Akademik İsa Həbibbəylinin "Böyük
Azərbaycan şairi Nizami
Gəncəvi" kitabı on dildə
işıq üzü görüb
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik
İsa Həbibbəylinin on dildə "Böyük Azərbaycan
şairi Nizami Gəncəvi" kitabı nəşr olunub.
525.az
xəbər verir ki, kitabda böyük Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin həyatı və
yaradıcılığından, nəsil şəcərəsindən,
əsərlərindəki ölkə reallıqlarından və
bəşəri dəyərlərdən bəhs olunur. Nizami
Gəncəvinin ölkədə və dünyada
tanıtımı və təbliği üçün
sanballı mənbə olan bu kitabda yer alan araşdırmalar
on dildə təqdim olunur. Azərbaycan, türk, ingilis, rus dillərində
olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü,
Ukrayna və bolqar dillərində isə ixtisarladır.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı,
lirikası, poemaları, Azərbaycan renessansı məsələsi,
dahi şairin yaradıcılığında azərbaycançılıq
kimi mövzular kitabda öz əksini tapıb.
Kitab
görkəmli dövlət xadimi Heydər Əliyevin 24 may
2000-ci ildə Gəncədə Nizaminin məqbərəsini
ziyarət edərkən çəkilən fotosu və dahi
şair haqqında fikirləri ilə başlayır. Cənab
Prezident İlham Əliyevin 24 yanvar 2014-cü ildə Gəncədə
Nizami Gəncəvi Muzeyinin açılışında
çəkilmiş fotosu və Nizami Gəncəvi haqqında
fikirləri də kitabın əvvəlində yer alıb.
Kitabda
Əməkdar mədəniyyət işçisi Fəxrəddin
Əli, Xalq rəssamları Mikayıl Abdullayev, Fuad Əbdürrəhmanov
və digər müəlliflərə məxsus rəsm əsərləri,
mozaika, heykəl və başqa janrlarda olan nümunələr
yer alıb. "Nizami Gəncəvi almanaxı" hissəsində
Nizami Gəncəviyə həsr olunmuş və incəsənətin
müxtəlif sahələrində (rəssamlıq,
xalçaçılıq, heykəltaraşlıq, ağ
üzərində oyma sənəti və s.)
yaradılmış sənət nümunələrinin şəkilləri
öz əksini tapıb.
Ədəbiyyat
İnstitutunun Elmi Şurasının qərarı ilə
"Elm" nəşriyyatında çap edilən
kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Mehman Həsənli, ixtisas redaktoru isə filologiya
üzrə fəlsəfə doktoru, dosent Zəhra
Allahverdiyevadır.
Gülnar Səma
525-ci qəzet.- 2021.- 19 noyabr.- S.9.