"Əsgərdir, Ordudur Şuşa!"  

 

Bu günlərdə məni bir görüşə dəvət eləmişdilər - Rəşad Məcidin "Şuşa" şeirinə Xumar xanım Qədimovanın bəstələdiyi əsərin təqdimatına. Görüş deyirəm, çünki söz musiqi ilə görüş gözləyirdi məni. Müəllifliyi İbrahim peyğəmbərə şamil edilən "Yaradılış Kitabı"nda (Yetsir Səfəri) deyildiyinə görə, yaradılış söz, rəqəm səs vasitəsilə gerçəkləşib. Yəni Yaradan kainata, bütün bəşəriyyətə bu üç dildə "müraciət edib, hikmətini çatdırır". Həllac Mənsur isə deyir ki, "Yazan da, yazdıran da Allahdır. Mən əlim sadəcə alətik". Bəli, bir var insan özünün günlük həvəsini dilinə alır, nota köçürür, bir var ilahi coşqu bütün ruhunu elə çulğalayır ki, sonda alınan əsərə müəllif özü heyran qalır! Maraqlıdır ki, bu tədbirdən bir neçə gün qabaq - Zəfər Günündə "Biz" sənədli filmini, Şuşanın xilası haqqında tarixi xronikanı izləmişdim onun təəssüratından çıxa bilmirdim. "Şuşa" əsərini dinləməklə neçə gündür ətrafında hərləndiyim "ideya" tamamlandı mən bu kiçik yazı ilə dinclik tapdım.

 

Deyilənə görə, Şuşa möcüzəli bir şəhərdir. Şeirdə deyildiyi kimi,

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Qıraqda qalanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa.

 

İndi o, həm qəhrəman şəhər oldu. Şuşa haqqında yaranan təəssüratlar fərqlidir: kimsə işğaldan qabaqkı halının xəyallarını canlandırır, kimsə mahnılardan eşitdikləri ilə assosiasiya yaradır, onu Xanın, Qədirin səsində, xarıbülbülün obrazında axtarır, bir başqası da qeyrətli qartal oğulların müqəddəs məkanı kimi görür. Mən Şuşanı görməmişəm. "Şuşa" əsərini dinləməklə məndə Şuşa obrazı canlandı. Bəlkə "Biz" sənədli filminin tamaşasından sonra "Şuşa" əsərini dinləməyim məni bu qədər həyəcanlandırdı, sanki həmin filmin musiqi versiyası, hadisə, söz musiqinin mükəmməl vəhdəti kimi səsləndi.

 

Bir neçə il əvvəl muğamın fəlsəfəsini, bu millətin düşüncə tarixi ilə musiqisi arasında paralelləri araşdıranda belə qənaətə gəlmişdim ki, heç bir epos müharibə prosesində yaranmır. Adətən döyüşlər zamanı əvvəlki zəfərlər haqqında, əsgərləri döyüşə səsləyən nəğmələr oxunur, sanki tarixi qəhrəmanların ruhu çağırılır. Döyüşlərdən sonra isə yeni nəğmələr, dastanlar qoşulur. Eposlar, möhtəşəm əsərlər məhz dinc zamanların, diqqətin hərbdən, döyüşlərdən sülhə, sakit həyata yönəlməyin məhsuludur. Təsadüfi deyil ki, eposlarda hər qədər əfsanə qarışığı olsa da, onlar bir tərəfdən gerçək tarixi salnamə olmaq iddiasındadırlar, digər tərəfdən, bir ədəbiyyat nümunəsidir. Epos tarixdir, sadəcə bir az poeziya, bir az musiqi, bir az da ecazkar ilahi ruh əlavə edilir. Niyə? Çünki adi sözlə çatdırılan quru rəvayətin dərsliyin, salnamələrin səhifəsindən çıxmağa gücü çatmır. Mütləq ona poeziyanın ruhunu, musiqinin qanadlarını, ilahinin nurunu qatmaq lazımdır ki, o, yaddaşlarda möhkəmlənib, dillərdə əzbər olub, illərin üstündən adlayıb gələcək nəsillərə çata bilsin.

 

Şuşa deyəndə illər ərzində gözümün önünə ancaq peşman, xəcalətdən yerə dikilmiş baxışlar gəlirdi. Basılmaz hesab etdiyim Qalanın işğalının hər ildönümündə ürəyimdəki ümidin tellərindən biri qırılırdı. 2020-ci ildə sosial şəbəkələrdə bir şəkil gördüm: Qalanın önündə əlində bayraq tutan bir Azərbaycan əsgəri altında yazı: "Söz vermişdim, gəldim". Sanki içimdə Ülvinin şeiri səsləndi:

 

Qarabağdı mənim dinim-imanım,

O torpağın nişanəsi, iziyəm.

Məni belə aciz görmə qəbirdə,

Qəbirdə Qarabağın özüyəm.

 

İçimdə yenə kiçik bir ümid közərdi ... özümü Şuşanın yerində hiss elədim. Həmin ilin sentyabrında başlanan şərəfli döyüş 44 gün sonra Şuşa zirvəsində Zəfərlə taclandı. Şuşanın xilası haqqında filmdə Vətən Qəhrəmanları bir möcüzəni tez-tez dillərinə gətirirdilər: "Göydə Allah, yerdə Qala bizi çox qorudu", yaxud "Babalarımızın bizim üçün miras buraxdığı həmin Qala divarları, bəlkə onların da ruhu şad oldu ki, bizim işimizə yaradı. Vaxtı gələcək ki, bizim o Qala divarlarına ehtiyacımız olacaq". Bu, tarixdir! Bu, yaşanmış şərəfli bir həyatdır. Şairin dediklərinin real səhnəsi:

 

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Bilib eşidəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

 

Rəşad Məcidin dediyinə görə, illər sonra Şuşaya təkrar ayaq basanda bir neçə fakt elə bir rezonans yaratdı ki, bu şeir yarandı. Əvvəlcə Ali Baş Komandanın: "Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə yoxdur" cümlələrini eşitmək. Sonra yuxudan doğma bir avazın - Alim Qasımovun azan səsinə oyanmaq qarşında savaşdan qələbə ilə çıxan örpəkli Şuşa ilə üzbəüz durmaq. Məhz həmin rezonansın nəticəsi olaraq belə bir şeir yarandı:

 

Min şəhər adı var dillər əzbəri,

Adların ən üstün adıdı Şuşa.

Musiqi notudur cüt hecasıyla: Şu-Şa

Dilimin şəhdidir, dadıdı Şuşa.

 

Poeziya ilə hadisə bir-birini elə gözəl tamamladı ki, musiqi öz-özünə axdı, süzüldü. Sözlərə qanad olan bu musiqidə - Xumar xanımın ruhundan qopan bu avazda var idi ki, məni belə düşündürdü? Coşan, dağlara səs salan musiqi keçir həzin balabana, qəhrəmanlara çağırış edən, hayqırmaqdan simləri gərilən saz anidən kamança ilə sakitləşir, arxa fonda isə ya dağların nəfəsi, ya Şuşanı azad edən igidlərin bu sıldırım qayalara hopan ruhunun səsi, ya da hamısı bir yerdə. Əsər bütövlükdə məhz bir tərəfdən, Zəfər məqamına çatan, igidlərlə bərabər döyüşən, "qoşun, əsgər, ordu Şuşanın", digər tərəfdən, sərt qayalığın qoruduğu Cıdır düzündə zərif xarıbülbül bitirən Şuşanın portreti canlandı.

 

Düşünmürəm ki, bu musiqi alətləri təsadüfən seçilib.

 

Qədim türk musiqi araşdırmaçısı və ustad musiqiçi Rəhmi Oruc Güvənin dediyinə görə, ney, balaban, kamança, ud, qopuz kimi alətlərin səs tonallığı insanda aqressiya yaratmır, əksinə, ruhunu sakitləşdirir, bütün orqanizmində səslərin harmoniyasını bərpa edir. Bununla yanaşı, bu musiqi alətlərinin hər birinin tarixini dərindən öyrənəndə belə məlum olur ki, onlar öz xalqları tərəfindən müqəddəs musiqi aləti hesab ediliblər. Bununla sanki dinləyiciyə əyani olaraq duydurulur ki, nəql olunanlar sadəcə rəvayət, əfsanə deyil, Haqdan alınan bir həqiqətdir, içində dərin bir hikmət var. Şuşa dastanında bir-birini tamamlayan çox ziddiyyətlər varbu, özünü ona həsr olunan əsərdə də göstərir: musiqi həm qılınc kimi havada əsir, həm də lay-lay kimi sakitləşdirir, həm günün bəlasının dərsini verən igidin nər hayqırtısını çatdırır, həm də ilahi ruhun nəfəsini. Cəngiyə səsləyən qavaldan, sazdan sonra səslənən balaban məhz həmin nəfəsin ifadəsidir, kamança isə sürəkliliyin, düşüncənin sıçrayışlarla deyil, dalğa-dalğa yüksəlməsinin təminatçısıdır. Musiqini dinlədikcə beynimdə bir fikir təkrarlandı, təsdiqləndi: bu millət döyüşməyi də bacarır, sülhə təminat verməyi də, haqqının hesabını çəkməyi də bilir, hikmət dolu ilahi səsi duymağı da. 

 

Dəhşətdir! Bir vaxtlar, Xan Şuşinskinin hüsnünə nəğmə qoşduğu, "dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı", "çox gümanlının dərdindən öldüyü" Qarabağın xanım-xatın gözəli, Şuşası illər ərzində gördüyü faciələrdən, zülmlərdən dəyişib, əlinə silah alıb igid oğulları ilə bir yerdə savaşa qalxdı. örpəyi - dumanı ilə onları yağı düşmənin gözündən gizlətdi, sərt qayaları ilə onları güllədən qorudu, qırmızı koftası ilə onların al-qanını sildi...  Şuşa bir gözəldən orduya, əsgərə çevrildi. Əslində, o qədər də təəccüblü deyil. Bu millətin qızının ağıllı sərkərdə, müdrik hökmdar, qeyrətli Ana olması birinci dəfə deyil ki...

 

"Şuşa" əsəri kiçikdi, ancaq ehtiva elədikləri o qədər böyükdü ki! İnanıram ki, gələcəkdə "Şuşa" dastanı, igidlərin bu qayalarda silinməz iz salan qəhrəmanlıqlarını tərənnüm edən Epos yazılacaq. Milləti xəcalətdən qurtaran, yüksək Mənliyini özünə qaytaran, ülvi mənəviyyatını ayaq altından götürüb təkrar yüksəldən İgidin ən kiçik cizgilərinə qədər çatdıran böyük, möhtəşəm bir Epos! Epos millətin, xalqın ruhundan damla-damla süzülən səslərin, sözlərin vəhdətidir. Bilmirəm o Eposun yaranması neçə ilə başa çatacaq, hansı həcmdə olacaq, ancaq onu bilirəm ki, "Şuşa" kimi ürəkdən gələn, ruhdan səslənən belə əsərlər o Eposun parçalarıdır. 

 

 

Könül BÜNYADZADƏ

AMEA-nın fəxri üzvü

 

525-ci qəzet.- 2021.- 20 noyabr.- S.19.