Unudulmaz sənətkar  

 

Ustad tarzən Bəhram Mansurovun anadan olmasının 110 illiyinə həsr edilir

 

Azərbaycanın Xalq artisti tarzən Bəhram Mansurov Azərbaycan musiqisinin inkişafında misilsiz rol oynamış böyük sənətkardır. O, özünün ecazkar tarı ilə Azərbaycan muğamlarını respublikamızdan çox-çox uzaqlarda tanıdıb və sevdirib. İstər Moskvada keçirilən dekadalar vaxtı, istərsə müharibə illərində əsgərlər üçün verilən konsertlərdə və ya Azərbaycan Dövlət və Balet Teatrının xaricdə və İttifaqın müxtəlif şəhərlərində qastrolları vaxtı, Səmərqənddə muğam üzrə keçirilən beynəlxalq simpoziumlarında Bəhram müəllim özünün böyük sənətkarlığını, yüksək professionallığını parlaq surətdə nümayiş etdirib.

 

İlk dəfə Azərbaycan muğamları məhz Bəhram Mansurovun ifasında YUNESCO-nun kolleksiyasına daxil edilib. Klassik muğamlarımızın əla bilicisi, gözəl tarzən, pedaqoq və insan Bəhram Mansurov gənc nəslin - tarzənlərin, müğənnilərin yetişməsinə, tərbiyəsinə, püxtələşməsinə böyük əmək sərf edib. Bəhram müəllim neçə-neçə Leylilər, Məcnunlar, İbn-Səlamlar, Əslilər və Kərəmlər yetişdirib. O, yarım əsrdən artıq bir müddətdə Opera Teatrında işləyərək Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Zülfüqar Hacıbəyovun muğam operalarında tarın hisssələrini böyük ustalıqla çalıb.

Zəngin yaradıcılıq yolu keçmiş Bəhram Mansurov öz sənətində məşhur tarzənlər, Sadıqcanın, Qurban Pirimovun, babası, atası və əmisi Mansurovların gözəl ifaçılıq ənənələrini davam etdirib. O, uzun illər boyu bir çox məşhur xanəndələr və sazəndələrlə görüşmüş, onlarla birgə çıxış etmişdir. Bəhram Mansurov özündən sonra muğam xəzinəmizi zənginləşdirən vallar və lent yazıları ilə bərabər, tar, muğamlar və ümumiyyətlə musiqimiz haqqında son dərəcə maraqlı və qiymətli xatirələr qoyub getdi. Bu xatirələri böyük məhəbbət və həssaslıqla onun həyat yoldaşı Münəvvər xanım və oğlu Eldar Mansurovlar tərtib edərək təqdirəlayiq iş görmüşlər. Xatirələri oxuduqca gözümüz önündə Bəhram müəllim öz koloritli dili və ecazkar tarı ilə canlanır.

 

 

 

Görkəmli tarzən, gözəl insan Bəhram müəllim Mansurovla mənim ilk görüşüm 1980-cı illərdə olub. O vaxt mən XIX əsrin böyük şəxsiyyəti - musiqişünası, şairi, rəssamı şuşalı Mir Möhsün Nəvvabın yaradıcılığı və onun dəyərli əsəri "Vüzuhül-ərqam", yəni muğamda "Rəqəmlərin izahı" adlı risaləsi üzərində işləyirdim. 1913-cü ildə Orucov qardaşlarının mətbəəsində (ərəb əlifbası ilə) çap olunmuş bu kitabı o vaxtlar tapmaq çətin məsələ idi. Mən bu risalə üzərində işləmək arzumu bəstəkar, Bülbül məktəbinin direktoru Nazim Əliverdibəyova dedim. Xeyirxah insan olan Nazim müəllim məni sevindirərək bildirdi ki, evlərində bu kitab var, atasının nüsxəsidir, onu mənə gətirə bilər. Hədsiz sevinc və təşəkkür hissi ilə aldığım bu kitabı böyük həvəslə də araşdırdım. O ilin yayında biz Şuşada istirahət edirdik və mən bu kitab haqqında araşdırmamı elə Şuşada da yazdım. Bakıda isə mənim kitabım ikinci Beynəlxalq simpozium üçün (rus dilində) çap olundu.

 

"Vüzuhül-ərqam" risaləsində olan cədvəllər, xüsusilə sonuncusu bizi Nazim müəllimlə çox maraqlandırdı və orada verilən muğam yollarını aydınlaşdırmaq, açmaq üçün belə qərara gəldik ki, muğam bilicisi, tarzən Bəhram müəllimə müraciət edək. Nazim müəllim ustadla zəngləşdikdən sonra biz Bəhram müəllimgilə getdik. Bəhram müəllim risalədə olan cədvəllərlə tanış olandan sonra tarda məşq etmək üçün yazıları onda qoymağı istədi və bildirdi ki, hər şey hazır olanda bizə xəbər verəcək. "Vüzuhül-ərqam" risaləsindəki son cədvəldə sağda (mətndə solda) şaquli istiqamətdə verilmiş iki bölgü tarın qolunu xatırladır, şərti olaraq bu qol yeddi dərəcəyə və yeddi sövtə bölünür. Cədvəlin sol tərəfində verilmiş üfüqi xətlərlə isə muğamlar, onların hissələri, şöbələri və sair göstərilmişdir. Qırıq və dalğavari xətlərlə muğamların istiqaməti və hərəkəti, guşabənzər işarələr isə zəngulələr qeyd olunmuşdur. (Əvvəlki cədvəlin quruluşu da bu cürdür). Biz bu cədvəli təcrübədə işlətmək, onu səsləndirmək məqsədi ilə ustad tarzənimizə müraciət edərək yaddan çıxmış, unudulmuş muğam parçalarını bərpa etmək, bu cədvəldən bir parçanı səsləndirməyini xahiş etdik. Qeyd etmək lazımdır ki, M.M.Nəvvabın cədvəldə verdiyi yolların açılması isbat edir ki, müəllif bunları yalnız elmi cəhətdən öyrənib mənimsəməmiş, o, həmçinin onları özü də təcrübədə ifa etmişdir. Hər halda Bəhram Mansurovun özü bu fikirdə idi. Bəhram müəllim M.M.Nəvvabın cədvəli üzrə indi unudulmuş və ifa edilməyən Azərbaycan, Şah Xətai kimi muğamları səsləndirdi. Bizim təqdm etdiyimiz Nəvvabın cədvəli üzrə bu muğam yolu aşağıdakı kimi idi: Cahargah, Novruzi-tərkib, Hicazi, Azərbaycan, Şah Xətai, Dilkəş. Bu muğam parçasının nota köçürülməsini isə Bəhram müəllimin oğlu istedadlı bəstəkarımız Eldar Mansurov həyata keçirdi. (Bu barədə bax: Zemfira Səfərova. Azərbaycanın musiqi elmi, Bakı, 2006).

 

 

 

Bəhram müəllimlə təkrar görüşəndə onun dediyi ilk sözlər o oldu ki, "Kim deyir ki, Nəvvab tarda çalmırdı, tarda çala bilməyən şəxs bu yolları heç vaxt göstərə bilməzdi, bu mənim qəti fikrimdir".

 

1983-cü ilin oktyabr ayının 7-dən 12-nə qədər qədim Səmərqənd şəhərində İkinci beynəlxalq musiqişünaslıq simpoziumu keçiriləcəkdi. Bu simpoziuma bir çox ölkələrdən yüksək səviyyəli ifaçılar və musiqişünaslar gələcəkdi. Bu simpozium üçün mən də "Mir Möhsün Nəvvab" və "Üzeyir Hacıbəyov" kitablarını (rus dilində) yazmışdım, həm də Ü.Hacıbəylinin ilk dəfə nəşr etdiyimiz "Leyli və Məcnun" operasının partiturasını ora aparmağı planlaşdırmışdıq. Simpoziumda mən "Mir Möhsün Nəvvab və onun "Vüzuhül-ərqam" risaləsi" mövzusunda məruzə ilə çıxış etmək istəyirdim. Bəhram müəllim də mənim məruzəmi tarda müşayiət etməyə öz razılığını vermişdi. Mən Nəvvabın cədvəlini gözəl kağızda bizim memarlara çəkdirmişdim. Bəhram müəllim bu cədvəl üzrə unudulmuş muğamları bərpa edib çalmalı, onların adlarını çəkməli idi. Simpoziumda belə də oldu. Tribunadan asılmış cədvəl üzrə Bəhram müəllim tarda çalaraq keçidlərdə muğamların adlarını çəkirdi. Bizim çıxışımız böyük uğur qazandı.

 

Lakin çıxışımızdan 2-3 gün əvvəl bizi izahatsız daim proqramdan çıxarırdılar. Onda Bəhram müəllim sədrə şikayət edərək demişdi ki, mən bu boyda kişi bu istidə tarımı götürüb gəlirəm ki, bu qıza çalım, lakin onu elan etmirlər. Bu nə məsələdir? Sədr isə demişdir ki, mənə yox, öz nümayəndəliyinizin rəhbərinə müraciət edin, biz sizi salırıq, o isə pozur, amma indi izləyərik ki, bu təkrar olmasın. Səhəri xəbər gəldi ki, rəhbərimiz Bəhram müəllimi (oğluyla bərabər bilet aldırtdırıb) Bakıya göndərir ki, "Leyli və Məcnun" operasında çalsın. O il isə Opera Teatrında yanğın baş verdiyinə görə teatr təmirdə idi. Bunu bilən kimi biz Nazim müəllimlə Mansurovlar qalan otelə getdik. Bəhram müəllim bizi görüb soruşdu: bu neyçün belə edir? Bir qədər fikirləşəndən sonra Bəhram müəllim qəti hərəkətlə oğlu Eldara müraciət edərək dedi: Eldar, get biletləri qaytar, cəriməni öz cibimdən verəcəm. Mən bu qıza çalmamış burdan gedən deyiləm. Mən o zaman Bəhram müəllimin kişiliyinə, prinsipiallığına, xeyirxahlığına heyran oldum.

 

 

 

Yeri gəlmişkən onu da qeyd edim ki, Opera Teatrında yanğın baş verəndən sonra teatra gələn Bəhram müəllim həyəcanından ağlamışdı. Onu sakit edərək demişlər ki, narahat olmayan təmirdən sonra teatr daha yaxşı olacaq. Bəhram, müəllim isə cavabında: - Bilirəm. amma mənim ömrüm ona çatmaz, - deyib.

 

Beləliklə, M.M.Nəvvabın cədvəlindən alınmış fraqment Səmərqənddə keçirilən İkinci Beynəlxalq musiqişünaslıq simpoziumunda mənim məruzəmə illüstrasiya kimi səsləndi, daha sonra isə Bakıda M.M.Nəvvabın anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya və konfranslarda və televiziyadakı çıxışlarımızla əlaqədar təkrar səslənmişdir. Buna görə mən ustad tarzənimiz Bəhram Mansurova həmişə minnətdaram.

 

Bəhram müəllimlə mənim digər görüşüm anamla bağlı idi. Bir gün Bəhram müəllim işimə akademiyaya zəng vurdu. O dedi ki, maraqlı bir məsələ üçün telefon edib. 30-cu illərdə onun bəyəndiyi bir qadın oxuyanını axtarır. Adı Cəvahir Firidunbəylidir, mənə dedilər ki, Anarın qohumudur. Zemfira xanım siz onu tanımırsız ki? Dedim, Bəhram müəllim mənim anamdır. Bu barədə Rafael Hüseynov da maraqlanırdı. Ona da həmin sözləri dedim, amma anam daha oxumur və bu barədə danışmağı da sevmir. Bəhram müəllim dedi ki, onda gəlin belə edək. Mən Cəvahir xanımı, Sizi, Anarı və Rəfaeli evimə qonaq çağırıram, oturub danışarıq, sonra da onu oxudarıq. Görək nə alınır.

 

Mən, əlbəttə ki, Bəhram müəllimə etiraz edib, yox deyə bilmədim. Vədələşdiyimiz gün onlara getdik. Bəhram müəllimin xoş sima, gülərüz, qonaqpərvər həyat yoldaşı, gözəl süfrə açmışdı, plov bişirmişdi, sonralar bildim ki, bu qadın həm də gözəl şeirlər yazırmış və Eldar onun sözlərinə bir neçə mahnı bəstələmişdi.

 

Yeyib-içəndən sonra Bəhram müəllim tarını aldı əlinə, bir neçə muğam gəzişməsi edəndən sonra anama müraciət edib soruşdu: Nə oxuyacaqsız? Anam - "Qara gilə", - dedi. Qədim xallar vura-vura anam "Qara gilə", sonra "Üç telli durna", "Sarı gəlin", "Küçələrə su səpmişəm" və s. xalq mahnılarını oxudu. Anam o vaxt artıq 70-i çoxdan keçmişdi, çoxdan da oxumurdu, keçmişə, gəncliyə də qayıtmaq fikri yox idi. Amma onun səsinin təravəti bu yaşda da qalmışdır. Bunu hamı qeyd etdi. Rafael radioda "Axşam görüşləri" adlı verilişinin böyük hissəsini onun oxumağına və onunla müsahibəyə həsr etdi. Bu axşam görüşləri anam və bizim üçün bir xoş xatirə kimi qaldı. Bəhram müəllimgildəki o ilıq axşam isə hamımızın xatirində işıqlı bir hadisə kimi həkk olundu.

 

Bəhram müəllimin özü çox işıqlı insan idi. O, tarda çalanda onun saçdığı o işıq enerjisi ətrafa, ona qulaq asanlara yayılıb, sirayət edirdi. Onun böyük əlləri, çox qüvvətli biləngi var idi, bu da tarzən üçün çox mühüm cəhətlər idi. Onun tarının xüsusi səsi vardı. Ustad danışırdı ki, Almaniyadan gələn qonaq məşhur musiqiçi Yurqen Elsner onun ifasını dinlərkən yerindən sıçrayıb ustadın tarını yoxlamağa başlayıb, cərəyana taxılmış elektrik məftilini axtarırmış, alimin fikrincə belə səs heç vaxt tardan çıxa bilməzdi. Lakin o, görəndə ki, bu yalnız tarın özünün səsidi çox təəccüb etmişdir.

Bəhram Mansurovun Azərbaycan muğamının inkişafında rolu böyük olub. Hələ 1971-ci və 1975-ci illərdə YUNESKO xətti ilə onun ifasında "Bayatı-Şiraz", "Cahargah", "Humayun", "Şur", "Bayatı-Kürd", "Mahur-hindi", "Nəva-Nişapur" muğamları qrammafon valına yazılıb.

 

Bəhram Mansurov həm də gözəl pedaqoq idi. O, illər boyu muğam operaları üçün müğənnilər hazırlamış, onları tarda müşaiyət etmişdir.

 

O, Opera Teatrında uzun müddət solist və konsertmeyster vəzifələrini icra etmişdir.

 

Tar çalmağı atasından və əmisi Mansur Mansurovdan öyrənən Bəhram Mansurov Sadıqcan, Mirzə Mansur, Məşədi Süleymanın ənənələrini davam etdirmiş, tarda bir sıra texniki üsulları yaşatmışdı. O, bir çox korifey sənətkarları tarda müşaiyət etmişdi, onlardan Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Zülfi Adıgözəlov və başqalarını göstərmək olar.

 

Bu gün muğam sənətinin yüksəlişi dövründə onun inkişafı və zənginləşməsi üçün böyük işlər görmüş sənətkarlardan olan ustad tarzən, pedaqoq, gözəl insan Bəhram Mansurovun işıqlı siması heç zaman unudulmayacaq, onun əziz xatirəsi həmişə uca tutulacaqdır!

 

 

Zemfira SƏFƏROVA

Akademik, Əməkdar Elm Xadimi

 

525-ci qəzet.- 2021.- 18 noyabr.- S.10-11.