyi, minillik tariximizi özündə əks etdirən, sanki özündə min bir naxış elementini sezdirən qədim xalçalarımızı xatırladan, olduqca heyranedici diqqətçəkən tablo - "Qarabağnamə" əsərini yaratmışdır. Bu tablo özünün orijinal kompozisiya quruluşu, zəngin kolorit həlli çoxfiqurlu obrazlar dünyası ilə seçilir təsviri sənət tariximizdə müqayisə olunmaz uğurlu sənət əsərlərindən biridir. Əsər bədii estetik təsir qüvvəsi məna - məzmun tutumu ilə misilsiz əhəmiyyətə malikdir. Rəssamın bu tablosunu seyr edərkən doğma Azərbaycanmızın səfalı təbiəti, ecazkar təbii mənzərələri, şanlı tariximiz, tarixi qəhrəmanlarımız, dövlət xadimlərimiz, dastanlarımızdan süzülüb gələn qəhrəmanlıq səhnələri, nağıllarımızı xatırladan sirli-sehrli aləm gözlərimiz önündə canlanır. Sakit Məmmədov bu tabloda kətan üzərində rənglərin incə çalarları ilə Azərbaycan süitasını yaradıb desək, həqiqəti söyləmiş olarıq. Tabloya tamaşa edən seyrçi uzun müddət əsərin təsiri altında xoş duyğular keçirir, fərəhlənir, qürur duyur, fəxarət hissi yaşayır.

 

 

 

İncəsənət tariximizdə milli tarixi mövzularda yaradılmış təsviri sənət əsərləri azlıq təşkil edir. Təəssüf ki, bu bir reallıqdır. Bu baxımdan belə sənət əsərlərinin yaradılmasına böyük ehtiyac vardır.

 

Rəssam sanki təsviri sənət nümunəsi timsalında rənglərin dili ilə tarixi epopeyamızı kətanda canlandırıb. Çoxəsrlik tarixi qəhrəmanlarımızın, dövlət mədəniyyət xadimlərimizin, minillik mədəniyyət nümunələrimizin diqqəti cəlb edən surətlərini bədii biçimdə, estetik zövq aşılayan formada kətanda məharətlə əks edib. Bu sənət əsərinin bir özəlliyi ondan ibarətdir ki, tablo tamaşaçısına  hicran, həsrət, dəhşət, qorxu, kədər deyil, qürur, inam, əzmkarlıq, rəşadət hissləri ilə dolu enerji bəxş edir. Qeyd etmək olar ki, bu əsər zəfər tariximizi özündə bütün incəlikləri ilə təcəssüm etdirən canlı həyat lövhəsidir.

 

Sakit Məmmədov təsviri sənət tariximizdə bir çox uğurlara imza atıb. Onun xarici ölkələrdə təşkil olunan fərdi yaradıcılıq sərgiləri, təltif olunduğu yüksək orden medallar, mükafatlar rəssamın özünün şəxsi uğurları olmaqla yanaşı, həmçinin bütövlükdə ölkəmizin mədəniyyətinin dünyada layiqli təbliği istiqamətində qazanılmış uğurlardır.

 

 

 

Sakit Məmmədovun bədii yaradıcılıq fəaliyyəti haqqında sənətşünas və sənət adamları çox yazıblar, ən yüksək fikirlər söyləyiblər. Lakin inanırıq ki,  rəssam hələ sonuncu, ən mükəmməl əsərini yaratmayıb. Bu, belədir. Rəssam hər an axtarışdadır, həmişə yeni sənət əsərləri yaratmaq eşqindədir. Bu yaradıcılıq şövqü onu daim yeni, daha mükəmməl sənət əsərləri yaratmağa ilhamlandırır. Bizbu yolda Xalq rəssamı Sakit Məmmədova yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet.- 2021.- 18 noyabr.- S.15.