“Nizami Gəncəvi
sözünün orbitində” təqdim olunub
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir
üzvü Azadə Rüstəmovanın “Nizami Gəncəvi
sözünün orbitində” kitabının təqdimatı
keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq “Nizami Gəncəvi İli”ndə Azadə Rüstəmovanın rus dilində çap olunan bu kitabının böyük önəm daşıdığını bildirib. Akademik nizamişünaslığın XX əsrin 30-cu illərindən inkişaf etməyə başladığını, buna üç qərarın təsiri olduğunu diqqətə çatdırıb. O, 1938-ci ildə verilən qərarla Nizami irsinin tərcümə və nəşri sahəsində canlanma olduğunu, nizamişünaslığın təməlinin qoyulduğunu vurğulayıb. Əlavə edib ki, ikinci qərar ulu öndər Heydər Əliyev, üçüncü isə Prezident İlham Əliyev tərəfindən verilib və bu istiqamətdə xeyli işlər görülüb. 2021-ci ilin sonuna qədər Prezidentin Sərəncamına uyğun olaraq bu sahədə akademiyada qırx kitab nəşr olunub.
Akademik İsa Həbibbəyli belə sanballı nəşrlərdən birinin Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabının olduğunu bildirib, eyni zamanda, Azadə Rüstəmovanın böyük xidmətlərindən bəhs edib: “Onun birinci xidməti odur ki, nizamişünaslığı mükəmməl sistemli elm səviyyəsinə qaldırıb. İkincisi isə nizamişünaslığın məktəbini yaratması, gələcək nizamişünaslar yetişdirməsidir. Bu kitab da elmi-nəzəri və azərbaycanşünaslıq baxımından çox önəmlidir. “Nizami Gəncəvi İli”nə Ədəbiyyat İnstitutunun hesabatıdır”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizamişünaslıqda Azadə Rüstəmova mərhələsi” mövzusunda məruzə edib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli bildirib ki, Azadə xanım klassik nizamişünaslığın son böyük nümayəndələrindən biridir. O, elmin “qara fəhləliyindən” çəkinmirdi, çox böyük zəhmətkeş idi. Bu kitab onu göstərir ki, indi də Azadə xanımın elmi fikirləri aktualdır.
XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova da Azadə Rüstəmova ilə bağlı xatirələrini bölüşüb və onun kitabının yenidən nəşr olunmasını əlamətdar hadisə adlandırıblar.
Sonda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova Azadə xanımın ailə üzvü kimi tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.
525-ci qəzet.- 2021.- 18 noyabr.- S.9.