Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Bəlkə
də, o, bir qədər sevgisinin şiddətini belə
yüksək dövrələnmədə saxlamasaydı,
aşağı salsaydı, indi mən onun itkisini daha az əzablarla keçirərdim. O, bunu etməyi
də bacarmazdı, öz təbiətini dəyişdirə
bilməzdi. Onun mənə münasibəti sadəcə
arvadına olan vurğunluq deyildi, o, davranışı ilə,
bütün varlığı ilə mənə
hallüsi-nasiyagen təsiri bağışlayırdı.
Məni gerçək aləmdən
ayırıb, xeyirxahlıq bəxş edən feyalar kimi
arzuların qanadlarında yaşamağa öyrətmişdi.
Mənim aləmimdə onu ər etalonu, məhəbbət
qılıncının zərbəsi ilə arvadını
yaralamayıb, öldürməyib, sehrli bir toxunuşla onun
sağalmasına, keçmişin əsarətindən xilas
edilməsinə nail olan möcüzəli bir loğman hesab
edirdim. Əgər bədii metaforadan istifadə
etsəm, o, öz sadə evi timsalında mənim
üçün hamıdan yuxarıda dayanan qaya üstündəki
bir qala tikmişdi. Mən həmin qaladan
aşağıdakı vadilərdə, dağ yamaclarında
yaşayan başqalarına baxanda, özümü səmadakı
ulduz hesab edirdim və onlara ixtiyarımda olan işıq
payı göndərmək istəyirdim. Onun
məni yüksəltdiyi planka elə yüksək idi ki, onun bərpa
olunacağına heç cür inanmıram. Axı Everesti də ikinci dəfə fəth edən
məlum deyildir. Hüseyn
mənim ölmüş könül gözümü bərpa
etdi, əslində, həyata baxan gözümü də
bütünlüklə dəyişdi, bunlar, bəlkə də,
gecikmiş, elə bir qiyməti olmayan söz təsiri
bağışlaya bilər, sizdə elə təsəvvür
yarada bilər ki, mən artıq ölü bir sevinci yada
salıram, ona rekviyem həsr edirəm.
Ələkbər müəllim Ruhiyyənin sözlərini
səmimiliyinə, ərinə olan sədaqətinə bir daha
yəqinlik tapdı. Bu qadın, görünür, ərinin
şəxsində elə bir dünyaya, xəzinəyə
sahib olubmuş ki, onların yenidən həyata
qayıtmağına heç cür inanmırmış.
O, özünü qınamağa başladı ki,
görünür, bağışlanmaz tələsikliyə
yol vermişdir, gərək hələ də matəm içərisində
olan bu gənc qadına ürəyini açmayaydı. Lakin
özünə təskinlik vermək üçün də nəsə
bir şey axtarıb tapa bildi, qoy Ruhiyyə xanım bilsin ki, o,
uzun müddət tənha qalmayacaqdır, ona öz ürəyini
təklif edən adamlar olacaqdır və seçiminə
müvafiq olaraq onlardan biri ilə yenidən ailə
quracaqdır.
Ələkbər müəllim bəzi hədləri
keçdiyinə görə Ruhiyyədən üzr istədi
və bildirdi ki, sizin etirazınıza baxmayaraq, mən hələlik
öz ürəyimdə yaranan işığı
söndürməyə, dəfn etməyə müvəffəq
olacağıma inanmıram. Bu o demək deyildir ki,
sizi daim təqib edəcək, ağcaqanad
vızıltısı ilə kefinizi pozmağa
çalışacağam. Əsla yox, sizə
olan hisslərim məni belə qəbahətli hərəkətlərdən
çəkindirəcək, əvvəlki tək dərin
hörmətdən xəbər verən münasibətimi
qoruyub saxlayacaqdır. İnciməsəniz,
bir düşüncəmi də sizdən gizlətmək istəmirəm.
Mən sizin kimi seçdiyinizə olan
marağımı söndürməyəcək, bu bəxtəvərə
paxıllıqla yanaşmaqla yanaşı, sizin seçiminizin
də nə qədər uğurlu olub-olmadığını
özlüyümdə qiymətləndirəcəyəm.
Mən çox arzu edərdim ki, həmin adam
mənim ümid bəslədiyim səviyyəyə uyğun
olsun, siz səhv etməyəsiniz. Əgər səhvə
yol versəniz, könlünüzü sizə layiq olmayan birinə
etibar etsəniz, güman edirəm ki, yol verdiyiniz xətadan
ayılma, uzaqlaşma sizə olduqca baha başa gələcəkdir.
Qoy Allah sizi layiq olmayan birinə rast gəlməkdən
qorusun, lazımınca qiymətləndirə bilməyi bacarmayanın
tələsindən hifz etsin. Mən sizə
yalnız xoşbəxtlik, səhv addımdan çəkinməyinizi
arzu edərdim. Siz əgər yaxşı
birisinə rast gəlsəniz, şübhə etmirəm ki,
onu da mərhum əriniz kimi sevəcəksiniz, ürəyinizi
fəth edən həmin məxluqun qarşınıza
çıxmasına daim şad olacaqsınız. Lakin çox götür-qoy etmək də adama fayda
vermir, qismətin sizə atdığı xoş paydan imtina
etməməlisiniz, əks halda seçiminiz uğurlu olmaya da
bilər. Siz dənizin sakit havasını da uğur
nişanəsi hesab etməməlisiniz, sizin bəxt yelkəniniz
küləklə dolmalıdır ki, könlünüz,
varlığınız bir nöqtədə ilişib
qalmasın, təhlükə bəxş edən körfəzdə
lövbər salmasın, könlünüz sakitliyi, ram
olunmasını ölü nöqtədə deyil, hərəkətdə,
tufana sinə gərməkdə, onu özünə tabe etməkdə
tapsın. Siz olduqca zərif, xətrinizə dəyməsin,
həm də zəif məxluqsunuz, büllur vaza kimi güllərin
saxlama məkanına yarayırsınız, ora köklü
ağac əkilsə, həmin büllur vaza
çilik-çilik olacaq, ondan əsər-əlamət
qalmayacaqdır.
Siz yenidən həyatın başlanğıcında,
astanasındasınız, siz daim keçmiş xoşbəxtliyinizlə
öyünməməlisiniz, onu yaşamısınız və
artıq həmin günlər arxada qalmışdır. Siz gələcək
həyatınız, onu necə qurmaq barədə
düşünməlisiniz. Sizə
yaxşı ər lazım olduğu kimi, oğlunuza da
yaxşı ata lazımdır. Sizin zəif
çiyinləriniz, oğlunuz böyüdükcə onun artan
yükünü götürməkdən, daşımaqdan
yorulacaq, taqətdən düşəcəkdir. Bu
yükü daşımaq üçün kişi
çiyinlərinə ehtiyac vardır. Siz mərhum
ərinizin etdiyi bir səhvi oğlunuza münasibətdə təkrar
etməməlisiniz. Əriniz, yəqin, sizi
çox sevirmiş, siz isə onun hərarətinə daha
güclü, dəlicəsinə cavab verməyə
çalışmısınız və taleyin
dönüklüyü sizi ağır qaya
parçasının altında qalıb əzilən
canlıya çevirmişdir. Oğlunuza da
huşu itirməyə səbəb olan bir ana sevgisi ilə
yanaşmayın, yaddan çıxarmayın ki, toyuq da
balasını sevir, onu quzğundan qorumağa
çalışır. Siz oğlunuzu hər an sizə güvənmək qaydasında tərbiyə
etsəniz, sonra onun uğursuzluğuna, özünüzün
isə bədbəxtliyinizə səbəb olacaqsınız. Sonrakı vaxt səhvi anlamaq, ondan uzaqlaşmaq cəhdi
fayda verməyəcəkdir. Oğlunuzu elə
indidən, uşaqlıqdan mübarizəyə öyrətməlisiniz
ki, çətinliklərlə üzləşəndə
öz bacarığına, qüvvəsinə güvənsin.
Onu cəsarətli bir insan, öz imkanlarına arxalanan bir kişi kimi tərbiyə etməlisiniz. Siz onu ana uşağı kimi böyütsəniz,
yaşa dolduqda o, köməksiz bir varlığa çevriləcəkdir.
Sizi köməyə
çağıracaqdır, siz nə qədər öz
potensialınıza bel bağlasanız da, həyatın
bütün sınaqlarını dəf etmək gücündə
olmayacaqsınız. Bu vaxt oğlunuz sizin məhəbbətinizin
qoynunda, daim sizə arxalanmaqla həyat sürdüyünə
peşman olacaq, bəlkə də etiraz nümayişi kimi
sizin qəyyumluğunuzu tərk etməyə
çalışacaqdır. Bu isə sizin
üçün əsl fəlakətə çevriləcəkdir,
oğlunuza bəslədiyiniz məhəbbətin əvəzində
ondan sadə bir laqeydliyi gördükdə, siz
çaş-baş qalacaqsınız, sevimli
övladınızın sizə xəyanət etməsi barədə
ağır, üzücü bir qənaətə gələcəksiniz.
Siz təbiət etibarilə maksimalistsiniz, mərhum əriniz
də sizin ambisiyalarınızı bir qədər
yatırtmaq əvəzinə, onları qidalandırmaqla məşğul
olmuşdur.
Çünki ömründə ilk dəfə onun sevgisinə
tam dolğunluğu ilə cavab verən, bütünlüklə
ona vurulan cavan bir qızla ailə qurmuş, arvadının
yaratdığı məhəbbət aləmində
özünü maço kimi göstərməyə cəhd
etdiyindən, sizin hər bir istəyinizə,
şıltaqlığınıza nökər
hazırlığı ilə cavab vermişdir. Siz
onun bu xidmətindən çox razı idiniz və
yaratdığı mühiti məhəbbətə xas olan
gülüstan hesab edirdiniz. Tufan bu
gülüstanı məhv etdikdə, sizdə
dünyanızın uçub, məhv olması təsəvvürü
yarandı, hətta onunla birlikdə həyatı tərk etmək
kimi səfeh fikirlər xeyli müddət sizin
ağlınızı zəbt etməyə başladı.
Vaxtilə bəzi yuxarı kastaya məxsus olan
hinduslar öləndə, onların arvadlarını da həmin
dəfn tonqalında yandırırdılar. "Sati" adlanan bu iyrənc qaydanı 1829-cu ildə
ingilislər ləğv etdilər, çünki Hindistan
artıq Böyük Britaniyanın müstəmləkə
asılılığının astanasında idi. Bir qədər sonra Mahatma Qandinin dediyi kimi, 300 milyon
hindistanlı yüz min ingilisin əsarəti altına
düşdü. Müstəmləkə
zülmü ilə yanaşı, imperiya, bir qayda olaraq,
tabeliyində olan xalqlara elm, təhsil, mədəniyyət
öyrədir, onları keçmişin biabırçı ənənələrindən
uzaqlaşdırırdı. "Sati"nin
ləğv edilməsini də ingilislərin müsbət
işlərinin siyahısına aid etmək olar.
Baş vermiş faciəyə, fəlakətə də
açıq gözlə, şüurlu qaydada yanaşmaq
lazımdır. İnsan həyata xoşbəxtlik üçün gəlsə
də, bədbəxtliklərlə də üzləşməli
olur, bəzilərinə bundan daha çox pay
düşür. Böyük amerikan siyasətçisi Tomas
Cefersonun müdrik bir fikri vardır, ingiliscə belə səslənir:
"The God who gave us life, gave us liberty at the
same time" - "Allah bizə həyat verəndə, eyni
vaxtda həm də azadlıq verir". Azadlıq
insanın müstəqil olmasını, itaətdə
olmamasını, tabeliyə adət etməməsini də əhatə
edir. Qədim Afina demokratiyasının
görkəmli lideri Perikl azadlığı xoşbəxtlik,
igidliyi isə azadlıq sayırdı. Siz ərinizin
ölümünə çox yanırsınız,
özünüzü elə aparırsınız ki,
dünyada əri ölən yalnız sizsiniz, yaxud heç kəsin
sizin tək sevimli əri ola bilməzdi. Belə
fikirlər yanlışdır, ətrafa, dünyaya baxmaq
lazımdır, onda görəcəksən ki, sənin kimi
faciə yaşayanlar heç də az
deyildir. Sən elə güman edirsən ki,
sunami sənin həyat adlanan dəniz sahilini döyəcləyib,
onu viran qoymuşdur. Axı elə
qızlar var ki, onlar ata evində qarıyır, bir dəfə
də olsun ailə xoşbəxtliyinə çata bilmirlər.
Elə gəlinlər vardır ki,
saçları ağarana qədər bala həsrəti ilə
yaşayır, övladsız da həyatı tərk etməli
olurlar. İndi siz həyata
qazandığınız yeni igid bir nəzərlə
baxmalısınız, bu, sizin azadlığınızın
yeni keyfiyyətdəki nişanəsi olacaqdır.
Taleyindən bu dərəcədə narazı qalmağa
haqqın yoxdur. Sən sevdiyin adama ərə getmiş və
sevilməklə mükafatlanmısan, xoşbəxt ailə həyatı
sənin ömrünə parlaq işıq
salmışdır. Evliliyin birinci
ildönümünü oğlunun anadan olması ilə şərəfləndirmisən.
Ərin də, sən də uşağın
istedad işartılarına çox sevinmisiniz. Sizin ailənin, sənin sözlərini əsas
götürərək "xoşbəxtlik
dünyası" hesab etmək olar. Bu
dünya əbədi ömür sürə bilməzdi, meydana
gəldiyi nə qədər xoş idisə, yoxa
çıxmağı, məhv olmağı da o qədər
ağır olmalı idi. Əlbəttə,
qəflətən baş verən dərdi çəkmək,
adətən çətin olur. Yataq xəstəsinin
ölüm anına çatması uzun müddət çəkdiyindən,
vəfatının da yaratdığı reaksiya elə acı
olmur, çünki aylar, bəzən illər fəlakətin
gözlənilməsi ilə müşayiət olunmuşdur.
Qəfləti itki isə onu gözləməyənlər
üçün ağır imtahana çevrilir və
çoxları bu imtahandan xətərə məruz qalmadan
çıxa bilmir.
Ruhiyyə bu söhbətlərdən sonra Ələkbər müəllimin alicənablığına tam əmin oldu. Bu cavan adam dünyagörmüş yaşlı kişi kimi danışır, öz təklifinə rədd cavabı almasına baxmayaraq, ona ağıllı, həm də səmimi məsləhətlər verirdi. Ona görə də həmsöhbətinin yaxın adam kimi ona nəsihət verməsinə heç də pis yanaşmadı, onun sözlərində reallıqdan irəli gələn notları tutdu. Sonra cavab olaraq dedi:
- Mən dərdimə belə yaxından maraq göstərdiyinizə, gələcəyim barədə qayğıkeş məsləhətlərinizə görə minnətdarlığımı bildirirəm. Mən qısa bir müddətdə ərli qadın olduğuma, yalnız məhəbbətlə əhatə olunduğuma görə elə düşünürdüm ki, bu beş il bütöv bir əsrə bərabərdir. Ana kimi də mən böyük təcrübəyə malik deyiləm, oğluma körpə uşaq kimi yanaşmağım, həqiqətən də, sonralar xoşagəlməz problemlər yarada bilər, siz yaxşı ki, mənim diqqətimi bu cəhətlərə yönəltdiniz. Mən onun atasız qaldığına görə bu yolu tutmuşdum, sizin sözlərinizi götür-qoy etdikdə yanıldığım, düz yol tutmadığım qənaətinə gəldim. Əlbəttə, mənə onu böyütmək, boya-başa çatdırmaq, yaxşı təhsil vermək elə də asan olmayacaqdır. Buna görə yenidən özümə ər tapmaq axtarışına çıxmağım da ağılsızlıq olardı. Siz mənim seçimimi vurğulayırsınız, ancaq yaxşı bilirsiniz ki, qadının ərə getməsi, özü də yanında uşaq ikinci dəfə ərə getməsi elə də asan məsələ deyildir. Bu, çox vaxt qismətdən, taledən asılı olur. Mən çıxılmaz vəziyyətdə olanda qarşıma Hüseyn kimi bir alicənab insan çıxdı. Hərbçilər deyirlər ki, heç vaxt bomba ikinci dəfə eyni yerə düşmür. İkinci dəfə ərə getmək könüllü hərəkət etməkdən daha çox qadını məcbur edən çox sayda faktorların məcmuunun təsiri ilə baş verir. Bu faktorlar muncuq deyil ki, onu səliqə ilə sapa düzəsən. Əgər ərim ölməsəydi, sağ qalsaydı, yəqin ki, belə söhbətlərin mənə elə bir təsiri olmazdı. İndi isə bu sözlər mənim şüurumdan, bütün hüceyrələrimdən keçir, yolayrıcında qaldığıma görə mənə hansı yolun əlverişli olduğunu göstərir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 20 noyabr.- S.22.