"Qarabağ şikəstəsi" və
rəqslərimiz
Bu dünyada hər şeyin - hər nəsnənin, hər
kəsin, hər anlayışın öz adı var və
onlar məhz bu adlara görə tanınır və fərqlənirlər.
Bütün ümimi isimlərin hamısının,
bütün xüsusi isimlərin isə hər birinin 1 adı
olur.
Bu mənada
"şikəstə" ümumi ismi ilə
"Qarabağ" xüsusi isminin birləşməsindən
yaranan "Qarabağ şikəstəsi" söz birləşməsi
"Qarabağ inciyi, qəlbi qırığı,
yaralısı" mənası verir.
Lakin bu ad
həm də Azərbaycan muğamları arasında ən
lirik və kövrək muğam olan "Segah" məqamına
aid ritmik (zərb)
muğamın adıdır və adi məntiqə
görə bu adın bildirdiyi məna eyni dərəcədə
həmin muğamın məzmununa da aid olmalıdır. Bu o
deməkdir ki, "Qarabağ şikəstəsi"
kompozisiyası Qarabağ şikəstəsinin - qəlbi
qırıq, yaralı, kövrək bir aşiqin səslər
(və sözlər)lə reallaşan harayıdır,
izharıdır - bir halda ki, söhbət şikəstədən
gedir, başqa nə cür ola bilər ki?
Mən bu
qənaətdən müəyyən sonuclara
çıxdım:
1. Çox
vaxt şifahi və yazılı nitqdə "şikəstə"
sözü musiqi janrı kimi işlədilir (məsələn,
"musiqimizdə bir neçə şikəstə var",
yaxud "şikəstələrdən biri də
"Şirvan şikəstəsidir"). Məncə,
bunlar kökündən yanlış ifadələrdir. Bu musiqi kompozisiyaları janrına görə şikəstə
yox, zərb muğamlardır.
2.
"Qarabağ şikəstəsi" yalnız vokal şəkildə
oxunan, yəni instrumental ifa variantı olmayan
muğamlardandır. Amma iş ondadır ki, muğamın
emosional çalarlarını tam şəkildə əks
etdirmək, onu tam qavramaq üçün vokal partiyaları
dinləmək kifayət etmir, çünki vokal ifa zamanı əsərin
musiqi hissəsi sadəcə müşayiətedici musiqi kimi
çıxış edir və bu melodiyalar əsərin məzmununu
tam əks etdirən, yəni onun çatdırdığı
informasiyanı ortaya qoymaq gücündə olan tekstə
çevrilmir. Onlar klassik muğamların vokal
ifası zamanı müşayiətedici musuqiyə ekvivalent
olan melodiyalardır.
Muğamın
məzmunu dedikdə, xanəndənin oxuduğu sözlərin
məzmunu da nəzərdə tutulmamalıdır - hamı
bilir ki, bu muğamların sabit, dəyişməz söz-ibarə
qəlibləri yoxdur, bir xanəndə eyni muğam
üçün Vətən, yurd məhəbbətini, digəri
isə sevən aşiqin iztirablarını əks etdirən
sözlər seçə bilər...
Yaxşı,
bəs onda "Qarabağ şikəstəsi"nin məzmunu nədə ifadə olunur?
Əlbəttə
ki, xanəndənin oxuduğu hissələrin avazında,
musiqi səsləri ilə instrumental şəkildə yenidən
səslənməsində!..
Elə "Qarabağ şikəstəsi" kimi digər
zərb muğamların ifası zamanı da biz ifaya oxunan mətnin
işarələrindən - sözlərdən yox,
vokalçının oxu texnikasından, etdiyi modulyadiya gəzişmələrindən,
avazlarının melodik zənginliyindən
çıxış edərək qiymət veririk. Çünki
qələm dostum Kənan Hacının dediyi kimi, səs
sözdən əvvəl doğulub. Bir
halda ki, muğamlar da öncə səs kimi doğulub, deməli,
onların çatdırdığı informasiyanın estetik
dəyəri, təsir gücü, gözəlliyi də elə
musiqi səslərindədir.
...Deməli,
muğamın mahiyyəti tam olaraq onun instrumental ifası
zamanı açılır, belədə ifaçı xanəndənin
oxuduğu vokal partiyaları öz daxili ölçüləri,
tonallığı, ritmik-melodik quruluşu ilə səs
obrazlarına çevrir və sonda elə muğamın da
bitkin səs obrazı yaranır.
Lakin çox təəssüflər olsun ki, klassik
muğamlardan fərqli olaraq, ritmik muğamların bu cür
instrumental ifasına demək olar ki, rast gəlmirik. Bütün
muğamlar instrumental şəkildə ifa olunur, zərb
muğamlar isə yox. Hərçənd
bu işin vacibliyini və əhəmiyyətini dərk edən,
onu öz təkrarsız ifaları ilə reallaşdıran
ifaçımız da yox deyil. Söhbət
qaboy ustası Kamil Cəlilovdan gedir. "Qarabağ"
və "Kəsmə" şikəstələri
instrumental şəkildə ifa edən yeganə
ifaçımız məhz odur və bu ifalar həmin
muğamların instrumental variantlarının da nə qədər
təkrarsız və gözəl olduğunu ortaya qoyur. Məncə, bu yanaşmanı tarzənlər,
kamançaçalanlar, qarmonçular... arasında da ənənəyə
çevirmək barədə fikirləşmək
lazımdır.
Təsəvvür
edin: "Qarabağ şikəstəsi"ni dinləyirik, amma vokal
partiyaları xanəndə yox, tar (kamança, qarmon... "oxuyur"!..
İndi isə keçirəm bu yazının, necə
deyərlər, "Mustafasına".
Bu
yaxınlarda təsadüfən yutub kanalında müğənni
Baba Mahmudoğlunun ifasında lap çoxdan lentə
alınmış "Qarabağ şikəstəsi"ni dinlədim
və düzü, bu ifanın fərqli, hətta deyərdim
ki, qeyri-adi aurası, məzmunu diqqətimi çəkdi, onun
indiyədək musiqişünaslarımızın nəzərindən
yayınmasına təəccübləndim...
Baba çox həssas ifaçı idi, oxuduğu
mahnılara onun öz fərqli yanaşması, öz yozum
platforması vardı və bu taktika ilk növbədə ifa
olunan əsərin nüvəsini təşkil edən əsas
mətləbi üzə çıxarmaq istəyinin ifadəsi
idi. Baba müəllim oxuduğu mahnının, əsərin
ruhu ilə yaşamağı, nəfəs almağı
bacarır, onun, necə deyərlər, şah damarını
tuta bilirdi. Elə bu keyfiyyətləri,
fikrimcə, Baba müəllimə Azərbaycan opera sənətinin
başqa Məcnunlardan fərqlənən əsl divanə Məcnununu
yaratmaq imkanı vermişdi.
Müğənni
son konsertlərində oxuduğu mahnıları da səhnə
faktına çevirməyə çalışır və əksər
hallarda buna nail olurdu.
Bu ifada isə
diqqət çəkən əsas cəhət müğənninin
öz monoloqunu məhz şikəstə - qəlbiqırıq,
küskün, uğursuz, incik aşiqin harayı kimi
qurması, "şikəstə"ni məhz
"Segah"dan gələn həzin tonallıqda
oxumasıdır. Yəni o, bu ritmik muğamı bəzi
ifaçılar kimi akademikləşdirməyə, onu
"ağır", "sanballı" vəznə
salmağa meyl etmir, ona "ictimai motivlərdən"
"naxışlar" vurmur, sevən, lakin uğursuz
aşiqin harayı, qəlbinin sızıltıları kimi
oxuyur.
Bu "şikəstə"də "balam, vay,
vay", "ölürəm, ölürəm"
nidalarını da məhz onun ifasında eşidirik. Mən xalq
mahnılarımızın, muğamlarımızın
ifası vaxtı bu sözlərdən, nidalardan sui-istifadə
olunmasının tərəfdarı deyiləm. Amma etiraf
edim ki, Babanın bu ifasında hər 2 fraza yerinə
düşür və nəticədə biz məhz K.Cəlilovun
qaboyunda səsləndirdiyi "Qarabağ şikəstəsi"nə
- səs və sözün sintezindən doğulan "şikəstəyə"
ekvivalent ifa dinləyirik.
Baba
müəllimin ifasında diqqəti çəkən daha 2
özəllik var: 1. O, muğamı bir qədər asta tempdə,
ləngərli "cümlələrlə" oxuyur ki, bu da
ifaya bir həzinlik gətirir; 2. İfasını süni
şəkildə uzatmır, təkrarlara yol verib dinləyicini
yormur, monoloquna son nöqtəni məhz lazım olan anda qoyur.
Mən həmişə klassik muğam irsimizin, xalq
mahnılarımızın qəliblər, çərçivələr
daxilində oxunmasının əleyhinə olmuşam və
indi də bu fikirdəyəm ki, bu irsin yaşaması
üçün o, mütləq müasir musiqi
düşüncəsinə, dilinə adaptasiya
olunmalıdır. Lakin bu o demək deyil ki, biz bu nümunələri
necə gəldi ifa edək, mənasız eksperimentlər
aparaq. F.Əmirov, Niyazi klassik
muğamlarımızı simfonik düşüncə
müstəvisinə gətirəndə, V.Mustafazadə cazla
muğamı sintez edəndə bu incilərin daxili strukturunu,
lad sistemini təhrif etmədilər, sadəcə olaraq
onların məzmunundakı reallaşmamış potensial
imkanları üzə çıxardılar. Amma bəzi
ifaçılar "novatorluğu" əsərin məzmununu
təhrif etmək kimi anlayır, məsələn,
"Yanıq Kərəmi"ni, "Qarabağ şikəstəsi"ni
oyun havalarına çevirirlər və toy məclislərində
adamlar fərqinə varmadan bu havalara rəqs edirlər. Rəqs
də ki, nə rəqs! Əcaib hərəkətlərə,
atılıb-düşmələrə, dingildəmələrə
baxanda adamın əti tökülür.
Halbuki,
bizim dünya çapında fərqlənən gözəl rəqs
ənənələrimiz var...
Ustad tarzən,
pedaqoq Vamiq Məmmədəliyevin arxivində qiymətli vallar
var. Onların birində dahi tarzən Hacı Məmmədovun
rəhbərlik etdiyi xalq üçlüyünün
ifasında nə az, nə çox - 30 qədim
xalq rəqsimizin melodiyası yazılıb. Bu gün neçə-neçə
yaddaşı yavaş-yavaş tərk edən, hətta
adları belə unudulmaqda olan, hər biri insan ovqatının
bir çalarını əks etdirən həmin melodiyalar bu
vallarda Hacı müəllimin sehrli barmaqlarının
hökmünə tabe olaraq necə şirin və şux səslənir!
Dinləyirsən - sanki bütün əzalarına qəribə
bir enerji axır, elə bil ruhun təzələnir,
sümüyün atlanır və sən 100 illərin o
üzündən qopub gələn bu səslərə yenilib
hətta rəqs etməyi bacarmadağın halda qol
götürüb oynamaq, oynaya-oynaya xoşbəxt olmaq istəyirsən...
Hələ
bir o havaların adlarına baxın: "Səməni",
"Azərbaycan qızı", "Bəxtəvəri",
"Dərbəndi", "Qəşəngi",
"Qızılgül", "Nabat xanım",
"Qafqazı"...
Ustad bu qədim
rəqs havalarının demək olar ki, hamısını
özünün oynaq xalları, qeyri-adi mizrab bəzəkləri ilə
süsləndirib, onların hər birini sanki özünün
süjet xətti, öz mövzusu olan xoreoqrafik etüd kimi
yaradıb. Və bu günlər - toylarda, şənlik məclislərində
cinsi, mənşəyi məlum olmayan "bic"
çalğıların, adamları mənasız və əcaib
şəkildə atılıb-düşməyə təhrik
edən ritmlərin meydan suladığı bir vaxtda bu havalar
unutqanlığın əzabını çəkən
canlı insanlar kimi hər halda yaşayırlarsa, bunun
üçün həm də Hacı müəllimə minnətdar
olmalıyıq. O havaları düşdükləri
"depressiv" vəziyyətdən çıxarıb yenidən
məişətimizə, həyat tərzimizə qaytarmaq,
şənliklərimizin bəzəyinə çevirmək isə
bizdən asılıdır.
İnanın, belə gözəl rəqs melodiyaları
heç də hər xalqın bəxtinə yazılmayan bir sərvətdir
və onlar bizim unutqanlığımızın, biganəliyimizin
qurbanına çevrilsələr, Allah bunu bizə
bağışlamayacaq.
Ustadın ifasında təkcə elə
"Naz-naz"ı rəqs havasını dinləmək kifayətdir
ki, buna tam əmin olasan.
Hansı toy məclisinin bəzəyinə çevrilməz
bu melodiya altında edilən rəqs?
...Gəlin
rəqs eləmək mədəniyyətimizi diriltmək
üçün ilk təşəbbüsü biz göstərək,
dostlar!
Bu, o qədər də çətin deyil. Sadəcə
musiqiyə təslim olmaq və ədəb- ərkanla RƏQS
ETMƏK lazımdır!
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 19 noyabr.- S.13.