Yuxu  

 hekayə

 

 

Keçmiş Baş nazir Paşinyan seçki qabağı çalışırdı ki, çox ehtiyatlı olsun. Özü də yaxşı bilirdi ki, nümayişə çıxanların çoxu onun siyasi kursuna qiymət vermirlər. Paşinyana olan nifrət hissini Anna da hiss etmişdi. O, ərindən xəbərsiz cangüdənləri yanına çağırıb, onlara son dərəcə diqqətli olmalarını, gözlərini dörd açmalarını tapşırmışdı:

- Dostlar, hər an təxribat ola bilər, hər tərəfi yoxlayın!

Paşinyan da həmişə olduğu kimi qışqıra-qışqıra danışır, xalqı inandırmağa çalışırdı ki, əgər mən seçilərəmsə, sizi xoşbəxt gələcək gözləyir. Siz yaxşı bilirsiniz ki, dünya dövlətləri bizim siyasi kursumuzu çox bəyənir, Paşinyan hökumətinin işıqlı gələcəyinə çox inanırlar. Mən arzu edirəm ki, siz də bəyənəsiniz, öz liderinizə səs verəsiniz!

Paşinyan bu çıxışdan sonra özünü yazıq kimi göstərir, oxatan kirpilər kimi tez-tez cildini dəyişir.

Bu mənzərəni görənlərin çoxunun ona yazığı gəlir. Paşinyan: "Bilirəm, siz məni darda qoymayacaqsınız", - deyə davam edir. - Buna mənim qəti şübhəm yoxdur, çünki erməni xalqı ağıllı xalqdır. Biz akademikimiz Abel Aqanbekyanın, canını ermənilərin yolunda qurban verən Şaumyanın, Tayqulaq Andranikin məktəbinin məzunlarıyıq. Bizim siyasətimiz qarşısında çox ölkələr tab gətirə bilmirlər. Siz şahidsiniz ki, 29 ildir Azərbaycan türkləri "Qarabağ bizimdir" deməkdən dilləri döyənək olub. Danışıqları pozan qarşınızdakı bu qara oğlandır. Mənim yanımda duran xanım Annadır, biz ailə olaraq canımızı sizin yolunuzda qurban verməyə hazırıq. Əgər biz bir-birimizi eşitməsək, düşmənin dəyirmanına su töksək, düşmən bundan istifadə edəcəkdir. Siz bizim tarixi düşmənimiz türklərin keçmişdə başımıza nə bəlalar açdıqlarını yaxşı bilirsiniz. Qardaşlarım, mən həmişə yuxumda öz parlaq gələcəyimizi görürəm. Bəzən hamı mənim çox yatmağıma irad tutur. Bunun hamısı o gördüyüm yuxuları təkrar görmək üçündür. O yuxuları xatırladıqca sevincimdən az qalır ürəyim yerindən çıxsın. Məni çox vaxt sakitləşdirən Anna bacınızdır. Bizim ürəyimiz vətən eşqiylə döyünür. Mənim də qismətimə belə vətənpərvər qadın düşüb. Siz də görürsünüz ki, indi də o, hərbi geyimdədir. Bu xanım günün çox hissəsini mənim zabitlərimlə atış meydanında keçirir. Snayper sahəsində çox inkişaf edib. Anası bunu oğlan doğsaydı, indi ön cəbhədə olardı" - deyir və qəşş edib gülməyə başlayır. Anna onun zayladığını görüb ayağını tapdalayır. Yazıq-yazıq Annanın üzünə baxaraq: "Ona çox yalvarıram ki, bu hərbi geyimi arada bir çıxart, xanımlara yaraşan paltar geyin. Dinləmir, elə hey deyir ki, qələbə gününə qədər dözməlisən. Hələ bunlar bir yana, mənim qardaşlarım, Anna bacınız bizim dığayı da (sizin nökərinizi) hərbi xidmətə göndərib. Vətənə olan borcumuzu canla-başla həyata keçirməliyik".

Paşinyan çox yorulmuşdu, nümayişçilərdən üzr istəyib xanımı ilə bərabər, xidməti maşınına minib evinə gəldi. Qulluqçular süfrə açdılar. Ər-arvad oturub doyunca yemək yedilər. Paşinyan dincəlmək qərarına gəldi. Anna bir dəqiqə də olsun, gözünü ondan ayırmırdı. Onun canında olanı yaxşı hiss edirdi. Elə bu dəmdə Anna xanımı yanına çağırdı: "Axcican, bir şüşə şərab gətir, bəlkə yornuqluğumuzu o çıxartdı".

"Nə deyirəm, Paşik, təki sən əmr et!"

Paşinyanın gecə-gündüz düşündüyü seçkinin nə nəticə verəcəyi idi. Yatmaq qərarına gəldi. Anna onun xasiyyətini yaxşı bildiyi üçün o, yuxuya gedənə qədər onun gözünə görünmədi.

Paşinyan hərif deyildi, Annanın bütün hərəkətlərinə fikir verirdi. O, Annanı yanına çağırdı. Anna əlindəki işi bir tərəfə buraxıb tezcə ərinin yanına gəldi .

"A kişi, sən hələ yatmamısan?"

"Yatmağımı istəyirsən, onda bir şüşə sek şərab gətir".

"A kişi, şüşəni başa düşdüm. Amma "sek" kəlməsini başa düşmədim".

"Annacan, sən süz, vuraq, sonra başa salacağam".

"Nə deyirəm, Paşikcan, sən bilən yaxşıdır".

"Bilirsən, Annacan, səni sevib almışam. Biz ikimiz də kasıb uşaqlar olmuşuq. Görürsən, indi mən Baş nazirəm! Mənim də titulum dəyişib, sən də Baş nazirin xanımısan. Hamı səni görəndə hörmət əlaməti olaraq yol göstərirlər. Görürsən, yetimçilik hələ canımızdan çıxmayıb. Ayılmaq vaxtıdır. Bizim xidmətçimiz ola-ola özümüz özümüzə xidmət göstəririk. Mən yüksək məclislərdə olanda hər şeyə fkir verirəm. Bir gün dövlət qonaqlığında qarson mənə yaxınlaşdı, elə bil ki, o, mənim ürəyimi oxumuşdu. sizə "sek" şərabı süzəcəm, peşman olmazsınız dedi. Mən də onun dediyinə əməl etdim. İndi o gün-bu gün yalnız "sek" şərabı içirəm".

Annanı gülmək tuttu:

- Nikolcan, sənə qurban, bunu bizim dığaların yanında demə!

Sözün doğrusu, "sek şərab" Annanın da xoşuna gəlmişdi. "Sek şərab" Annaya bir az təsir də etmişdi. Əşşi, nə olsun, türklər belə deyir. Şərab ləzzətli olsun!

Anna ərinin mürgülədiyini görüb ondan uzaqlaşdı. Öz-özünə deyinməyə başladı: "Başı iclaslara qarışıb, hamama getmək də yadına düşmür. Onun yanında duranda boğuluram. Deməyə də çəkinirəm, birdən acığına gələr". Anna yatağa uzandı, deyinə-deyinə yuxuya getdi. "Sek" şərabın təsirindən daş kimi yatmışdı.

Paşinyan həmişə olduğu kimi səhər erkəndən qalxır, yatağın içində doyunca eşələnir, sonra yataqda oturaraq ayaqlarını aşağı sallayıb başı iki əlinin arasında xəyala dalır. Ərinin xasiyyətinə yaxşı bələd olan Anna səhərlər ona baş çəkməyi unutmur. Adamın üstündə Allah var, Anna Paşinyanın əsl mənada qolu-qanadıdır. Ərinin yatağına yaxınlaşdı: "Hələ qalxmamısan?"

Paşinyan isə "sek" şərabın təsirindən hayıl-mayıl olmuşdu. Süddən kəsilmiş uşaq kimi yazıq-yazıq Annanın üzünə baxır, elə bil ki, ondan imdad diləyirdi. Annanı heyrət bürüdü:

"Sənə nə olub, a kişi? Səni birinci dəfədir ki, belə görürəm".

"Düz deyirsən, Annacan. Gecə yuxumu qarışdırmışam, yadıma salanda dəli oluram. Öz-özümə deyirəm, bu nə yuxudur görmüşəm. Annacan, yadındadır, biz dostlarla Cıdır düzündə kefin istəyən kimi yaxşı yeyib-içdik, bir sözlə, dünyanın dadını çıxartdıq ki, qoy türklər də görsünlər ki, həyatda belə oğullar da var. Hələ o yallı getməyimiz özü bir tarixi hadisədir. Bilirəm, sən mənim oyunlarıma xüsusi qiymət verirsən. Biz o oyunla erməni tarixinə yeni bir səhifə açdıq. Necə deyərlər, öz möhürümüzü vurduq. Bütün dünya bizim Cıdır düzündəki oyundan klip hazırlamaq fikrinə düşüblər.

- Paşikcan, mən o günü xatırladıqca sevincimdən ağlayıram. Bunlara görə sənə çox təşəkkür edirəm. Amma gördüyüm yuxu məni dinc buraxmır. A kişi danış görüm, nə görmüsən?

- Yadındadı, oynadığımız gün əməlli-başlı içmişdik, mənim sudan ötrü ciyərim yanırdı yoldaşlardan ayrılıb bulaq tərəfə getdim ki, bulaqdan əyilib su içim, aşağı əyilmişdim ki, başımın üstünü  bir qara bulud alıb, başımı qaldırdım ki, görüm bu nədir, başım da nəyəsə bərk dəydi, qorxudan o dəhşətli ağrını unutmuşdum, baxdım ki, nəhəng bir qartal mən tərəfə şığıyır. Bir anlığa fkirləşdim ki, artıq sonum gəlib. İnanmazsan, amma qartal adam kimi danışırdı. Mənə dedi ki, Cıdır düzünü murdarlamışsınız, əgər suya toxunsan, gördüyün bu caynaqlarımla səni paramparça edərəm!..

Mən yerimdə donub qalmışdım, dilim söz tutmurdu. Mən oradan uzaqlaşmağa çalışdım. Arxama baxmadan qaçırdım. Bir səs gəldi qulağıma: "Ağıllı ol, Paşinyan, başqasının torpağına göz dikənin gözlərini caynaqlarımla oyaram".

Anna bu yuxunu dinlədikcə onu dəhşət bürümüşdü: "A kişi, gecə də qoymamısan məni yatmağa. Sən yuxuda inildəyir, çırpınırdın. Paşikcan, yaxşısı budur, sən get gördüklərini suya danış. Allah axırını xeyrə çevirsin. Dur yuyun, görüşə az qalıb".

Paşinyan  çox fikirli idi, yataqdan qalxanda az qalsın ki, yıxılsın. Anna özünü vaxtında çatdırdı: "Paşikcan, bəlkə həkim çağıraq? Sənin hərəkətlərin məni yaman qorxudur".

"Narahat olma, canım-gözüm, biz dözümlü xalqıq. Hələ dünən gördüyüm yuxunu sənə danışmadım, çox utancverici bir yuxu idi. Dünən günorta yeməkdən sonra eyvanda divana oturdum, qəzet oxuyurdum, yuxuya getmişəm xəbərim olmadan. Gördüm ki, anam gəlib. Salam, oğlum, dedi. Mən də ayağa qalxdım, anamı qucaqlayıb öpmək istədim, məni itələyib üzümə tüpürdü, vətən, torpaq əldən gedir, sən də eyvanda öz kefindəsən, utanmırsan? Ermənistan xalqı sənə ümid edir, sən də Anna ilə öz kefində, yiyib-içib gəzirsiniz. İstədim anamın könlünü alım, ona yaxınlaşanda yıxıldım. Həyəcandan divandan yıxılmışam. Baxdım ki, eyvan nəmişlidir, sən demə, yağış yağıb. Oyananda başa düşdüm ki, anamın tüpürcəyi yağış suyu imiş. Annacan, sözün doğrusu, biləndə ki, yağış yağıb, bir az sevindim".

Paşinyan bu yuxunu danışdıqdan bir dəqiqə keçməmişdi ki, qapının zəngi eşidildi. Anna qapıya tərəf getdi. Gələn qaynanası idi: "Xoş gəlmisən, ay ana".

 

"Sağ ol, qızım. Oğlum hardadır?"

 "Ana, içəri keç, oğlun əlini yuyur".

Paşinyanın anası çox diqqətcil qadındır, hər şeyə fkir verəndir. Gəlininin onu qarşılamasında bir az soyuqluq hiss etdi:

- Gəlin, gəl hələ bir otur görüm, nə var, nə yox? Oğlum məni itirib axtarmır, görünür, işləri çoxdur.

- Düz deyirsən, ay ana, o yazığın gecəsi, gündüzü yoxdur. Seçki qurtarsa, bir az canı dincələr.

Elə bu dəmdə Paşinyan əlində əl-üz dəsmalı hamamdan çıxdı, anasını görəndə özünü itirdi:

"Anna, doğrudanmı anamız gəlib?" Gözlərinə inanmırdı. "Xoş gəlmisən ay ana!"

Anası gülərək onu qucaqlayıb uzun-uzadı öpdü, daha sonra bir az aralanaraq az-az onun üzünə tüpürməyə başladı. Paşinyan çox həyəcanlı bir şəkildə soruşdu: "Sən nə edirsən, ay ana?"

"Oğlum, ana oğlunu bu vəziyyətdə gördükdə, onun üstündən qara qüvvələri, cinləri qovmaq üçün bu hərəkəti etməlidir. Bu da mənim analıq borcumdur. Bu böyük erməni xalqının ulu babalarından miras qalmış bir adətdir".

Bunu eşitdikdən sonra gördüyü yuxu yadına düşdü, gülümsünərək "yenə də ana ürəyi!" dedi...

Paşinyanın anası daha sonra ayağa durub oğlundan getmək üçün icazə istədi: "Oğlum, mən gedirəm, amma sənə bir-iki söz demək istəyirəm. Oğlum, çalış o qaniçən Serjikdi, Köçəryandır, bilmirəm haranın gədələridir, onlardan uzaq dur!.."

Paşinyan anasının nə demək istədiyini qızılquş kimi aldı: "Düz deyirsən, anacan. Bəlkə bir-iki gün qalasan. Getmə".

"Getməliyəm, oğlum, məni aşağıda gözləyən var. Rəhmətlik atan da sənin kimi idi, sözü deyərdi, ancaq arxasınca getməzdi. Bilirsən də, oğlum, bizim erməni dığalarının çoxu qırılıb, sən heç olmasa sağ qalanlara sahib çıx. Yoxsa biz yer üzündən silinəcəyik. O "Asaladır-masaladır" nədir, ondan ümidinizi kəsin. Oğlum, sən deyə bilərsənmi o təşkilat yarandığı gündən Ermənistana nə verib?

Cavabını mən bilirəm. Biz türklərlə yaxşı-pis rahat dolanırdıq, hər şeyimiz vardı, indi nəyin var? Bir başınızı qaldırıb ətrafınıza göz gəzdirin. Hamı bizə başqasının yalına hürən kimi baxır. İndi bizə nə ad versələr, çox yaraşır. İnkişaf etmiş ölkələr də yaxşı bilir ki, ermənilər köhnə palan içi tökməklə məşğuldur. Adamdan soruşarlar, ay qardaş, sənə palan lazımdır, yoxsa xalqın? Tutdu-tutmadı başlayırıq palanları yenidən müzakirə etməyə. Oğlum, xəbəriniz yoxdur, ara qarışıb, məzhəb itib. Bilmirsən kimə inanasan, biri palandan danışır, o biri uzunqulaqdan. Oğlum, sözün doğrusu, mən bu məsələni saf-çürük etməyə başladım. Bu, sonu görünməyən bir məsələdir. Özü də ermənilər tərəfindən irəli atılıb. Siz bu işin mahiyyətini öyrənsəniz, qulağınızı tutub durarsınız bir tərəfdə. Böyük oyunlar gedir. Çanaq kimin başında sınacaq, məlumdur. Bircə özünü qoru oğlum!.. Oğlum, bizim o qaniçənlərdən hansısa ulaq ferması təşkil edib. Bir həkim dostu onu başa salıb ki, ulaq südü dərmandır. Bilirsən, oğlum, bizim erməni xalqı bilmirəm havasındandır, ya suyundandır, körpə uşaqlar "qızılca" xəstəliyinə çox meyillidirlər. Eşşək südü onları çox tez sağaldır. Çox qəribə xalqıq, hansı qurumsaqlıq desən, bizdən çıxır. Eşşək olanda nə olar, o da, Allahın heyvanıdır. Südünü satıb pul qazanırsan, bu yetmir kimi üstəlik, minib ələ salırsan.  Bu yaxınlarda televizoru açdım ki, bəlkə yaxşı bir veriliş olar baxaram. Nə görsəm yaxşıdır?"

"Nə gördün, ay ana?

"Gördüm ki, Serjikə oxşar biri uzunqulağı tərsinə minib. Aparıcı gülərək çox ehtiyatla ona yaxınlaşıb soruşdu:

- Ay qardaş, soruşmaq ayıb olmasın, bu yazıq heyvanı niyə ələ salırsan?

- Adamı gülmək tutur. Bacı, uzunqulaq görməmisən?

- Görmüşəm, qardaş, elə mən özü də erməni qızıyam, ona görə soruşuram. De görüm, mənim verdiyim sualdan niyə yayınırsan?

- Bacı, soydaşlarıma hörmətim böyükdür, məni tanımadın keçirəm günahlarından. İndi keçək mətləbə, mən xalqım üçün canını qurban verənlərdən

biriyəm. Bu iş mənim zəhmət sevərliyimdən irəli gəlir. Pul qazanmaq ayıb deyil, nədən qazanırsan qazan!.. Xanım, əgər düzünü bilmək istəyirsənsə, dinlə: Mən bu uzunqulağa təlim keçirəm. Ölkədə müharibə gedir, biz erməni xalqı hər şeyimizi vətən yolunda qurban verməyə hazırıq. Biz bu cins uzunqulaqları Ermənistanda yetişdirmişik. Sözün doğrusu, bu, bir sirdir.

Xanım, sən qəti narahat olma, bunların cinsi belədir. İstəsən düz min, istəsən tərs min. Onlar üçün heç bir fərq yoxdur. Minilməkdən çox xoşları gəlir.

Sizin bu zavallılara yazığınız gəlir, biz isə bu zavallılara güzəştə gedə-gedə axırımız da belə oldu.

Bizə təlimat veriblər ki, yollarımız bağlansa, dağ cığırlarında hərəkət etmək üçün bu uzunqulaqlardan istifadə edək".

Paşinyan anasının söhbətindən çox təsirlənmişdi: "Anacan, sən bir dahi imişsən. Mən indiyə qədər kor olmuşam, səni fəhm edə bilməmişəm".

"Oğlum, sən kor deyilsən, bu zamananın gedişatı belədir. Çox təəssüflər olsun ki, XX1 əsrdir, şüurlu insanlar dostunu, düşmənini yaxşı tanıya bilməkdə çox-çox acizdir. Elə sən özün o qədər başını itirmisən ki, səni halal südünən bəsləyən doğma anan qalıb bir kənarda, başın Annaya qarışıb. Heç soruşmadın, ay ana xeyir ola, təngnəfəs gəlmisən, bir hadisəmi baş verib?"

"Məni bağışla, anacan, sən mənim ürəyimsən. Doğrudan xeyir ola? Nə baş verib?"

"Oğlum, səni yuxuda çox pis vəziyyətdə hönkür-hönkür ağladığını görmüşdüm, dözmədim, ana ürəyidir, dedim gedib bir baş çəkim. Salamat qalın! Hər şey ürəyimcə oldu, sizi gümrah gördüm, bu mənə bəsdir".

Paşinyan anası getdikdən sonra Annadan xəlvət bir tərəfə çəkilib, qəmli-qəmli ağlayaraq, uşaqlıq dövründə meşədən odun gətirərkən azdığı günü xatırladı. Qurda-quşa yem olacağı barədə düşünmüşdü. O vaxt da anası onun meşədən gec qayıtdığını görüb, əlində fanar axtarıb tapmışdı və onu bu təhlükədən xilas etmişdi.

Paşinyan hiss edirdi ki, ətrafında çox təhlükəli qüvvələr var. Onları zərərsizləşdirmək üçün ayıq-sayıq olmalıdı. Paşinyan çox yaxşı bilirdi ki, soydaşları vəzifə, pul xatirinə bütün Ermənistanı satarlar.

Ürəyində anasına minnətdarlıq edirdi ki, o, gəlişi ilə onun gözünü açdı. "Sənə qurban olum ay ana", deyib yenə də hönkür-hönkür ağlamağa başlamışdı. Annanın gəldiyindən xəbəri yox idi. Bayırda güclü yağış yağırdı. Anna yağışı seyr edə-edə fikirə daldı,  bu yağan yağış Paşinyanın göz yaşına çox oxşayırdı...

 

525-ci qəzet.- 2021.- 24 noyabr.- S.22;23