Trolleybus əhvalatı

 

hekayə

 

1991-ci ilin 20 noyabrında törədilmiş dəhşətli terrordan - ermənilərin daha bir qanlı əməli olan Qarakənd faciəsindən 30 il keçir. Təqdim olunan bu hekayə həmin faciənin qurbanlarından birinin - Azərbaycanın Milli Qəhrəmanı, fədakar teleoperator Fəxrəddin Şahbazovun xatirəsinə həsr edilib.

 

***

 

Aybəniz MƏMMƏDƏLİYEVA

Azərbaycan Televiziyasının əməkdaşı, Həsən bəy Zərdabi Mükafatı laureatı

 

 

...Həmin gün özünün xəbəri olmadan ecazkar bir aləmə düşmüşdü. Ətrafına göz gəzdirdi, hər tərəfdə onu gördü. Bildi ki, axtardığı odur! Sevindi. Yalnız onu görürdü, heyrət edirdi Tanrının qüdrətinə. Düşünürdü ki, o mələksima da yalnız onu görəcək. Buna görə inamla gəlirdi ona tərəf. O qədər inamla gəlirdi ki, ürəyi ondan qabaq uçurdu.

 

***

 

- Ay qız, Nəsibə, çəkiliş-çəkiliş salmısan? Dərsdən çıxan kimi tez gəl evə.

 

- Nənə, sənə qurban olum, qoy da gedim. Uşaqların hamısı gedir. , , televizorda göstərəcəklər ey məni...

 

-Yaxşı, yaxşı, get. Amma syomkadı, nədi qurtardımı, tez gəl evə...

 

- Ay sağ ol, mənim göyçək nənəm.

 

- Özündən muğayat ol, a bala..

 

- Narahat olma, nənəcan...

 

***

 

 

 

- Bu nədi!? Dəyişin planı! Pah atonnan, yenə eyni plan, eyni kadr!

 

, bax belə, şükür Allaha, dəyişdilər kadrı... Yox ey, yox, yenə həmin kadr, həmin tələbə. Qoy bir özüm düşüm aşağı, baxım görüm kimin kamerasındandır?!

 

Rejissor pult arxasından durub çəkiliş yerinə gəldi. Fəxrəddinin kamerası idi. O, rejissorun səsini eşitmirdi, heç eşitmirdi. Öz dünyasında, öz aləmində idi. Gözünü kameranın gözüylə uzun illərdiki axtardığı tale qismətinə zilləmişdi.

 

- "Eh, Mehdi imkan verməz ki..." Teleoperator da ürəyində rejissoru yıxıb sürüdü. Necə deyəydi ki, olar, qoy doyunca baxım. İlk dəfədir ki, ürəyimə yatan birini tapmışam.

 

Fəxrəddin daha bir neçə başqa kadr da çəkib yenə obyektivi suyuşirin tələbə qızın üzərinə yönəltdi. Çəkiliş sona çatmaq üzrəydi. Başqa vaxt olsaydı işin tez qurtarması keçərdi ürəyindən. Proqramdan sonra ya idman zalına məşqə, ya da molbert üzərində yarımçıq qalmış rəsmi tamamlamaq üçün evə tələsərdi. İndi isə çəkilişin sonsuza qədər uzanmasını arzulayırdı...

 

- Şahbazov, fikrin auditoriyada olsun. Az qalıb. Bir-iki kadr da çəkirik, vəssalam, - deyə rejissor səsini ucaltdı.

 

DİKTOR: - Beləliklə, tələbə dostlar, verilişimiz sona çatır. Gələn proqramlarda görüşmək ümidilə ayrılırıq sizdən. Proqram haqda arzu təkliflərinizi bizə yazın. Ünvanımızı xatırladırıq: Bakı, Mehdi Hüseyn küçəsi, 1. Azərbaycan Televiziyası - "Tələbə dünyası" verilişi.

 

Fəxrəddin sonluğu da çəkib, kameranı söndürdü.

 

Nəsibə çəkiliş qurtaran kimi, qrup yoldaşları ilə görüşüb dayanacağa tələsdi. Bilirdi ki, nənəsi nigarandı. Bəlkə səhərdən yüz dəfə eyvana çıxıb, küçəyə boylanıb.

 

- Ay, yaxşı trolleybus gəldi. Geciksəm, nənəm aşımın suyunu verərdi.

 

Fəxrəddin qrup üzvləri ilə görüşmədən tələm-tələsik dayanacağa sarı götürüldü. olur-olsun, onu gözdən qoymayacaqdı. İtirsə, bu boyda şəhərdə onu yenidən necə tapacaqdı?! "Lap az qalıb. 2 dəqiqəyə çatıram dayanacağa".

 

Sən saydığını say... Trolleybus artıq dayanacağa çatıb, sərnişinləri götürüb, yola düşmüşdü. Fəxrəddin peşman-peşman trolleybusun arxasınca boylandı. "Heyif, çata bilmədim..." Aman Allah, möcüzə! Trolleybusu elektrikə bağlayan qollardan biri xətdən ayrılır. Ulduza bənzər qığılcımlar xoş xəbər müjdəçisi kimi ətrafa yayılır. Trolleybus yerindəcə qalır.

 

"Vay, vay, nənəm məni öldürəcək..." - Nəsibə nigaran-nigaran pəncərədən çölə boylanır. Baharın ən gözəl çağıdır. Ətraf yaşıllığa bürünüb, çiçəklər bir-birilə gözəllik yarışına girib. Günəş artıq qüruba enir, gecə qaranlıq pərdəsini yavaş-yavaş şəhərin üzərinə sərir...

 

- "Aha, mənimki gətirdi" - deyib Fəxrəddin üzüaşağı trolleybusa sarı qaçdı. Sürücü məharətli idi deyəsən. Nasazlığı tez bərpa edib, sükan arxasına keçdi. Vaxt itkisini doldurmaq üçün təntidiyindən trolleybusun arxa qapısını bağlamağı unutmuşdu. Fəxrəddin onun üçün açılan bu bəxt qapısından özünü içəri atmazdımı?! Gözücü salona nəzər salıb Nəsibəyə yaxınlaşdı.

 

- Çəkiliş xoşunuza gəldimi?

 

- Əlbəttə.

 

- Bizdə tez-tez olur belə çəkilişlər. İstəsəz, telefon nömrənizi verin, çəkiliş vaxtını sizə deyim.

 

- Telefonumuz yoxdur.

 

- Elə isə mən verim nömrəmi sizə. Vaxtaşırı zəng vurun. Çəkiliş olanda sizə qabaqcadan xəbər verim.

 

Yaş fərqləri dərhal hiss olunduğundan Nəsibə operatorun suallarına çəkinmədən cavab verirdi. Hardan biləydi ki, yaşca ondan xeyli böyük olan operator çoxdan axtardığını tapıb. İndi isə heç cürə itirmək istəmir. Xarakterinə xas olan utancaqlığı da unudub, sualı sual dalınca verir. Növbəti dayanacaqda Fəxrəddin sağollaşıb ayrıldı.

 

Nəsibə çəkilişin təəssüratları altda bir neçə dayanacaq irəlidə düşüb nənəsigilə sarı getdi. "Nənəmgilin qonşuluğunda yaşayan bir xanımın qohumu eşitdiyimə görə Teleteatrda işləyir. Elə ona deyərəm, mənə çəkiliş vaxtını deyər. Niyə bir tanımadığım adamın evinə zəng vurub narahat edim ki?!" - deyə düşündü.

 

- "Birdən zəng vurmaz, birdən daha görə bilmərəm. Yaxşısı budur fürsəti əldən verməyim..." - Taksi, taksi. Salaməleyküm, qardaş, sən Allah tez sür o trolleybusun arxasınca...

 

Yolboyu Fəxrəddin trolleybusun qapısından gözünü ayırmadı...

 

"Bay, bu elə həmin qonşudur ki... Sən təsadüfə bir bax. Qoy sözümü deyim".

 

Nənəsigilin dayanacağında düşüb evlərinə gedən Nəsibəni daha bir sürpriz gözləyirdi. Qohumu Teleteatrda işləyən qonşu həyətdə azyaşlı uşağını gəzdirirdi.

 

- Salam, Sitarə bacı, necəsiniz?Allah saxlasın, şirindi...

 

- Sağ ol, a Nəsibə, Allah sənə qismət eləsin.

 

- Sitarə bacı...

 

Nəsibə sözünün ardını deyə bilmədi. Sitarə üzbəüzdə dayanan adama sarı baxıb: "Bu ki bizim Fəxrəddindir" - dedi. "Televiziyada işləyir. Bilirsən necə yaxşı oğlandır?! Özü idmançıdır. Rəssamlığı da var. Di gəl ki yaşı keçir, amma evlənmir. Könlümə yatan qız tapa bilmirəm" - deyir. " bilmək olar? Bəlkə tapıb?!" - Sitarə mənalı-mənalı Nəsibəni süzdü.

 

Beləcə, bahar günlərindən birində televiziyadakı bir çəkilişdə böyük bir məhəbbətin bünövrəsi qoyuldu.

 

İllər keçəcək, dövran dəyişəcək. Baharda bünövrəsi qoyulan bu saf, ülvi məhəbbət bir çiskinli, dumanlı payız günündə fələyin gərdişindən param-parça olacaq. Bu tez başlayıb qara əllər sayəsində erkən bitən sevginin meyvələri - Əminə Səbinə bu gerçək məhəbbət nağılını dəfələrlə analarının dilindən eşidəcək.

 

Ailə qurduqdan sonra Səbinə bu nağılı atasının adını daşıdığı övladına söyləyəcəkdi:

 

- Heç biz yaxşı xatırlamırıq. Onda Bakıda trolleybuslar, tramvaylar varmış. Sənin qəhrəman baban Fəxrəddin Şahbazov nənənlə həmin trolleybusda tanış olmuşdu. Sonra, sonra da... filmə bənzər bir tale yaşamışdılar...

 

Sən nə qədər məndən uzaqlaşsan, bil,

Yer deyil, əflakə belə uçsan, bil,

Qarşılaşıb birləşərik daima!

Ayrı deyil, çünki birik, daima.

 

***

 

 

 

...Həmin gün özünün xəbəri olmadan ecazkar bir aləmə düşmüşdü. Ətrafına göz gəzdirdi, hər tərəfdə onu gördü. Bildi ki axtardığı odur! Sevindi. Yalnız onu görürdü, heyrət edirdi Tanrının qüdrətinə. Düşünürdü ki, o mələksima da yalnız onu görəcək. Buna görə inamla gəlirdi ona tərəf. O qədər inamla gəlirdi ki, ürəyi ondan qabaq uçurdu.

 

Amma...

 

Daha sən günəş kimi əlçatmazsan mənimçün. Ürəyim səndə qaldı!

 

Aybəniz Məmmədəliyeva

 

525-ci qəzet.- 2021.- 20 noyabr.- S.18.