Fəlsəfi poeziyadan - poetik
fəlsəfəyə
"Şeir haqqında yazmaq, şeir yazmaqdan çətindir".
Xətib
Təbrizi (XI əsr)
Filologiya elmləri doktoru, professor, tanınmış
füzulişünas Gülşən Əliyeva-Kəngərli
cəsarətlə belə bir işə girişib. Onun bu günlərdə
"Qanun" nəşriyyatında işıq üzü
görmüş "Xəyal və idrakın vəhdəti"
(2021) adlı konseptual monoqrafiyası əyani şəkildə
sübut edir ki, müəllif bu çətin işin öhdəsindən
uğurla gəlib. Monoqrafiya XX əsr
şeirinin ən çətin təmayülünə - fəlsəfi-intellektual
şeir təmayülünə həsr olunmuş, çevik tənqidi
üslübda yazılmış nəzəri kitabdır.
Gülşən
Əliyeva-Kəngərlinin "Füzuli sehri", "Azərbaycan
füzulişünaslığı", "Bədii
düşüncə: tarixi gerçəklik və estetik
ideal", "Çağdaş poeziya və klassik irs",
"Poetika məsələləri", "Sufizm",
"Füzuli şeirinin əruz kanonları üzrə tədrisi",
"Hüsnü-cəmal, əqli kamal" kimi
monoqrafiyaları, dahi şair Məhəmməd
Füzuli, hürufi şair və filosof İmadəddin Nəsimi,
realist sənətkarlar: Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, romantik şair-filosof Hüseyn Cavid,
böyük dramaturq Cəfər Cabbarlı, bənzərsiz
Mikayıl Müşfiq, fəlsəfi-intellektual şeir cərəyanının
banisi Rəsul Rza, milli istiqlal şairi Məmməd Araz, filosof
şairlərimiz Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu haqqında ədəbi-tənqidi
və nəzəri-tarixi məqalələrin müəllifidir.
Bunları sadalamaqda məqsədimiz Gülşən
Əliyeva-Kəngərlinin XX əsr fəlsəfi-intellektual
poeziya təmayülü haqqında nəzəri monoqrafiya
yazmağa səlahiyyəti olan ədəbiyyatşünas kimi
elmi fəaliyyətini işıqlandırmaqdır.
Bütün ədəbi araşdırmalarında, hətta
çağdaş ədəbi tənqiddə də onun əsas
çıxış nöqtəsi ədəbi-estetik və sənət
meyarı Mövlana Məhəmməd Füzulidir. "Xəyal və
idrakın vəhdəti" monoqrafiyasına "Müəllifin
ön sözü"ndə oxuyuruq: "Ədəbiyyat aləmində
hara getdimsə, hansı mövzuya baş vurdumsa,
qarşıma Füzuli çıxdı. Füzuli haqqında
beş kitab, onlarla məqaləm var. Deyəsən,
ilan gülləyə gedən kimi, mən özüm
Füzuliyə doğru gedirəm. Füzulini dəlicəsinə
sevirəm. Füzuli mənim
üçün əbədi, dəyişməz poetik və
estetik meyardır".
Yüksək
poliqrafik şəkildə çap olunmuş monoqrafiyanın əvvəlində
ona açar ola biləcək örnəklər
verilib: "Şeir vəznli, qafiyəli və xəyal edilən
kəlamdır" (Xətib Təbrizi). "Şeir
xəyalla yazılmış bərabər vəznli və
qafiyəli kəlamdır" (Tusi). "Əsl
şeir dil ilə musiqi arasında xüsusi bir sənətdir.
Şeir dilin musiqisi və musiqinin dilidir"
(Əkrəm Cəfər). "Fəlsəfi poeziyadan - poetik fəlsəfəyə!
Azərbaycan fəlsəfi-intellektual şeirinin
təkamül yolu belədir. Bizim poeziya
dünya ədəbi prosesinə bu yolla qovuşur"
(G.Əliyeva-Kəngərli).
Kitabın adını - "Xəyal və idrakın vəhdəti"
və əsas problemlərini müəllif şeiri mətnlərdən
tapıb müəyyənləşdirir. Tədqiqat zamanı XX əsr
fəlsəfi-intellektual poeziya təmayülünün parlaq
siması Əli Kərimin aşağıdakı şeiri
vasitə olur və bu şeir kitabın əvvəlində
verilir:
Mən elə
sürətin təşnəsiyəm ki,
çatsın xəyalımın üfüqlərinə.
Bir
göz qırpımında yetirsin məni
Həm ən
yüksəkliyə,
həm ən
dərinə.
Mənim
istədiyim o sürət olsa,
xəyalla idrakı bir yerə qatar...
Gülşən xanım xəyalla idrakı bir yerə
qatıb, "həm ən yüksəkliyə" qalxa bilib,
"həm də ən dərinə" baş vurub. Elə buna görə də
"əvvəlin axırı, sonun əvvəli"ni
görərək fəlsəfi-intellektual şeir təmayülünün
poetik sehrini aça bilib.
Monoqrafiyanın
birinci fəsli məntiqi olaraq "Azərbaycan fəlsəfi
intellektual şeirinin qaynaqları və ənənələri" adlanır.
Burada müəllif fəlsəfi-intellektual şeirini ilkin
qaynağının qədim eposumuz - IV-VII əsrlərdə
yaranıb, XI əsrdə yazıya alınmış
"Kitabi-Dədə Qorqud"un qafiyəli-səcli
nəsrindən başlayır. Bu da ümumən
doğrudur, çünki XX əsr Azərbaycan fəlsəfi-intellektual
şeiri, əsasən, sərbəst formada idi. Bu forma "Dədə Qorqud" dastanlarında olduğu
kimi daxili qafiyəyə əsaslanırdı.
Gülşən xanım bu barədə belə yazır:
"Azərbaycan fəlsəfi-intellektual şeirinin
qaynaqları zəngindir. Çox güman ki,
dahi Füzuli "şeir fəziləti də ayrı bir
elmdir deyərkən" məhz fəlsəfi-intellektual
şeiri nəzərdə tutur, "ərşdən gələn"
"yaradanın mədhi-sənası, nəğməsi"
(Füzuli) olan şeir fəlsəfi olmaya bilməz.
Fəlsəfi-intellektual şeirin əsas qaynağı
lirik yaşantının ünvanlandığı səmadır. "Şeir
hissin, xəyalın, ilhamın, məfkurənin
lisanıdır" (İsmayıl Hikmət). Ona görə
şeir də xəyal kimi şərhi-bəyanə
sığmaz..."
Beləliklə, "fəzilət məlum" -
Gülşən xanım şeirin mənşəyini
yaşantıda, səma aləmində, ilahi məqamda
axtarır.
Müəllif maraqlı bir mülahizə irəli
sürərək deyir ki, novator sənətinin yaranması
üçün ədəbi ənənənin rolu
böyükdür. Lakin şair o zaman həqiqi şair olur
ki, ənənələrin cazibəsini vaxtında dəf edə
bilir. Yalnız bu zaman şairin fərdi
üslubu yaranır ki, bu da ilahi vergisi olan ilhamın
gücü ilə mümkündür. O, bu konseptual
mövqedən yanaşaraq XX əsr fəlsəfi intellektual
şeirinin hüdudlarını müəyyənləşdirə
bilir: "XX əsr Azərbaycan fəlsəfi-intellektual poeziya
təmayülünün yaradıcıları - Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Əli Kərim, Fikrət Qoca, Məmməd Araz,
Vaqif Səmədoğlu, Fikrət Sadıq, Ələkbər
Salahzadə, Ramiz Rövşən vaxtında ənənələrin
cazibəsini dəf edərək, fərdi
yaradıcılıq üslublarını
formalaşdırmışlar".
Beləliklə, kitabın obyekti və predmeti, aydın fərdi
üslübları olan şairlərin adları məlum olur. O da məlum olur ki, bu
şairlər əsl poetik nümunə kimi Füzuli sənətinə
üz tuturlar. 60-cı illər Füzuli sənətinin əsas
dərki mərhələsidir: Bəxtiyar Vahabzadə 1958-ci
ildə "Şəbi-hicran" poemasını, Məmməd
Araz "Səba yeli", Əli Kərim "Füzuli",
Ramiz Rövşən "Şam" şeirini yazdılar.
Əsərin "İntellektual şeirin estetik təbiəti"
adlanan ikinci fəsli, əsasən, bu təmayülün
başçısı Xalq şairi Rəsul Rza poeziyasına həsr
olunub. Burada
oxuyuruq:
"Şeir
yaza bilmirəm,
Nə
ürəyim göynəyir,
nə
sözlər yandırır dodaqlarımı.
Ağrısız,
göynəksiz
şeir
olarmı?!
Beləliklə,
R.Rza şeirinin bədii-fəlsəfi formulu yaranır:
dodaqları yandıran söz?
R.Rza poeziyasının novatorluğu ənənəyə
münasibətin konkretliyində idi. Bu münasibətin isə
guşə daşında İNSAN dayanırdı. R.Rza hansı vəzifə daşımasından
asılı olmayaraq insanları İNSANLAŞMAĞA
çağırırdı.
İnsan
və Zaman! İnsanı zaman kontekstində dərk
etmək ehtirası şairin bir çox şeirlərinin
pafosunu müəyyənləşdirir". Tədqiqatda
Rəsul Rzanın zəngin irsi qarşıya qoyulan problem
kontekstində analitik təhlil süzgəcindən
keçirilir və maraqlı nəticələrə gəlinir:
"Rəsul Rza novatordur, köhnə şeirlə yeni
şeir arasında böyük uçurum yaratdı, "geriyə
yol yoxdu" - dedi".
Monoqrafiyanın "Fəlsəfi dərinlik və poetik
vüsət" adlanan üçüncü fəsli filosof
şair Bəxtiyar Vahabzadənin intellektual şeir
yaradıcılığını ehtiva edir. Professor Bəxtiyar
Vahabzadənin şeir yaradıcılığını
müasirlərinin onun barəsində dedikləri əsasında
araşdırır. Bu hissə şair haqqında
oçerk deyil, müəllif Bəxtiyar Vahabzadənin XX əsr
şeir sənətimizdəki yerini tutarlı dəlillərlə
müəyyənləşdirir: "50-ci illərin sonuna
doğru B.Vahabzadə yaradıcı surətdə Türkiyə
istiqlal poeziyasının, onun Əbdülhəq Hamid, Namiq
Kamal, Tofiq Fikrət, Rza Tofiq, Məhmət Akif Ərsoy kimi
nümayəndələrinin ideya-poetik ənənələrini
mənimsəyir. Buraya Azərbaycan romantik-filosof
şairləri H.Cavid və M.Hadini də əlavə etmək
olar. Lakin o, bu səmərəli ənənələri
çox tez dəf edə bildi. Bu məqamda G.Əliyeva-Kəngərli
belə bir dəqiq qənaətlə çıxış
edir: "Bəxtiyar Vahabzadə şeirimizdə romantik və
realist ovqatı yaratdı, fəlsəfi cəhətdən
gücləndirdi".
Monoqrafiyanın
adı kimi ümumiləşən "Xəyal və
idrakın vəhdəti" adlı dördüncü fəsil,
əsasən, 60-cı illər şeirinin bel sütunu Əli
Kərimin füsunkar poeziyasını əhatə edir: "Fəlsəfi-intellektual
poeziya təmayülünün təşəkkülündə
rol oynayan şairlərdən biri bənzərsiz və sərhədsiz
istedad sahibi Əli Kərim idi. Klassik Azərbaycan
şeirinin ənənələrini yeni dövrün istəkləri
axarında davam etdirib epoxasının novator poeziyasını
yaradan gənc şair minillik şeir tariximizdə silsilə
poetik tapıntıları ilə yadda qaldı". Bu qənaətini əsaslandırmaq
üçün Gülşən xanım Əli Kərimin
lirikasını böyük məhəbbət və yüksək
intellektlə, tizfəhm bir ağılla, açıq səmimiyyətlə
sistemli, məntiqli təhlil edir. Nəticə olaraq belə
bir formula irəli sürür: "Əli Kərim lirikanı
təkmilləşdirdi, xəyalla idrakın ideal vəhdətinə
nail oldu, silsilə poetik tapıntılarla yadda qaldı".
Monoqrafiyanın
"Fəlsəfi-intellektual şeirdə milli müəyyənlik"
adlanan beşinci fəsli
ümumilikdə istiqlal şairi Məmməd Arazın
poeziyasına həsr olunub. Bu fəsildə
çox vacib problem fəlsəfi-intellektual poeziyada milli müəyyənlik
məsələsi qoyulur. Təbiətən
universal olan fəlsəfi-intellektual poeziya təmayülü
dünya poeziyası ilə ortaq cəhətə malikdir.
Təqdirəlayiqdir ki,
ilk dəfə Gülşən xanım səy
göstərərək, M.Arazın şeirlərinə əsaslanıb,
fəlsəfi-intellektual şeirdə millilik amilini sübut etməyə
nail olur. Nəzəri-intellektual təhlil yolu ilə
belə bir nəticəyə gəlir ki, "Məmməd
Araz poeziyaya xalq müdrikliyini gətirdi. Milli
müəyyənliyin poetikasını yaratdı".
Kitabın
"Fəlsəfi-intellektual şeirdə lirik "mən"
və lirik xarakter" adlı altıncı və
"İntellektual şeirdə meditativlik" adlı yeddinci
fəsilərində ayrı-ayrı şairlərin fərdi
yaradıcılıq manerasına, üslub fərdiyyətinə
yox, Rəsul Rza, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz
Rövşən, Ələkbər Salahzadə, Fikrət
Sadıq, Çingiz Əlioğlu kimi filosof şairlərin
poeziyasına vəhdətdə qoyulan başlıca problem
kontekstində təhlil verilir.
Kitabın
ən maraqlı cəhətlərindən biri də şeirdə
mediativlik probleminin fəlsəfi-intellektual şeir təmayülünün
novator nəzəriyyə kimi
araşdırılmasıdır: Əli Kərimin, Ramiz
Rövşənin, Fikrət Sadığın, Ələkbər
Salahzadənin və Çingiz Əlioğlunun şeirləri
bu çətin problem kontekstində təhlil olunur... Gülşən
Əliyeva-Kəngərli ədəbiyyatşünaslıq
elmimizə fəlsəfi şeir haqqında Şərq klassik
poeziya ənənələrinə əsaslanaraq, Avropa və
dünya standartları səviyyəsində bir əsər bəxş
etmişdir. "Xəyal və idrakın vəhdəti"
monoqrafiyası zəngin
poeziyamız barədə gələcəyə
hesablanmış fundamental ədəbi-nəzəri əsərdir.
Fatimat
MƏMMƏDOVA
Kulturologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.- 24 noyabr.- S.21.