İki yazıya sonu nəsihətlə bitən
bir cavab
"Yeni
Müsavat" qəzeti builki 17 noyabr tarixli sayında Milli
Dirçəliş Günümüz münasibətilə
"Ramiz Mehdiyevin və Anarın Dirçəlişi"
adlı bir yazı dərc edib. Onu gec də olsa
oxudum və üçqat təəssüfləndim. Niyə?
Birincisi,
yazı Azərbaycan xalqının azadlıq mübarizəsinin ən şərəfli səhifələrindən
biri olan 17 Noyabr Milli Dirçəliş
Günümüzü aşağılamaq,
onu xalqın gözündən salmaq, onun mahiyyətini kökündən təhrif
etmək (məsələn,
Ramiz Mehdiyevlə bağlamaq), bu bayramın iş günü olmamasına haqq qazandırmaq və b. və s. və i.a. məqsədləri
güdür.
İkincisi, yazının müəllifi
bir zamanlar hər yazısını maraqla oxuduğum, qələminə böyük
sayğı bəslədiyim
hörmətli Zamin Hacıdır.
Üçüncüsü, müəllif həm ümumxalq bayramımıza, həm də hörmətli yazıçımız Anara
nifrətini məhz mənim "Meydan: 4 il 4 ay" kitabıma
istinadla və məni tərifləyə-tərifləyə
izhar edib. Ötənlərdə də o, məni
tərifləyərək Dirçəliş
Günümüzü fındığa
bənzətmişdi. Onda düşünmüşdüm ki, gəncdir, onun da yanılmaq
haqqı var, bu üzdən dinməmişdim. Ancaq indi
ortaya elə fikirlər atıb ki, susmaq mümkün
deyil.
Adı keçən məqaləsində
Zamin Hacı yazır: "İndi, ey hörmətli, uca millət, sevgili xalq, bu
"Meydan hərəkatı",
17 noyabr,
DİRÇƏLİŞ-FİLAN deyəndə
hərdən papağını
qabağına qoy, fikirləş, GÖR SƏNƏ NECƏ
PAPIŞ TİKİBLƏR" (seçdirmələr
mənimdir).
Z.Hacı
özünə lazım
olan antidirçəliş
təbliğatı üçün
"Meydan: 4 il 4
ay" kitabının yalnız
16 noyabr 1988-ci ilə
aid qeydlərindən yararlanıb,
halbuki həmin kitabın 191 səhifəlik
"On doqquz günün
dastanı" adlı
ikinci bölümündə
1988-ci ilin 17 noyabr-5 dekabr
günlərində AZƏRBAYCAN XALQININ bütün dünyaya örnək olacaq əfsanəvi qəhrəmanlığı
özünün sənədli
əksini tapıb və o möhtəşəmliyi
bir-iki qərəzli sitatla ört-basdır etmək əsla mümkün deyil!
Hörmətli Zamin bəy yenə "Meydan: 4 il 4 ay" kitabına
söykənərək və
məni tərifləyə-tərifləyə
Anar müəllimi gözdən salmağa çalışıb. Bəli,
mən kitabda yazmışam:"Keçən
iclasda Vəzirov dedi ki, Anar
yanıma gəldi, camaatın dərdlərini
dedi, əlac etdim. Sonra öz şəxsi
məsələsini də
xahiş etdi, ona köməklik göstərdik. "Şəxsi məsələ"
isə bundan ibarət olub ki, Vəzirov Anara Hökumət evinin arxasındakı yeni binada mənzil
verdirib". Ancaq bu məqamda bir məsələyə aydınlıq
gətirməyimə ehtiyac
var. "Meydan" kitabımın
meydanlarda yazılmış
gündəliklərdən ibarət olduğunu əsəri diqqətlə
oxuyanlar bilir. O gündəliklərdə mən
xalqdan, inandığım
şəxslərdən eşitdiklərimi
anındaca qeyd edirdim. Kitabın ilk nəşrində neçə yerdə bildirmişəm ki, yazdığım bu fikrin doğru-yanlışlığını
indi yoxlamaq imkanım yoxdur. Əsərin
ikinci nəşrində
isə xeyli yanlışlığı düzəltmişəm.
Bircə
örnək gətirim.
4 dekabr 1988-ci ilə dair qeydlərdə
Alxas adlı bir Şəki sakininin həmin şəhərdə baş
vermiş hadisələrlə
bağlı dediklərini
ilk nəşrdə olduğu
kimi vermiş, ancaq söylədiklərinin
gerçəkliyə nə
dərəcədə uyğun
gəldiyini müəyyənləşdirə
bilməmişdim. Məsələyə
aydınlıq gətirmək
üçün 1988-də Şəki Şəhər
Mədəniyyət Şöbəsinin
və az
sonra Şəki Şəhər Partiya Komitəsi təşkilat şöbəsinin müdiri
olmuş Hikmət Əbdülhəlimova müraciət
etdim, ondan ən dəqiq bilgiləri yazılı şəkildə aldım
və ikinci nəşrə əlavə
etdim.
Anar müəllim
"525-ci qəzet"in 18 noyabr tarixli sayındakı "Bir daha o məsələ haqqında" yazısında
Zamin Hacıya cavab verib. Orada
"Vəzirovun demədiyi
sözlər ciddi araşdırıcı kimi
hörmət bəslədiyim
Ədalət Tahirzadənin
diqqətsizliyindən düşübsə
onun mətninə, buna təəssüf edirəm" də yazıb və məsələyə aydınlıq
gətirib: "Düz
on il (1966-1976) Vaqif küçəsində yazıçılara
məxsus 30 nömrəli
evin yarızirzəmi mənzilində yaşamışıq.
Yazıçılar İttifaqının yeni tikilən binasında "sənin evin var" bəhanəsiylə mənə
mənzil verilmədi.
Məcbur olub Ali Sovetin
o vaxtkı sədri Qurban Xəlilovun qəbuluna getdim. Onun vasitəsiylə məsələ
Heydər Əliyevə
çatdırıldı və
Ulu öndərin göstərişiylə 1976-cı ildə Üzeyir Hacıbəyov küçəsində,
Hökumət evinin arxasında 33-35 nömrəli
binada mənə üç otaqlı mənzil verildi. O vaxt Ə.Vəzirov ya Moskvada, ya
da xarici ölkədə diplomatik işdə idi. Ə.Vəzirov Azərbaycan KP MK-nın Birinci katibi işləyəndə
isə ona iki xahişlə müraciət etmişdim.
Əbülfəz Elçibəyin, Nemət Pənahovun, Hatəminin həbsdən buraxılması haqqında,
bir də on yazıçıya (mənə
yox, başqalarına)
mənzil verilməsi barədə. Xahişimə
əsasən on yazıçı
ailəsinə mənzil
verdi".
Tam səmimiyyətlə bildirirəm
ki, Anar müəllimin bu aydınlatması bir il öncə
mənə bəlli olsaydı, onu hökmən kitabın ikinci nəşrinə əlavə edərdim. Kimlərdənsə eşidərək qələmə aldığım
belə yanlış bilginin kitabda getməsinə indi təəssüflənirəm. Allah mənə ömür
verər və əsərin üçüncü
nəşrini ortaya qoymaq imkanı yaradarsa, həqiqəti hökmən bərpa edərəm. Bu, birincisi.
İkincisi də, Zamin Hacının Anar müəllimin Xalq Hərəkatındakı rolunu
gözdən salmaq istəməsini açıq-aşkar
haqsızlıq və
qərəz sayıram. Mən
o dönəmin canlı
şahidi kimi qətiyyətlə deyirəm
ki, döşü orden-medallı, arxası yüksək kreslolu bir çox yazıçı və şairlərdən fərqli
olaraq o dönəmdə
Anar müəllim də Ziya Bünyadov,
Bəxtiyar Vahabzadə,
Xəlil Rza Ulutürk, Aydın Məmmədov... kimi ən kəsərli söz sahibi aydınlarımızdan olub.
İnanmayan oxucular "Meydan"
kitabının ikinci nəşrinin sonundakı
adlar göstəricisindan
yararlanmaqla onun daim xalq içində
olduğunu, ən önəmli məqamlarda xalq qarşısında etdiyi çıxışlarını
izləyə bilər.
Ancaq əsərdə bir çox aydınlarımız
kimi, onu da bəzən tənqid etmişəm və bunda da
özümü haqlı
bilirəm.
Hörmətli Zamin Hacı Anar müəllimin açıqlamasından sonra "Yeni Müsavat"ın 19 noyabr tarixli sayında yenə "Meydan" kitabından həmin sitatın tam variantını ortaya qoyub və əlavə edib: "Hələ açıqlamasında Ədalət Tahirzadəni şantaj da edib: "Onu tanıyıram, belə şeylər yazıbsa, təəssüf edirəm". Bəlkə cavanlar anlamaz, ancaq homo-sovetikus mənşəli ədəbiyyat nazirlərinin dilində bu ifadə tərzinin arxasında "sənə elə pislik edərəm, evə çörək almağa iş yeri tapmazsan, cibinə nəşə atdıraram, uşağını məktəbdən qovduraram" və sairə durur".
Son cümləni oxuduqda bilmədim ki, qəhqəhə çəkib gülüm, yoxsa hönkürüb ağlayım. Doğrudan da, Anar müəllimin mənimlə bağlı belə düşünə biləcəyi yalnız gülüş doğura bilər, çünki 1969-cu ildəki ilk şəxsi tanışlığımızdan bugünədək aramızda yalnız qarşılıqlı hörmət və səmimiyyət olub. Doğrudur, heç vaxt sıx ünsiyyətimiz olmayıb, bəzən illərlə əlaqə saxlamamışıq, ancaq mən onun həm şəxsiyyətini, həm də yaradıcılığını daim yüksək qiymətləndirmişəm və ondan da eyni münasibəti görmüşəm. Bu üzdən Anar müəllimin məni şantaj etməyə çalışması olduqca gülməli səslənir.
Yazımın sonunda köhnə bir jurnalist kimi gənc dostum Zamin Hacıya ərklə nəsihət etmək istəyirəm: 1) heç vaxt kimlərinsə zövqünü oxşamaq üçün xalqın qələbələrini aşağılama, 2) elə yaz ki, 70-80 yaşa çatanda peşman olub özünü qınamayasan, vicdanın sızlamaya.
22.11.2021
Ədalət TAHİRZADƏ
Bakı
Avrasiya Universitetinin professoru
525-ci qəzet.- 2021.- 24 noyabr.- S.10.