Nizami irsinə dair kitab-albom biblioqrafiya təqdim edildi

 

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində TÜRSOY-un ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” kitab-albomun və Mədəniyyət Nazirliyinin Mili Kitabxana ilə birlikdə yeni nəşr etdirdikləri “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan təqdimat mərasimi Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

 

Əvvəlcə tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Nizami Gəncəviyə həsr olunmuş sərgi ilə tanış olublar.

 

Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edən nazir deyib: “Nizami Gəncəvi İli”nin ölkəmizdə qeyd edilməsi təsadüf deyil. Nizami bir fenomen olaraq nəinki Azərbaycan, digər türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Şairin yaşadığı dövrdən əsrlər sonra türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar. Əsrlər sonrası Nizaminin əsərlərinə bir çox müraciətlər olunub. Bu mənbə o qədər zəngin olub ki, Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət fikirləri XVIII əsrin Avropa filosofları tərəfindən təbliğ olunub. Bu da Nizaminin böyüklüyünün, nə qədər geniş və hərtərəfli bir şəxsiyyət olduğunun göstəricisidir. Onun əsərlərinin əlyazmaları dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır.

 

Biz bu il çərçivəsində bir çox tədbirlər keçirmişik. Bu ilin yekunu olaraq Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirməyi qərara aldıq. Artıq noyabrın 15-dən ölkəmizdə on gün ərzində böyük bir Nizami bayramı, coşqusu yaşanır. Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçirilir. Sevindirici haldır ki, Nizami irsinin təbliğində TÜRKSOY təşkilatı da bizimlə birgə fəal iş görür”.

 

Nazir daha sonra kitab-albomun və kitabın nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirib.

 

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bu il “Nizami Gəncəvi İli” çərçivəsində Türkiyədə bir çox tədbirlərin, elmi konfransların, musiqili proqramların təşkil edildiyini söyləyib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin ölkəmizdə, sənətə, ədəbiyyata, mədəniyyətə, görkəmli şəxsiyyətlərimizə dövlət səviyyəsində bəslənilən böyük ehtiramın, diqqətin bariz nümunəsi olduğunu söyləyib. Akademik təqdimatı keçirilən kitabların Nizami Gəncəvi ilinə gözəl bir töhfə olduğunu qeyd edib.

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə danışaraq təqdimatı keçirilən yeni nəşrlər haqqında fikirlərini bölüşüblər.

 

Daha sonra Milli Kitabxananın hazırladığı “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda elektron məlumat bazası təqdim olunub.

 

Tədbir Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət musiqili kompozisiya ilə davam edib.

 

525-ci qəzet .- 2021.- 23 noyabr.- S.9.