Bakı Dövlət
Universiteti: milli qürur mənbəyimiz
"Universitet"
sözü latın dilindəki
"universitas" - çox sahələrin birləşdiyi
yer anlamında olub fundamental və tətbiqi elmlər, humanitar
sahələr üçün mütəxəssislər
hazırlayan ali təhsil ocağıdır. Nəzəri
baxışlara görə, universitet tarixən elmi tədqiqatlarla
məşğul olan müəssisə kimi yaranıb. Hələ XII-XIII əsrlərdə İtaliya,
İspaniya, Fransa, İngiltərə kimi ölkələrdə
meydana çıxan universitetlər getdikcə elm və təhsilin
birgəliyini təmin etmişlər. Artıq
yüz ilini ötmüş Bakı Dövlət Universiteti
dünya ölkələrinin universitetlər sistemində
öz yerini getdikcə daha güclü şəkildə təsdiq
etməkdədir. Bəs bir dövlət
olaraq, bir xalq olaraq Bakı Dövlət Universiteti bizim
üçün hansı məzmunu daşıyır?
Aydındır ki, hər bir ölkənin, hər bir
dövlətin milli qürur mənbəyi sayılan
atributları olur. Bu atributlar tarixin gedişi zamanı millətin,
dövlətin özü tərəfindən yaradılır
və bəzən həmin ölkənin tarixi
keçmişinin, bu gününün və hətta gələcəyinin
müəyyənləşməsində əsas rol
oynayır.
Azərbaycan xalqının belə qürur mənbələrindən
biri sayılan, onun tarixi keçmişində, bu günündə
və sabahında çox böyük rol oynayan milli
atributları sırasında Bakı Dövlət Universiteti
mühüm yer tutur. Azərbaycanın Ümummilli lideri, yeni Azərbaycanın
böyük arxitektoru Heydər Əliyev deyirdi: "Azərbaycan
elminin tarixi böyükdür. Əsrlərdən
əsrlərə Azərbaycanın elm adamları ixtiralar edib,
dünya elminə böyük töhfələr veriblər və
Azərbaycanın bilik, elm səviyyəsini qaldırıblar.
XX əsrin əvvəlindən Azərbaycanda
elmi müəssisələr yaranıb, 1919-cu ildə ilk Universitet
yaranıbdır. Bu Universitet həm
yüksək təhsil ocağı, həm də Azərbaycan
elmini birləşdirən, onu inkişaf etdirən
böyük bir müəssisə, böyük elm
ocağı olubdur". Dünyanın bir çox
möhtəşəm universitetlərində diplomatik
görüşlərdə olmuş, beynəlxalq aləmin təhsil,
elm tarixinə həm də bir tarixçi kimi yaxından bələd
olan H.Əliyev bunu da qürurla deyirdi: "Bakı Dövlət
Universiteti Azərbaycan xalqının milli sərvətidir".
Və qürur hissi ilə əlavə edirdi: "Mən fəxr
edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam".
"Bakı Dövlət Universiteti Azərbaycan
xalqının milli sərvətidir" - Ulu öndərimizin
hər kəsin ürəyinə hakim olan bu sözləri
Universitetimizin foyesində buranın əməkdaşlarından
tutmuş hər gün gəlib-gedən qonaqlarınadək
hamının diqqətini çəkməkdədir. Və
bu sözlərin əsas mahiyyəti ondadır ki: birincisi,
Bakı Dövlət Universiteti xalqın dəyişməz
statusa malik milli sərvətidir; ikincisi, bu ocaq dövlətə və
dövlətçiliyə xidməti ilə, sözün
müstəqim mənasında milli sərvət səviyyəsinə
yüksəlmişdir.
Ümummilli liderimizin "Bakı Dövlət Universiteti
Azərbaycan xalqının milli sərvətidir" sözləri
bu gün təkcə Universitet əməkdaşlarının
və tələbələrinin dilində deyil, Vətən
sevgisi ilə yaşayan hər kəsin dilində müqəddəs
bir aforizmə çevrilmişdir.
Bütöv bir xalqın qürur mənbəyi olan
Bakı Dövlət Universitetinə ümumxalq sevgisi hər kəsin
uşaqlıq illərindən, orta məktəb partasından
formalaşır. Orta məktəb şagirdi ən azı
7-8-ci siniflərdən özünün gələcək təhsil
seçimini edir və bu seçimdə Bakı Dövlət
Universiteti ön sırada dayanır. Bizdə belə bir
inam var ki, ali məktəb seçimində
övladının Bakı Dövlət Universitetinə
sevgisini hər bir valideyn həm də öz sevgisi kimi qəbul
edir. Dəqiqliyinə inandığımız
bu fikir Bakı Dövlət Universitetinə ümumxalq
patrotizmi kimi müqəddəs bir anlayışın da
formalaşmasına səbəb olur.
"Patriotizm" anlayışı da yunancanın
"patris" sözündən olub Vətən mənasını
ifadə edir.
Mükəmməl lüğətlər,
ensiklopediyalar patriotizmi birbaşa Vətənə sevgi
anlayışı kimi qəbul edir, ancaq həm də
insanın qürur duyduğu hər hansı bir varlığa
sevgisinin də patriotluq olduğunu qeyd edirlər. Əgər
biz bu məqamda Azərbaycan ali təhsil
ocağının ilki, ölkəmizə yüzlərlə,
minlərlə ləyaqətli kadr bəxş etmiş bu
Universitetə ümumxalq sevgisini ümumxalq patriotizmi
anlayışı ilə eyniləşdirsək, qətiyyən
səhv etmərik.
Universitetimizə belə bir ümumxalq patriotizmini meydana
çıxaran güclü faktorlar, ziyalılar olmuş və
olmaqdadır.
Bu gün Bakı Dövlət Universitetində kadr
hazırlayan on altı fakültənin hər birində tarixən
dünya miqyasında tanınan alimlərimiz olmuş və
onlar bu gün də var. Universitetimizdə tarixən
yetişmiş və adlarını bir məqaləyə
sığışdıra bilməyəcəyimiz onlarca,
yüzlərcə elm, təhsil fədailərinin
yaratdıqları elmi məktəb bu gün də öz
davamçılarını yetişdirməkdədir.
Qürur
hissilə "Universitet patriotları" adlandıra biləcəyimiz həmin
alimlər həm də Universitetimizə milli patriotluğun
yaranmasına misilsiz xidmət etmiş və etməkdədir.
Bakı Dövlət Universitetinin bütün görkəmli
məzunları birbaşa bu təhsil ocağının
havadarları rolunu oynamışlar. Bu sırada Heydər
Əliyevin adını ayrıca qeyd etmək lazım gəlir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev
özünün "Heydər Əliyev - tarixi şəxsiyyət
və tarix yaradan şəxsiyyət" sərlövhəli
məqaləsində yazır: "Böyük tarixi şəxsiyyət
Heydər Əliyev hər zaman elm və təhsilə
böyük qiymət vermiş, Azərbaycan elm və təhsili
onun xüsusi diqqət və qayğısı ilə əhatə
olunmuşdur. "Təhsil millətin gələcəyidir"
deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə
fəxr etdiyini dəfələrlə
vurğulamışdır. Ulu öndərin
Universitetdə təhsil illəri, habelə sonralar bu elm və
təhsil ocağı ilə sıx əlaqələri BDU-nun
şanlı tarixinin bir mərhələsini təşkil edir.
BDU-nun ən böyük məzunu Azərbaycan xalqının
xilaskarı Heydər Əliyevdir" .
Bütöv
bir xalqın iftixarı və Ümummilli lider səviyyəsinə
yüksəlmiş Heydər Əliyevin Bakı Dövlət
Universitetinə sevgisi, Azərbaycana hakimiyyətə gələn
ilk çağlarda bu Universitetin ilk dəfə yubileyinin
keçirilməsinə ayrıca Sərəncam verməsi, belə
ciddi tədbirlərdə Sovet ideologiyasının
"yalnız rus dilində" göstərişinə
baxmayaraq, bu yubileydə ana dilimizdəki nitqi dahi şəxsiyyətin
milli qürur mənbələrimizə patriotizminin unudulmaz
faktı kimi bu gün də BDU kollektivinə - rəhbərlikdən
tutmuş tələbələrinədək hər kəsə
mənəvi stimul verməkdədir.
Bakı Dövlət Universiteti min bir tellərlə bu
xalqa, Vətənə bağlıdır. Bu min bir tellərin
bütün istiqaməti ilk növbədə tələbədən
formalaşır. Bakı Dövlət
Universitetində həmişə tələbə
anlayışı rəhbərlik üçün ilk
sırada olub. Müasir günlərimizdə
isə BDU-da aparılan əsaslı islahatlarla tədrisin
keyfiyyətini yüksəltmək, elmi tədqiqatlara diqqəti
artırmaq və bunun üçün şəraitin
yaradılması prosesi gedir. Universitet gənclərin
məkanıdır. Tələbələrin
- gənclərimizin bu məkana məhəbbəti elə-belə
yaranmır. Bu sevgini onlara rəhbərliyin
gördüyü tədbirlər, tələbə zümrəsinə
müəllim hörməti, müəllim rəğbəti,
müəllim inamı aşılayır. Tələbələr
üçün yaradılan şərait hardan
başlayır, özünü necə göstərir?
Bu sualı Bakı Dövlət Universitetin rektoru, Elçin
Babayev publisist məqalələrinin birində özü
cavablandırır: "Bu gün BDU-da tələbə-gənclərin
hərtərəfli inkişafı, müasir meyarlara uyğun
ali təhsil almaları, əmək bazarının tələblərinə
cavab verən rəqabətə davamlı kadr kimi yetişmələri,
onların ictimai təşəbbüslərinin dəstəklənməsi,
idarəetmə və tədqiqat yönlü fəaliyyətə
cəlb edilməsi, fəal həyat mövqeyinin
formalaşdırılması və möhkəmləndirilməsi,
ictimai həyatda təşəbbüskarlıqlarının
stimullaşdırılması, gənclərin asudə
vaxtının səmərəli təşkili
üçün hər bir şərait
yaradılmışdır. "Humanitar məsələlər
və gənclər siyasəti" şöbəsi fəaliyyət
göstərir. Universitetdə yüzlərlə ixtisas və
ixtisaslaşmalar sırasında ali təhsilin
bakalavriat və doktorantura səviyyələrində
"Sosial iş" ixtisası, magistratura səviyyəsində
isə "Gənclərlə iş" ixtisaslaşması
üzrə kadr hazırlığı da həyata
keçirilir".
Yeni rəhbərliyin
bu sıradan olan tədbirləri Prezident İlham Əliyevin
BDU-nun 100 illik yubileyindəki unudulmaz
çıxışına söykənir: "Bakı
Dövlət Universiteti yüksək ixtisaslı milli
kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin
formalaşdırılması, dünya təhsil məkanına
inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin
yaradılması yolunda boynuna düşən vəzifələri
ləyaqətlə yerinə yetirir. Universitet bu
gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil
və mədəniyyətin müxtəlif sahələrində
çalışan çoxsaylı məzunları ilə
müstəqil Azərbaycanın inkişafına yeni töhfələr
verir".
BDU-da gənclərimizə - tələbələrimizə
Prezidentin tövsiyələrindən doğan faktları deməklə
bitirmək olmur.
Bakı Dövlət Universitetində hər şey tələbə
üçün, hər şey tələbəyə yüksək
bilik aşılamaq, onları yüksək vətəndaşlıq
ruhunda tərbiyə etmək günün aparıcı və
aktual xəttidir.
Bakı
Dövlət Universitetində nəşr olunan "Bakı
Universiteti" qəzetinin səhifələrində qələbə
ilimizin məzunlarının öz universitetləri haqqında
ürək sözləri var. Tarix fakültəsinin məzunu
Əfsanə Rüstəmlinin bu qəzetin səhifəsində
tarixdə qalacaq sözləridir: "BDU-ya olan sevgim hələ
universitetə qəbul olmamışdan
başlamışdı. Qəbul olacağım
universiteti düşünərkən hər zaman BDU-nu xəyal
edirdim. Qəbul imtahanında 602 bal
topladıqda seçimim əminliklə BDU oldu... Buradakı tələbəlik illəri mənə təkcə
elm, savad qazandırmadı. Eyni zamanda, bir
şəxsiyyət olaraq yetişməyimdə də əvəzedilməz
rol oynadı". Doğma Universitetimizə
qürur duyğuları bütün məzunların dilində
ən əziz cümlələrdir. Bu
duyğular isə onların qəlbindən süzülüb
qohum-əqrabaya, sabahkı övladlarına və beləliklə,
xalqın ruhuna çevrilir.
Bunlar bizim builki məzunlarımızın Universitetə
olan məhəbbətinin ifadəsidir. Amma biz bir misalı
da Universitetimizin ötən ilin fevralında - hələ
birinci kursda təhsil alan bir tələbəmizin - Əsgər
İsmayılovun qəzetdəki yazısından təqdim etmək
istərdik: "Bəşər övladı təbiətin
"şah əsəri" hesab edilir. Bu əsərin
ən şaqraq hissəsi isə gəncliyin payına
düşür. Gənclik dünənlə sabah arasında bir körpüdür. Körpünün möhkəmliyi isə daxilimizdəki
vətənpərvərlik duyğusundan, milli-mənəvi dəyərlərə
bağlılıqdan, azərbaycançılıq
ideologiyasına sonsuz sadiqlikdən asılıdır".
Vətənə bu sevgi ilə yaşayan həmin
birinci kurs tələbəsi lap elə indidən peşəkar
bir jurnalist səviyyəsindədir və biz onu telekanallardan
birinin xahişi ilə həmin kanala işə getməsini təklif
etdik. Əsgər İsmayılov birmənalı və qəti
şəkildə dedi: "Təklifə görə sağ
olun. Amma mən Bakı Dövlət Universitetini
bu yarım ildə elə sevdim ki, mən ancaq bu sevgi ilə
oxuyub çalışacam və ən böyük arzum da
yolunda canımı əsirgəməyəcəyim BDU- da elmi
yaradıcılıqla, müəllimliklə məşğul
olmaqdır". Bu, Universitetimizin adi bir tələbəsində
yarım ilin dərslərindən yaranan patriotik bir keyfiyyətdir.
İnsanın Vətənə sevgisinin ən çox
formalaşdığı məkan isə, əlbəttə, təhsil
ocaqlarımızdır. Xüsusilə oğlan və
qızlarımızın ömür yolunun ən cavan
vaxtı Universitet auditoriyalarından keçir. 44 günlük Vətən müharibəsindəki
qəhrəman əsgərlərimizin çoxsaylı bir hissəsini
də Bakı Dövlət Universitetinin tələbələri
və məzunları təşkil etmişdir. Universitetimizin
bu müharibədəki tarixi qələbəmizi canı və
qanı ilə qazanmış 19 şəhidi və onlarca
qazisi var. Həmin şəhidlərin və qazilərin
varlığı ilə qürur duyduqları doğma Azərbaycanda
həm də onların təhsil aldıqları bir
Universitetimiz var. Hamısını
tanıdığımız və
xatırladığımız o şəhidlər öz
ürəklərində bir Universitet qüruru da
yaşadıblar.
Vətən müharibəsinin başlanğıcından sonuna kimi ordumuza öz büdcəsindən vəsait ayıran, hər bir əməkdaşın da könüllü olaraq bu təşəbbüsə qoşulması, maaşından vəsaitə əlavələr etməsi də Universitetin vətəndaşlıq patriotizmi kimi qiymətləndirildi. Bizim günlərdə bu təşəbbüs "Yaşat Fondu"na münasibətdə də özünü göstərməkdədir.
Bu gün BDU rəhbərliyi Vətən müharibəsində həlak olan bütün şəhidlərimizin qəhrəmanlığını tədris auditoriyalarına daşımağı, tələbələrə ilk növbədə onların igidliyi ətrafında söhbətlər aparmağı rəsmi bir tapşırıq kimi tövsiyə edir. Universitet rəhbərliyi Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş bir tələbəmizə onun sevdiyi, seçdiyi Universiteti bitirməyi haqqında diplomunun ailəsinə təqdim edilməsi ilə bağlı AZƏRTAC-ın 2021-ci il iyunun 10-da təqdim etdiyi bir xəbəri xatırlatmaq istərdik: "Bakı Dövlət Universiteti Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutur, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərir, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir. BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev və universitetin əməkdaşları Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib. Elçin Babayev BDU kollektivinin Şamilin xatirəsini daim əziz tutduğunu vurğulayıb, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildirib. Rektor şəhidin ali təhsil haqqında diplomunu anasına təqdim edib".
Bu yerdə biz yenə də rektor Elçin Babayevin birbaşa Universitetimiz və onun tələbələri haqqında bir fikrini də diqqətə çatdırırıq: "Böyük tarixə və zəngin ənənələrə malik Bakı Dövlət Universiteti öz tələbələri və məzunları ilə fəxr edir. 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edib xalqımıza Zəfər sevinci yaşadanlar, müqəddəs şəhidlik zirvəsinə ucalanlar, savaş meydanında can qoymuş və qan axıtmış qazilər sırasında Universitetimizin gəncləri də az olmamışdır". Universitet rəhbərliyinin, şəxsən rektor Elçin Babayevin layihəsi əsasında Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici jurnalistlərə verdiyi və bununla da Azərbaycanın haqq səsinin dünyaya çatdırılması kimi vacib bir missiyanı yerinə yetirmiş müsahibələri, BDU alimləri və tələbələrinin Vətən müharibəsinə bağlı publisistik yazıları, milli mediamızın beynəlxalq arenaya çıxışı kimi məsələləri əks etdirən yeni üç maraqlı kitabın nəşri də Universitetimizin Vətənə bağlılığı kimi qürurverici bir faktdan doğdu. BDU-nun Jurnalistika fakültəsinə tapşırılan bu missiya da fakültə əməkdaşlarının Universitet patriotizmi kimi qiymətləndirilə bilər.
Jurnalistika fakültəsində fəaliyyət göstərən Televiziya tədris studiyası Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman döyüşçülərimizlə bağlı hazırladığı "BDU şəhidləri" adlı sənədli film də yeni nəslin, gənclərin tərbiyəsində çox mühüm bir yaradıcılıq faktı kimi dəyərləndirilmişdir.
Bakı Dövlət Universitetinin bütün fakültələrində bütün müəllimlərinin mühazirələrində ilk yer tutan Vətən müharibəsindəki qələbəmizin təminatçısı ordumuz, bu ordunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin o günlərdə xalqa qürurla təqdim etdiyi qələbə raportları, xarici jurnalistlərə verdiyi saysız-hesabsız müsahibələri, yüksək savadı, yüksək diplomatik gedişləri və ən əsası - Vətənə olan sonsuz sevgisi tələbələrimizdə vətəndaşlıq hisslərini bir daha gücləndirir, Prezidentimizə olan inam və qüruru yüksək səviyyəyə qaldırır. Ali Baş Komandanımızın işğaldan azad edilmiş hər bir rayona bu azadlığın ildönümü münasibətilə səfərləri və həmin səfərlərdəki bütün çıxışlarında qələbəmizin əsas təminatçısının məhz gənclərimizin olduğunu qürurla dilə gətirməsi, hər kəsdə olduğu kimi, BDU tələbələrinin də ürəyində qürur hissi yaşadır.
Bu günlərdə Jurnalistika fakültəsinin tələbələri BDU şəhidləri ilə bağlı onların həyat kredolarını əks etdirən portret oçerklər, esselər hazırlamaq kimi bir layihəni həyata keçirirlər. Həmin münasibətlə şəhidlərin ata-anası, doğmaları ilə görüşən tələbələrimizin bütün yazılarında şəhid doğmalarının bir fikri öndə olur: "Balamız öz Vətəninin və təhsil aldığı Universitetin əsl patriotu idi. Torpaq uğrunda can verən o şəhidlər öz ürəklərində həm də bir Universitet sevgisi ilə həyatlarını Vətənə qurban verdilər".
Universitetimizin tələbə qızlarından biri - Biologiya fakültəsinin IV kurs tələbəsi Fəridə Rəhimli Vətən müharibəsi başlayan gündən Bakıdakı hərbi hospitala gəlmiş və uzun müddət xəstəxanada müalicə alan qazilərin xidmətində durmuşdur. Universitetimizin bu vətənpərvər tələbəsi bizimlə söhbətində Vətən müharibəsi qazilərinin igidlik, qəhrəmanlıq haqqında söhbətlərini xatırlayır və sağalıb xəstəxananı tərk edən həmin döyüşçülərlə bu gün də telefon əlaqəsi saxladığını bildirir. Fəridə deyir ki, onu yaralı qazilərə yardım göstərməyə cəlb edən birinci faktor; Vətənə xidmət, ikinci faktor; Bakı Dövlət Universitetində müəllimlərindən aldığı Vətən sevgisi olub: "Əsgərlərimiz məni əziz bacıları kimi və bir də onların doğmalarının, hətta bəzilərinin özünün bitirdiyi Bakı Dövlət Universitetinin tələbəsi olduğum üçün mənə sonsuz hörmətlərini gördüm". BDU-nun bütün fakültələri, bu fakültələrin fəal alim və müəllimləri torpaqlarımızın işğal altında olduğu 30 ildə, bu işğala qalibiyyətlə son qoyan Vətən müharibəsi dövründə və bu dövrdən ötən bir il ərzində əsl publisist fəaliyyəti göstərmiş və göstərməkdədirlər. BDU əməkdaşlarının bu fəallığı birbaşa Vətən sevgisinə və həyatlarının ayrılmaz parçası olan Universitet patriotizminə bağlıdır.
BDU əməkdaşı və tələbəsi olub da onun patriotu olmamaq mümkün deyil. Universitetimizin dünya elmi, dünya mədəniyyəti tarixində adları qalmış böyük alim və müəllimlərimizi xatırlayıb onların yolunu davam etdirmək BDU-ya məhəbbətin ən düzgün yoludur. Dünənki və bugünkü klassik yazıçılarımız, filoloqlarımız, tarixçilərimiz, fiziklərimiz, riyaziyyatçılarımız... bizim üçün təməl daşlarıdır. Bu təməl daşları üstündə bu gün elmimizin, təhsilimizin, milli mədəniyyətimizin, milli dəyərlərimizin zənginləşdirilməsi, tələbələrimizə, gənc nəslə Vətən sevgisinin aşılanması yolunda fəaliyyət göstərən BDU kollektivi var. Bu kollektivin hər bir üzvünün Azərbaycanımıza, Zəfər yolumuza, azad olunmuş torpaqlarımızın dirçəlməsinə cani-dildən xidmət göstərən savadlı, səviyyəli milli kadrlar yetişdirmək istəyi var. Yüz ilin başlanğıcından gələn bu istək indiki günlərimizdə daha böyük reallıqlar yaşamaqdadır. Məbədə aparan müqəddəs yolların biri də Bakı Dövlət Universitetinə istiqamətlənir. Bu müqəddəs yolun yolçularına Tanrı duaları ilə!
Vüqar ƏLİYEV
BDU Jurnalistika fakültəsinin dekanı, professor
Cahangir MƏMMƏDLİ
BDU Yeni media və kommunikasiya nəzəriyyəsi
kafedrasının müdiri, professor
525-ci qəzet.- 2021.- 23 noyabr.- S.12;13.