Əbədiyaşar generalımız
Qarakənd faciəsindən 30 il
ötür
Hər bir insan dünyadan köçəndə
özündən sonra həyatda müəyyən iz qoyur. Bəzən
bu izlər dəniz suları sahil qumunu yuduğu kimi, qısa
müddət ərzində itib-batır. Bəzən isə
yaşanan İNSAN ömrü tarixin salnaməsinə əbədi
həkk olunur, üstündən onilliklər, qərinələr
ötsə də, xatirəsi qəlblərdə, xalqın
yaddaşında yaşayır...
Azərbaycan
xalqının belə əbədiyaşar şəxsiyyətlərindən
biri də 30 il əvvəl Qarakənd faciəsində
dünyasını dəyişən, müstəqil Azərbaycan
Respublikasının ilk daxili işlər naziri, dövlət
müşaviri Məhəmməd Nəbi oğlu Əsədovdur.
General-mayor M.Əsədov 1991-ci il noyabrın 20-də bir
sıra yüksək rütbəli dövlət xadimlərinin
içində olduğu "Mi-8" vertolyotunun Qarakənd
yaxınlığında (Xocavənd rayonu) erməni hərbi
birləşmələri tərəfindən vurulması nəticəsində
şəhid olub. O, Sovet ideologiyasının təzyiqi
altında olanda, sonradan Azərbaycanın müstəqilliyinə
qarşı yaranan təhdidləri aradan qaldıranda da
yalnız bir amala xidmət edib: onun ali
missiyası dövlətçiliyimizə, xalqa ləyaqətlə
xidmət göstərmək olub.
Şərəfli
ömür yolu
Məhəmməd
Əsədov 1941-ci il dekabr ayının
5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Dördüncü sinfi doğma kəndlərində,
orta məktəbi rayonun Mincivan qəsəbəsində
bitirdikdən sonra Bakı Statistika Texnikumunda təhsil alıb.
1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunu maliyyə və
kredit ixtisası üzrə bitirib.
1968-1978-ci illərdə Sumqayıt Şəhər
Partiya Komitəsində təlimatçı, sənaye və təşkilat
şöbələrinin müdiri vəzifəsində
çalışıb. 1978-ci ildə Ağsu rayon İcraiyyə
Komitəsinə sədr təyin olunub. İşgüzar
fəaliyyəti, yüksək təşkilatçılıq
qabiliyyəti ilə respublika rəhbərliyinin diqqətini cəlb
edən M.Əsədov 1980-ci ildə SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin F.Derjinski adına Ali Məktəbində
oxumağa göndərilib. 1982-ci ildə həmin
təhsil müəssisəsini qırmızı diplomla
başa vuraraq, Azərbaycan SSR Dövlət Təhlükəsizlik
Komitəsində məsul vəzifəyə təyin olunub.
Qısa müddət ərzində
özünü peşəkar zabit kimi tanıdıb, həmçinin,
Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə
bitirib. M.Əsədov 1983-cü ildə
Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinə birinci katib
təyin olunub. Yeni katib respublikanın geridə
qalmış rayonlarından olan Jdanovda təsərrüfatı
dirçəldib, bütün sahələrdə geniş
quruculuq işləri həyata keçirib: rayon mərkəzi
abadlaşdırılıb, yeni park,
küçə və meydançalar salınıb, müasir
təhsil müəssisələri inşa edilib...
Milli ruhu, ziyalı mövqeyi ilə seçilən Məhəmməd
müəllim 1986-1988-ci illərdə Azərbaycan KP MK-nın
İnzibati orqanlar şöbəsinin müdiri işləyəndə
də peşəkar idarəçiliyi, zəngin potensialı
ilə diqqət çəkdi, təcrübəli rəhbər
kimi böyük nüfuz qazanıb. Həmin vaxt
Qarabağda separatçı qüvvələr fəallaşır,
mənfur qonşularımızın torpaq iddiaları milli zəmində
münaqişələrə səbəb olurdu. Mərkəzi Komitədə bu kimi taleyüklü məsələlərə
biganə yanaşılsa da, Məhəmməd müəllim
ermənilərin məkrli iddialarına qarşı ilk
günlərdən barışmaz, prinsipial və qətiyyətli
mövqe tutdu. Hadisələrin təhlükəli
vəziyyət aldığını dərk edən M.Əsədov
ermənilərin törətdikləri təcavüzün
qarşısını almaq məqsədi ilə tez-tez
Qarabağa gedir, vəziyyətin nəzarətdən
çıxmaması üçün əlindən gələni
edirdi.
Yenilməz
vətənpərvərlik ruhu
1988-ci ilin fevralında erməni vəhşiliklərindən
qəzəblənmiş xalq Sumqayıtda ayağa qalxaraq Sovet
imperializminə meydan oxuyur, dövlət
maşınlarının qarşısını kəsərək
şəhərə girişinə mane olurdu. Həmin hadisələr
vaxtı təkcə Məhəmməd müəllimin
maşınına toxunmadılar...
Bu heç də təsadüfi olmamışdı. M.Əsədov
uzun illər Sumqayıtda işləmiş, tutduğu ədalətli
mövqe, səmimiyyəti, xeyirxahlığı ilə
böyük ad-san, hörmət qazanmışdı. Üstündən uzun illər ötsə də,
xalq bu yaxşılıqları unutmamışdı. Məhz buna görə də Sumqayıt hadisələri
zamanı Məhəmməd müəllimi tanıyan şəhər
sakinləri "bu, Əsədovun maşınıdır"
deyərək onu böyük hörmətlə yola
salmışdılar. Çünki hamı bilirdi ki, digər
məmurlarından fərqli olaraq Məhəmməd Əsədov
xalqın dərdinə əlac etmək üçün bu
şəhərə gəlib...
Qəlbində
Vətən sevgisi gəzdirən M.Əsədov1988-1989-cu illərdə
Ağdaş Rayon Partiya Komitəsinin, 1989-1990-cı illərdə
Quba Rayon Partiya Komitəsinin birinci katibi işləyəndə
də ona müraciət edən hər kəsin probleminə
xüsusi qayğı ilə yanaşıb, xalqın
rifahının yaxşılaşdırılması, rayonun
sosial-iqtisadi inkişafı üçün var qüvvəsi
ilə çalışıb. Harada işləməsindən
asılı olmayaraq, üzərinə düşən vəzifəni
ləyaqətlə yerinə yetirməsi, ona göstərilən
etimadı yüksək səviyyədə doğrultması
yuxarılarda da müsbət dəyərləndirilib və Məhəmməd
Əsədov 1990-cı ilin may ayında Azərbaycan
Respublikasının daxili işlər naziri vəzifəsinə
təyin edilib.
O, kabinetdə
oturub göstəriş verən dövlət məmurlarından
deyildi. Qarabağ münaqişəsi onu narahat edən
başlıca problem olduğundan yenə də bölgələri
qarış-qarış gəzir, təcili tədbirlər
görmək məqsədi ilə SSRİ Daxili İşlər
Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq
üçün silah-sursat tələb edirdi. Qısa müddət
ərzində Xüsusi Təyinatlı Milis Dəstəsi
yaradan Məhəmməd Əsədov nazirliyin əsas qüvvələrini
Xocalı hava limanında səfərbər edərək ermənilərin
gediş-gəlişinə nəzarəti gücləndirdi,
respublikanın çıxış yollarını ciddi nəzarətdə
saxladı... Nümunəvi xidmətlərinə görə,
1990-ci il noyabr ayının 5-də ona
daxili xidmət general-mayoru rütbəsi verildi.
Yaxın
tarixdən şanlı səhifələr
SSRİ-nin süqutu yaxınlaşdıqca
dünyanın müxtəlif yerlərində xüsusi təlim
keçmiş erməni yaraqlıları qeyri-qanuni yollarla
Dağlıq Qarabağa gələrək təxribatlar törədirdilər. Bu terror
qruplarının əsas qüvvələri Xanlar rayonunun
(indiki Göygöl) Çaykənd kəndində
güclü mövqe tutmuşdu. Belə
çətin məqamda daxili işlər naziri xalqın mənafeyi
naminə son dərəcə qətiyyətli və
mühüm qərar qəbul etdi. Erməni
separatçılarının pozuculuq fəaliyyətinin
qarşısını almaq üçün general M.Əsədovun
rəhbərliyi ilə 1991-ci ilin 30 aprel - 4 may tarixlərində
həyata keçirilən Çaykənd ("Halqa") əməliyyatı
Azərbaycanın müasir hərb tarixinə şanlı səhifələrdən
biri kimi həkk olundu.
Erməni separatçılarının bədnam niyyətlərinin
qarşısını almaq məqsədi ilə həyata
keçirilən bu əməliyyata peşəkar səviyyədə
hazırlıq görülmüşdü. Əvvəlcədən
aparılmış ciddi kəşfiyyat işlərindən
sonra Azərbaycanın güc strukturları, Xüsusi Təyinatlı
Milis Dəstəsinin qüvvələri Çaykənddə
möhkəmlənən erməni bazalarına doğru irəliləmiş,
ərazidə məskunlaşmış terrorçular tərk-silah
edilərək zərərsizləşdirilmişdir. Beləliklə, ərazi erməni
separatçılarından təmizlənmiş, terror
qruplarından çoxlu sayda odlu silah, döyüş sursatı,
mərmi, partlayıcı maddə müsadirə edilmişdir.
Çaykənddə ermənilərin hərbi
bazasının məhv edilməsi bölgədə
separatçıların mövqeyini zəiflətdi.
Böyük uğurla həyata keçirilən
"Halqa" əməliyyatı general M.Əsədovu qətiyyən
arxayın salmır, daxili işlər nazirinin sorağı yenə
də respublikanın ən qaynar nöqtələrindən gəlirdi. Onun rəhbərliyi
altında keçirilən uğurlu hərbi əməliyyatlar
xalqın qürurunu, inamını özünə
qaytarır, ona öz gücünü göstərərək
böyük qələbələrə
ruhlandırırdı. Qarabağda
xilaskarlıq missiyasını inamla həyata keçirən
nazir paytaxta dönəndə müdafiəni gücləndirmək,
təxirəsalınmaz tədbirlərin görülməsi
üçün respublika rəhbərliyinə kəskin
müraciətlər ünvanlayır, ümummilli mənafelərə
xidmət edən konkret təkliflər irəli
sürürdü.
O, hara
gedirdisə, yanınca mühafizəçi aparmazdı... Vertolyot qəzasından bir neçə gün əvvəl
Məhəmməd Əsədov Ermənistanın daxili işlər
naziri ilə görüşə də tək getmişdi.
Qazax rayonunda maşından enən erməni
nazir M.Əsədovu mühafizəçisiz görəndə
heyrətdən karıxıb qaldı. O,
görüşə böyük mühafizə dəstəsi
ilə gəlmişdi. Qarşısında qürurla duran azərbaycanlı
generalın isə yanında təkcə köməkçiləri
dayanmışdı... Həmin görüşdə
M.Əsədov erməni naziri təkcə məğrurluğu
ilə deyil, tutarlı sübutları, qanuni işləri ilə
də məhv etdi.
Müstəqilliyimiz bərpa olunduğu vaxt Qarabağda
baş qaldıran separatçı qüvvələrin
respublikamızın ərazi bütövlüyünə artan
təhdidinin qarşısını almaq üçün
mütəşəkkil ordunun yaradılması qarşıda
duran əsas vəzifələrdən idi. Azərbaycanda Silahlı
Qüvvələrin yaradılmasını tezləşdirmək,
ordu quruculuğu işində mərkəzlə
hüquq-mühafizə orqanları arasında birgə işin
təşkilini həyata keçirtmək üçün
1991-ci ilin noyabrında M.Əsədov dövlət
müşaviri vəzifəsinə irəli çəkildi...
Anım
günü
Hər il noyabrın 20-də xalqımız general Məhəmməd
Əsədovun xatirəsini yüksək ehtiram, dərin minnətdarlıq
hissi ilə yad edir, onun müqəddəs ruhu
qarşısında baş əyərək Uca Yaradandan bu
unudulmaz dövlət xadiminə qəni-qəni rəhmət
diləyir.
Həmişə
böyük kədər hissi ilə qeyd etdiyimiz anım
gününə, ötən dövrlərdən fərqli
olaraq, bu il bir qədər pozitiv əhval-ruhiyyə
də qarışıb. İndi şəhid
generalımızın ruhu şaddır. Onun
uzun illər məşğul olduğu Qarabağ problemi
xalqımızın möhtəşəm zəfəri ilə
tarixə qovuşub. Azərbaycan Prezidenti, müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
düşmən tapdağı altında qalan əzəli
torpaqlarımız 44 günlük Vətən müharibəsindəki
parlaq qələbəmiz nəticəsində işğaldan
azad edilib, Azərbaycanın ərazi bütövlüyü təmin
olunub.
Qəhrəmanlar
heç vaxt unudulmur! Azərbaycan xalqının
taleyində müstəsna xidmətləri olan Məhəmməd
Əsədovun işıqlı xatirəsi şərəf və
qeyrət simvolu kimi xalqın qəlbində əbədi
yaşayır. Bakı, Sumqayıt, Zəngilan, Beyləqan,
Ağsu, Ağdaş və Qubada bir neçə təhsil
müəssisəsi, gəmi, küçə, xiyaban, idarə
və müəssisə şəhid generalın adını
daşıyır... Xatirəsi yaddaşlarda,
adı mədəniyyət, təhsil, elm müəssisələrində
əbədiləşdirilən general Məhəmməd
Əsədovun səmərəli dövlətçilik fəaliyyəti,
xalq qarşısında misilsiz xidmətləri, Vətən
sevgisi, dövlətçiliyimizə sədaqəti gənc nəsil
üçün zəngin həyat məktəbi, əsl
örnəkdir.
Sadiq ZAMAN
525-ci qəzet.- 2021.- 19 noyabr.- S.11.