Olmaz!  

 

 

Bir yazıçı üçün yazdığı romanı imzalatmağa gələn, əsərində yaratdığı güclü qadın obrazından heyranlıqla bəhs edən, ardınca, "Niyə ərə getmirsiniz?" deyə sual verən oxucu ilə qarşılaşmaq yəqin ki, ən böyük xəyal qırıqlıqlarından biridir. Bəlkə , faciədir desəm, şişirtmiş olmaram. Belə durumlarda insan özünü daha çox sorğulamağa başlayır, tərəddüd içində qalır. Düşünür ki, bu qədər primitiv düşüncə sahibini nəinki bir kitabla, dünya ədəbiyyatını yığıb önünə töksən belə, dəyişə bilməzsən. İnsanın "olmazları" bilməməyi böyük fəlakətdir. Anlamaq lazımdır ki, bəzi sualları vermək olmaz! Bəzi sözləri söyləmək olmaz! Bəzi hərəkətləri etmək olmaz! Sənə aidiyyatı olmayan məsələlərə müdaxilə etmək olmaz! "Olmaz" həddini aşmaq olmaz! Beş hərf, bir kəlmə: ol-maz!

 

Yazıçı üçün belə hallar "ümid evindən" bir işığın söndürülməsi deməkdir. Onsuz da topluma hansısa fikri aşılamaq iynə ilə quyu qazmaq qədər çətindir. Bu zaman "düzələn deyil, özümü yormayım" düşüncəsinə qapılırsan. Sonra fikirləşirsən ki, yazıçının taleyi budur. qədər güclü imza olursan ol, istəyir yazdıqların bestseller olsun, bir gün mütləq ildə-ayda bir dəfə kitab oxuyanların sənə "məsləhət" verdiyinə şahid olacaqsan. Bu hadisə yazıçılığı ilə bərabər, həm feminist kimi tanınan Marqaret Edvudun başına gələnləri xatırlatdı.

 

Edvud Kanadada elektrikin, suyun olmadığı yabani bir meşədə dünyaya gəlib. Meşənin qaranlığından, bilinməzliyindən deyil, qış aylarında şəhərə gələndə tualetin sifonunu görüb ondan qorxan bir uşaq idi. Həyatında sadəcə kitablar vardı. Yeddi yaşında yazdığı ilk romanı bir qarışqa haqqında idi. Hələ əllinci illərdə, 16 yaşında olarkən jurnalist fəaliyyətinə başlamağa qərar verdi. Ona bir qəzetdə ya ölüm elanları, ya da moda xəbərləri yaza biləcəyini, digər mövzularda isə "olmaz" dedilər. Düşünmədən rədd etdi. Önünə qoyulanla qane olan, boyun əyən, məcburiyyətə sığınaraq böyük addımlar atmaq onluq deyildi. Gələcəyə dair uzaqgörənliyi Edvudu buna vadar edirdi. Amma bəzən bədbinliyə qapıldığı da olurdu. Məsələn, özünü Parisdə bir binanın tavan qatında absent içib, siqaret çəkərək şah əsərlər yazan, sonra da ən gözəl şəkildə ölən bir yazıçı kimi təsəvvür edirdi. Gənc, sağlam olmağına baxmayaraq, həmin dönəmlərdə ömrünün son günləri barədə həddən artıq düşünməyə başlamışdı. Tezliklə bu fikirləri beynindən atdı, içində müəllimlik etmək istəyi yarandı, ingilis dili ədəbiyyatı üzrə təhsil almağa qərar verdi. "Olmaz" dedilər, oldu, həm çox gözəl oldu!..

 

Müsahibələrinin birində həmin vaxtlardan belə bəhs edir: "Bir gün ağlıma magistratura oxumaq fikri gəldi. Harvarda üz tutdum. "Qarson olmaqdan yaxşıdır" dedilər, ən çox da buna görə getdim. Orada daha çox yaza biləcəyimi dedilər. Bunun "olmazlarını" deyənlər daha çox idi. Bir məsləhətçim vardı, yazmaq işinə son verməyimi, universiteti atmağımı, münasib bir namizəd tapıb evlənməyimi söylədi. Amma ona qulaq asmadım, dinləmədim, inandığım, dilədiyim istədiyim yoldan getdim. Oldu!" Təsəvvür edirsiniz, bu cür həddini bilməyənlər dünyanın hər yerində var. Amma bir fərqlə! Edvud bunları ötən əsrin ortalarında yaşamışdı. Bizdə isə hələ aktualdır. Qadını bir kişinin kölgəsinə dürtərək, onun qanadlarını sındırıb başqasının qanadları ilə uçmağı öyrətməyə çalışan tiplərdir ədəbiyyatda, kültürdə, mədəniyyətdə xarüqələr yarada biləcək istedadları məhv edənlər. Marqaret Edvud əgər onun beyninə bu fikirləri yeridənləri dinləsəydi, dünya ədəbiyyatına 18 roman, 18 şeir kitabı, 8 uşaq kitabı, saysız esselər, hekayələr daha nələr bəxş edib, Booker, Kafka, C.Clarke mükafatları ala, Nobelə namizəd ola bilməzdi. Hər insan kimə istəsə ərə gedə, cüt-cüt uşaqlar doğa, ömrünü bir kişinin himayəsi altında keçirə bilər, amma hər insan roman yazaraq, ədəbiyyata ölümsüz əsərlər bəxş edə bilməz.

 

Marqaret Edvud ədəbiyyata möhtəşəm romanlar qazandırdı, əsələrinə filmlər, seriallar çəkildi hələ çəkilməkdədir. Özü bunları Parisdə, bir damın altında ölməyi gözləyərək deyil, gəzərək, yaşayaraq, hiss edərək, sadəcə hər kəsin gördüklərini yox, görmədiklərini görərək "olmaz" deyənləri əzib keçərək etdi. Körpüdən özünü atmadı. Utopiya ilə dispotiyanı birləşdirərək "ustopya" növünü yaratdı. Bütün bunlarla bərabər, ailə qurdu, beş il evli qaldı, bir uşaq dünyaya gətirdi, sonra boşandı bir daha heç vaxt ərə getmədi. Əlbəttə, quru ağac kimi yaşamadı, sevdi, sevildi. Ən böyük eşqi isə Graeme Gibson oldu. Münasibətləri 48 il davam etdi iki il əvvəl sevgilisinin 85 yaşında ölməsi ilə bitdi.

 

Yeri gəlmişkən, yazıçı feminizmi bütün əsərlərində qüsursuz şəkildə sərgiləyir. Edvudun romanlarında yaratdığı qadın qəhrəmanlar həyatda qala bilmək, nəfəs almaq üçün böyük maneələr aşırlar. Ən maraqlısı isə ya bir-birilərindən yapışırlar, ya da bir-birilərini yox etməyə çalışırlar. Bu qadın obrazları Viktoriya Britaniyasının sərt mühafizəkar statuslarından asanlıqla çıxa bilmirlər; ya evinin xanımı olaraq əmr verib hikkəli davranırlar, ya da evin xidmətçisi olaraq hirsdən içləri qovrulur. Gənc qızlar isə ya bir seks köləsi, ya da damazlıq olaraq böyüdülür, ətrafdakı kişilər isə daima onları ovlamağa çalışırlar. Bəzən isə içlərindəki buzları əl-ələ verərək əritməyə çalışan Emily Dickinson, Virciniya Volf, Silviya Plat kimi intellektual qadına çevrilirlər. Edvudun əsərlərini oxuduqca qadınların məişət sərhədlərini aşmalarının heç asan olmadığını görürük. Bu gün qadınların qaranlıqlarına işıq tutan ən güclü yazıçılardandır Marqaret Edvud. Həm yazdıqları, həm qarşısına çıxan "olmazları" vurub dağıdaraq irəliləməsi ilə əsl örnəkdir!

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2021.- 20 noyabr.- S.21.