İncə duyğuların poeziyası  

 

İncə duyğularla ədəbiyyata gələn gənc şairə Ülkər Nicatlının şeirləri, qəzet jurnallardan, sosial şəbəkələrdən oxuculara yaxşı tanışdır. "Yaralı arzular "Bir misra dəniz" adlı iki şeir kitabının müəllifidir. Ülkərin şeirləri Türkiyə Cənubi Azərbaycanda çap olunub. Şeirlərindəki hisslər, poetik misralar içindən gələn kövrək duyğuların harmoniyasını özünəməxsus tərzdə oxucusuna çatdırır, misralarındakı poetik yükün rəngarəng çalarlarını sezməmək olmur:

 

Sahilə can atan coşqun dalğalar,

Vüsala tələsən könlüm kimidir.

Tufanlar içində boğulan qayıq,

Uzaqdan əl edən ölüm kimidir.

 

Ülkər Nicatlının utancaq, təvazökar xarakteri şeirlərindəki xoş səmimiyyət, sakit təbiətinə xas olan üz cizgiləri onun könül dünyasının zənginliyindən xəbər verir. Vətənimizin qanlı-qadalı vaxtlarında da şairənin qələmindən çıxan şeirlərində igid Azərbaycan əsgərini obrazını özünün poetik dünyasında gördüyü kimi təsvir edir.

 

Səngəri əyninə geyinən oğlan,

Sənə gülümsəyən güllə mübarək!

Şəhid məqamıyla görüşə gəldin,

Ömrünə gül açan çillən mübarək!

 

Ülkərin şeirlərində həyat, sevgi, əbədilik, insanın yaşam tərzi, təbiəti harmoniyasına aid diqqət çəkən məqamlar çoxdur.

 

Payız saçlarını sərib dənizə,

Ayrılıq havası qoxuyur sular.

Yuva tək boşalan sahillər üçün,

Tənhalıq nəğməsi oxuyur sular.

 

yaxud:

 

Qızıl günəş eşq ilə,

Yer üzünü öpən tək.

Bax beləcə öpüşür,

İki sevdalı ürək.

 

Ülkərin şeirlərində həzin bir ağrı ağrılı həsrətin siqlətində yaranan şeiriyyətin qoxusu sözün yanındadır:

 

Mənim könlümdəki duyğular kimi,

Bu payız günündə çırpınır Xəzər.

Ruhumdan ələnən söz qoxusunu,

Allah, bu dənizin sularına sər.

 

Ülkər xanımın bir neçə şeirini "525-ci qəzet"in oxucularına çatdırmaq istədim.

 

Nazim Əhmədli

 

525-ci qəzet.- 2021.- 19 noyabr.- S.15.