Gözəl alim və müəllim  

 

Tanınmış dilçi alim, professor İsmayıl Məmmədlini 1974-cü ildən tanıyıram. O vaxt mən indiki Bakı Dövlət Unversitetinin  Jurnalistika fakültəsində oxuyurdum. Yay tətilindən qayıdandan sonra kirayə qalmaq üçün ev axtarırdım. Bir eloğlum dadıma çatdı, məni öz dostu İsmayıl müəllimlə calaşdırdı. Onun sayəsində həm ev tapdım, həm İsmayıl müəllimlə tanış, üstəlik, qonşu oldum.

 

Əvvəllər İsmayıl müəllim haqqında ikicə şey bilirdim: o, Aşıq Vəlinin nəvəsi, Aşıq Orucun oğludur, həm gənc alimdir. İsmayıl müəllim onda yenicə dissertasiya müdafiə eləmiş, filologiya elmləri namizədi olmuşdu.  Onun elmi mövzusu da mənə, III kurs tələbəsinə, xeyli qəribə görünmüşdü: "Kommunist" qəzetinin leksikası".

 

Sonralar İsmayıl müəllimlə dostlaşdıq. Öyrəndim ki, o, qədim oğuz yurdu Göyçə mahalındandır. Basarkeçər rayonunun Sətənəxaç kəndində dünyaya göz açmışdır. Ailəsi deportasiyaya məruz qalmış, atası, el ağsaqqalı Aşıq Oruc Göyçə ilə üzbəüz, dağın bu biri tərəfində yerləşən Gədəbəyin Zəhmət kəndinə köçmüşdür. İsmayıl müəllim orta məktəbi burada bitirmiş, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Ensiklopediyasının elmi ədəbi nəzarət redaksiyasında redaktor vəzifəsində başlamışdır. 1968-1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra əvvəlki yerinə qayıdaraq, böyük elmi redaktor vəzifəsində çalışmışdır.

 

İsmayıl müəllim 1970-ci ildən taleyini elmlə bağlayaraq Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına qəbul olunub, 1973-cü ildə oranı bitirmişdir. 1974-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1974-cü ildən 1979-cu ilədək nitq mədəniyyəti şöbəsində kiçik elmi işçi, 1980-ci ildən 1989-cu ilədək baş elmi işçi vəzifələrində çalışmışdır. Alim bir müddət institutun tətbiqi dilçilik şöbəsinə rəhbərlik etmişdir, hazırda isə lüğətçilik şöbəsinin müdiridir.

 

İsmayıl müəllim bütün şüurlu həyatını ana dilimizin tədqiqinə, təbliğinə həsr etmişdir. O, 1981-1989-cu illərdə radio televiziyada "Azərbaycan dili" "Dil xalqın mənəvi sərvətidir" adlı verilişlər aparmış, gənc nəslə dilimizin zərifliyi, gözəlliyi, zənginliyi, imkanları haqqında söz açmışdır. İsmayıl müəllimin bu verilişləri böyük əks-səda doğurmuş, geniş xalq kütlələri tərəfindən dərin rəğbətlə qarşılanmış, milli-azadlıq mübarizəmizdə, milli şüurun oyanmasında inkişafında son dərəcə mühüm rol oynamışdır.

 

İsmayıl müəllim Dilçilik İnstitutunda elmi fəaliyyəti ilə yanaşı uzun müddət pedaqoji işlə məşğul olmuşdur. O, müxtəlif vaxtlarda Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Bakı Qızlar Universitetində, bir neçə litseydə Azərbaycan dili fənnindən dərs demişdir.

 

Tanınmış alim bir sıra dəyərli tədqiqatların müəllifidir. O, "Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti" (şərikli), "Azərbaycanca-rusca danışıq kitabı", "Ekran, efir dilimiz", "Azərbaycan dilinin izahlı lüğəti" (3 cilddə, tərtibçilərdən biri), "Axtarışlar, yozumlar, anımlar", "Azərbaycan dilinin etnoqrafik leksikası", "Qəzet dilinin leksikası" kimi sanballı kitabların araya-ərsəyə gəlməsinə böyük əmək sərf etmişdir. İsmayıl müəllimin qələmindən yüzlərlə elmi məqalə cıxmış, o, saysız-hesabsız kitabı redaktə etmiş, onlara ön söz, qeyd şərhlər yazmışdır. "Azərbaycan dilinin etnoqrafik leksikası" alimin çoxillik gərgin əməyinin nəticəsində meydana çıxan möhtəşəm bir əsərdir. İsmayıl müəllim 1993-cü ildə "Azərbaycan dilinin etnolinqvistikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Sonra monoqrafiya şəklində çapdan çıxan bu əsər olduqca gözəl bir tədqiqatdır. 

 

"Azərbaycan dilinin orfoqrafiya lüğəti" haqqında ayrıca danışmaq lazımdır. İsmayıl müəllim bu kitabın tərtibçilərindən biri redaktorudur. Məlum olduğu kimi, orfoqrafiya lüğəti vaxtaşırı yenidən işlənir, təkmilləşdirilir nəşr olunur. Bu çox ağır məşəqqətli işdir. Lügətin 2004-cü il nəşrindən sonra onun yeni nəşrinə ehtiyac duyuldu. Bu ağır İsmayıl müəllimə həvalə edildi. 2013-cü ildə onun rəhbərliyi altında lüğətin altıncı nəşri həyata keçirildi. Burada 110 mindən çox söz qeydə alınmışdır ki, bu da əvvəlki nəşrdən 30 min vahid artıqdır.

 

İsmayıl Məmmədli həm də ölkəmizin ictmai həyatında fəal iştirak edir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Dövlət Dili Komissiyasının üzvü ( 2001-ci il), Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2013-cü il). Həsən bəy Zərdabi diplomu və mükafatı laureatı (2004), Səməd Vurğun mükafatı laureatıdır (2014). Əmək veteranı medalı ilə təltif olunmuşdur.

 

İsmayıl Məmmədli respublikamızda və xaricdə keçirilən bir sıra elmi forumlarda, konfranssimpoziumlarda, o cümlədən, Maykop, Orconikidze, Mahaçqala, Ufa, Şimali Kipr Türk Respublikasında keçirilmiş beynəlxalq və ümumittifaq konfranssimpoziumlarda maraqlı məruzələrlə çıxış etmiş, materialları dərc olunmuşdur.

 

İsmayıl Məmmədli institutda fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür (1994-cü ildən). O, kadr hazırlığı sahəsində də mühüm işlər görmüşdür. Alimin rəhbərliyi altında 20-yə yaxın elmlər namizədi və  elmlər doktoru yetişmişdir. Hal-hazırda İsmayıl Məmmədli 7 nəfərin dissertasiya işinə rəhbərlik edir. Təxminən 100 nəfərin rəsmi opponenti, 30-dan çox iddiaçının, publisistin, gənc yazarın əsərlərinin rəyçisi olmuşdur.

 

Yadımdadır, 2008-ci ildə mənim tərcüməmdə "Divanü lüğət-it-Türk"   çapdan çıxanda İsmayıl müəllim təcili qaydada Azərbaycan televiziyasında efir vaxtı aldı, məni də verilişə dəvət edərək kitabın nəşri haqqında tamaşaçılara həyəcanla və sevinclə məlumat verdi. Bu, Azərbaycan teleməkanında "Divanü lüğət-it-Türk"lə bağlı ilk veriliş idi. Bu hadisəni dərin minnətdarlıq hissilə xatırlayıram.

 

İsmayıl Məmmədli bu günictimai elmlərin (dilçilik, ədəbiyyatşünaslıq və etnoqrafiya) müxtəlif sahələrinə aid dəyərli tədqiqatlarını davam etdirir.

Görkəmli Azərbaycan alimini yubileyi münasibətilə ürəkdən təbrik edir, uzunsağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Ramiz ƏSKƏR

Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2021.- 19 noyabr.- S.12.