Yolumuz keçir Qarabağdan!
2019-cu ildə Bakı Kitab Mərkəzi və Nyu-York şəhərindəki "My Way" Uşaq və Yeniyetmələrin Yaradıcılıq
Mərkəzinin müştərək
layihəsi olan "Yolum keçir Qarabağdan" adlı sərgi üçün kataloq hazırlanıb. Burada 8-20 yaş arası əslən Azərbaycandan
olub vətəndən
uzaqda yaşayan
ABŞ vətəndaşlarının əl işləri yer alıb. Rəsmlər Azərbaycan musiqisini,
sənətkarlığını, mətbəxini, mədəniyyətini
əhatə edir.
Musiqi alətlərimizdən kamança,
qoşanağara, tarın,
milli mətbəximizdən
piti və qutabın, sənətkarlıqdan
xalçamızın, mədəniyyətimizdən
iffətli Azərbaycan
xanımlarının, üzündə
illərin yorğunluğu
görünən çobanın
təsviri tablolara rəng qatır.
Əsərlərin içərisində Qarabağla
bağlı olanlar diqqəti cəlb edir. Nəinki Amerikada yaşayan
soydaşlarımız, biz özümüz
də 30 ildən çoxdur ki, dərdi köksümüzdə
yaraya çevrilən
bu torpaqlara ayaq basa bilmirdik.
Bununla belə, yaradıcılıqlarındakı
doğmalıq və millilik gənc rəssamların illərdir
vətəndə olduğuna
şübhə yeri qoymur. Bu uşaqlar
Azərbaycandan kilometrlərlə
uzaqda yaşasalar da, onların ruhları burdan bir addım da kənara çıxmayıb. "Daşaltı
Şəlaləsi"nin
müəllifi Elizabet
Sidulko əyani görmədiyi təbiət
gözəlliklərini o qədər
incəliklə əks
etdirib ki, onun Şuşadakı şəlaləyə baş
çəkmədiyinə inanmaq
çətindir. Yaxud
8 yaşlı Emili Aminova Aşağı Gövhər ağa məscidindən hər gün azan çəkilməsini
eşitmədən onu
bu cür məharətlə təsvir
edə bilibsə, uşaqların Qarabağı
görüb yaradacaqlarını
təsəvvür etməyə
xəyal gücümüz
kifayət etməz. Ancaq onların sənətkar ruhları gələcəyi
belə görməyə
qadirdir. Qarabağı geri qaytaracağımız
günə hər kəs inanırdı, buna şübhə yox idi. 15 yaşlı Lea İbrahimovun
"Qələbə İrəlidədir"
başlıqlı rəsmində
də Şuşa
qalasının qarşısında
üçrəngli bayrağımızı
dalğalandıran Azərbaycan
əsgərini görürük.
Bu damarlarında türk qanı axan hər kəsin,
uşaqdan tutmuş böyüyədək bütün
həmvətənlərimizin eyni inamla yaşadığının
sübutudur. Bunun
nəticəsidir ki, kataloqun hazırlanmasından
bir il
sonra Leanın xəyal gücü bizim həqiqətimiz oldu. Boyalar canlandı,
Azərbaycan əsgəri
Qarabağı bizə
qaytarıb Şuşa
qalasına bayrağımızı
sancdı.
Sərhədsiz təxəyyül və vətənə olan sevgi azyaşlı həmvətənlərimizi bu rəsmləri çəkməyə vadar edib. Yad ölkədə yaşayan uşaqlar valideynlərinin doğma yurdunu xatırlamadan da həyatlarına davam edə bilərdilər. Onlar isə bizə yaraşanı edib hansı soydan gəldiklərini unutmadılar. Gözdən uzaq olanı könülə yaxın tutub kiçik qəlblərinin bir hissəsini Azərbaycanımıza ayırdılar. Qələbəmizdə xarici ölkələrdə yaşayan soydaşlarımızın dəstəyini danmaq olmaz. Cismən bizdən ayrı olsalar da, qəlbləri vətən üçün döyünən uzaq ellərin qərib insanları hər sevincimizdə bizə şərik oldular. Burada torpaqlarımızın azad olunmasını minlərlə insan birlikdə qeyd edərkən onlar da yad məmləkətdə, düşmənlərin arasında üçrəngli bayrağımızı qürurla başları üzərinə qaldıraraq dünyaya meydan oxudular. Məhz bu cəsarət və qətiyyət bizi zəfərə apardı.
Bu layihə hazırlananda,
yəni 2019-cu ildə yolumuzun Qarabağdan keçməsi bizim
üçün reallaşması çətin
bir arzu idi. İndi isə doğma torpaqlarımız yenidən sahiblərinin
himayəsindədir. Nə yaxşı ki,
onu bizə qaytaran
oğullarımız var, nə
yaxşı ki, mübariz
bir xalqıq və nə yaxşı ki, yolumuz keçir
Qarabağdan!
Gülşən
NAİL
525-ci qəzet.- 2021.- 24 noyabr.- S.12.