İraqın Anası...

 

...GERTRUDA BELL OLA BİLMƏZ!

 

 

Qadına qarşı şiddət probleminin layihələr şəklində illərdən bəri dünya üzrə reallaşması Qərbdə də, Şərqdə də eyni anlamda, pədərşahlığın, yəni kişi hakimiyyətinin mahiyyətindən doğan bir problem olduğunu özündə ehtiva etsə də, bütün hallarda bu probem daha çox müsəlman ölkələri çərçivəsində qabardılır ki, belə yanaşma istər-istəməz Şərqi Qərbdə əridən qlobollaşma prosesinin təkanvericisi olmaya bilmir. Qərbin təbliğ etdiyi yanaşmaya görə, Şərq qadını (əsasən müsəlman qadını nəzərdə tutulur) müti, hüquqsuz, daima şiddət görən, Qərbin dəstəyinə ehtiyacı olan bir varlıqdır. Bəli, müti müsəlman qadını stereotipi mövcuddur Qərbdə.

Qeyd edim ki, şəxsən mən özüm, Şərqdə qadına şiddət mövzusuna toxunmaq istərkən assosiativ olaraq "şiddət nədir?" sualı gəlir ağlıma və çox-çox keçmişə gedir fikri xəyalım; "Min bir gecə" nağıllarına. Dövrünün böyük patriarxı Şəhriyarın hər gecə bir qızla yatıb, səhər boynunu vurdurmasını, təbii ki, qadına qarşı kütləvi şiddət adlandırmamaq qeyri-mümkündür. Bununla belə "dəli"  Şəhriyarın ağlına məlhəm olan gözəl və dərrakəli Şəhrizadı da var bu hekayələrin. Qərb oxucularından birinə görə "Min bir gecə" müsəlman dünyasında qadına qarşı şiddətə haqq qazandıran bir kitabdır. Axı Şəhriyar, qızları bir gecəlik yatağından, həmişəlik qəbir yatağına səbəbsiz yollamırdı. Bu addımı atmağa onu sevdiyi qadının xəyanəti, daha dəqiq, bu qadının gizli eşq macəraları vadar etmişdi. Şəhrizadın da müdrikliyi, heço qadınlardan biri olmaq taleyini dəyişmir. O, sadəcə eşq macəralarıyla gün keçirən şahı öz nağılları ilə əyləndirə bildiyinə görə sağdır; o da şahı belə sakit edir.

Məsələ ondadır ki, müasir dünyamızda şəhriyarların, yəni qadına əyləncə kimi baxmaq hüququ olan kişilərin varlığı, bəzi "feministləri" qadını "azad sevgi" devizi ilə eyş-işrət hüququ əldə etmək üçün mübarizəyə səsləyir. Diqqət etsək görərik ki, bəzi feministlərçin qadın-kişi bərabərliyi bu çərçivədən kənara çıxmır.

 

Bizdə feminizmi tək bu baxımdan tənqid edənlər çoxdur, ancaq onlar bu hərəkatda suprajistlərin də olduğuna nədənsə göz yumurlar. Çox maraqlıdır ki, suprajist hərəkatı, yəni qadının siyasiictimai həyatda kişilərlə çiyin-çiyinə rol oynamaq, seçkilərə qatılmaq hüququ məhz Qərb qadınlarının təşəbbüsü olaraq düşüb tarix səhifələrinə. Qərbdə suptajistlərin qazandığı bu hüquqdan Şərqdə məhdud şəkildə ilk istifadə edən Azərbaycan qadını olub. 1917-ci ilin seçkilərində iştirak etmək hüququnun məhdudluğu deyərkən, qadının məhz yaxın qohumuna səs vermək hüququ nəzərdə tutulurdu. Gülməlidir, deyilmi?

Niyə gülməlidir? Çünki 15-ci əsrdə Azərbaycanın nəinki öz qohumuna səs vermək, hətta öz oğlunun əvəzinə ölkəni idarə etmək haqqı olan Sara xatunu olub. Bura Məmlüklər dövründə Misirin hökmdarı olmuş azəri xanımı Şəcərətudorun da adını əlavə edə bilərəm.

Təbii ki, "onlar yüksək təbəqə olub" deyə, irad bildirənlər olacaq. Bu başqa mövzudur. Sadəcə, toxunmaq istədiyim başqa mətləbdir. Bu faktlar mənə insan hüququnun qadın və kişi deyə iki cəbhəyə ayrılmasını məqbul bilməməyim üçün kiçik bir faktdır; əksinə belə bir hüquq bölgüsü insan haqlarının reallaşmasını tormozlayır. Bu xüsusda, cəmiyyətin də formasiyalara bölünməsini ağlabatan saymıram. Cəmiyyəti formasiyalara deyil, şəxsiyyətlərə bölmək daha düz olardı; çünki quldarlıq adlanan formasiyada kommunist əqidəli Spartakın, "kommunizmə" gedən sosializmdə isə quldar əqidəli Stalinin varlığı faktdır.

 

Eləcə, qadın haqları uğrunda mübarizə hərəkatı da bu anlamda araşdırılsa, dünya tarixini, özünü bir şəxsiyyət olaraq təsdiqləyən qadınlarla zəngin görəcəyik. Tarixdə elə qadınlar olub və vardır ki, hüququ haqqı olaraq qazanıb; ağlı, istedadı və iradəsi sayəsində.

 

Onlardan biri, Şərqə bir qadın kimi vurğunluğu ilə, Şəhrizad nağıllarının coğrafiyası boyu Şərqi tədqiq edə-edə, "Min bir gecə" nağıllarının Bağdadında (onun xəyalındakı Bağdad həmən nağıllardan doğmuşdu) əbədiyyətə qovuşan Qərb qadını Gertruda Bell olub. Maraqlıdır ki, Gertruda Bell özü, ölkəsi İngiltərənin siyasiictimai həyatında fəal iştirak etsə də "anti suprajist" hərəkatın təməlini qoyub. Belə ki, o, kişilərlə çiyin-çiyinə siyasiictimai həyatda öncül olmaq haqqı qazanmağı, hüquq kimi qəbul etməyi cəfəngiyyat sayıb. Öz ağlı və istedadı sayəsində özünü şəxsiyyət kimi təsdiqləyən Gertruda Belli, öz ölkəsini qadın kimi də şərəfləndirib, "Səhralar kraliçası" adlandırıb. Bu qadına ana olmaq səadəti nəsib olmasa da, "İraqın anası" kimi təbliğ olunub Qərb tarixində. İctimai xadimlərdən biri yazırdı: "Gertruda Bell dünya üzrə səyahət edib, kişilərin sferasında işləyərək qadının dünya işlərində iştirakıyla bağlı bütün gender normaları və stereotiplərini qulaq ardına vururdu".

 

İraqda şəhzadə Feysəli hakimiyyətə gətirən, tarixdə özünü siyasətçi kimi təsdiqləyən Gertruda Bell, əlbəttə ki, qadın olub, sevib və sevgisinə qovuşmaq arzuları daşa dəyəndən sonra düşüb səhralara.

 

Yuxarıda qeyd etdiyim kimi, Bağdad arxeoloji muzeyinin əsasını qoyan bu qadın İraq muzeyinə eksponatlar qoyub getsə də, özü müasir İraqın tarixində demək olar ki, yoxdur, onu burda yada salmırlar. Çünki gəncliyindən Şərqin vurğunu kimi meydana atılan Gertruda Bell, sonralar ingilis imperializminin siyasi dayağı kimi fəaliyyətə başlamışdı Şərqdə. "Səhralar kraliçası", "İraqın anası" kimi adlarla şərəfləndirilsə də, bu medal mahiyyətli adların o biri üzü iki üzlü medal kimidir; çünki medalın o biri üzündə xəfiyyə, casus yazılıb. Bu gün, Şərqdə xəfiyyə olan həmən qadının Bağdaddakı qəbri anılmasa da, inglis kinematoqrafçıları onu 21-ci əsrin əvvəllərində yenidən mərtəbəyə qaldırmaq üçün 2015-ci ildə, dünya şöhrətli Nikol Kidmanın Gertruda Bell obrazını canlandırdığı, "Səhralar kraliçası" adlı yeni bioqrafik film çəkdi ki, dünyanın Bellə məhəbbəti artsın.

 

Mənim də İraqa məhəbbətim öz soy-kökünə bağlı bir şərqli kimi həyatımda böyük rol oynayıb. Təbii ki, lirikanın şahı Füzulinin ruhu dolaşdığı Kərbəla ilə, nağıllar şəhəri Bağdadı görmək arzularım olub marşrutumun xətti.

 

İlk səfərim isə 2010-cu ildə, Bağdadda keçirilən Qonşu Ölkələr Kinofestivalına nümayəndə kimi qatılmağımla bağlı olub. Bu artıq o vaxt idi ki, İraq ABŞ və İngiltərənin raket atəşlərinə, Bağdad və Kərbəla da eləcə dağıntılara məruz qalmışdı. Gertruda Bell haqda məlumatlı olduğumdan həmin o günlərdə gözlərimlə İraqda axtardığım yeganə obraz İraqın anası obrazı idi. Axı müharibə faciəsini içdən yaşayan ən böyük varlıq məhz analardır; canları, qanları ilə həyat bəxş etdikləri övladlarının həyatına son qoyan dəhşətdir müharibələr.

 

Səfərim Aşura gününə təsadüf etdiyindən min illər boyu ağlayan müsəlman qadının - İraq anasının obrazını da orda gördüm; "vay Hüseyn" deyib ağlayan qadınlar, həm də unutmamışdılar ki, Kərbəla müsibəti də qadınların məşəqqətlərə məruz qaldığı dəhşətli müharibə kimi yazılıb tarixə. Kərbəlada gördüyüm iraqlı qadınlar çadralı, yaşmaqlı olsalar da, Bağdadda keçirilən kinofestivalda Hollivud ulduzları sayaq makiyajlı, geyimli aktrisalar da diqqətimdən yayınmadı.

 

Onlardan bir gənc və gözəgəlimli aktrisanın qərbli geyim stili, məni daha çox onun daxili dünyası haqda təsəvvür yaratmağa təhrik etdi. O danışdı və mən ağladım. Dedi ki, müharibədə qardaşını da, ərini də öldürüblər. Söhbətdən sonra Kərbəladakı çadralı qadınlarla, həmən aktrisanın daxili aləmində bir fərq olmadığını anladım. Kərbəlada ağlayan çadralı qadınlar "Hüseyn" deyib, 2003-2011-ci ildə itirdikləri oğulları üçün açıq-aydın daxili hayqırtılarını göstərə bilsə də, aktrisa öz daxili faciəsini gizlətməyin yolunu Hollivud aktrisasına bənzəməkdə tapmışdı.

Xeyr, mən şərqli qadınının, daha doğrusu, müsəlman qadının çadrada gəzməsini təbliğ etməkçin demirəm bunları. Sadəcə, müşahidəmin mahiyyətini açıqlayıram. Müsəlman qadının özünü Amerika filmlərindəki hollivud ulduzlarına bənzətməsi, təhtəlşüur olaraq özünün şərqli faciəsini gizlətmək istəyilə bağlıdır; bu mənim qənaətimdir.

 

 

 

Nikol Kidman "Səhralar kraliçası" filmində Gertruda Bell obrazında

 

 

 

2017-ci ildə, yenə Bağdada səfər edəndə yuxarıda mahiyyətini açmaq istədiyim "İraq anası" şərəfli adı yenə fikrimdə dolaşırdı. Bu dəfə mənə, iki uşaq anası, iraqlı diplomat Yasmin Salman Hassan Aljaifrinin ailəsində qonaq olmaq nəsib oldu. Onunla elə burda, o, 2008-2011-ci illərdə, Bakıdakı İraq səfirliyində 3-cü katib işlədiyi zaman tanış olmuşdum. İlk tanışlığımız zamanı, istər-istəməz Şərqin nəğməkarı Cəfər Cabbarlının "Firuzə"hekayəsindəki ilk cümlələri Yasmin xanımın simasıyla canlandırdım: "O, gözəl, girdəsifət, gənc bir qız idi; şərqli qızlarına məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi qara qaşları, incə dodaqları vardı".

 

Bəli, Yasmin həmən o Firuzə xislətli doğmam idi mənim. O, mənimlə ilk ünsiyyətindəcə, diplomatik korpuslarda qəbul olunmuş beynəlxalq ingilis dilində deyil, türkcə danışmağa başlayanda doğmalığımız əlüstü yaranmışdı. Əlqərəz, Yasminlə doğmalıq münasibətlərimiz mənə İraqı bir daha sevdirdi.

İraqın tanınmış diplomatı Yasmin Salman Hassan Aljaifri

 

İraqın diplomatik korpusu tərkibində Yasmin xanım ABŞ- da, Malayziyada, Küveytdə, Kuala Lampurda fəaliyyət göstərib bu günə kimi.

Onun özündə, məhz bir diplomat olaraq, müasir İraqın anasını görmək istəyim, "İraqın anası" adıyla ingilis xəfiyyəsini özlərinin tarixində yaşadan Qərb tarixçilərinə cavab kimi Yasminin bir neçə il öncə yazdığı "İkinci tərəfin diplomatiyası" kitabında asanlıqla tapdım mən. Onun yazdığına görə qadınlar tək dövlət deyil, həm qeyri hökumət təşkilatlarında, xalqın içində belə öz diplomatik istedadlarının tətbiqi sayəsində dünyada əmin-amanlığı, sülhü bərpa edə bilərlər. İraqın tanınmış diplomatı Yasmin Aljaifri deyir ki, bu gün İraqda belə qadınlar çoxdur. Öz fəaliyyətim çərçivəsində İraqın bütün qadınlarının saf, ləyaqətli İraq anası olmaq potensialının gizli qalmaması üçün çalışıram. Ən əsası odur ki, bu qadınlar əksər hallarda analardır. Bu şərqli, İraq qadınları həm ailələrində ana həyat yoldaşı, həm dövlət idarəçiliyində ictimai xadim olmaq statuslarını eyni zamanda qoruyub saxlaya bilirlər.

Yasmin xanım həmkarlarıyla. Mart, 2021-ci il. İraqın Mərakeşdəki səfirliyinin diplomatik heyəti

 

İraqlı diplomat Yasmin Aljaifri hazırda İraqın Mərakeşdəki səfirliyinin konsulu olaraq kişi həmkarları ilə çiyin-çiyinə çalışır. Bu gün dünyada qadına qarşı, daha doğrusu müsəlman qadınına şiddət mövzusu bir diplomat və həm də qadın və ana olaraq onu da çox narahat edir. Ancaq bu mövzu onunçün ailədaxili problem deyil, bu mövzunu o dünya miqyasında həll etməyə atılıb. Qadına qarşı şiddətin, zorakılığın siması müharibələrdir. Bu isə Yasminə və onun kimi minlərlə şərqli, müti adlanan müsəlman qadınına, eləcə də iraqlı qadına dünyada ana kimi mübarizə aparıb, şiddət problemini həll etməyə haqq verir. Odur ki... Gertruda Bell İraqın anası ola bilməz!

 

 

Sədaqət KAMAL

 

525-ci qəzet.- 2021.- 23 noyabr.- S.16;13.