Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?
(Əvvəli ötən şənbə
sayımızda)
Təsadüflər, həm də təbii ki, xoşbəxt
təsadüflər bəzən uğurun yarısına
çevrilir.
Hazırlıq mərhələsi təxminən iki il sürən ekstradisiya məsələsində
də belə uğurlu təsadüflərin rolu az olmadı. Azərbaycan və Macarıstan rəhbərlərinin
yaxın zamanlarda harada, hansı şəraitdə, necə
görüşə biləcəkləri üzərində
ciddi-cəhdlə düşündüyüm bir vaxtda,
Bakıdan, Prezidentin Protokol xidmətindən zəng gəldi.
Macarıstan Baş naziri Viktor Orbanın 30-31 iyun 2012-ci il tarixlərində ölkəmizdə
keçiriləcək Beynəlxalq Qrans Montana forumunda
iştirak imkanlarını və istəyini
araşdırıb məlumat vermək xahiş olunurdu. Həmin anda necə sevindiyimi təsəvvür etmək
çətin deyil. Bu, göydəndüşmə
fürsət idi. Mütləq Macarıstan hökuməti
başçısının Azərbaycana səfər etməsinə
nail olmaq lazım idi.
Dərhal Baş nazir ofisinin beynəlxalq əlaqələr
və beynəlxalq iqtisadi münasibətlər üzrə
dövlət katibi, Viktor Orbanın yaxın adamı kimi
tanınan Piter Siyyarto ilə əlaqə yaratdım. Vacib bir məsələ
ətrafında fikir mübadiləsi aparmaq üçün
görüşmək istədiyimi bildirdim. İki gün sonra artıq onun Parlament binasında, məşhur
Layoş Koşut meydanına baxan kiçik, rahat kabinetində
oturmuşduq.
Piter Siyyarto Bakıdan gələn təklifi maraqla, hətta
deyərdim ki, sevinclə qarşıladı. 2010-cu ildə
Baş naziri qısa müddətli Bakı səfərində
müşayiət etmişdi. Öz dediyinə
görə, həmin vaxtdan paytaxtımızın vurğununa
çevrilmişdi. Son illər həyata
keçirilən layihələr, görülən işlərlə
yaxından maraqlanırdı. Azərbaycanı
Budapeştin bir sıra iqtisadi maraqlarının, ilk növbədə
isə enerji təhlükəsizliyinin həlli
baxımından açar ölkələrdən biri
sayırdı. Xalqlarımız və
dövlətlərimiz arasında bütün səviyyələrdə
dialoq tərəfdarı idi. Bəlkə də
bu amilləri göz önünə gətirib hələ
bossuna məlumat vermədən səfərin gerçəkləşəcəyi
ilə bağlı əminliyini bildirdi.
Təbii ki, macar rəsmisinin mövqeyini başa
düşmək mümkün idi. Əvvəla, harada
keçirilməsindən asılı olmayaraq Qrans Montana forumu
kifayət qədər nüfuzlu iqtisadi toplantıdır.
Orada dünyanın tanınmış iqtisadiyyat
və maliyyə institutlarının rəhbərləri ilə
ünsiyyət qurmaq, faydalı müzakirələr aparmaq,
müəyyən layihələrə qoşulmaq
mümkündür. İkincisi, yuxarıda da
xatırlatdığım kimi, Viktor Orban iki il əvvəl
Bakıda olmuş, ölkəsi adından rəsmən AQRİ layihəsinə
qoşulduğunu bəyan etmişdi. İndi
yenidən Prezident Əliyevlə görüşməyi, həm
adı çəkilən layihə, həm də
qarşılıqlı iqtisadi əlaqələrin digər
mümkün yolları və variantları barəsində
dialoqu davam etdirmək istəməsi tamamilə təbii idi.
Üçüncüsü, Orban hökumətinin xarici siyasət
kursunun əsas istiqamətlərindən biri artıq əvvəldə
də qeyd etdiyim kimi, "Şərqə
açılım" adlanırdı və bu proqram Azərbaycan
da daxil bir sıra Qafqaz, Mərkəzi Asiya, Yaxın və Orta
Şərq ölkələri ilə daha sıx iqtisadi-mədəni
əlaqələr qurmağı nəzərdə tuturdu. Paytaxtımız isə bu layihədə etibarlı
körpü rolunu oynaya bilərdi. Deməli,
Bakı səfəri xarici iqtisadi əlaqələrin yeni
istiqaməti ilə bağlı fikir mübadiləsi aparmaq
baxımdan da fayda gətirə bilərdi.
Həmin gün Piterlə söhbətimiz bir saata qədər
çəkdi.
Siyasətdən, futboldan, macar və Azərbaycan
tarixindən, xalqlarımızı yaxınlaşdıran mədəni-mənəvi
tellərdən, Macarıstanın türk dünyası ilə
etnik-linqvistik bağlılığından, Dağlıq
Qarabağ sorunundan danışdıq. Yüksək
mədəniyyəti, ağıllı və
düşünülmüş mülahizələri, pozitiv
aurası məndə 34-35 yaşlı gəncin çox
qabağa gedəcəyi ilə bağlı təəssürat
yaratdı. Həm də bu, tək mənim
gəldiyim qənaət deyildi. Onunla
ünsiyyətdə olan digər diplomat həmkarlarım da belə
düşünürdülər və bir müddət sonra
gözləntilər həqiqətə çevrildi.
2014-cü ilin mayında növbəti parlament seçkilərində
qələbə qazanıb yeni hökumət qurmaq səlahiyyəti
qazanan Viktor Orban həmin il sentyabrın 23-də etimad bəslədiyi
Piter Siyyartonu xarici işlər və ticarət naziri vəzifəsinə
təyin etdi. Və indiyə qədər də
bu vəzifədə uğurla çalışmaqdadır.
Lakin təqvimdə
2012-ci il idi. Qeyd etdiyim dəyişikliklərə
hələ çox qalırdı. Görüşümüzdən
bir neçə gün sonra, yanılmıramsa mayın sonunda
Peter Siyyarto zəng edib Baş nazirin dəvəti məmnuniyyətlə
qəbul etdiyini və forumun işinə
qatılacağını bildirdi. Minnətdarlığımı
çatdırandan sonra yaxın günlərdə yenidən
görüşməli olacağımızı söylədim.
Piter əsla təəccüblənmədən
vaxt təyin elədi.
Çünki görüşümüzdən keçən
günlər ərzində ortaya yeni ideya
çıxmışdı. Bu da Macarıstan
Baş nazirinin işgüzar səfərinə rəsmi status
verilməsi ilə bağlı idi. Beynəlxalq
protokol təcrübəsində belə hallara təsadüf
edilir. Hər hansı forum, yaxud təntənəli
mərasimdə iştirakdan sonra əcnəbi dövlət,
yaxud hökumət başçısının rəsmi
qarşılanma mərasimi keçirilir, ikitərəfli
görüş və danışıqlar başlanır.
Əgər zərurət duyulursa, lazımi sənədlər
imzalanır. Viktor Orban Bakıya əvvəldə
də qeyd etdiyimi kimi, artıq bir dəfə, amma
işgüzar səfərə gəlmişdi. İkinci səfərə rəsmi status verməklə
həm də ona və ölkəsinə bəslədiyimiz rəğbəti,
marağı nümayiş etdirirdik. Ən
başlıcası isə beynəlxalq forumda iştirakdan fərqli
olaraq ikitərəfli səfər zamanı ölkə rəhbərləri
rəsmi və qeyri-rəsmi formatda görüşüb
danışa bilərdilər.
Prezidentin
Protokol xidməti səfərin statusunun yüksəldilməsi
ilə bağlı
təklifi operativ şəkildə Macarıstan
hökumətinin başçısına çatdırıb
müvafiq hazırlıq işləri görülməsi
üçün tələsdirirdi. Piter Siyyarto
ilə növbəti görüşdə məqsəd də
bu yeniliyin müzakirəsi idi. Macar tərəfi
Bakıdan gələn təklifi məmnunluqla qəbul etdi. Hər
iki tərəfdən hazırlıqlara başlandı...
Baş nazirin gözlənilən Bakı səfəri
haqqında Qabora xəbər çatdırdım. Hansısa müraciətə
ehtiyac olmadığını, tezliklə iki liderin aylardan bəri
üzərində işlədiyimiz məsələ barəsində
üzbəüz söhbət etmək imkanının
yaranacağını dedim. Bizi maraqlandıran məsələ
ilə bağlı dialoqun mümkünlüyü barəsində
macar tərəfinin təsdiqedici məlumatının
çox yerinə düşəcəyini yada saldım. Bakının təklifinin macar rəhbərliyi
üçün gözlənilməz olmamasının zəruriliyini
bir daha xatırlatdım.
Piter Siyyarto ilə növbəti
görüşümüz daha səmimi atmosferdə
keçdi. Yenə də hadisələri qabaqlayaraq Baş
nazirin rəsmi səfər imkanından mütləq
yararlanacağını vəd etdi. Sonra isə gözləmədiyim
halda bir qədər üstüörtülü şəkildə
də olsa Ramil
Səfərov mövzusuna keçdi. Viktor
Orbanın Bakıya indiki səfərinin onun həyatını
kökündən dəyişdirə biləcəyinə
işarə vurdu. İndiyə qədər
apardığım söhbətlərdən xəbərdar
olduğunu, hökumət başçısından
tapşırıq aldığını, bundan sonra ekstradisiya
məsələsi ilə bağlı birgə
çalışacağımızı bildirdi. Artıq
Bakıdakı macar səfirinə də müvafiq təlimatın
verildiyini dedi. Mümkün qədər tez bir
vaxtda məhbus zabitin işi haqqında macar, yaxud ingilis dilində
müxtəsər material hazırlamağımızı
xahiş etdi. Həmin məlumat məsələ
ilə daha yaxından tanışlıq üçün
Bakı səfəri ərəfəsində Baş nazirə
təqdim olunacaqdı.
Həqiqətən də Piter Siyyartonun yanından çıxandan bir neçə saat sonra Bakıdakı macar səfiri Jolt Çutora telefon açıb "işlə" bağlı arayış hazırlamaq və vəziyyəti dəyərləndirmək barəsində hökumətindən tapşırıq aldığını bildirdi. Bundan sonrakı fəaliyyətimizi koordinasiya etmək zərurətindən danışdı. Joltu 2000-ci ildən, öz ölkəsinin Moskvadakı səfirliyində çalışdığı dövrdən tanıyırdım. O zaman səfir Erne Keşkene ilə birlikdə Bakıda səfərdə olmuşdu. Görüşüb fikir mübadiləsi aparmışdıq. Təxminən eyni vaxtda səfir təyin olunmuşduq. İmkan tapdıqca Budapeştdə, yaxud Bakıda görüşürdük. Uğurlu biznes adamı kimi tanınan kiçik qardaşı Laslo deyilənə görə, Viktor Orbanın iqtisadi komandasına daxil idi. Bu baxımdan Jolt Çutora hökumətə yaxın səfirlərdən sayılırdı. Sonra bir müddət ölkəsinin XİN aparatında, dövlət katibinin müavini vəzifəsində çalışdı. Hazırda Macarıstanın Belarusda səfiridir. Ailəvi xarakter alan dostluğumuz bu gün də davam etməkdədir.
İyun ayı ərzində daha bir neçə telefon söhbətimiz oldu. Jolt ekstradisiya məsələsinin müsbət həllinə maraq göstərirdi. Bunu hökumətinin Azərbaycanla daha yaxın əməkdaşlıq qurulması istiqamətində qarşılıqlı etimad yaratmaq baxımından mühüm amillərdən biri kimi dəyərləndirir, ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafında ciddi addım sayırdı. Eyni zamanda, hələ ortalıqda heç bir şey olmadığı halda sözarası prosesin uğurla nəticələnəcəyi təqdirdə əldə edə biləcəyi mümkün dividendlərlə bağlı eyhamlar vurur, bu işə qoşulmaqla özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyduğundan yüngülvari şikayətlənirdi...
Deməli, Macarıstan tərəfdən dövlət maşını artıq hərəkətə gəlmişdi. İndi təklifin tet-a-tet müzakirəsi üçün Baş nazir Viktor Orbanın Bakıya səfərini gözləmək lazım idi. Lap tezliklə "Budapeşt məhbusunun" həyatı kökündən dəyişə bilərdi. Amma təbii ki, hələlik özünün bütün bunlardan xəbəri yox idi. Nəhayət ki, işlər ölü nöqtədən tərpənmişdi. Son səkkiz ildə ilk dəfə olaraq mümkün ekstradisiya ilə bağlı məsələ dövlətlərarası müzakirə müstəvisinə çıxarılacaqdı. Uğurla başa çatıb-çatmayacağı isə hələlik bəlli deyildi. Sadəcə, gözləmək lazımdı.
***
İyunun 29-da Viktor Orbanın Azərbaycana rəsmi
səfəri başlandı. Axşam qonaqları
qarşılamaq üçün aeroporta getmişdim. Təbii ki,
protokola uyğun olaraq səfir Jolt Çutora da burada idi. Hələ təyyarə
yerə enməmiş məni bir kənara çəkib
Baş nazirin artıq qəti qərar verdiyini, hətta Azərbaycan
Prezidenti ilə təkbətək görüş zamanı məsələ
barədə özünün söz açacağını
dedi. Bu məqam nədənsə mənə o qədər
də inandırıcı görünmədi.
Doğrusunu söyləsəm, hətta bir az
da şübhələndim. Çünki istənilən
halda, xahiş edən tərəf biz idik. Deməli,
söhbətin Azərbaycanın dövlət
başçısı tərəfindən
açılması daha yerinə düşürdü. Məntiq də bunu tələb edirdi. Mənim
inamsızlığımı, tərəddüddə
qaldığımı görən Jolt siqnalın ona Piter tərəfindən
ötürüldüyünü, istəsəm bir az sonra özündən də soruşa biləcəyimi
söylədi.
Baş naziri müşayiət edən Piter Siyyarto da həqiqətən
belə niyyət olduğunu təsdiq etdi. Lakin hər ehtimala
qarşı məsələni bir daha dəqiqləşdirəcəyini
dedi. Şərtləşdik ki, qərarın xarakterindən
asılı olaraq ən geci sabah səhərə qədər
mobil telefonuma "Yes", yaxud
"No" mesaji göndəriləcək. Mənfi
cavabın hansı anlama gəldiyini bir də dəqiqləşdirdim:
bu, macar tərəfinin ümumiyyətlə məlum
mövzuda söhbətdən imtinası kimi başa
düşülməməlidir ki? Piter Siyyarto məni
qəti əmin etdi ki, əgər Baş nazir razılıq
veribsə, sözündən dönməsi mümkün deyil.
Onun fikrincə, artıq məsələ həllini tapmışdı
və şübhəyə əsla yer ola
bilməzdi...
Ertəsi
gün digər nümayəndə heyətlərinin
başçıları ilə birlikdə Viktor Orban da Fəxri
xiyabanda və Şəhidlər xiyabanında oldu, Azərbaycan
Prezidentinin himayəsi altında keçirilən Qrans Montana
forumunun 23-cü sessiyasının işinə qatıldı. Bir sıra ikitərəfli işgüzar
görüşlər keçirdi.
İyunun 31-də isə Zuqulbadakı dövlət iqamətgahında
səfərin rəsmi hissəsi başlandı. Azərbaycan
Prezidenti ilə Macarıstan Baş nazirinin
görüşü gündüz saat 12-yə
planlaşdırılmışdı. Zuqulbaya xoş əhval-ruhiyyə
ilə yollanmışdım: səhər səbirsizliklə
gözlədiyim "Yes" mesajını
almışdım. Artıq görülmüş işlər,
əldə edilən ilkin nəticə barəsində dövlət
başçısını məlumatlandırmaq olardı.
Protokol xidmətinin rəisi Elçin Bağırov vasitəsi
ilə danışıqlar başlamadan əvvəl Prezidentdən
10-15 dəqiqəlik görüş xahiş etdim. Amma söhbətimiz
yarım saata qədər çəkdi. Mən
son iki ilə yaxın müddət ərzində ərzində
ekstradisiya ilə bağlı görülən işlər
barəsində ətraflı məlumat verdim. Macarıstan rəhbərliyinin prinsip etibarı ilə
müsbət qərar qəbul etdiyini bildirdim. Hətta bu barədə özlərinin xəbər
verəcəklərini diqqətə çatdırdım.
Gözlədiyim kimi, Prezident də belə bir niyyəti təəccüblə
qarşıladı. Səbəbi ilə
maraqlandı. "Bilmirəm, - dedim. - Bəlkə
bunun sizdən ötrü xoş sürpriz olacağını
düşünürlər?" Dövlət
başçısı ani fikrə getdikdən sonra
gülümsünərək "Ola bilər, - dedi. - İndi ki, özləri belə istəyirlər,
bizim üçün lap yaxşı!"
Zuqulbadakı tədbirlər silsiləsinə təkbətək
və nümayəndə heyətləri tərkibində
görüşlər, sənədlərin imzalanması, mətbuat
konfransı və Baş nazirin şərəfinə nahar
daxil idi. Dar tərkibli
görüşdə Azərbaycan tərəfdən xarici
işlər naziri Elmar Məmmədyarov, Prezident
Administrasiyasının Beynəlxalq Əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov və mən,
Macarıstan tərəfdən isə Baş nazir ofisinin Beynəlxalq
münasibətlər və xarici iqtisadi əlaqələr
üzrə dövlət katibi Piter Siyyarto, Macarıstanın
Bakıdakı səfiri Jolt Çutora iştirak edirdi.
İki liderin görüşü çox səmimi
şəraitdə, canlı və rəvan axarda gedirdi. Bu, sırf rəsmi
danışıqdan daha çox bütün məsələlərdə
biri-birinə etimad edən, biri digərinin fikir və
mülahizələrini öyrənmək istəyən, əksər
hallarda mövqeləri üst-üstə düşən iki
dostun, həmkarın söhbətinə bənzəyirdi.
Amma mənim diqqətim yalnız bir məqam
üzərində cəmləndiyindən bəzən deyilənlərə
qulaq asmadığımın, sadəcə Orbanın nə
zaman mətləb üstünə gələcəyini
düşündüyümün fərqinə
varırdım. Artıq görüş
üçün ayrılan yarım saat başa
çatmışdı. Gözlədiyimiz
təklif isə eşidilməmişdi. Mən
həyəcanla, sual dolu nəzərlərlə gah səfir
Çutoraya, gah da Piter Siyyartoya baxırdım. Onlar özləri də çaşqın
görünürdülər. Sual dolu
baxışlarımın qarşısında hiss olunmadan
çiyinlərini çəkməklə heç nə
başa düşmədiklərini bildirirdilər.
Görüş qrafikdə nəzərdə
tutulduğundan 15 dəqiqə artıq çəkdi. Amma üzərində
aylardan bəri işlədiyimiz, addım-addım
yaxınlaşdığımız məqsədlə
bağlı təklif səslənmədi. Çox pərt duruma düşmüşdüm.
Üstəlik də, həyəcan
keçirirdim. Sanki söhbət
özümlə, öz taleyimlə bağlı ciddi bir məsələdən
gedirdi. Mətləb indi açılmasa, hər
şey itiriləcəkdi, çəkdiyimiz bütün əziyyətlər
hədər olacaqdı. "Müsəlmanın
sonrakı ağlı" prinsipi ilə hər kəsdən
çox özümü qınayırdım. Düşünürdüm ki, qarşı tərəfin
təklifini dövlət başçısına
çatdırmağa nə dərəcədə ehtiyac
vardı? Əvvəldən prinsipiallıq
göstərib təşəbbüsü öz əlimizdə
saxlamağımız daha məqsədəuyğun
olmazdımı? Məgər təklif Azərbaycan
Prezidenti tərəfindən edilsə, vədlərini
danacaqdılar? Baş nazirin mövzu üzərinə
gəlmədiyini görüb niyə yavaşca məsələni
Prezidentə xatırlatmadığıma görə
peşmançılıq çəkirdim. Hətta səfir Çutoradan və Piter Siyyartodan da
şübhələnməyə başlamışdım - bəlkə
mövqe dəyişib, onlar da məni arxayın salıb məsələnin
ümumiyyətlə gündəmə gəlməməsinə
qərar veriblər?
Geniş tərkibdə görüş üçün
ayrılmış zala keçəndə Joltla Piterə
yaxınlaşıb nə baş verdiyini soruşdum. Onlar da
bilmirdilər. Piter arada fürsət tapan
kimi səbəbini soruşacağını vəd etdi. Və ilk imkan yaranan kimi sözünə əməl
etdi. Dediyinə görə, Baş nazir səsləndirəcəyi
təklifi yerli-dibli unudubmuş... ("Kiminsə
yaddaşında yaranan ani unutqanlıq başqa birinin
ömrünün sonuna qədər həbsxanada dörd divar
arasında qalması ilə nəticələnə bilər"
- fikri beynimdən keçdi). Piter eyni
zamanda əlavə etdi ki, heç nə dəyişməyib,
vəd əvvəlki tək qüvvədə qalır. Sadəcə zəruri məqamını tutub bir daha
məsələyə qayıtmaq lazımdır. Həmsöhbətimin fikrincə, ortaya
çıxan yeni vəziyyətdə təşəbbüs
artıq bizdən gəlməli idi.
İmzalanma mərasimi və mətbuat üçün
bəyanatdan sonra hər iki tərəfdən rəsmi heyət
üzvlərinin tam tərkibdə (təxminən 15-16 nəfər)
iştirakı ilə nahar nəzərdə tutulmuşdu. Arada bir
neçə dəqiqəlik fasilə yaranmışdı.
Əksər
hallarda qeyri-rəsmi atmosferin və səmimi
ovqatın hökm sürdüyü nahar mövzuya qayıtmaq
üçün son imkan idi. Çünki yemək bitən kimi vidalaşma mərasimi
olacaqdı. Amma söhbətin nahar masası arxasında
açılmasının da bir namünasib, mənfi tərəfi
vardı - işin uğurla nəticələnməsi
üçün xüsusi əhəmiyyət kəsb edən
konfidensiallıq məsələsi pozulacaqdı. Baş nazir Orbanla olanların hamısı məsələdən
xəbər tutacaqdılar. Onlardan hər hansı birinin
KİV-ə, yaxud dost-tanışlarına ekstradisiya təklifi
ilə bağlı bir şey deməyəcəklərinə kim zəmanət verə bilərdi? Amma başqa imkan da qalmamışdı. Ya indi,
ya da kim bilir nə vaxt?...
(Ramil Səfərov vətənə qayıdandan sonra macar mətbuatına sızan bəzi məlumatlar şübhələrin heç də əsassız olmadığını göstərdi. Məsələn, sentyabrın 6-da hökumətə müxalif mövqeyi ilə seçilən nol.hu saytı Viktor Orbanın şərəfinə verilən ziyafətin anonim iştirakçılarından birinin məlumatına əsaslanaraq iki ay əvvəl Bakıda, Zaqulba iqamətgahında gedən söhbətin məzmununu bir qədər təhrif edilmiş şəkildə də olsa oxuculara çatdırmışdı).
Prezident İlham Əliyevin yüksək mədəniyyətinə və böyük səbrinə yaxşı bələd olduğumdan yenidən ona yaxınlaşdım. Unutqanlıq, yaxud da bilmədiyim başqa bir səbəb üzündən Macarıstan Baş nazirinin təkbətək görüşdə mövzuya toxunmadığını, bəlkə də son anda fikrini dəyişib söhbətin açılmasını Azərbaycan tərəfdən gözlədiyini bildirdim. Dövlət başçısından zəruri sayacağı təqdirdə nahar zamanı məsələyə yenidən qayıtmağı xahiş etdim. Prezident heç bir əlavə təfərrüata varmadan razılığını bildirdi. "Mən əvvəldən də düşünürdüm ki, müraciətin bizim tərəfidən olması daha məntiqidir, daha düzgündür. Yaxşı, məsələyə qayıdarıq" - dedi. Sanki çiynimdən ağır daş götürüldü.
Rəsmi təmaslar kimi nahar da səmimi şəraitdə keçdi. Qonaqlar milli mətbəximizin zənginliyindən vəcdlə danışırdılar. Hətta tezliklə Budapeştdə Azərbaycan restoranı açılması məsələsi gündəliyə gəldi. Bakının sürətlə dəyişən siması da onları heyran qoymuşdu. Viktor Orban sonuncu səfərindən keçən iki il ərzində böyük işlər görülməsindən dost uğuruna ürəkdən sevinən insan səmimiyyəti ilə söz açırdı. Prezident İlham Əliyev söhbəti məqsədyönlü və təbii şəkildə Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın regiondakı dağıdıcı fəaliyyətinin, işğalçılıq siyasətinin üzərinə gətirdi. Qeyd etdi ki, dünyanın laqeyd qaldığı təcavüz baş verməsəydi, uğurlar indikindən qat-qat artıq ola bilərdi. Bundan isə yalnız Azərbaycan deyil, işğalçı Ermənistan da daxil olmaqla bütün region ölkələri, eləcə də bizimlə qonşuluq siyasəti qurmaq istəyən Avropa Birliyi yararlana bilərdi.
Amma Yerevanın təcavüzkar siyasəti nəticəsində bu gün ölkəmiz daha çox vurulan yaraları sağaltmağa çalışır. Torpaqlarımızın işğalı minlərlə azərbaycanlının həyatını puç edib, iki qonşu xalq arasında sonu görünməyən inamsızlıq və ədavətə səbəb olub, keçilməsi mümkünsüz olan dərin uçurum yaradıb. Münaqişənin uzun illər boyu həllini tapmaması, Ermənistanın işğalçı siyasətinin pislənməməsi, beynəlxalq birliyin Azərbaycana münasibətdə yol verdiyi ədalətsizlik ayrı-ayrı vətəndaşlarımızı, xüsusən də gənclərimizi bəzən fərdi intiqam yoluna sövq edir. Onlar bu vasitə ilə puç olmuş həyatlarının, yaxın və doğmalarının qisasını almağa çalışırlar.
- Bundan xəbərimiz var, - deyə söhbətin nədən getdiyini anlayan, bəlkə də unutqanlığını xatırlayan Viktor Orban dərhal reaksiya verdi. - Təəssüf ki, Macarıstan da istəmədiyimiz halda belə kədərli hadisələrdən birinə meydan olub.
- Elə mən də bu barədə danışmaq istəyirdim, - deyə Prezident İlham Əliyev qısa şəkildə məsələnin mahiyyətini açıqladı və beynəlxalq normalara, mövcud hüquqi müqavilələrə əsasən Budapeştdə ömürlük həbs cəzası çəkən azərbaycanlı zabitin Vətənə ekstradisiyası ilə bağlı təklifi macar hökumətinin başçısına çatdırdı. Bunun o qədər də asan iş olmadığını, həlledici qərar qəbul ediləndən sonra hər iki tərəfin ciddi təzyiqlərlə üzləşəcəyini, lakin insanlıq və ədalət naminə belə addım atılmasının zəruriliyini sözlərinə əlavə etdi. Yalnız Macarıstan kimi tarixi haqsızlıqlarla üzləşən ölkənin, oxşar faciələri öz taleyində yaşayan bir xalqın belə yüksək humanizm və nəciblik nümunəsi göstərməyə qadir olduğunu bildirdi.
Viktor Orban çoxsaylı çətinliklərə, hətta hökuməti daxilində üzləşdiyi müqavimətə rəğmən, Azərbaycana yola düşməmişdən əvvəl məhbus zabitin ekstradisiyası ilə bağlı qərar verdiyini açıqladı. Bunun Avropa Birliyi və NATO üzvü olan bir dövlət üçün asanlıqla başa gəlmədiyini, həm ölkə daxilində siyasi rəqiblərdən, müxalif dairələrdən, həm də panavropa qurumlarındakı opponentlərdən kəskin hücumlar gözlədiyini etiraf etdi. Amma verilən qərarın xalqlarımızı biri-birinə daha da yaxınlaşdıracağını, ədalət və humanizmə xidmət edəcəyini göz önünə aldığı üçün meydana çıxa biləcək təzyiqlərdən qətiyyən çəkinmədiyini söylədi və işin uğurla başa çatdırılacağı ilə bağlı əminliyini ifadə etdi.
Biz tərəfdən naharda iştirak edənlər məsələnin bir neçə dəqiqənin içində, bu qədər tez və asanlıqla həllini tapmasından təəccüblənmişdilər. Hətta bəziləri əl-qol işarəsi ilə mənə gözaydınlığı verir, bəxtimin gətirdiyinə eyham vururdular. İşin pərdə arxasını bilmədiklərindən hərəkətləri təbii və anlaşılan idi. Prezident İlham Əliyev isə Baş nazirə təşəkkürünü çatdırandan sonra sözünə davam etdi:
- Ancaq istəyirəm bir vacib məqamı əvvəlcədən biləsiniz və sonra bu zəmində aramızda hər hansı anlaşılmazlıq yaranmasın. Əgər ekstradisiya baş tutsa, mən Azərbaycan Prezidenti kimi qanunun verdiyi səlahiyyətlərə uyğun şəkildə məhbusu elə hava limanında əfv edib azadlığa buraxacağam. Aramızda səmimi münasibətlərə görə bunu indidən bilməyinizi, qərar verən zaman nəzərə almağınızı xahiş edirəm. Yoxsa vətəndaşlarımız məni düzgün başa düşməz. Elə sizin atdığınız addımın da xeyirxahlığı, nəcibliyi kölgə altında qalar.
- Bəlkə məhbusu təcrid görüntüsü yaratmaq məqsədi ilə hər hansı bir istirahət evinə, sanatoriyaya göndərəsiniz, bir-iki ay dincəlsin, ehtiraslar soyusun və əfv qərarınızı da ara sakitləşəndən sonra verəsiniz? - deyə Viktor Orban yarızarafat şəkildə kompromis variant irəli sürməyə çalışdı.
- Bilirsiniz, xalqımız çox böyük ədalətsizliklərlə üzləşib. Azərbaycanda erməni işğalından, erməni zülmündən əzab-əziyyət çəkməyən çox az ailəyə rast gəlmək olar. Məhbusa gəldikdə isə hətta cəzasının az bir qismini vətənində çəkmək şərti ilə də olsa, bir həbsxananın digəri ilə əvəzlənməsi fərqli nəticə gözləyən insanlara ədalətsizliyin davamı kimi görünəcək. Deyəcəklər nəticə etibarı ilə burada heç nə dəyişmədi. Ona görə də birlikdə atdığımız humanist addımın ən yaxşı ifadəsi əfv qərarıdır. Azərbaycan qanunları buna imkan verir. Dustaq da artıq cəzasının böyük bir hissəsini çəkib. Yəni Macarıstan da üzərinə düşən öhdəliyi yerinə yetirib.
- Əgər Konstitusiya və qanunlarınız belə səlahiyyət verirsə, o zaman siz deyən kimi olsun, - Viktor Orban Prezidentin gətirdiyi dəlillərlə razılaşdı. Sonra Piter Siyyarto ilə məni göstərib: - Qoy bizim dövlət katibi və cənab səfir birlikdə çalışıb tapşırdığımız işi sona çatdırsınlar, - dedi.
(Davamı var)
Vilayət
QULİYEV
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri
525-ci qəzet.- 2021.- 20 noyabr.- S.8-9.