Görünən dağa nə bələdçi?  

 

REDAKSIYAYA MƏKTUB

 

 

Hörmətli redaksiya!

 

Türkiyəyə 10 günlük səfərimdən qayıtdığım axşamın səhəri, yəni noyabrın 19-da mətbuatı, o cümlədən «Yeni Musavat»ı nəzərdən keçirəndə hər sözündən kin-küdurət, qərəz yağan qəzəbli bir yazı qəribə bir hadisə ilə rastlaşdım.

 

O qərəzli yazının məğzi bundan ibarətdir ki, Xalq yazıçısı Anar Azərbaycana partiya rəhbəri göndərilmiş Ə.Vəzirovdan özünə mənzil istəyib, Ə.Vəzirov da ona mənzil verdirib.

 

Hələlik hesab edək ki, doğrudan da belədir.

 

1965-ci ildən 76-cı ilə kimi Anarla mən Vaqif (indiki Həsən Seyidbəyli) küçəsi 30 nömrəli binada qonşu olmuşuq.Mən 4-cü mərtəbədə 16 kv.metrlik bir mənzildə, Anar isə yarımzirzəmi mənzildə yaşayırdıq.Anarın otağının pəncərələrindən küçədə gəlib-gedənlərin ancaq ayaqqabıları görünürdü.

Bəyəm, Anar özünə mənzil istəyə bilməzdi? Hansı qəbahətdən söhbət gedir?

 

Ancaq əsas məsələ bunda deyil.

 

Məsələ ondadır ki, Anargil  46 ildən sonra, bu gün ətrafında ləyaqətsiz ajiotaj yaranmış (yaradılmış!) o mənzilə 1976-cı ildə köçdü.

 

1988-ci ilin may ayından 1990-cı ilin yanvarına kimi Azərbaycan KP MK-nın birinci katibi olmuş Ə.Vəzirov hansı fokusnəticəsində Anara, yaxud başqa kimsəyə mənzil verə bilərdi?

 

Bunu heç Devid Kopperfild edə bilməzdi!

 

Yuxarıda dediyim o qəribə hadisə isə bundan ibarətdir ki, bu qəzəbli yazı qəzetin 8-ci səhifəsində dərc edilib, eyni nömrənin (təkrar edirəm: 19 noyabr) 2-ci səhifəsində isə Anarın özünün redaksiyaya məktubu dərc olunub məktubda, Cabbarlının qəhrəmanının dili ilə desəm, «subutalnı-dokumentalnı» bildirilir ki, ay camahat, «Ali Sovetin o vaxtkı sədri Qurban Xəlilovun qəbuluna getdim. Onun vasitəsilə məsələ Heydər Əliyevə çatdırıldı Ulu Öndərin göstərişi ilə 1976-cı ildə Üzeyir Hacıbəyov küçəsində 33-35 nömrəli binada, Hökumət Evinin arxasında mənə üç otaqlı mənzil verildi».

 

8-ci səhifənin 2-ci səhifədən xəbəri yoxdur?

 

Daha demək, hansı sənədləri ortaya qoymaq, hansı dəlilləri göstərmək lazımdır?

 

Bu dərəcədə kin-küdurət, qəzəb, qərəz, bədxahlıq, əlbəttə, çox ağır yükdür. Bilmirəm bu qəzəbli yazının müəllifi cavandı, ya yaşlıdı, ancaq bu qədər ağır yükü necə daşımaq olar? Adam heyrət edir.

 

Doğrusu, bu yerdə mən «adam təəccüb edir» yazmaq istəyirdim, ancaq həmin yazıda «təəccüb edirəm» ifadəsininelə əcaib bir izahı var ki, indiyə qədər Azərbaycan dilinin izahdı lüğətlərinin heç birində belə izahata rast gəlmək mümkün deyil dilimiz qədər inkişaf edir, etsin, yəqin bundan sonra da heç vaxt mümkün olmayacaq.

 

Anar deyir ki, bu yazılanlara «təəccüb edirəm».

 

İndi fikir verin, bu da o qəzəbli yazıda «təəccüb» sözünün izahı: «Bəlkə cavanlar anlamaz, ancaq homo-sovetukus (!- E.) mənşəli ədəbiyyat nazirlərinin dilində bu ifadə tərzinin (yəni «təəccüb edirəm»in!- E.) arxasında «sənə elə pislik edərəm, evə çörək almağa yeri tapmazsan, cibinə nəşə atdıraram, uşağını məktəbdən qovduraram» sairə durur».

 

Doğrusu «homo-sovetukus» dili ilə bağlı, belə bir elmi nəticə mənə, sizdən gizlətmirəm, çox dayaz göründü yəqin bu sahədəki tədqiqata daha ciddi yanaşmaq lazımdır.

 

Cavanlara bu səviyyədə dərs keçməyin inanmıram ki, bir effekti olsun.

 

Bu qəzəbli yazıdakı başqa ifadələrin üzərində dayanmaq, sitatlar gətirmək istəmirəm (onda yazı ikinci dəfə dərc edilmiş olacaq!), sadəcə, adam «Ayıb olsun demək istəyir, ancaq bunu demirəm, çünki görünən dağa bələdçi?

 

19 noyabr 2021.Bakı

 

ELÇİN

 

525-ci qəzet.- 2021.- 23 noyabr.- S.9.