Nizami Gəncəvi irsində elm anlayışı və elmi kəşflərə baxış

 

Azərbaycanın böyük şairi Nizami Gəncəvinin yaradıcılığında çox maraqlı elmi kəşflər vardır. Bu kəşflər haqqında geniş məlumatları M.Ə.Rəsulzadənin 1951-ci ildə Ankarada nəşr edilmiş "Azərbaycan şairi Nizami" kitabından əldə etmək mümkündür.

 

M.Ə.Rəsulzadə gərgin axtarışlar aparmaqla Nizami sənətində elmi dəyərləri olan məqamları tədqiq edir. Sonralar ingilis alimi İ. Nyutonun kəşf etdiyi Ümumdünya cazıbə qanununun məqamlarına (hər konkret kütlənin özünə cəzb etmə sahəsi yaratması) böyük şairin irsində rast gəlmirikmi? M.Ə.Rəsulzadə həmin fikirləri belə təqdim edir: "Miqnatis (maqnit) aşiq olmasa idi, öylə bir şövq ilə dəmiri nasıl qaldırırdı?". "İçində bir eşq mayası olmasa idi, kəhrəba samanı nasıl çəkərdi?" "Dünyada nə çox daş və nə çox cövhər vardır, fəqət bunlardan heç biri nə dəmiri qaldırır, nə də samanı çəkər?". "Növiləri çox olan şeylərdə kəndi mərkəzlərinə doğru axmaq vəsfi vardır. Atəş yerin mərkəzində qərarlaşmamış olsaydı, yuvarlağımız (kürəmiz) partlar, havaya uçardı!"; "Su havada fazla (çox) durunca ağırlığının təsiriylə yerə dönüyor";  "Təbiətlər arasında daimi bir yaklaşma (yaxınlaşma) və qovuşma vardır ki, hakimlər (filosoflar) buna eşq demişlərdir".

 

Bu maraqlı təqdimat şairin "Xosrov və Şirin" əsərində göstərilmişdir.

 

M.Ə.Rəsulzadə  N.Gəncəvinin dərin astronomiya savadına malik olduğunu da bildirir və qeyd edir ki, dünyanın məşhur alimlərinin sonrakı kəşflərinə böyük şairin hələ XII əsrdə yazdığı əsərlərdə rastlaşmaq mümkündür. Müəllif yazır: "Əskilər dünyanı mərkəzi yer olmaq üzrə bir göy yuvarlağından ibarət bulurlardı, ulduzlar göyə nəsb (bərkidilmiş) edilmiş birər işıldaqdı. Bunlardan Günəş də daxil olmaq üzrə yalnız yeddi səyyarənin yerin çevrəsində dönmək üzrə özəl bir seyirləri təsəvvür olunurdu".

 

M.Ə.Rəsulzadə yazır ki, ilk dəfə olaraq məşhur alim N.Kopernik (əlavə edim ki, o, əslən polyakdır və 1473-1543-cü illərdə yaşayıb) bu sahəyə yenilik gətirdi. Məlumdur ki, 1500 ilə yaxın idi ki, dünya sistemi haqqında yunan alimi Ptolemeyin nəzəriyyəsi əsas götürülürdü. Bu nəzəriyyəyə görə Yer kürəsi kainatın mərkəzində yerləşir, Günəş və digər planetlər isə onun ətrafında fırlanır. Otuz illik gərgin axtarış və müşahidələrdən sonra Kopernik sübut etmişdi ki, Yer bir planetdir və bütün planetlər günəş ətrafında dövr edir. Sonradan XVI əsrdə isə İtaliya filosofu C.Bruno (1548-1600) isə kainatın ulduzlardan ibarət olduğunu və ulduzların ayrıca müstəqil bir aləm təşkil etdikləri fikrini irəli sürdü.

 

M.Ə.Rəsulzadə əsaslandırır ki, N.Gəncəvi bu fikirləri həmin alimlərdən 400 il əvvəl söyləmişdir. Burada o, Nizaminin "Xosrov və Şirin" əsərindən vəziri Büzürgümüdə sorğular edən Xosrov Pərvizin aşağıdakı sözlərini xatırladır: 

 

Eşitdim mən ki, hər ulduz bir cahandır,

Ki hər biri birər yer, asimandır.

 

Bu misralar Nizami yaradıcılığında maraqlı dünya kəşflərinin mövcudluğunu təsdiq etməkdədir.

 

Bundan əlavə, Nizami yaradıcılığında yanmayan materiallar haqqında da məlumatlar var ki, bunu yalnız XX əsrin kəşflərində tapmaq mümkündür.

 

Nizami "Xəmsə"sində "təlq" (açıq yaşıl rəngdə bəzən rəngsiz,yağlı görünüşlü mineral) sözünü işlədir. Bu sözün oda və yanğına davamlı "mədəni bir cövhəri" anlatdığı qeyd edir. Beytlərin birində şair yazır:

 

Arslan ol da, qorxma kədi soyundan,

Təlq olub da, qorxma tamuğ odundan.

 

M.Ə.Rəsulzadə yazır: "Yanmaz kasalar və atəşə dayanan başqa cihazlar zamanımızın texnik yeniliklərindəndir.Bu cihazların yapılmasında qullanılan yanmaz maddələrdən azbestin tərkibindəki ünsürlərdən biri də təlqdir".

 

Bu təqdimatdan sonra M.Ə.Rəsulzadə Nizaminin bir böyük alim kimi də xüsusiyyətlərini açıqlayır: "Sözün qısası, şair kəndi çağının mütəbəhhiridir (çox bilgili, böyük alim), heç bir şeydən bilgi qədər zövq duyduğu yoxdur. Şair bütün gecələrini və gündüzlərini aramaq, düşünmək və yaratmaqla keçirmişdir".

 

M.Ə.Rəsulzadə böyük şairin yaradıcılığını həm də belə elmi mövqedən araşdırıb öyrənə bilmişdir.

 

M.Ə.Rəsulzadə Nizamidə təlqin olunan "sosial ideal"a sovet tədqiqatçılarının düzgün yanaşmadıqlarını belə əsaslandırır: "Sovet müstəşriqlərindən Bertelsi "İskəndərnamə"nin "Cənnət-şəhər" haqqındakı fikrəsini (yazısını) oxurkən "həyəcanlı bir qürur və öyünmə duyğusu" qaplıyor. Çünki Nizami bu "ideal" sosializmi quzeydə, SSRİ-nin bulunduğu bir yerdə yerləşdiriyormuş!..

 

Bir kərrə "Cənnət-şəhər" pək də "SSRİ"nin bulunduğu bir yerdə deyildir. Çünki Nizami İskəndərin bu şəhərdən ayrılaraq Yunanıstana doğru aldığı yolun yönünü göstərmişdir. Çizilən bu yönə görə İskəndər "Qaradan - dənizdən keçmiş və bir çox yol aldıqdan sonra Kirmandan Kirmanşaha, oradan Babilə, Babildən Şəhri-Zura gəlmişdir. Bu qeyd və bu açıqlıq varkən "Cənnət-şəhər"in qızıl Moskva olduğunu iddia etmək coğrafiya bilgisinə ayqırıdır!.. Şairin fantazisində canlanan bu ideal şəhrin yerini təyin etmək mütləqa lazımsa, onu qırğızca ilgili bir ölkədə aramalıdır. Hər ideal şeyi türklüyə bağlayan şair "ideal şər"ini dəxi Türküstanda görmüşdür. Bilxassə əski yunan qaynaqlarında da Türküstanda şəxsi mülkiyyət bilməyən cəmiyyətlərdən bəhis vardır".

 

M.Ə.Rəsulzadə Nizami ilə bağlı aparılan sovet təbliğat maşınının əsaslarını konkret faktlarla da sarsıdır. O, yazır ki, Nizaminin təsvir etdiyi "Cənnət-şəhər" dindardır, Sovet dövlətində isə dinsizlik hökm sürür, yəni biri Allahı tanısa da, o biri qəbul etmir. Birincidə yalan söylənilmədiyi halda, ikincidə - sovetlərdə isə yalan əsas təbliğat silahına çevrilib. Birincidə sevgi əsas olsa da, sovetlərdə nifrət başlıca yer tutur. Birinci fitnənin nə olduğunu bilməz, sovetlər isə bütün dünyada bir fitnə yuvasıdır və sair.

 

M.Ə.Rəsulzadə "Nizamidə dövlət tələqqisi" (inkişafı) başlığındakı yazıda bir məqama toxunur ki, Nizaminin qavrayışına görə, "dövlət anlamı ilə zülm anlamı"nın bir araya gəlməsi mümkünsüzdür, hücum yapan adam dövlətlə dost olamaz".

 

M.Ə.Rəsulzadənin "Son söz" bölümündə yazdığı fikirlər onun tədqiqatının çox təsirli məqamlarındandır və o, burada Nizamiyə olan həm sevgisini, həm sayğısını, ona heyranlığını bildirir, onunla fəxr etdiyini açıqlayır: "Böyük və dahi şair Nizami təbiətin bir fenomenidir. Təbiətin böyüklük, gözəllik, çeşidlilik və sevimliliyi nə qədər tamamiylə qavranılmazsa, təbiət qədər böyük və onun qədər qüdrətli Nizami yaradıcılığını da tamamiylə qavramaq mümkün deyildir..."

 

Müəllif Nizami yaradıcılığındakı inkişaf gücünü belə müqayisə ilə davam edir: "Şairdəki bu coşğun qüvvəti çağdaş bir təşbihlə anlatmaq istərsək, Nizamidəki dinamizmi atom enerjisi ilə qarşılaşdıra biliriz. Bu fərqlə ki, bu gün müəyyən qəlibə qoyulub istənilən yönətimdə qullanılmadığından (istifadə edilmədiyindən), sadəcə, dağıtmaq və yıxmağa yarıyan atoma müqabil Nizami kəndisindəki (özündəki) dinamizmə yapıcı bir yönətim verə bilmiş, onu kəndisində mövcud zühd, təqva və idealistlik qüvvətiylə müəyyən bir qəlibə soxa bilmişdir (daxil etmişdir)".

 

M.Ə.Rəsulzadə tədqiqatında Nizami ilə bağlı fikirlərini belə yekunlaşdırır: "Əvət, mədəniyyət tarixində kəndinə çox şərəfli yer qazandıran bu eşsiz övladına Azərbaycan bütün varlığiylə minnətdardır. Bunun kimi əsərlərində ideallaşdırılan türklük də, şübhəsiz, türk Nizaminin böyük adıyla öyünür. Onun yüksək ruhunu rəhmət və şükranla anar!"

 

Araşdırmalardan aydın olur ki, M.Ə.Rəsulzadə Nizami əsərlərinin orijinaldan ilk tərcüməçisidir. Doğrudur, bu tərcümələr Türkiyə türkcəsinə çevrilsə də, azərbaycançılıq ruhu aşkar hiss olunmaqdadır. Əlavə edək ki, 1940-cı illərə qədər Nizaminin əsərlərinin Azərbaycan dilində oxunması mümkün olmayıb.1940-cı illərdəki tərcümələr isə sətri tərcümələr əsasında hazırlanırdı. Bu sahədə 1933-cü ildə yaradılmış Ədəbiyyat İnstitutunun işçiləri fəallıq göstərir və şairin əsərlərini sətri tərcümə edir, bu əsasda S. Vurğun, A.Şaiq, R.Rza, S.Rüstəm, M.Rahim, M.Rzaquluzadə kimi görkəmli şairlər isə poetik tərcümələr hazırlayırdı. Yəni Nizaminin birbaşa fars dilindən tərcüməsi ortalıqda yox idi. Bu tərcümələrdə isə bəzən də dövrün ideoloji tələbləri ilə bağlı ciddi nöqsanlar mövcud idi.

 

M.Ə.Rəsulzadə tərcümələrinin üstünlüyü fars dilindən, yəni orijinaldan edilməsi,  Azərbaycan türkcəsində asan başa düşülməyidir. Digər tərəfdən, M.Ə.Rəsulzadə şeirlər və tərcümələr müəllifi kimi də Nizami əsərlərinin bütün ruhunu duymuşdur. Bu onunla bağlıdır ki, M.Ə.Rəsulzadə fars dilini dərindən bilirdi və farscadan  o zamana qədər kitablar tərcümə etmiş, İranda farsca nəşr edilən (1909-1911-ci illərdə) "İrani-nov" ("Yeni İran") qəzetinin baş redaktoru olmuşdu. Bu üstünlüklər M.Ə.Rəsulzadə tərcümələrinin yuksək sənətkarlığının təsdiqidir. Nizaminin  əsərləri onun tərəfindən çox yüksək poetik istedadla dilimizə çevrilib. M.Ə.Rəsulzadənin Nizamidən tərcümələri bunlardır: "Allah haqqında", "Söz", "Sözçü", "İnsanlığın dəyəri", "İxtiyar qadın və Sultan Səncər", "Tuğlaçı (Kərpickəsən) ixtiyar", "Bayquş düyünü", "Qıpçaq qadınları",  "İskəndərin qulaqları", "Xosrov ilə Fərhad".

 

 

 

Nəsiman YAQUBLU

tarix elmləri doktoru

 

525-ci qəzet.- 2021.- 23 noyabr.- S.11.