"Daşdan da yazsam,
orada insan amili görünür"
TƏRANƏ TURAN:
"ŞEİRLƏRİMİN ANA XƏTTİ İNSAN
VƏ ONUN YAŞANTILARIDIR"
Azərbaycanın elm-mədəniyyət tarixində fədakar
qadınların rolu danılmazdır. Elmi-bədii
yaradıcılıqla məşğul olub ailə dəyərlərinə
sadiq qalmaq, bütün məsuliyyətin öhdəsindən
gəlmək bir ziyalı qadın üçün,
sözün əsl mənasında, xoşbəxtlikdir. Həmin qadınlardan biri də, şair, publisist, tərcüməçi,
ədəbiyyatşünas, tənqidçi Təranə
Turandır. Təranə xanım bir
çox yerli və xarici təşkilatların, birliklərin
üzvüdür. Bu illər ərzində
bir sıra beynəlxalq mükafata layiq görülüb.
Eyni zamanda, tədqiqat işlərinə və bədii
yaradıcılığına da vaxt ayırır. Bu yaxınlarda doktorluq dissertasiyasını müdafiə
edib. Onun bədii yaradıcılığı
barədə Azərbaycanın görkəmli qələm
adamları müsbət rəy bildiriblər.
Bu
müsahibədə Təranə Turanla oxucuları daha
yaxından tanış etmək istədik.
***
- Təranə
xanım, fikrimcə, ədəbiyyat sahəsi üzrə
bütün uğurlarınızın təməli məhz Azərbaycan
Dövlət Pedaqoji Universitetindəki filoloji təhsilinizdir. Sizi bu sahəyə bağlayan ilkin amil nə olub?
- Ədəbiyyata sevgim uşaq yaşlarından, Tavat nənəmin
danışdığı nağıllardan, dastanlardan, dediyi
bayatılardan, qoşmalardan başlayıb. O əziz səsin tonu, ahəngi
ilə doğmalaşan qəhrəmanların xəyalımdakı
obrazları hələ də o vaxtkı müqəddəsliyindədi.
Sonrakı illərdə geniş mütaliəm,
məni Filologiya fakültəsinə gətirən israrlı
arzum da bu sevgi ilə bağlıdı. Azərbaycan
Dövlət Pedaqoji Universiteti mənimçün başqa bir
aləm yaratdı. Tələbəlik illərində
müəllimlərim hansı əsəri seminar
üçün öyrənmək
tapşırığı versələr, mən
baxırdım ki, artıq həmin əsəri orta məktəb
illərində oxumuşam. Amma buna baxmayaraq təkrar
oxuyurdum, eyni əsəri təzədən oxuyanda özümçün
yeni nələrisə kəşf edirdim. Hüqonun
"Səfillər"ini isə 21 dəfə oxumuşdum.
Və hər dəfə fərqli məsələlərin dərindən
idrakı... Son oxunuşda Konvent üzvü haqda
bəhs etməklə Hüqonun necə dərin mətləbləri
dilə gətirdiyinin fərqinə varmışdım. Filologiya fakültəsi
ilk növbədə mənə ciddiliyi, məsuliyyəti
öyrətdi. Bütün yaradıcı adamlar kimi məndə
də digər hiss və duyğular məsuliyyətdən
öndə gəlirdi. Lakin tələbəlik
illəri insanın həyatını məhz məsuliyyət
hissinin qoruduğunu mənə aşıladı.
Azərbaycan Dövlət Pedaqoji Universiteti mənə
çox dəyərli müəllimləri, ölkəmizin
nüfuzlu alimlərini tanıtdı. Onlardan təkcə ədəbiyyatın
elmi tərəfini öyrənmədim, həm də həyat
dərsi aldım. Yaradıcılıq
yolumda mayak olan insanları bu təhsil ocağı sayəsində
tanıdım. Ədəbiyyat yolumun hər yönü
üçün mənə istiqamət göstərən
müəllimlərimə ömür boyu ödəmək mümkün
olmayan vəfa borcum var. Amma hər bir insanın
uğurlarının təməli ilk növbədə
özünütəhsildir. Aristotel deyirdi ki, təhsil
bütün öyrəndiklərini yaddan çıxarandan
sonra yerdə qalandır. O yerdə qalanı əldə
etmək məcburi öyrəndiklərimizin yox,
özünütəhsilin hesabına baş verir.
-
Neçə-neçə monoqrafiya və dərslik müəllifisiniz.
Bilirik ki, qadın üçün məişət
problemləri, analıq məsuliyyəti və sair məsələlər
vaxt məhdudiyyəti yaradır. Bütün
bu işləri necə çatdırırsınız? Bu yolda kimlər sizə dəstək olur?
-
Çox yaxşı sualdı. Həqiqətən
də qadın olmaq çox çətindi. Elmi əsər
yaza bilərsən, yüksək cəmiyyətdə layiqli
yerin, hörmətin ola bilər, amma ailəndə
vəzifələrini lazımınca yerinə yetirməsən,
qadın ola bilməzsən. Mən heç vaxt
bunu unutmamışam. Qadın, ana olmaq
bütün öhdəliklərimdən öndədir. Elə illər olub ki, cəmi iki saat yuxu yatıb səhər
tezdən də işə getmişəm. Və
şükr etmişəm ki, buna tab gətirə bilirəm.
Əlbəttə, öz məsuliyyətimlə
yanaşı, ailəmdəki bugünkü sahman
üçün anama çox borcluyam. Kiçik
yaşlarından övladlarımı etibar etdiyim anam Esmira
xanımın köməyi olmasaydı, mən nə
dissertasiya müdafiə edə bilərdim, nə monoqrafiya, dərs
vəsaiti yaza bilərdim, nə də bədii əsər.
Bütün həyatım boyu anamın xilaskar əlləri
var üstümdə. Allah o əlləri əskik etməsin!
İndi də xaricdə təhsil alan
qızlarım ona əmanətdir. Eyni zamanda, həyat
yoldaşım Zaurun dəstəyini həmişə hiss
etmişəm. Ruhdan düşdüyüm
vaxtlarda o mənə başladığım işi sona
çatdırmaq məsuliyyətini xatırladıb. Bütün kitablarımın kompüter dizaynı,
texniki zəhməti onun üzərinə düşüb və
bunu böyük həvəslə, sevgiylə edib.
- Müəyyən
illərdə BDU-da yapon mədəniyyəti, ədəbiyyatı,
incəsənət tarixi ilə bağlı dərs demisiniz. Yapon mədəniyyətində sizi tədqiqatçı
kimi özünə cəlb edən nədir?
- Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində yapon ədəbiyyatını tədris
etmək təklifi gələndə düşünmədən
qərar verdim.
Çünki bu xalqın nəinki ədəbiyyatı,
mədəniyyəti, hətta bütünlükdə ruhu mənə
doğmadır. Hər bir milləti millət
edən, onu tanıdan, sevdirən milli dəyərləridir.
Yaponlar qədər milliliyini qoruyub saxlaya bilən
ikinci bir millət yoxdur. Təsəvvür edin ki, XIX əsrdə baş verən
Meyci inqilabına qədər Yaponiyanın qapıları nəinki
Avropaya, qonşu Uzaq Şərq ölkələrinə -
Çinə, Koreyaya da bağlı olub. İmperatorların
heç biri əsrlərdən gələn bu ənənəni
pozmayıb. Milli dəyərləri qorumaq
üçün Yaponiyanın bu addımı, mən deyərdim
ki, öz bəhrəsini verib. İndi Yaponiya məhz buna
görə hamını sirli-sehrli bir ölkə kimi
özünə cəlb edir. Məni də
cəlb edən bu fərqlilik, özünəməxsusluq idi.
Ona görə də yapon
yazıçıları Mişima Yukio, Kavabata Yasunari, Kaci
Morociro, Oe Kenzaburo və başqalarını böyük bir
sevgiylə tədris edirdim. Yapon mədəniyyətinin,
incəsənətinun analoqu olmayan sahələrini tələbələrimizə
tanıtmaqdan xüsusi zövq alırdım. Bu gün həmin ixtisasdan dərs deməsəm də,
Yaponiya ilə əlaqəli işlərim davam edir. Yapon
yazıçıları ilə bağlı məqalələr
yazıram, yapon dili və ədəbiyyatına dair dərsliklərin, kitabların rəyçisi
kimi sözümü deyirəm, yapon mədəniyyəti
festivallarının təşkilinə qatqılarım olur. Yaponiya saytlarında yazılarım dərc olunur.
Yəni, BDU-dan başlanan yol davam edir.
-
Bildiyimiz kimi, yaxın vaxtlarda doktorluq dissertasiyasını
müdafiə etmisiniz. Mövzunuz nədir?
Bir az bu barədə danışaq...
- Doktorluq
dissertasiyası müdafiə etməyin nə həyəcanı,
nə də məsuliyyəti əvvəlki nüdafiəmə
bənzəmir. Həmin məsuliyyət və həyəcan
da o işin mahiyyətinə uyğun idi. Amma
doktorluq dissertasiyasının qəribə bir zəhmi var. O
ağırlıq, o məsuliyyətin ciddiliyi işi görmə
prosesini belə ləngidir. Elmdə
böyük ustadım akadenik Kamal Talıbzadə deyirdi ki,
doktorluq dissertasiyası alimin ən ciddi işi kimi yadda
qalmalıdır, ona görə də doktorluq yazan adamın
gecəsi-gündüzü olmaz. Mən bu sözləri
ustad öyüdü kimi bir an belə
unutmadım.
Mövzum "1960-1970-ci illər Azərbaycan nəsri ədəbi
tənqiddə" adlanır. Mürəkkəb
olduğu qədər də maraqlı bir mövzudur. Ədəbiyyatımızın önəmli bir
inkişaf mərhələsi olan 60-70-ci illər nəsrimizin
qızıl dövrüdü. Ən yadda
qalan nəsr əsərlərimiz bu illərdə
yazılıb. "Roman onilliyi" kimi dəyərləndirdiyimiz
80-ci illər nəsri də, sonrakı onilliklərin nəsri
də möhtəşəm ədəbi mənzərəsi
üçün 60-70-ci illərdəki yeniliyə borcludu.
Ədəbi tənqidimizin inkişafında da bu
illər xüsusilə fərqlənir. Nəhəng
tənqidçi simaları bu nəsrlə bağlı öz
sözlərini deyiblər. Bu baxımdan tədqiqatçıya
çox zəngin material verən bir mövzudur.
- Alim Təranə Turanla şair Təranə Turanın
fərqləri nədir?
-
Gerçəklik budur ki, hər ikisi ilə birlikdə Təranə
Turanam. İkisinin bir çox ortaq cəhətləri
var. Amma sualın qoyuluşuna görə ancaq fərqlərindən
bəhs etməliyəm. Alim Təranə
Turan daha dəqiq, daha məsuliyyətli, hər qərarında
diqqətli və hökmlüdür. Qanunlara
tabe olan, qəbul edilmiş normalara riayət edən, cəmiyyət
qanunlarına ehtiramla yanaşan sabit bir varlıqdır. Şair Təranə Turanın isə,
öz insanlıq qanunları var. Yeri gələndə bu qanunlar üçün qurbanlar verən,
bu yolda heç bir sədd
tanımayan, daxili azadlığı hər cür
rahatlıqdan üstün tutan, bundan
xoşbəxt olan bir
varlıqdır. Şairlik tərəfinə bəzən çəki-düzən
vermək ehtiyacı duyan isə alimlik tərəfidir.
-
Şeirlərinizdə zamanın sürətli
axışından gileylənirsiniz: "Saniyəylə
savaşıram, saatlar əlimdən qaçır..." Bu qədər fəaliyyətin, məhsuldar
çalışmaların qarşılığında hələ
də vaxt-zaman sizin üçün məhdudiyyət
yaradır?
- Bəzən
mənə elə gəlir ki, heç nəyi
çatdırmayacağam, bütün işlərim
yarımçıq qalacaq. "Ömür sürət
qatarıdır" şeirim bütün iliklərimə qədər
hiss edib yaşadığım bir reallıqdır. Zamanın sürətli axışı saniyələrin
belə nə qədər dəyərli olduğunu öyrədir
insana. Bu amansız sürətlə
ayaqlaşa bilmək üçün çox zəhmət çəkmişəm.
Amma yenə də istədiyim qədərinə,
enerjimin yetə biləcəyi səviyyəyə
çatmadığımı düşünürəm.
Amma onunla təsəlli tapıram ki, heç kim,
heç bir yaradıcı insan dünyadan ayrılanda
bütün işlərini bitirə bilmir,
yarımçıq işləri qalır. Axı həyat
davam etdikcə yeni işlər görməyə də davam
edirik, bir an belə dayanmadan işləsək
də, ömrün hansı anda bitəcəyini bilmədiyimizdən
mütləq nəsə yarımçıq qalacaq.
- Şeirləriniz təbiət motivləri ilə zəngindir,
həyat tərzi ilə maraqlı paralellər
aparırsınız. Təranə Turanın əsas ilham mənbəyi
nədir, o, öz şeirləri ilə hansı ana fikrə
xidmət edir?
- Mənim ustadım Hüseyn Arif təbiət şairi idi. Təbiətə həyatın ilkin qaynağı kimi əbədi sevgimin formalaşmasında onun böyük rolu olub. Mən konkret bir ilham mənbəyi göstərməli olsam, şeirlərimin ana xətti İnsan və onun yaşantılarıdır deyərdim. Mən daşdan da yazsam, orada insan amili görünür. Ədəbiyyatşünaslığa insanşünaslıq deyənləri bu mənada çox haqlı hesab edirəm. Elə təbiət də insana xidmət etmək üçün yaradılıb.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 23 noyabr.- S.15.