Gəncədə möhtəşəm kitab sərgisi keçiriləcək
26-28 noyabr tarixlərində
Gəncədə “Azərbaycan
Nəşriyyatları” İctimai
Birliyinin (ANİB) təşkilatçılığı
ilə “I Gəncə
Kitab Sərgisi” təşkil olunacaq.
525.az ANİB-in mətbuat xidmətinə istinadən
xəbər verir ki, “Nizami Gəncəvi
İli”nə həsr edilən sərgidə ölkənin 30-dan artıq
nəşriyyatı və
10-dan çox kitab evi iştirak edəcək.
Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı
ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün
nağıl saatları,
rəssamların, müxtəlif
sənət nümayəndələrinin
əsərlərindən ibarət
sərginin təşkili
və musiqi proqramları keçiriləcək.
ANİB-in
innovativ layihəsi olan “Öz kitabını
sat” guşəsi öz
kitabını təqdim
etmək istəyən
müəlliflər üçün
nəzərdə tutulub.
“Qarabağa kitabla
gedirik” stendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq
kitabxana fondlarına dəstək məqsədilə
kitablar toplanacaq.
ANİB-in
sədri Şəmil Sadiq ölkənin ən yaxşı nəşriyyatlarının iştirak
edəcəyi bu tədbirdə Gəncə
kitabsevərlərinin aktivlik
göstərəcəyinə inandığını bildirib:
“Oxucular yeni kitablarla tanış olacaq, endirimlərdən yararlanacaqlar. Ən təbii istəyimiz
“Nizami Gəncəvi İli”ndə, Nizami yurdunda möhtəşəm
kitab bayramı təşkil edərək
yerli kitabsevərləri
sevindirməkdir”.
“I Gəncə Kitab Sərgisi”nin təşkilat qrupunun rəhbəri Nurman Tariq isə kitabı paytaxtdan kənara çıxarmağın əhəmiyyətini vurğulayıb: “ANİB tərəfindən 30-31 oktyabr tarixlərində Sumqayıt şəhərində təşkil olunmuş kitab sərgisi anşlaqla yadda qaldı və bu sərgi sübut etdi ki, bölgələrimizdə də kifayət qədər oxucu var, sadəcə kitab onlar üçün əlçatan deyil. Bunun üçün də ANİB olaraq hədəfimiz nəşriyyat və yazıçılarla birlikdə bölgə-bölgə gəzmək, kitabı bölgələrimizə yaymaqdır. Kitabçılıq başqa cür inkişaf etməyəcək. Budəfəki dayanacağımız isə mədəniyyət şəhərimiz Gəncədir. Günlərdir hazırlaşırıq, əminəm ki, bu sərgi də möhtəşəm olacaq”.
Nurman Tariq tədbirin layiqli
baş tutması üçün
yaxından dəstək göstərən Mədəniyyət
Nazirliyi, Gəncə Regional
Mədəniyyət İdarəsi, Gəncə Şəhər
İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinə
xüsusi təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2021.- 18 noyabr.- S.16.