Aradan qırx il keçsə
də...
"Təhminənin son sirri" haqqında qeydlər
Yazıçı Anarın "Təhminənin
son sirri" adlı hekayəsini oxudum və xeyli mütəəssir
oldum. Çoxdandır, belə maraqlı
hekayə oxumurdum.
Müəllif oxucusunu cümlələrə
bağlamağı yaxşı
bacarıb. Bu, bəlkə də, qırx ildən sonra yenidən Təhminə, Zaur obrazlarını yada salmaq, oxuculara nostalji yaşatmaqla bağlıdır. Ədib hekayənin
əvvəlində bu
gün bütün dünyanı lərzəyə
salan koronavirusu xatırlatmaqla əsərdə
xüsusi canlılıq
yaradır. Və bu
əyanilik bütün
süjet boyu davam edir.
Ən əsası
isə, müəllif
qırx ildən sonra önəmli sirləri üzə çıxarır. Spartak yaddaş pozuqluğu olduğunu öyrəndikdən sonra
Zauru yanına çağırır, ona
Təhminənin sirrindən
danışır. Demə, həmin
gün - Zaurla Təhminənin məhəbbətinin
bitdiyi, Təhminənin
Spartakı vurduğu gün Təhminə ilə Spartak arasında bir şey olmayıbmış.
Əksinə, Təhminə Spartakın
ona toxunmağına sərt reaksiya vermişdi. Zaurun düşündüyü kimi, bu, uzun
illər gizlədilmiş,
bəlkə də, gecikmiş etiraf idi.
Demə, Təhminə ilə Zaurun sevgisi bir yanlış anlaşılmaya qurban gedib. Hərçənd həmin vaxt
bu yanlış anlaşılma olmasaydı,
kimin başına nə gələcəyinə
də kimsə zəmanət verə bilməzdi. Ola bilsin, Təhminə içki içməyin nəticəsində ölməz,
Zaur Firəngizlə evlənib, yeni həyata başlamazdı.
Bəlkə də, xeyirlisi
məhz belə imiş. Axı Təhminə sərbəstliyi
sevən qadın idi. Necə deyərlər, onlar
fərqi dünyaların
insanları idilər.
Haçansa yazdığım "Təhminə" adlı
essedə demişdim ki, çox böyük ehtimalla hər kişinin həyatında çox sevdiyi, onu özünə
bağlayan və cavabsız suallarla tərk edən bir Təhminə olur: "Həmin Təhminə gec-tez, elə, ya belə
- ölür. Filmdə
deyildiyi kimi, belə birinin olmadığını düşünürsən..."
Doğrudan da, çox
vaxt belə olur. Tanrının səbrimizin qarşılığı
olaraq bizə göndərdiyi insanın
niyə gəldiyini, necə getdiyini anlamırıq. Hər şeyin
bu qədər sadə olduğunu qəbul etmək istəmirik. Üsyan edirik.
Yaradana onun hardasa səhv
etdiyini isbatlamağa çalışırıq. İnsan hisslərinin bəşəriyyət,
Allah, ya da Enerji üçün əhəmiyyətsiz olduğunu
sanır və hərəkətlərimizlə etiraz edirik. Təbii, faydası olmur. Yorulmağımız, başımızı ovuclarımız arasına
alıb düşünməyimiz
özümüzə qalır. Fəlsəfədəki "Zaman dönməzdir,
biristiqamətlidir" aksiomunun
növbəti dəfə
təsdiqini tapırıq.
Vaxt, həqiqətən, qayıtmır,
keçmişdən gələcəyə
doğru gedir. Eyni hisslər, eyni insanlar nə qədər istəsək
də, geri gəlmirlər. Xatirəmizdə bir yerdə özlərinə yer edir və getdikcə
"tozlanırlar".
Amma görünür,
həmin cavabsız suallara mütləq nə vaxtsa cavab tapılır. Sən onda
həyatın əslində
sadədən də sadə olduğunu etiraf edirsən. Hər şeyin müəyyən
qanunauyğunluqla inkişaf
etdiyi barədə düşünməli olursan.
Anlayırsan: gəlmişdi,
deməli, ehtiyac var idi, getdisə,
deməli, daha ehtiyac yoxdur. Bu qədər bəsit.
Hekayədə diqqətçəkən məqamlardan biri də Zaurun altıncı mərtəbəyədək piyada qalxmağa çalışmasıdır. Tövşüyə-tövşüyə. Çətinlik çəkərək. "Zaur dərk edirdi ki, iki dəfə infarkt keçirmiş ürəyilə altı mərtəbəni çətin qalxa bilər... Küçədə də qala bilməzdi... Bu boyda şəhərdə getməyə yeri yoxdu. Bu ovqatla balalarının evlərinə necə gedəydi? Bir ömür boyu izah edə bilmədiyini onlara necə başa salaydı? Bəlkə yenə Spartakgilə qayıtsın, yox, bu da mümkün deyildi... Yeganə çıxış - nəyin bahasına olur-olsun, mənzilinə qalxmaqdı. Durduğu yerdən altı mərtəbə yuxarıda onu ömrünün son sığnağı, son təsəllisi, son hayanı gözləyirdi. Yavaş-yavaş pilləkanları qalxmalıydı. Bu, Zaurun həyatda, bəlkə də, son sınağı, qaytarılası son borcu idi. Addım-addım pillələrlə qalxmağa başladı..."
Qəribədir, Zaur bir vaxtlar - hələ Təhminənin sağ olduğu zamanlarda beşmərtəbəli binada yaşayırdı. Təhminə onun üçün beşmərtəbəli binanın altıncı mərtəbəsi kimi idi - mümkünsüz. Bu, ikisi üçün də çətin idi. Təhminəni pozğun hesab edir, Zauru qınayırdılar. İndi isə Zaur ürəyinin dayanmağından qorxaraq son ümid yerinə - altıncı mərtəbəyə gedirdi. Bilirdi ki, gediləsi başqa yeri, döyəsi ayrı qapısı yoxdur.
Uzun illər səni narahat edən, bəzən gecələr yatmağa qoymayan suallar ən gözləmədiyin anda aydın olur. Hətta üstündən qırx il keçsə də... Hətta Təhminə çoxdan ölmüş, Zaur çoxdan qocalmış olsa da... Unutmadan, Təhminələrin mütləq bir sirri olur. Onları cazibədar edən də elə budur. Zaur Təhminəni sevirdi, düşünürdü. Çünki onunla bağlı fikirlər, suallar ağlından çıxmırdı...
Təhminə Zauru çox dəyişmişdi, ən gözəl anlarının səbəbkarı olmuşdu. Elə buna görə də Zaur onu ömrü boyu unuda bilməmişdi. İstəsə də, bunu bacarmamışdı. Bəs Təhminə Zauru bağışlayardımı?
P.S: Anar hekayəsində uzun illər əvvəl Zaurun
işlədiyi nəşriyyatdan da
danışır. Deyir ki,
nəşriyyat sökülüb, yerində
restoran tikilib. Mərhum
Həsən bəy Zərdabinin heykəli isə gedib-gələnlərə
baxır. Yazıçının özünün
də yazdığı kimi,
mağmın-mağmın. Arzu edək ki, Zaurun, Spartakın... nəvələrinin
dövründə də qəzetlər olacaq,
oxunacaq, Zərdabi ənənələri yaşayacaq.
Kənan
NOVRUZOV
525-ci qəzet.- 2021.- 24 noyabr.- S.17.