Yoxsulluğun uşaqların həyatına
təsirləri
İnsanın
həyatına təsir edən bir çox faktor onun hansı
sosial statusa, hansı sinifə aid olmasına görə
formalaşır. Bunlar insanın sosial-iqtisadi durumu, məşğuliyyəti,
gəlir və təhsil səviyyəsidir. İnsanlar arasında
sosial sinif fərqi bütün dövrlərdə mövcud
olub və təəssüf ki, belə də davam edəcək.
Bu nüvə faktorun insan həyatına təsiri isə təkcə
yuxarıda sadalanlarla yekunlaşmır, insanın geyimindən
tutmuş bütün həyat tərzinə, fəaliyyətinə
təsir göstərir.
Uşaqlıqda
aid olduğumuz sosial-iqtisadi mühit gələcəkdə
dünyagörüşümüzün, başqaları ilə
münasibətlərimizin, cəmiyyət tərəfindən
necə qəbul edilməyimizə qədər bir çox
vacib amillərin xəbərçisidir. Bu, təkcə
günümüzün, içində olduğumuz sistemin
reallığı deyil, bütün sistemlərin və
bütün dövrlərin reallığıdır: əgər
maddi mənada əlin güclüdürsə, sosial statusa
sahibsənsə, deməli, bir çoxlarından bir çox mənada
öndəsən. Bu amil fərdin subyektiv rifahı, dəyər
anlayışları, sosial yönümlü
davranışları, həyatdan məmnunluğu, həyatın
məna dəyəri, özünə hörmət kimi
psixo-sosial inkişafa təsir edən bir çox şərtlərlə
əlaqələndirilir.
Sosial-iqtisadi
səviyyənin mühüm göstəricilərindən
birincisi aylıq gəlirin miqdarıdır: bu səviyyə
aylıq gəlirə görə aşağı, orta və
yüksək səviyyələrə bölünür.
Aşağı
sosial-iqtisadi səviyyə yoxsulluq və kasıblıq
anlayışları ilə uyğundur. Amma əvvəlki
dövrlərə nəzərən kasıblıq
anlayışında nisbətən dəyişiklik var.
Kasıblıq insanın maddi baxımdan əsas
ehtiyaclarını ödəyə bilmədiyi vəziyyətdir.
Yəni kirayə xərclərini qarşılamaqda, kommunal xərcləri
ödəməkdə çətinlik çəkmək, əsas
qida ehtiyaclarını tam təmin edə bilməmək,
cırıq ayaqqabı, nimdaş paltara sahib olmaq
kasıblıqdır. Amma günümüzdə
çeşid-çeşid paltarlar ala bilməmək,
bahalı telefon almağa maddi gücünün olmaması
insanı kasıblar sinfinə salır. Belə başa
düşülür ki, yoxsulluq cəmiyyətlər
üçün sosial-psixoloji hadisə kimi ortaya
çıxır. Heç şübhəsiz, bütün
bunlar sistemin bizə qarşı tətbiq etdiyi manipulyativ təzyiqin
psixoloji nəticələridir.
Həm dünyada,
həm də ölkəmizdə həqiqi mənada yoxsul,
imkansız, uşaqlı ailələr var. Uşaqlıqda məruz
qalınan həqiqi yoxsulluğun təsiri insanın bəzi
hisslərində, düşüncələrində, rəftar
və davranışlarında uzun müddət müşahidə
olunur. Bəzi araşdırmalar yoxsulluğun uşağın
intellektual və emosional inkişafına təsirinin onun bioloji
təsiri qədər vacib olduğunu sübuta yetirir. Yoxsulluq
uşaqlıqdan insanların psixo-sosial inkişafına ciddi təsir
göstərir.
Araşdırmalara
görə, hiperaktivlik və aqressivlik daha çox kasıb
ailələrin uşaqlarında müşahidə olunur. Eləcə
də bir sıra qeyri-etik davranışlara məhz bu təbəqədən
olan uşaqlar daha çox yol verirlər. Onar varlı ailələrin
uşaqları ilə eyni məkanı paylaşdıqda daha
çox utancaqlıq, qorxaqlıq və itaətkarlıq kimi
davranışlar göstərirlər. Ümumiyyətlə,
ictimai fəaliyyətlərə qatılmaqdan qaçır,
arxa planda qalmağı seçir, yaşlandıqca həyatları
ilə bağlı düşüncələrində
ümidsizliyə qapılırlar. Yoxsulluq içində
böyüyən uşaqlar xüsusilə yeniyetməlik
dövrlərində ciddi problemlərlə üzləşirlər.
Digərlərinə
nəzərən ailənin kasıblığı səbəbindən
bir çox imkanlardan məhrum olmaq onlarda həyata
qarşı qəzəb, ümidsiz, aqressivlik
formalaşdırır. Bu uşaqların həyatındakı
ən pis reallıq da bir çoxunun hələ kiçik
yaşlarından ailənin dolanışıq xərclərini
qarşılamaq mücadiləsinə ortaq olmasıdır.
Kasıblıq təkcə insanın sahib olmağa haqqı
çatan bir çox imkanlardan məhrum olması deyil, həm
də işləmək məcburiyyəti deməkdir.
Araşdırmalar
göstərir ki, ailənin uşaqlardan gözləntiləri
də gəlir səviyyəsinə görə dəyişir.
Bəzi ailələr uşaqlarını küçədə
işlədirlər. Küçədə işləyən
uşaqlar üzərində aparılan araşdırmalardada
onların gələcəklə bağlı gözləntilərinin
az olduğu, itaətkar və fanatik xüsusiyyətlərə
sahib olduqları müşahidə edilib. İşləyən
uşaqlar qidalanma, sağlamlıq kimi bir çox problemlərlə
üzləşirlər. Əlbəttə ki, bunun səbəbi
kasıblığın özüylə bərabər gətirdiyi
başqa fəlakətlər: təhsilsizlik,
dünyagörüş qıtlığı,
düşüncə və təhlil qabiliyyətinin məhdudluğudur.
Təhsilin
olmaması uşağın gələcəyə ümidlərini
əlindən alır. Əgər bu uşaqların təhsili
dövlət və ya müvafiq qeyri-dövlət təşkilatları
tərəfindən dəstəklənərsə, çəkdikləri
çətinliklərdən aldıqları güc onları
arzuladıqları cənnəti yaratmaq üçün
çox çalışmağa motivasiya edə bilər. Bəzi
insanların əzmini, qazandıqları böyük
uğurları onların keçirdikləri kasıb
uşaqlıq çağlarını öyrəndikdə
daha yaxşı anlamaq olur. Amma bu insanların sayı
kasıblıqdan oğurluq, qaçaqmalçılıq və
bir sıra pis vərdişlərə sahib olanlarla müqayisədə
dəfələrlə azdır.
Çox
uzaq bir diyarda, ABŞ-ın Havi ştatında yerləşən
Kaua adasında yüksək risk qrupuna aid ailələrdə
böyüməyin uşaqlara təsiri ilə bağlı
aparılan araşdırmanın nəticələri də
bunu deməyə imkan verir. 1955-ci il təvəllüdlü
698 uşaq üzərində aparılan həmin
araşdırma düz 40 il davam edib. Bu uşaqların valideynləri
müxtəlif irqlərdən olan təhsilsiz ferma
işçiləri idi. Onların 54 faizi tamamilə yoxsul ailələr
olmaqla yanaşı, böyük əksəriyyətinin ailəsində
zorakılıq, alkoqolizm, boşanma, ciddi sağlamlıq
problemləri, ruhi xəstəliklər kimi bir çox mənfi
hallar da vardı. 40 illik müşahidənin nəticəsi isə
belədir: Bu uşaqların yarısı yoxsulluq içində
yaşlandı, hər 6 uşaqdan birinə əqli qüsurlu
diaqnozu qoyuldu, üçdə ikisinin həyatının ilk
on ilində ciddi öyrənmə problemi olduğu təsbit edildi.
Bununla belə,
tədqiqatçılar müəyyən ediblər ki, bu
uşaqların yalnız üçdə biri kifayət qədər
normal fərdlər kimi həyatlarını davam etdiriblər.
698 uşağın yalnız bir faizi kasıblıqdan
"sağlam" çıxmağı bacarıb. Tədqiqatçılar
bu uşaqları digərlərindən fərqləndirən
amilləri müəyyən etmək üçün
onların fərdi xüsusiyyətlərini, ailə
quruluşlarını və ətraf mühit
faktorlarını araşdırıblar. Məlum olub ki, onlar
digər həmyaşıdları ilə müqayisədə
daha müstəqil, empatiya qabiliyyəti olan, hazırcavab,
maraqları güclü və həmyaşıdları ilə
daha yaxşı münasibət qurmağı bacaran, problem həll
etmək bacarıqlarına malikdirlər.
Uşaqlıq
çağında olduğu kimi, yeniyetmə və gənclik
dövrlərində də yoxsulluq psixo-sosial inkişafa mənfi
təsir göstərir. Yeniyetməlik şəxsiyyət
böhranlarının yaşandığı ən çətin
böyümə çağıdır. Bu dövrdə
insanın xarakteri formalaşır, cəmiyyətdə yer
tutmaq, status qazanmaq arzuları yüksək olur.
Yaşıdlar, dostlar arasında rəqabətin ən
güclü olduğu mərhələ sayılan yeniyetməlikdə
gənc həm ailə, həm də sosial çevrəsindən
hər cür dəstəyə ehtiyac duyur. Bu mərhələdə
ailənin yoxsulluğu gənc fərdin arzularının
qarşısında ən böyük əngəldir. Yoxsulluq
ucbatından gənclər lazımi məşğuliyyətlərdən
yararlana bilmir: kino, teatr, səyahət, muzeylər və sair
kimi inkişafı və dünyagörüşü dəstəkləyən
bir çox fəaliyyətlərdən məhrum olurlar. Bu da
yoxsul gənclərin bacarıqlarının inkişaf etməsinin
qarşısında böyük maneəyə çevrilir.
Bir çox pullu sosial fəaliyyətdən yoxsulluq
ucbatından məhrum qalan gənc depressiv və aqressiv olur, mənfi
xüsusiyyətlər qazanırlar. Bəzi araşdırmalara
görə, yoxsul yeniyetmənin bu yaşlarda valideynlərə,
dövlətə, məktəbə, varlılara, özünə
qarşı düşmənçilik hissləri bəsləməsi
cinayət törətməsinə zəmin yaradır.
Nəticə
olaraq araşdırmalar yoxsulluğun gəncləri sosial və
psixoloji baxımdan zədələdiyini, sosial
bacarıqların (ünsiyyət, yardımlaşma, kömək
istəmək, anlayış, komanda işi və s.)
inkişafına mənfi təsir etdiyini göstərir. Bura qədər
kasıblığın uşaqların həyat tablosundakı
rənglərini sözlərlə təsvir etməyə
çalışdıq. Bütün bu statistikalar onu göstərir
ki, kasıbların getdikcə daha da
kasıblaşdığı, varlıların daha da
varlandığı cəmiyyətlərdə kasıb əhali,
ailələr və xüsusilə onların uşaqları
üzərində sosial və psixoloji dəstəyin ciddi
şəkildə təmin olunması vacibdir. Yoxsulluğun
"atadan oğula" prinsipindən
çıxarılması, xronikiləşməsinin
qarşısının alınması yalnız təhsillə
mümkündür. Təhsillə kasıb bir insanın
övladı kasıblıqdan xilas ola, həyat şərtlərini
yaxşılaşdıra bilər.
Həmçinin, bu gün ölkəmizdə
universitetlər, muzeylər, kino və teatrlar, sosial aktivliyi dəstəkləyən
bir çox yararlı sahə, müəyyən güzəştləri
nəzərə almasaq, hər kəs üçün
pulludur. Uşaqlar və gənclər üçün
bütün bunların ödənişsiz olması,
xüsusilə təhsil sahəsində dəstək görmələri
bir çox problemlərin həlli üçün onlara
qapı açmaqda ən optimal yol olardı.
Natəvan
ABDULLA
525-ci qəzet.- 2021.- 18 noyabr.- S.8.