On səkkiz saatın ayrılığı  

 hekayə

 

Mənimlə olsaydı, mən darıxmağı

Zamana ən uzun ölçü sanardım.

B.Vahabzadə

 

Pillələri birnəfəsə qalxıb dördüncü mərtəbəyə çatdım. Çatıb dayandım. Ağ, dəmir qapı. Əlimi qapının zənginə uzadıb bilmədim ki, nə edəm. Dayandım. Zəngi çalım, ya çalmayım? Yox... Fikrimi dəyişib açarları cibimdən çıxarıb, yavaş-yavaş qapını açdım. Hə... İçəri girim, ya girməyim? Birdən evdə olmadı? Hə... Onda necə?.. Bəlkə... Gecə saat 3 idi, yatıb, yoxsa oyaqdır? Bayaq taksidən düşəndə küçədən pəncərələrinə baxmışdım. İşıqları yanmırdı. Deməli, evdədir, yatıb. Hm... İşıqları yanmırsa, bu o demək deyil ki, evdədir, yatıb. Hm... Yox...x. Heç bəlkə, evdə deyil. Yoxdursa, bəs onda gecənin bu vaxtında hardadır? Hə... Axı, sən niyə düşünmürsən ki, bəlkə, başında nəsə bir qəzavü-qədər var? Bəlkə, başına bir iş gəlib. Bəlkə xəstəxanadadır. Yox... Yox... Allah eləməsin, ona əgər bir şey olarsa... əşşi... Yox. Heç nə olmaz İnşaallah.

"İllərlə səni görməyə bilərəm, təki bilim ki, sağsan" (Anar).

Nə isə. Yox əgər belə bir şey olmuş olsaydı, mənə dərhal xəbər verərdi. Bu illər ərzində hələ belə olmayıb ki, bu qədər uzun müddət, yəni 7-8 gün bir-birimizin səsini eşitməyək və bir-birimizdən xəbər tutmayaq. Yox, küsülü vaxtlarımız olub. Əlbəttə, olub, çox olub. Onda da zəng edib heç olmasa bir-birimizin səsini eşitmişik. Otboy verib sakitləşmişik. Ya da ki, nə isə bəhanə edib zəng edib nəisə soruşmuşuq. Danışıb barışmışıq. Həmişə... Həmişə olmasa da, əgər obrazla desək, bütün bu birgə keçirdiyimiz illəri ilə, aya, həftəyə, günə bölsək, onda demək sutkanın ən azı 2-3 saatını bir yerdə olmuşuq. Yaxşı, bəs onda xasiyyətimi bilə-bilə və bilə-bilə ki, mən narahat olacağam, telefonu niyə götürməsin? Bəlkə, qəsdən edir? Əgər qəsdən edirsə, niyə belə edir? Evdədir, yoxsa yox? Bəlkə, evdədir? Bəlkə... yox... deməli... Yox...

Bu bəlkələr, bu şübhələr, bu tərəddüdlər illərdir ki, evimi yıxır, məni yaşamağa qoymur. Məni məngənə kimi sıxır. Bu bəlkələr, bu şübhələr, bu tərəddüdlər elə onun özündə də mənə qarşıdır ki, hər ikimizi yandırıb yaxır, yaşamağa qoymur. Sadəcə olaraq, onun bacarığı ondadır ki, mənə qarşı olan şübhələrini, bəlkə və tərəddüdlərini məharətlə gizlədə bilir. Mən isə yox, gizlədə bilmirəm. Elə ona görə də, belə məsələlərdə onunla bağlı olan hər hansı bir mübahisədə uduzuram.

Yavaş-yavaş qapını açıb içəri girdim. Qaranlıq dəhlizə daxil olub arxamca yavaşca qapını örtdüm. Paltomu çıxarıb elə dəhlizdəki asılqandan asmaq istəyirdim ki, elə bu an dəhlizin işıqları yandı. O, dəhlizin o biri tərəfində tünd firuzəyi rəngindəki (onun ev xalatları içində ən çox xoşladığım) xalatında əllərini bir-birinə çarpazlayıb gülümsəyərək mənə baxırdı. Əvvəlcə duruxdum, bir anlığa özümü itirdim. Paltom əlimdə ona baxırdım. Təəccüblə:

- Bəs sən yatmamısan?

O, gülə-gülə:

 - Əlbəttə, yox. Səni gözləyirdim. Bilirdim ki, gələcəksən. Bu gün də gəlməsəydin, sabah gələcəkdin, sabah da olmasaydı, o biri gün hökmən gələcəkdin. Arada üç-dörd günün sözü ola, ya olmaya. Çünki bilirdim. Bilirdim ki, mənsizliyə hövsələn çatmayacaq. Qala bilməyəcəksən, tab gətirməyəcəksən. Lap üç gündən sonra da, lap belə üç gündən sonra da olsa, heç nəyə baxmayıb, işini-gücünü atıb yanıma gələcəksən. Əlbəttə, gələcəksən. Sən hara, mənsiz qalmaq hara? Dəli olardın, ürəyin dözməzdi. Vallah ürəyin partlardı. Hm... Bayaq küçədə taksi dayananda eşitdim. Yerimdə uzanıb yenicə mürgüləyirdim. Taksi dayananda oyandım. Dərhal ürəyimə damdı ki, bu gələn sən olacaqsan. Daha sonra pillələri çıxmağından, ayaq səslərindən bildim ki, bu gələn sənsən. Belə səbirsizliklə pillələri ancaq sən çıxa bilərsən. Bilirdim ki, gələcəksən. Hm... Yaxşı, paltonu asılqandan asma. Ver mənə fenlə qurudum. Ay Allah, sən tamam islanmısan ki... İki gündür ki, yağış ara vermir. Gəl, gəl, əynini dəyişim.

Mənə tərəf gəlib, paltomu əlimdən alıb məni qucaqladı. Sonra pıçıltı ilə:

 

- Ölərəm sənsiz, nə yaxşı gəldin. Həyatım mənim. Gözlərimin işığı. Bir dənəm.

 

Hiss etdim ki, qəhərlənib. Hətta səsi də bir az titrədi...

 

- Yaxşı, bəs telefonu niyə götürmürdün?

 

***

 

Bir həftədən artıq idi ki, hm... Bəlkə, daha da çox, işlədiyim, daha doğrusu, diplomatik xidmətdə olduğum ölkədən, gündə ən azı 100 dəfə, 200 dəfə ona zəng edirdim. Günün ən müxtəlif saatlarında və ən müxtəlif nömrələrdən, bəzən gecədən xeyli ötmüş, bəzən səhərə yaxın, bəzən günorta vaxtı və bəzən heç bilmirəm hansı vaxt zəng edirdim. Nə skaypı cavab verirdi, nə ev telefonu, nə də ki, mobil telefonları. Ümumi dost-tanışlarımız çox idi. Özüm qəsdən onlara zəng edib soruşmurdum ki, o, haradadır? Neyləyir? Niyə telefonlara cavab vermir? Nəsə bir şey baş verib? Bəs o özü niyə mənə zəng etmir?.... Yox... İstəmirdim. İstəmirdim ki, kiməsə zəng edim, nəsə soruşum. Kimsə nəsə bilsin. Kimsə bilsin ki, mən nədənsə narahatam. İstəmirdim bilsinlər. Zəngi zəngə calayırdım. Amma, artıq hiss edirdim ki, daha bacarmıram, dözə bilmirəm. Elə bil ki, boğuluram, havam çatmır. Elə bil ki, bu dünyada tək qalmışam. Təm-tək. Köməksizəm, tənhayam, kimsəsizəm. Hətta artıq onu da hiss edirdim ki, otaqda tək qalan zaman özüm-özümlə danışıram da. Nə qədər özümü cilovlamağa çalışırdımsa, mümkün olmurdı. Əsəblərimi cilovlaya bilmirdim. Hirsimi işçilərimin üstünə tökürdüm. Telefonla müxtəlif yazışmalar da edirdim. Cavabsız qalırdı. Yox.... Olmurdu. Telefonları susurdu. Cavab vermirdi, cavab yazmırdı.

 

- Axı, sən demədin ki, harda idin? Evdə idinsə, telefonu niyə götürmürdün? Nə hadisə baş vermişdi? Nə olmuşdu? Harada idin?

 

O, gülə-gülə?

 

- Yaxşı da.... Əynini soyun, bir özünə gəl. Sən tamam su içindəsən ki. Ay Allah xəstələnməsən yaxşıdır. Hm.... Heç nə baş verməmişdi. Özüm də heç yanda deyildim. Hararda olacaqdım ki.... Heç yana da getməmişdim. Elə bütün günü evdə olmuşam. Əgər evdə olmasaydım, evdən çıxmış olsaydım, telefonları söndürərdim. Sənin də bütün telefon zənglərini eşidirdim. Telefon yazılarını da görürdüm. Amma özüm qəsdən telefonların heç birini götürmürdüm. Skaypa da yaxın düşmürdüm. Doğrudanmı hiss etmirdin? Görmürdün ki, heç telefonları, skaypı belə söndürmürdüm. Heç ev telefonunu belə rozetkadan çıxartmamışdım. Eşitmirdin? Avtocavab verən "Sözünüzü deyin, sonra bir azdan sizə zəng olunar" deyirdi. Sən də tutuquşu kimi eyni sözləri təkrarlayırdın. Bəzən əsəbi halda, bəzən də yumşaq tonda. Məgər eşitmirdin? Hiss etmirdin? Sənin ara vermədən, hövsələsizliklə etdiyin o zənglərin mənə olduqca ləzzət verirdi. O zənglərdən mən sonsuz həzz alırdım. Bütün bu zənglər mənim üçün sanki "adrenalin" idi. Olmazın ləzzət alırdım. Sənin məndən narahatçılığın, şübhələrin məni məst edirdi. Evdə oturub sənin bütün telefon zənglərini sayırdım. Elə buna görə də telefonları söndürmürdüm. Evə olunan zənglərin sayını itirmişəm. Amma mobillərə edilən zənglərin sayı, bəlkə 1000-dən də çoxdur. O zənglərin səsindən nə gecə yata bilirdim, nə də gündüz istirahət edə bilirdim. O zənglər məni məst edirdi. O zənglərdən həzz alırdım. Başa düşdün?

 

Mən dəhşətlə ona baxırdım. Heyrətə gəlmişdim.

 

- Hə... Yanımda olmasan belə, məni bir gün görməyəndə, bir gün səsimi eşitməyəndə, dəliyə dönməyini, sənin o əsəbi görkəmini, əsəbliklə telefonunu söndürməyini, dəstəyi yerinə çırpmağını, katibə qızın üstünə qışqırmağını, hər dəfə telefonu söndürəndən sonra əsəbdən çəkdiyin siqaretlərini belə görürdüm. Siqaretin tüstüsünü belə hiss edirdim. Hətta sənin siqaret iyinə qarışmış, ən çox istifadə etdiyin "Hermez" parfümünün ətrini belə hiss edirdim. Bütün bunlar mənə olmazın ləzzətini verirdi. Həzdən, ləzzətdən, az qala, başımı itirirdim.

 

Otağa keçib bir siqaret yandırdım. Əsəbi, ancaq qışqıra-qışqıra yox, sakit, eyni zamanda həyəcanlı bir səslə:

 

- Axı niyə, niyə belə edirdin? Mənim əsəbləşməyim, nigarançılığım, narahatçılığım doğrudanmı sənə bu qədər ləzzət edir? Sən məgər manyaksan?

 

- Yavaş ol. Qonşular eşidər. Dedim axı, sənə, telefonu qəsdən götürmürdüm. Səni gözləyirdim. Bilirdim ki, dözməyəcəksən. Gördün?.. Hm... Yox... Gördün ki, səni gətirtdim, səni öz ayağıma gətirtdim ki...  

 

Artıq dözmədim. Qışqıra-qışqıra:

 

- Elə buna görə də telefonu götürmürdün, hə?

 

O, gülə-gülə:

 

- Yaxşı da. Yavaş ol. Qonşular yatıblar. Hamını bu saat oyadarsan.

 

Amma çox qəridə idi. Onun mənimlə belə gülə-gülə danışması, özünü nədəsə qalib kimi aparması məni əsəbləşdirmirdi. Yox... Qətiyyən yox. Əksinə, məni bir az da həyəcanlandırırdı.

 

- Hm... Yaxşı, otur, yol gəlmisən, yorulmusan. Bir stəkan çay iç, özünə gəl. Həm də səni görmək istəyirdim, çox görmək istəyirdim. Bilirsən necə darıxmışam səndən ötrü?

 

Sonra pıçıltı ilə:

 

- Aman Allah. Mən dəli olacam. Darıxmışam sənin üçün. Həm də istəyirdim ki, çox istəyirdim ki, sən özün gələsən.

 

O, yenə də məni qucaqlamaq istəyirdi ki, əlimlə məsafə verdim.

 

O, gülə-gülə:

 

- Yəni sən doğrudan da darıxmamısan məndən ötrü? Mən darıxmışam. Özü də çox darıxmışam. Həm də istəyirdim ki, bir daha sənə sübut edəm ki, sən mənimkisən, mənim ovucumun içindəsən, əlimdən heç yana qurtara bilməzsən. Bu, bir daha sənə də sübutdur, bizim hər işimizə mane olan elə atana da, həm də narazalığını bildirən həyat yoldaşına da.

 

- Atamın adını çəkmə. Ax... Deməli, mənim əsəblərimlə oynayırsan? Hə..? Əlimi qaldırdım.

 

O, yenə də gülə-gülə, hətta üzünü qaldırdığım əlimə tərəf yaxınlaşdıraraq:

 

- Hə, vur... Vur da.... Niyə dayandın... Niyə vurmusan, hə? Di vur. Adam vurmaq sənin üçün elə də çətin bir məsələ deyil ki? Di vur da...

 

***

 

....Bir dəfə. Hə... Bu, lap çoxdan olmuşdu. Onunla üstüaçıq olan restoranların birində oturub şam edirdik. Yay fəsli idi. Bir də gördüm ki, o, özünü bir qədər narahat hiss edir. Soruşdum ki, nə olub? Dedi ki, heç nə olmayıb. Sonra dedi ki, gəl yerlərimizi dəyişək və baxışlarını dərhal yayındırdı. Bir də soruşdum ki, axı nə olub? Niyə yerimizi dəyişməliyik ki? Dedi ki, gəl burdan gedək. Ayrı bir yerdə şam edək. İstər-istəməz, dərhal çevrilib arxaya baxdım. Gördüm ki, arxa stolda 35-38 yaşlarında yekəpər bir kişi oturub, gözlərini ona zilləyib gülümsəyir. Mənim ona tərəf çevrilməyimi görüb heç buna da əhəmiyyət vermədi. Baxışlarını qızdan qaçırmadı. Onda tələsmədən, stolun arxasından durub ona yaxınlaşdım. O, indi də saymazyana mənə baxıb gülümsəyirdi. Başa düşdüm ki, artıq danışmağın, söhbət eləməyin, ona nəyisə deməyin yeri deyil. Ümumiyyətlə, sir-sifətindən də yağırdı ki, heç nəyi onunla ayırd eləməyin mənası yoxdur. İndiki məqamda dil yox, ancaq əl lazımdır. Ona yaxınlaşmağımla çənəsinə yumruq ilişdirməyim bir anda oldu. O boyda kişi ayağa durmağa macal tapmamış, çul kimi yerə sərildi. Tələsmədən geri qayıdıb, stolun haqqını ödəyib, restorandan çıxdıq. Restoranın həyətindən çıxarkən, bir də çevrilib geri baxdım. Gördüm ki, o, hələ də yerdə uzanıqlı haldadır. Və 5-6 nəfər də ona tərəf əyilib, üstünə su çiləyirdilər.

 

Sonralar o, bu davanın üstündə  mənimlə bir xeyli mübahisə də etmişdi.

 

- Bura sənin üçün nə Orta Asiyanın səhralarıdı, nə də ki, sən Əfqanıstana getmək ərəfəsi əlbəyaxa döyüş təlimləri keçən zabitsən. Özünü mədəni apar.

 

Mən də demişdim ki, kişi işlərinə qarşımasın. Mən nə dediyimi, nə etdiyimi və necə edəcəyimi səndən yaxşı bilirəm.

 

O, indi yəqin ki, bunu nəzərdə tuturdu.

 

...Hə... O, gözlərini qırpmadan, zilləyib mənə baxırdı.

 

- Vur da... Niyə dayandın?

 

Onun baxışlarına, ilahidən verilmiş nəmli gözlərinə, lap o mahnıda deyilən kimi, "evlər yıxan gözlərinə" baxa bilmədim. Yox... Duruş gətirə bilmədim. Baxışlarımı qaçırtdım. Əlim boşaldı, yanıma düşdü. Vura bilməzdim. Əlbəttə, vura bilməzdim, heç çırtma da vura bilməzdim. O da buna arxayın idi. Üzümü yana çevirib, yerə tüpürmədən:

 

- Tfu sənin üzünə alçaq. Mən bir həftədir ki, nələr çəkirəm, əzab çəkirəm. Bu isə...

 

O, yenə də gülə-gülə:

 

- Elə mən də onu istəyirəm ki, sən əzab çəkəsən, qovrulasan.

 

Paltomu əlindən dartıb alıb, dəhlizə keçdim, qapını açıb çölə çıxdım.

 

Arxadan:

 

- Dayan, getmə, hara gedirsən? Xahiş edirəm, dayan. Qurban olum, getmə, bağışla... Bağışla da...

 

Arxadan qolunu tutmaq istədisə də, əlimi çəkib itələdim.

 

Deyəsən ağlayırdı:

 

- Getmə, nə olar getmə. Qala bilmirəm sənsiz. Darıxıram sənsiz. Getmə, nə olar getmə, dayan. Səhv elədim.

 

Mən artıq pilləkənləri düşürdüm. Daha doğrusu, düşmürdüm, tullana-tullana qaçırdım. Tez getmək istəyirdim burdan. Ondan qaçmırdım, özüm-özümdən qaçırdım. Daha doğrusu, özümün bu qədər alçaldığım səhnədən qaçıb qurtarmaq istəyirdim. Özüm-özümdən utanırdım. Arxadan yenə də səsini eşitdim:

 

- Dayan. Mən də gəlirəm. Xahiş edirəm, məni də gözlə. Mən də gəlirəm. Paltomu çiynimə atıb mən də gəlirəm. Eşidirsən, məni də gözlə.

 

Daha sonra, eşitdim ki, sanki özü-özü ilə danışırmış kimi - rus dilində - "Kakaya dura ya? Axı mən niyə belə etdim?" sözlərini də eşitdim. 

 

Artıq küçəyə çıxmışdım. Yağış da bir az avazmışdı. Küçədə tək-tük maşın şütüyürdü. Paltomun yaxalığını qaldırıb, əks tərəfə, səkinin o biri tərəfinə keçdim. Bir-iki maşına əl etdim. Küçənin yağışlı suyunu üstümə çırtdılda-çırtılda yanımdan keçdilər, saxlamadılar.

 

Onun blokdan çıxdığını gördüm. Paltosunu geyə-geyə mənə tərəf qaçırdı. Narahat olmağa başladım. Təşviş içində öz-özümlə: "Ay axmaq, hara qaçırsan, indi maşın vurar səni, evim yıxılar... Nə?.. Özüm sanki öz fikirlərimdən ayıldım. Əşşi, maşın vurar, belə cəhənnəmə ki... Yox-yox... Nə danışırsan? Allah eləməsin, ona heç nə olmasın... Ona əgər bir şey olsa... Əşşi nə olur olsun, Cəhənnəmə olsun".

 

Elə bu vaxt qarşıdan gələn bir taksi yanımda dayandı. O isə, mənə tərəf qaça-qaça qışqırırdı:

 

- Getmə, dayan, məni də gözlə. Mən də səninlə gedirəm. Gözlə məni. Maşının arxa qapısını açıb əyləşdim. O, qaça-qaça mənim oturduğum maşına tərəf gəlirdi. Əl eləyirdi. Getməyin, deyirdi.

 

Sürücü:

 

- Hara gedəcəyik?

 

Sonra isə üzünü qaça-qaça bizə yaxınlaşmaqda olan ona tərəf çevirərək:

 

- O qadını da götürürük? Onu gözləyək?

 

- Yox, yox. Sür. Tez elə. Gedək burdan.

 

Özümü tamamilə itirmişdim, bilmirdim nə edəm və yaxud da nə deyəm.

 

- Əmioğlu, axı demədiniz, hara gedirik?

 

- Hm... Hara. Hara. Doğrudan da, indi mən hara gedim gecənin bu vaxtında? Hara?

 

- Hə... Sür atamgilə.

 

Sürücü mənə tərəf çevrildi:

 

- Başa düşmədim, hara sürüm? Atanız harda yaşayır ki..?

 

Elə bu zaman o, mən oturduğum maşına çatdı. Qapını açmaq istədi.

 

Sürücüyə:

 

- Tez elə sür. Saxlama.

 

Maşın tərpəndi. Maşın gedə-gedə arxa şüşəyə çevrilib, baxdım. Dalımızca qaça-qaça gəlirdi, əl eləyirdi, getməyin deyirdi, məni də gözləyin deyirdi.

 

Gecənin bu vaxta atamgilə getməyin mənası yox idi. Atam dərhal biləcəkdi ki, gecənin bu vaxtında suyu süzülə-süzülə hardan gəlirəm. Sözün əsl mənasında, süzülə-süzülə. Əlbəttə, min cür bəhanə, min cür yalan tapıb ona deyə bilərdim. O da heç nəyə inanmayıb mən işlədiyim xarici ölkəyə yoldaşıma zəng edəcəkdi. Yoldaşım da deyəcəkdi ki, mən bilmirəm o, niyə gəlib və orada nə işi var. Dərhal yalanım açılacaqdı. Axı, nə qədər olar, mənasız yalanlarımı atamın yanında ört-basdır etsin. Bütün bu illər ərzində hamıya nələr çəkdirdiyimi və özümün də nələr çəkdiyimi bir olan Allah bilir. Atam məni səhərə kimi danlayacaq, ağzına gələni deyəcək, sonra isə... volokardin, karvolol, kardiomin və vəssalam. Anam da onu sakitləşdirəcək.

 

- Sən belə elə. Sür aeroporta.

 

- Aeroport deyirsən, aerport olsun. Amma qiymət ikiqat olacaq.

 

- Əşşi, olsun da. Təki sən tez sür, məni burdan uzaqlaşdır.

 

Yol gedə-gedə maşının pəncərəsindən yaş asfalt yola baxır və heç bir vəchlə başa düşmək istəmədiyimi başa düşür, anlayır və dərk edirdim ki, heç kimdən yox, bu saat mən ancaq özüm-özümdən qaçıram. Amma hara? Hara qaçsam, bu mən, o biri "məndən" əl çəkməyəcək. Bu, mümkün deyil. Bu "məni" mən ömrümün axırına qədər daşımalıyam. Yadıma düşdü ki, bir dəfə elə buna oxşar hadisə olmuşdu. Onda da lap başımı itirmişdim. Bilmirdim ki, nə edəm. Özüm-özümdən hara qaçım. Bu da çoxdan olmuşdu. Aləm bir-birinə qarışmışdı. Atamın işə qarışması, məni hədələməsi, bizim soyadımıza yaraşmayan bəzi hərəkətlərin edilməməsi, onun isə məsələni konkretləşdirmə tələbi... Həqiqətən lap başımı itirmişdim. Gen dünya başıma dar idi.

 

...Hə... Gecə idi. Yerimdə uzanıb siqaret çəkirdim. O zaman ağlıma qəribə bir fikir gəldi. Durub taksi sifariş verim, sürücüyə deyim ki, sür gedək burdan. O da deyəcək hara? Mən də deyəcəm ki, bacardığın qədər uzağa sür, lap uzaqlara. O da deyəcək lap yaxşı, haqqın filan qədərdir. Razılaşacağam. Axı, o, məni hara apara bilər? Bəli... Səhərə kimi yol gəlib, çatırıq ölkənin lap ucqar sərhədinə. Sürücü deyəcək ki, mənim burdan artıq irəliyə geməyə ixtiyarım yoxdur. İndi neyləyək? Mən isə geriyə dönmək istəmirəm. Bir az düşünüb deyəcəyəm ki, indi də sür əks tərəfə. Ölkənin başqa sərhədinə tərəf. Heç bir sual da vermə, təki sür. Sürücü də düşünəcək ki, puluna minnət olan şeydir. Sür deyir, sür də... İndi də ölkənin bu başından vurub o biri, yəni əks tərəfindən çıxacayıq. Axşamüstü də gəlib çatacağıq o biri  tərəfə. Və sürücü yenə deyəcək ki, mənim bundan artıq getməyə ixtiyarım yoxdur. Çünki xarici pasportum yoxdur. Neyləyək? Qaçaq kimi də keçmək istəmir, çünki qorxur. Hə... Hadisənin bu variantı heç ağlıma gəlməmişdi. Başa düşəcəyəm ki, sərhədlər arasında qalmışam. Onu da başa düşəcəyəm ki, bütün bu hadisələrdən qaçmaq üçün, ölkə sərhədlərini adlayıb keçmək, mənasız bir şeydir. Yaxşı, deyək ki, sürücünün xarici pasportu yoxdur, mənim ki, daşdan keçən xarici pasportum var. Hara istəsəm, hansı ölkəyə istəsəm, haçan istəsəm, vizasız-zadsız, gömrüksüz-filansız gedə bilərəm. Hə... Və o zaman başa düşdüm ki, hər insanın öz daxilində gözlə görünməyən elə bir sərhədləri var ki, insan özü də bilmədən, öz daxilində, elə bir sərhədlər, tikanlı məftillər qurub ki, o sərhədi nə xarici pasportla, nə də heç BMT-nin pasportu ilə keçə bilməzsən. Bu, mümkün deyil. Belə pasportlar belə sərhədlərdə işə yaramır. Burada, bu yollarda sənin öz iç dünyanın gözəgörünməz pasportun işə yarayır ki, o pasportun da möhürü vurulmayıb, möhürsüzdür. Demək, saxtadır. Saxta pasportla isə, heç yana gedə bilməzsən. Çünki bu sərhəddə həm sərhədçi sən özünsən, həm nəzarətçi, həm də gömrükçüsən. Bu sərhəd isə ürəklə baş arasında qurulub. Sərhəddə ilişib qalırsan, keçə bilmirsən. Elə ömrünün axırına qədər də ilişib qalacaqsan, elə belə də bu dünyadan köçüb gedəcəksən. Və bu sərhədi keçməyi indiyə kimi çoxları cəhd ediblər. Bu sərhədi isə hər mənəm-mənəm deyən oğul saxta pasportla keçib, əks tərəfdə "oturum izni" ala bilmir. Çünki "mənim içindən çıxan mən" və yaxud da "mən olmaq istəməyən mən" elə bir gömrük nəzarətçisidir ki, keçmiş yükünü, yəni əsl özünü onun gözündən yayındıra bilməzsən. Çünki sən elə sənsən. Əşşi, nə isə... Hə... Axı, bu, heç yaxşı söz deyildi. Necə yəni "sən mənimkisən", necə yəni "ovcumun içindəsən", necə yəni "səni öz ayağıma gətirtdim". Hm... Məgər bu, belə deyildi? Yox, əlbəttə yox. Bəs onda evə içəri girən kimi, niyə əvvəlcə soruşmadın ki, nə olub sənə? Xəstə deyilsən ki? Sən isə bir başa "Telefonu niyə götürmürdün? Harda idin?" deyə soruşdun. Çünki sən həmişə özünə qarşı ondan xəyanət gözləmisən. Ona inanmamısan, ondan şübhələnmisən. Yox, bu, belə deyil. Bəs necədir?.. Nədir? Gördün, heç deməyə sözün də yoxdur. Gözə görünməyən müsahibim yenə də məni çarmıxa çəkib sual-cavab edirdi. Hə... Çünki sən eqoistsən... Hə... Hə... Çünki sən həmişə özünü düşünmüsən. Ay kişi, sən allah bəsdir, qoy rahat nəfəs alaq. Hə... Hə... Çünki sən eqoistsən.

 

Fikrimi dağıtmaq üçün başqa şeylər haqqında düşünməyə başladım. Çünki gördüm ki, özüm-özümlə bir az da artıq sual-cavab etsəm, onu haqlı çıxardacam. O, yenə də haqlı olacaq, mən isə haqsız. Yenə də özümü günahkar sayacam. Axı, mən niyə həmişə ona haqq qazandırıram. Bəsdir, əl çək yaxamdan. Sən səhv deyirsən.

 

- Əmioğlu, sən maşından düşəcəksən, ya yox? Çatmışıq axı.

 

Mənim diplomat olduğum ölkəyə birbaşa Bakıdan uçuş yox idi. Əvvəlcə İstanbula, sonra isə işlədiyim həmin ölkəyə uçmalı idim. Mənim biletlərimin qayıtmaq tarixləri açıq idi. Əvvəlcə fikrim bu idi ki, Bakıda 2-3 gün qalım, bu da olmadı. Özüm-özümü danlayırdım. Gərək ona 1-2 ağır söz deyərdim, əlinə-barmağına bir çırtma vurardım, bununla da hər şey qurtarıb gedərdi. Daha bunu dramatikləşdirməyin mənası yox idi. Var idi axı.... Çünki o, başından böyük söz demişdi. Nə olsun? Görürsən, onsuz qala bilmirsən.

 

Vaxtında aeroporta çatmışdıq. Düz bir saatdan sonra Türkiyəyə uçuş başlayırdı. Amma Türkiyədən uçacağım ölkəyə uçuş isə, Türkiyə vaxtı ilə gecə saat 11-də olacaqdı. Bu, məni bir az açmadı. Səhər 8-dən gecəyə kimi İstanbulda avaralanmalı olacaqdım.

 

***

 

İstanbul tamam bulud içində idi. Ümumiyyətlə, mənim Türkiyə ilə bağlı çox xatirələrim var, lap çox. Bu xatirələrin də çoxu və ən maraqlıları onunla bağlı xatirələr idi ki, tez-tez birgə Türkiyəyə gedər, İstanbulda, Ankarada, İzmirdə, Afyonda olardıq. İndi isə bu sıx əhalisi olan şəhərdə tək gəzir, elə bilirəm ki, ətrafımda heç kim yoxdur, təm-təkəm. Bu şəhərin hər tini, hər küçəsi elə bil qəsdən onunla bağlı olub ki, nə zamansa bu şəhərə tək gəlim və onu xatırlayım. "Sənin onsuz xatirələrin var ki?" "Ay aman, o, yaddan çıxmayacaq?" "Bəsdir də". "Varlığın bir dərddir, yoxluğun min dərd".

 

Şəhəri bir xeyli gəzdim, nahar etdim, axşam saat 9-da İstanbul aeroportuna gəlib çatdım. Özüm qəsdən 2-3 saat əvvəldən yola çıxmışdım ki, avtomobil tıxacına düşməyim, Allah göstərməsin İstanbul aeroportuna gedən yoldakı avtomobil tıxacını. Müsibətdir. Elə bil, bir ayaq-bir ayaq gedirsən.

 

Aeroportdayam. İki saatdan sonra qeydiyyat başlayacaq. Saatın da əqrəblərindən elə bil ki daş asılıb, vaxt getmir ki, getmir. Aeroportda ora-bura gəzişirəm. "Düti fri"ləri gəzməkdən başqa əlacım yoxdu. Bir az oturub, yenidən brend mallarına baxıb, yenidən yerimə qayıdıb oturub bilmirdim ki, nə edəm.

 

Birdən bu nədir belə... Mən yuxu görürəm?.. Çox qəribədir... Onu gördüm. Ola bilməz.... O hara, bura hara? Yox, həqiqətən mənim başım xarab olub. İndi bütün aləm sənin gözünə onun kimi görünəcək. Yox... Bu, ola bilməz. Niyə olmur ki? Bu, həqiqətən odur axı. Yol çantası da həmin çantadır. "Lui Veton". Bunu ona mən almışdım. O, harasa baxıb oturdu. Axı, Bakıdan İstanbula uçuş bir də sabah səhər olacaq. Axı, o, bura hardan gəlib? Reys yoxdur axı. Ayağa durdu, ətrafına göz gəzdirdi. 50 addım məsafədən baxışlarımız toqquşdu. Təəccübləndi. Sonra gülümsündü. Nəsə dedi. Təəccüblə mənə baxırdı. Sonra mənə tərəf gəlməyə başladı. Təəccüblə mənə elə baxırdı ki, elə bil, birinci dəfə idi ki, məni görürdü. Yox, qarabasma o qədər də ola bilməz. Yox... Gülə-gülə mənə tərəf gəlirdi. Tamam. Heç bir şübhə-filan ola bilməz. Özüdür ki, var. Mənə tərəf gəlir. Gəldi. Çatdı. Gözləri dolmuşdu.

 

- Sən məgər bu gün uçursan? Mən isə elə bilirdim ki... və birdən boynuma sarıldı.

 

- Sən allah məni bağışla. Qurban olum, məni bağışla. Sözdür də, ağzımdan çıxdı. Heç bilmirəm necə oldu dedim. Həyatım mənim, bağışla, bağışlamasan ölərəm.

 

Mən isə hələ də gözlərimə inanmırdım. Dilim topuq çalmağa başladı.

 

- Bəs sən, sən... sən nə ilə bura gəldin? (Çox axmaq sualdr. Əlbəttə, piyada gəlməyəcək ki).

 

- Bax görürsən, görürsən. İndi də sən məni öz ayağına gətirdin. Çünki mən səninkiyəm, sənin ovcunun içindəyəm və sənsiz ölərəm. Gördün, ayağına gətirtdin məni.

 

Onun gözləri dolmuşdu. Gözlərində yaş gilələnirdi.

 

- Nə baxırsan üzümə? Qucaqla da məni... Mənə de ki, bağışlayıram, de ki, ölürsən məndən ötrü. Hə...

 

- Axı, necə gəldin bura?

 

Bir gözü ağlayır, bir gözü gülürdü.

 

- Əşşi, başıma iş açmısan. Mən bilmirdim ki, sən bu gün işlədiyin ölkəyə gedirsən. Gəldim aeroporta. İstədim sənə sürpriz hazırlayam. Səndən qabaq, sənin işlədiyin ölkəyə gəlim, səni orada qarşılayım və deyəm ki, gördün ki, sən məni gətirtdin öz ayağına. Mən elə bilirdim ki, gecə sən mənim yanımdan atangilə getmisən. Gecə atangildə qalıb ertəsi günü geriyə uçacaqsan. Mənə isə aerportda dedilər ki, İstanbul təyyarəsi 2 saat bundan əvvəl uçub. Nə səhərə bilet var, nə də axşama. Bilet yoxdur. Qaldım əlacsız. Bilmədim ki, nə edəm. Elə bu vaxt sənin o dostun var e, VİP-in gömrüyündə işləyir. Sənin tələbə dostun... Sən bizi keçən il tanış etmişdin e... Adı da yadımdan çıxıb. O, mənə yaxınlaşdı. Dedi ki, sən narahat olma. Sənə bir bilet düzəldərəm Tbilisiyə. Tbilisidən də İstanbula. Bir dostum var, Tbilisidə aeroportda işləyir. Səni Tbilisidə qarşılayar, İstanbula da ötürər. Elə bu saat onunla telefonla danışaram. Heç bir problemi yoxdur. Dərhal evə gəldim. Bir-iki lazım olan şeyləri götürüb yol çantama yığdım, sonra da eləmə tənbəllik xaricə, yoldaşına zəng etdim ki, səni soruşum. O da gecə vaxtı düşüb təşvişə. Zəng etməyimə peşman oldum. Allah bilir, o da haralarasa zəng edib. Nə bilim, atangilə, xaricdəki əməkdaşlarına, tabeliyində olan diplomatlara - səni soruşub. Geriyə aeroporta qayıdanda gördüm ki, sənin dostun məni gözləyir. Utana-utana səni soruşdum. O da dedi ki, sən gecə reysi ilə uçmusan İstanbula. Təzədən bir də zəng etdim yoldaşına, onu sakitləşdirdim. Rahatca uçdum Tbilisəyə. Elə ordan da bura. O qədər özümü danlamışam ki. Gördün ki, özüm gəldim. Nə az, nə çox, düz 18 saatdan sonra. Amma öz aramızdır, 18 saat böyük müddətdir bizim üçün. 18 saat necə dözmüşük bir-birimizsizliyə? Bir-birimizdən soruşurduq, darıxmırdın məndən ötrü?

İndi də mən özümü danlayırdım. Bilmirdim nə deyəm. Nə isə.

18 saatın ayrılığı bitdi. Biz bir-birimizə sarılmışdıq. Onun boynundan, üzündən öpürdüm. Darıxmışdım, yaman darıxmışdım. 18 saatın ayrılığı bizə zülm oldu. Amma bilməzdik ki, indiki ayrılığın qabağında 18 saat nədir ki.... Və bir də bilməzdik ki... Yaxşı ki, Allah insanlara yaddaş, xatirə verib. Yoxsa nə edərdik?..

İsfəndiyar Vahabzadə

525-ci qəzet.- 2021.- 24 noyabr.- S.18-19;23