Hafiz Quliyev :"Cəbrayıla
gedəndə keçirdiyim hissləri heç bir sənət
ifadə edə bilməz"
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin
nümayəndələri ilə görüşüb,
Memorial Kompleksin və şəhərin bərpasının təməl
daşını qoymuşdu. Həmin tarixi görüşdə
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti Hafiz Quliyev də iştirak edirdi. Hafiz
müəllimlə elə teatrda görüşərək həm
yaradıcılığı, həm Vətən müharibəsi,
həm də sözügedən tarixi görüş
haqqında geniş söhbət etdik:
***
"Biletlər
elə tez satılır ki, az sonra kassada bilet
tapılmır"
- Hafiz
müəllim, uzun aradan sonra teatrlar nəhayət, öz
işinə başlayıb. Sizin teatrda işlər necə
gedir?
- Pandemiya
həm dünya, həm də ölkəmizdə bütün
sahələrə, o cümlədən, mədəniyyətə,
teatrlara ciddi təsir etdi. Uzun müddət idi
qapanma şəraitində idik. Şükür
ki, sentyabr ayında biz teatr olaraq artıq fəaliyyətə
başladıq. Bildiyiniz kimi, sentyabrın 18-də dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin doğum günü münasibətiylə
hər il ölkəmizdə ənənəvi
olaraq beynəlxalq musiqi festivalı keçirilir. Bu festival çərçivəsində Opera və
Balet Teatrına icazə verildi ki, bir neçə tamaşa
göstərək. Onda hələ
heç bir teatra icazə verilmirdi. Biz də
bu sayədə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"
operası da olmaqla, bir neçə
tamaşalarımızı göstərdik. Bundan sonra
Operativ Qərargah müəyyən məhdudiyyətlərlə
də olsa, bütün teatrların fəaliyyətinə icazə
verdi. Teatr cameəsinin bu qərara
reaksiyası çox maraqlı oldu. Hər
kəs çox sevinirdi. Əlbəttə,
incəsənət insanları səhnədə, çəkiliş
meydançasında olmalıdırlar. Buna
görə də onların bu sevinci anlaşılandır.
Bundan sonra biz də repertuar üzrə
tamaşalarımızın nümayişinə
başladıq. Həftədə
üç dəfə - çərşənbə, şənbə
və bazar günləri tamaşalarımız
oynanılır. Təbii ki, pandemiya
qanunlarını nəzərə almaqla. İnsanlar uzun
müddət idi teatrdan uzaq idilər və biz
düşünürdük ki, onların teatrlara
qayıdışı, adaptasiyası bir az
vaxt çəkəcək. Amma heç də
belə olmadı. İlk tamaşadan
artıq tamaşaçı axınını gördük.
Bu günə kimi 20-yə yaxın tamaşa
göstərmişik və hamısı çox böyük
maraqla qarşılanıb. Biletlər elə tez
satılır ki, az sonra kassada bilet
tapılmır. Alqışlar da başqadır
elə bil. Tamaşaçılarımız
daha şövqlə, coşğuyla alqışlayırlar.
Aktyorlarımız da daha böyük həvəslə
oynayırlar. Görünür ki,
tamaşaçı-səhnə-aktyor triosu düzəlir.
Həmçinin, məşqlərimiz də
sürətlə gedir. Aktyorlarımız
elə böyük səylə məşqlər edirlər
ki, çox qısa zamanda kütləvi səhnəli
tamaşalarımız da nümayişə hazırlandı və
oynanıldı. İnşallah, pandemiya tam
bitsin və insanlar da işini daha rahat görsün.
"Sanki
Azərbaycan Ordusu məhz irəli getmək üçün
qurulub..."
- Geridə
qoyduğumuz dövr ölkəmiz üçün pandemiyadan əlavə,
daha çox Vətən müharibəsi və Böyük Zəfərimizlə
yadda qaldı. Bu dövrü necə
keçirdiniz?
- Əslində, bu, indi ən vacib və ən ürəklə
danışa biləcəyimiz mövzudur. Çünki
Azərbaycan son bir neçə əsrin ən böyük zəfərini
qazandı. 44 gün içində bizim 30
ildir qəlbimizdə yaraya çevrilən işğala son
qoyuldu. Bəli, bu 30 ildə ölkəmizdə
çox mühüm işlər gedirdi, hər sahədə
inkişaf görünürdü. Biz
yaradıcı insanlar mədəniyyət sahəsində
çalışır, teatrda işlərimizi davam etdirir,
xarici ölkələrdə incəsənətimizin təbliğini
uğurla həyata keçirirdik. Amma yeganə
bir nisgilimiz vardı ki, o da Qarabağ idi. Qarabağ
dərdi və arzusu, fikrimcə, özünü azərbaycanlı
və türk sayan hər kəsin içində vardı.
Həmişə "İnşallah, nə
vaxtsa o torpaqlara gedək" - deyə arzu edərdik. Bu gün isə "çox şükürlər
olsun ki, artıq o torpaqlara gedə bilirik" - deyirik. Doğrudan da, burada Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, iradəsi,
diplomatiyası və qələbə əzmiylə qurduğu
ordu və bu ordunun ruhu böyük önəm kəsb etdi.
Bilirsiniz, bu, çox az hallarda olur ki, orduda
bu cür ruh yaransın. Sanki Azərbaycan Ordusu məhz
irəli getmək üçün qurulub, onlar geri addım ata
bilməzlər. Müasir texnikanın idarə
olunması, çətin və dağlıq relyeflərdə
hərbi əməliyyatların yerinə yetirilməsi
heç də asan iş deyildi. Çoxumuz
Şuşaya gedən o Zəfər yolunu gördük. İndi oradakı asfalt yolla gedəndə insan qorxur.
O ki qala, əsgərlərimiz orada heç bir yol olmadan,
daşı, qayanı yara-yara, meşələrdən
keçə-keçə Şuşaya gedib
çıxmışdılar. Özü də
eyni zamanda, mənfur və relyefi çox gözəl
tanıyan düşmənlə döyüşə-döyüşə.
Demək ki, onları məhz bu ruh, Vətən
sevgisi oraya qaldırırdı. Əslində,
bunun özü böyük möcüzədir. Azərbaycanın apardığı bu 44
günlük müharibə doğrudan da, analoqu olmayan bir
müharibə oldu. Düşmən 30 il
orada silahlanmış, istehkamlar qurmuşdu. Amma
Azərbaycan Ordusunun qabağında davam gətirə bilməyib
qorxaqcasına qaçdılar.
Həmin dövrdə, həmçinin, Azərbaycan
informasiya müharibəsində də uğurla savaşdı
və etiraf etməliyik ki, informasiya müharibəsini də cənab
Prezident öz üzərinə götürdü. Onun
dünyanın ən aqressiv jurnalistlərinə verdiyi cavablar
bütün dünya siyasilərinə önəmli bir dərs
idi ki, müharibə gedə-gedə necə danışmaq və
həqiqətləri bəyan etmək olar. Cənab Prezidentin həmin müsahibələrini
dönə-dönə izləyir və hər dəfə heyrət
edirdim. Necə hazırlıqlı və
siyasi cəhətdən peşəkar olmalısan ki,
ünvanlanmış qərəzli suallara belə, bu cür
dolğun, kəskin və məntiqli cavab verəsən.
Eyni zamanda, ordunun silahlanması və hazırlıq dərəcəsi
heyrət doğurdu. Bəli, müasir texnikayla
silahlanmışdı, amma bütün hallarda qələbəni
ordumuza, əsgərlərimizə borcluyuq. Çünki bu qələbənin arxasında
mütləq insan amili var. Minalarla, pusquyla, düşmənlə
dolu ərazilərə gedən və üz-üzə
döyüşən yenə də əsgərdir. Özü də hansı əsgər, 18-19-20
yaşlı cavan uşaqlar. O uşaqlar ki, onlar
Qarabağı görməyiblər, bəzilərinin tarixdən
xəbəri yox idi, amma onlar özləri tarix yaratdılar və
biz indi onların yaratdığı tarixi öyrənirik.
- Sizə
həm də azad olunan torpaqlarımıza getmək qismət
olub artıq.
- Bəli,
çox şükür ki, artıq o doğma yerlərə -
Qarabağa gedə bilirik. Üzeyir Hacıbəyliyə
həsr olunmuş beynəlxalq festival çərçivəsində
Şuşaya getmək qismət oldu mənə. Orda Cıdır düzünə getdim, bir müddət
tək qaldım və ətrafa baxdıqca yenə də hərbçilərimizi
düşündüm. Fikirləşdim
ki, İlahi, onlar bu sıldırım qayaları necə
çıxıblar axı?! Qəribədir,
nə qədər baxsan, nə qədər düşünsən
də, heç cüzi versiya belə yaranmır beynində ki,
bəlkə də bu cür çıxıblar. Təsəvvürü belə mümkün deyil.
Əlbəttə, ömür boyu bu
böyük qələbəni bizə yaşadan şəhidlərimizin
ruhu qarşısında, qazilərimizin önündə
baş əyəcək və onlara minnətdar
olacağıq. Onların bu böyük fədakarlığı
hamımız üçün böyük dərs oldu. Yəni onların qoruduğu bu vətənə xidmət
üçün hər kəs öz yerində məhz o
cür əsgər olmalıdır. Hər
birimiz öz sahəmizdə məhz o cür fədakarcasına
vətənə xidmət etməliyik.
Bu böyük qələbə Azərbaycanı
dünyaya daha fərqli yöndən tanıtdı. Dünyanın
çox ölkəsində qastrol səfərlərində
olmuş, tamaşalar qoymuşuq. Oralarda
görürdük ki, son illər xüsusən, mədəniyyətimizin
təbliği baxımından cənab Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın başçılığıyla
görülən işlər sayəsində Azərbaycanı
kifayət qədər tanıyırlar. Bizə
orda ən çox verilən suallar da məhz Qarabağla
bağlı olurdu. Əlbəttə, tarixi
həqiqətləri danışır, hazırda niyə
Qarabağı geri ala bilməməyimizi izah etməyə
çalışırdıq. Hər kəs
də bilir ki, üçüncü ölkələr olmasa,
çoxdan Qarabağ azad olunardı. Cənab
Prezidentin özü də deyirdi ki, bunun vaxtı vardı və
mən bilirdim nə vaxt. Deməli, pərdənin
arxasında bizim bilmədiyimiz proseslər gedirmiş və
vaxtı çatanda həll olundu.
Bildiyiniz kimi, mən Cəbrayılda doğulmuşam. Çox
şükür, mənə doğulduğum torpağa da getmək
qismət oldu. İnsan doğulduğu yerdən
çox qəribə güc alır. Təhsillə
bağlı Cəbrayıldan çox tez
çıxmışdım. Amma ildə
bir neçə dəfə gedib-gəlirdim. Maraqlıdır, hər dəfə ordan gələndə
hamı deyirdi ki, təzələnmisən, yenilənmisən.
Özüm də hiss edirdim ki, sanki doğulduğum o torpaqdan
illik güc, enerji alırdım və il
boyu onu "xərcləyirdim". O tükənən kimi
özümdən asılı olmadan, yenidən gedirdim kəndimizə.
Bunu sonradan dərk etdim. Düz 30 il mən və mənim kimilər öz
torpağına getmədən, yenilənmədən, o enerjini
almadan yaşamağa məhkum olduq.
İstər Şuşaya, istərsə də, Cəbrayıla
gedəndə keçirdiyim hissləri heç bir sənət
vasitəsi ifadə edə bilməz. Düzdür, kəndimizdə,
evimizdə uşaqlığımı xatırladım, ordakı
xatirələr gəldi gözümün önünə.
Amma keçirdiyim hissin yanında bu xatirələr
adi haldır. Bunların fövqündə
şüuraltında qəribə bir hiss var ki, onun nə
olduğunu bilsəm də, ifadə etmək
mümkünsüzdür. O, həm rəng, hava,
uşaqlıq, valideyn, dostlar, içdiyim su, yediyim
çörək, həsrət, həm də bunların
hamısıdır. Adı isə yoxdur. Bütün bunlardan yüksəkdə isə
qürur hissi dayanır ki, 30 illik acını, həsrəti
belə, unutdurur. Bu hiss insanı
dünyalaşdırır və gücünü dərk
etdikcə, bu gücü sənə bəxş edənlərə,
bu qüruru sənə yaşadanlara yenidən minnətdarlığın
yaranır. Bu, həm də böyük məsuliyyətdir.
O qəhrəmanlarımızın qazandığı qələbəni
saxlamalı və gələcək nəsillərə
ötürməliyik. Bunun üçün də
hamımız öz sahəmizdə təmiz hisslərlə
layiqli işlər görməliyik.
Əslində, Azərbaycan çox qədim tarixə və
mədəniyyətə malik, öz mədəniyyətinə
sahib çıxmağı bacaran, mülayim, mehriban,
sülhsevər, qonaqpərvər xalqdır. Amma bundan
istifadə edib üstünə dişini qıcayan olarsa, onun
başına dəmir yumruğu endirməyi də bacarar.
Bu müharibə bütün dünyaya məhz
o dəmir yumruğu göstərdi. Bu
gün bu dəmir yumruq Ali Baş Komandan İlham Əliyevin
başçılığı ilə ordumuz tərəfindən
yarandı və hər zaman da olacaq. Bunu
dünya bilməlidir ki, bir xalq kimi müsbət keyfiyyətlərimizdən
istifadə etmək lazım deyil, sadəcə hörmətlə
yanaşılmalıdır ki, hörmət də görəsiniz.
"İlk
şərtim bu olur ki, kollektivdə bir dənə də erməni
olmasın"
-
Keçən ilin 4 oktyabrını necə
xatırlayırsınız?
-
Keçən il 4 oktyabrda mənə
İctimai Televiziyada "Sabaha saxlamayaq" verilişində
canlı yayıma dəvət gəldi. Təbii
ki, həmin günlərdə müharibə gedirdi və hər
anımız cəbhəylə bağlı idi. Xüsusən, cənab Prezidentin axşamlar yeni azad
olunan torpaqlarla bağlı verdiyi məlumatları səbirsizliklə
gözləyirdik. Veriliş vaxtı
aparıcılar tez-tez deyirdilər ki, cənab Prezident yeni xəbər
verəcək. Görürük ki, onlar da
bu xəbəri gözləyirlər. Məhz
buna görə verilişi iki saatdan çox uzatdılar ki, rəsmi
xəbər gəlsin. Birdən aparıcı Vüsalə
xanım dedi ki, Cəbrayılın dörd kəndi azad olunub.
Onların içində mənim
doğulduğum Quycaq kəndinin də adını çəkdi.
O an keçirdiyim hissi heç bir sözlə
ifadə edə bilmərəm. Bunun ardınca
elan olundu ki, Cəbrayıl rayonu azad edilib. Onda artıq özümdən asılı olmayaraq,
birinci mən ayağa qalxdım və sonra bütün zal
ayağa qalxıb alqışladıq. Həmin
vaxt şok vəziyyətində idim. Təsəvvür
edin, illərdir gözlədiyin bir xəbəri sənə
verirlər və artıq sənə ondan başqa ətrafındakı
heçnə maraqlı olmur, körpə uşaq kimi sevinirsən.
Bu, tək cəbrayıllılar
üçün deyil, bütün Azərbaycan
üçün möhtəşəm xəbər idi. Çünki Cəbrayıl ilk azad edilən rayonumuz
oldu. Ondan sonra hər birimizin bu müharibəyə
ümidi daha da artdı ki, demək, davamı da gələ bilər.
Cənab Prezident bizimlə görüşündə
özü də dedi ki, biz Cəbrayılı azad etdik və
düşərli oldu, digərlərini də
aldıq. Cəbrayılın azadlığı
düşməni ruhdan saldı, bizim ordumuzu ruhlandırdı.
Azərbaycan Ordusu bu müharibədə manevr
üçün belə geri getmədi, ancaq irəli
addımladı. Buna görə bu
müharibənin dünyada analoqu yoxdur. Bu,
sözün əsl mənasında möcüzədir. Bu, müharibədən çox, Azərbaycan gəncinin
Vətəninə olan sevgisi idi. Ən
böyük sevgi də məhz budur.
Biz elə bir düşmənlə üz-üzəyik
ki, onlar dünyanın ən mundar varlıqlarıdır. Bəzən onların
bizim torpaqlarda törətdiklərinə vandalizm deyirlər.
Amma vandalların şüuru inkişaf eləmədiyindən
onlar heykəlləri dağıdırdılar. Çünki heykəlin nə olduğunu dərk
etmir, elə bilirdilər o heykəllər onları arxadan
vuracaq. Ermənilər isə bizim abidələrimizi,
daşımızı, torpağımızı şüurlu
şəkildə məhv edirlər. Əgər bu,
vandalizmdirsə, demək, erməninin şüuru 4 min il öncədə qalıb, inkişaf etməyib.
Yox, şüurlu edirlərsə, demək, bu,
vandalizm deyil, daha dəhşətli bir şeydir. Mən buna ermənizm deyərdim. Cəbrayılda gördük, insanların zəhmətlə
əkdikləri ağacları, tikdikləri evləri belə
dağıdıb məhv ediblər. Yaxşı,
sən insanlarla müharibə aparıb, nəyinsə
hesabına onları öldürməklə, qovmaqla
torpağına yiyələnmişdin. Bəs
çinarla, daşla, kəhrizlə, bulaqla nə müharibən
var idi?! Azərbaycan
isə sırf əsgərlə müharibə apardı.
Heç erməninin adi vətəndaşını
da hədəf almadı. Bununla da həm
erməniyə, həm də dünyaya humanizm dərsi
keçdi. Onlar sadəcə xəstə
millətdirlər. Başqa ölkədə
tamaşa qoyarkən ilk şərtim bu olur ki, kollektivdə bir
dənə də erməni olmasın. Çünki
o millət mütləq hansısa anda öz
mundarlığını göstərib, işə mane olacaq.
Bu da mənə lazım deyil.
- Cəbrayılda
cənab Prezidentin iştirakıyla keçirilən tədbirdə
siz də vardınız. Hansı hisslərlə
ayrıldınız o görüşdən?
- Bu, həddindən
artıq qürurverici idi. Cəbrayılın
azadlığının 1-ci ilində-oktyabrın 4-də cənab
Prezident Cəbrayılın mərkəzində bir qrup rayon
sakiniylə görüşdü. Dedi ki, bu gün Cəbrayılda
siz mənim qonağımsınız, amma bir il
sonra mən sizin qonağınız olacağam. Çox
səmimi bir görüş idi. Orda
yaşayış massivinin, Memorial Kompleksin təməlini
qoydu. Həmçinin, gələcəkdə
burda və Qarabağda görüləcək işlər barədə
danışdı. İnsan onları düşünəndə
böyük sevinc hissi keçirir ki, İlahi, illərlə
gözlədiyimiz an gəlib çatıb
və Qarabağda müasirləşmə işləri
başlayıb.
Sonra vətəndaşlarla səmimi söhbəti oldu. Onların suallarını
cavabladı, özü suallar verdi. İnsanların Cəbrayılda kənd təsərrüfatının
əsasən hansı istiqamətləriylə daha çox məşğul
olduğunu soruşdu. Sakinlər də əvvəllər
hansı kəndlərdə hansı təsərrüfat sahələri
olduğunu deyirdilər. Cənab Prezident
bunlara çox adekvat reaksiya verir və onların yenidən
canlandırılmasının önəmini
vurğulayırdı. Bu, gələcək
üçün də böyük tarixi görüş idi.
Bu görüşdən insan heç ayrılmaq
istəmirdi. Mən heç
ayrılmadım da. Hələ də
ordayam və yəqin ki, həmişəlik orda qalacağam.
İnşallah, yaxın vaxtda hamımız gedəcək
və artıq orda ikən Bakını
xatırlayacağıq (gülürük).
- Bu
mövzu məxsusi olaraq sizin
yaradıcılığınızda öz əksini necə
tapacaq?
- Onsuz da əsl
azərbaycanlıların hamısının içərisində
bir vətənpərvərlik var və bu, bütün
dövrlərdə onun işinə təsirini göstərir.
Məsələn, biz Zəfər həftəsi
çərçivəsində "Vaqif" operasını
oynadıq. Burda da Qarabağ, Şuşa
var. Ondan əlavə, akademik Nərgiz Paşayevanın
librettosu ilə "Qarabağnamə" əsərini səhnələşdirmişdim.
Həmçinin, Firəngiz Əlizadənin
"İntizar", Vasif Adıgözəlovun "Natəvan"
əsərləri və sair var ki, bunların hamısında
elə bu mövzular var. Həmçinin, biz Zəfər həftəsində
4-5 tədbir keçirdik. Bütün bunlar bu
gün üçündür. Gələcək
üçün isə, məncə, bu mövzu daha da öz
möhtəşəmliyini axtarıb tapacaq. Zaman keçdikcə, incəsənətimizdə bu
mövzu daha çox öz yerini tapacaq. Əlbəttə,
bütün yaradıcı insanlar kimi mənim də
içimdə bu hisslər var. Lakin elə hisslər var ki, o,
ifadə olunmur. Qarabağın
azadlığı, bizim Cəbrayıldakı
görüşümüz məhz həmin hissdir. O,
ancaq orada yaşanır, İlahi eşq kimi. Sadəcə
olaraq onu biz müəyyən qədər sənətlə əks
etdiririk. Yazılan, çəkilən əsər
bir olacaq, amma insanların ondan aldığı hiss müxtəlif,
hər insanın özünə aid olacaq.
"Şuşa
azad olunanda mənə o ölkələrdən zənglər
gəlirdi ki, nəhayət, Üzeyirin vətəni azad
olundu"
- Hafiz
müəllim, siz xarici ölkələrdə əcnəbi sənətçilərlə
tamaşalar qurmuş az sayda
rejissorlarımızdan birisiniz. Son olaraq bu haqda
danışmaq istərdim. Bu, davam edirmi?
- Azərbaycan
müstəqillik qazanandan sonra, xüsusən son 20 ildə
müxtəlif sahələrdə azərbaycanlı sənətçilərin
xarici ölkələrə çıxışı
başladı. O cümlədən, Azərbaycan rejissorları
da xarici ölkələrə getməyə başladılar. Mən də 2003-cü ildən etibarən xarici
ölkələrdən gələn dəvətlərlə
orada tamaşalar qoymağa getdim. İlk olaraq 2003-cü
ildə Türkiyədə Ankara Dövlət Opera və Balet
teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini Anadolu və Azərbaycan
türkcəsinin ortaq dilində səhnələşdirdim. Tamaşa uzun müddət repertuarda qaldı və hər
dəfə də anşlaqla nümayiş olundu. Türkiyənin tanınmış siyasi xadimləri,
sənətçiləri gəlib o tamaşaya baxdılar.
Sonra onlar mütəmadi olaraq məni dəvət
etdilər, Türkiyənin müxtəlif şəhərlərində
əsərlər qoyduq. Artıq oranın
sənətçiləriylə də sıx dostluğumuz
yarandı və bu günə kimi də davam edir. Hətta
orda "Arşın mal alan"ı
çox sevirdilər və mən onlara
danışırdım ki, bu əsərin müəllifi
Üzeyir Hacıbəyli Şuşada yetişib və bu əsəri
o təsirlə yazıb. Onlara çox
maraqlı gəlirdi. Hətta musiqinin
gücü o qədər böyükdür ki, həmin vaxt
italiyalı rejissor da başqa əsər səhnələşdirsə
də, onların aktyorları belə məşq vaxtı gəlib
bizim tamaşaya baxırdılar. Başqa
ölkələrdə də eyni vəziyyətlə
qarşılaşırdıq. Qarabağ, xüsusən Şuşa azad olunanda mənə o ölkələrdən
zənglər gəlirdi ki, nəhayət, Üzeyirin vətəni
azad olundu.
Sonra
Çindən dəvət gəldi və Pekində Çin
dilində "Arşın mal alan"ı
qoyduq. Çin məktəbi tamam başqa
estetikadır. Hətta gedəndə
düşünürdüm ki, çətin olacaq. Amma
onlar o qədər çox sevmişdilər ki, əsəri,
gündə 8 saat məşqə baxmayaraq, baş rolun
ifaçıları qızla oğlan məşqdən sonra
yenə qalırdılar ki, 3-4 saat da məşq edək. Hətta onların mədəniyyət nazirinin
müavini bizim musiqini dinləyəndən sonra demişdi ki,
biz istəyirik çin gənci bu musiqiylə, ab-havayla tərbiyələnsin.
Ondan başqa, Moskvada, Belarusiyada qoyduq bu tamaşanı. Belarusiyada indi
də repertuardadır. Tamaşa
hazırlananda paltarların seçiminə özüm nəzarət
edirəm ki, bizim bütün milli kolorit qalsın. Özü də klassik üslubda hazırlayıram
ki, tanısınlar. Onu da çox sevirdilər.
Aktyorlar deyirdilər ki, bizi səhnədə
çox saxlayın da, bu paltarda çox gözəl
görünürük.
Pandemiya dövründə Bolqarıstanda iki dildə - bolqar və türk dillərində qoyduq tamaşa. Daha doğrusu, pandemiya ərəfəsində artıq təhvil verdik. Çindəki və Bolqarıstandakı tamaşaları festivala çıxarıblar.
Düşənbədə "Leyli və Məcnun"u qoyduq. Baş rollarda Mənsum İbrahimov, Nəzakət Teymurova, tar-kamança Elçin Həşimov və Elnur Əhmədov, dirijor Yalçın Adıgözəlov olsa da, aktyorların qalanı və xor Tacikistandan idi. Onlar cəmi 3 günə xoru öyrəndilər.
Ərəbistanda ilk dəfə Qətərə "Leyli və Məcnun"u bu quruluşda aparmışıq. Çexiyada, Koreyada festivallarda olmuşam. Çox ölkələrdə olub tamaşalarımız. Hərəsinin öz məktəbi var. Mənsə, öz məktəbimizlə qoyurdum tamaşaları və onlar çox bəyənirdilər. Mənə hansısa xarici əsərin səhnələşdirilməsi ilə bağlı təkliflər gəlirdi. Hətta xarici rejissorlar, yazarlar əsərlərini gətirirdilər ki, bunu da səhnələşdirin. Deyirdim ki, gəl, əvvəl bu Azərbaycan əsərini qoyum, sonra da sizin əsərinizi. Məqsəd təkcə tamaşa qoymaq deyil. Həmişə getdiyim yerə Azərbaycan tarixi, Qarabağ haqqında materiallar aparıram. Çünki bilirəm ki, mütləq sual veriləcək. Verilməsə də, özüm açıram söhbəti, danışıram, tanıdıram. Elələri olurdu ki, deyirdilər biz bunu başqa cür bilirdik, sən demə, həqiqət başqa imiş. Bu da bir mədəni təbliğat idi.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 20 noyabr.- S.16-17.