Tariximizdən soraq verən qiymətli sətirlər

General Həsən xan Qacarın  I Ehsan Naxçivanskiyə məktubunda nədən söz açılıb?

 

Naxçıvan və İrəvan xanlıqlarına aid sənədləri araşdırarkən general Həsən xan Qacarın adına tez-tez rast gəlinir. 1806-cı ildən başlayaraq 1828-ci ilədək yuxarıda adları çəkilən hər iki xanlıqda baş verən siyasi hadisələrdən, quruculuq işlərindən və işğalçılara qarşı aparılan döyüşlərdən bəhs edən müəlliflərin əksəriyyəti (tarixçi Ü.Həsənov, hərb tarixçisi Ş.Nəzirli, C.Qacar və b.) öz kitablarında general Həsən xanın qorxmazlığından, cəsurluğundan söhbət açıb.

 

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun hazırladığı "İrəvan xanlığı" (2009, Bakı) kitabında isə Sərdar Hüseynqulu xan Qacar və qardaşı Həsən xan haqqında geniş məlumat verilib.

 

Qeyd edək ki, həmin illərdə kişi şəxs adlarının önündə Məhəmməd, yaxud Əli yazılırdı. Bunu nəzərə almayanlar İrəvan xanlarının hakimiyyətlərindən söhbət açanda Məhəmməd xanla Məhəmmədhüseynqulu xanı qarışıq salırlar, eyniləşdirirlər. Amma bunlar tamam başqa şəxsiyyətdirlər. Elə bu səbəbdən də məşhur sərkərdə Məhəmmədhəsən xanın (Həsən xan Qacarın) fotosunun çapında tamamilə yanlışlığa yol verirlər. Bu haqda bir az sonra söhbət açacağıq. Gürcüstan Milli Arxivinin (Tblisidə) fondlarında elmi axtarışlar apararkən məşhur Azərbaycan sərkərdəsi Həsən xan (Məhəmmədhəsən xan) Qacar haqqında əlavə sənədlər əldə edə bildik. Onun haqqında xeyli sənədlər Gürcüstan Milli Arxivinin içərisində yerləşən zəngin "Türkmənçay Arxivi"ndə yerləşdirilib. Bütün bunlar hamısı cəsur sərkərdə Hüseyn xan Qacarın tərcümeyi-halına və apardığı hərbi döyüşlərə, azacıq da olsa, ekskurs etməyimizə imkan verir.

 

Məşhur Azərbaycan sərkərdəsi Həsən xan (Məhəmmədhəsən xan) Qacar İranın tanınmış sərdarlarından olan Məhəmməd xan Qəzvininin ailəsində doğulmuşdu. Fətəli şah Qacarla yaxın qohum olduqlarından, 1806-cı ilin dekabrında (bəzən 1807-ci ildən qeyd edirlər) Fətəli şah Qacar Həsən xanın böyük qardaşı Hüseynqulu xanı İrəvanın sərdarı vəzifəsinə təyin etmişdi.

 

Yeri gəlmişkən, şəcərəsi alim Ənvər Çingizoğlu bu qardaşların soy-kökü haqqında ətraflı yazıb (Bax: Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin xəbərləri).

 

Yazılanlardan məlum olur ki, Hüseynqulu xan təxminən 1740-cı ildə doğulub. Fətəli şah onun bacısı ilə evlənmiş və onların qızlarından birini isə oğlu şahzadə Abbas Mirzəyə almışdı.

 

Hər iki qardaş Qəzvin şəhərində yüksək nüfuz sahibi olmaqla, həm də hünərli hərbçilər kimi tanınmışlar. Fətəli şah Qafqaz siyasətində uduzanda ən çox inandığı adamları İrəvan xanlığına hakim təyin etməyə başladı. Elə bu səbəbdən də Hüseynqulu xanı İrəvana xan təyin etdi. İrəvandakı bir çox tikililəri Hüseynqulu xan tikdirdi.

 

30 sentyabr 1808-ci ildə rus qoşunları qraf  Qudoviçin komandanlığı altında İrəvan qalasına yaxınlaşdılar. Rus qoşunlarının sayı 6000-dən ibarət idi və 12 topları vardı. Arxiv sənədlərinə görə, onlardan 500 nəfəri erməni idi. Bu, rus qoşunlarının İrəvan qalasına ikinci hərbi yürüşü idi.

 

Rus qoşunlarının belə ciddi hərbi yürüşü İrəvanın yeni sərdarı Hüseynqulu xanı çox narahat etdi. Qudoviçin başçılıq etdiyi rus qoşunları "Üç kilsə monastırını işğal etdilər. Hüseynqulu xanın qardaşı Həsən xan iki minlik qarnizonla qalanı qoruyurdu. Hüseynqulu xan isə öz beş min döyüşçü ilə rusların hücumunu ləngitmək istəyirdi. Ancaq qraf Qudoviçlə döyüşdə irəvanlılar məğlub oldular. Bundan ruhlanan Qudoviç bir neçə dəfə İrəvan sərdarının qardaşı Həsən xana təklif etdi ki, qalanı ruslara təhvil versin. Ancaq hər dəfə Həsən xan onlara rədd cavabı verdi. Qudoviçin təkliflərini rədd edən Həsən xan qalanın müdafiə qabiliyyətini möhkəmləndirdi.

 

1812-ci ildə oktyabr ayının ortalarında Hüseynqulu xan Pəmbək və Şoragel uğrunda gedən döyüşlərdə məğlubiyyətə uğradı. Bu səbəbdən ruslar İrəvan qalasına hücum etməyə başladılar. İrəvan qalasına bir neçə dəfə hücum etmiş rus qoşunlarını hər dəfə Həsən xan məğlubiyyətə uğradırdı. Onu da deyək ki, Həsən xan Qacar 1821-ci ildə İran-Osmanlı toqquşmalarında iştirak etmiş və bu döyüşlərdə misilsiz şücaətlər göstərmişdi. Buna görə ona İran şahzadəsi Abbas Mirzə yüksək mükafatlar verdi. Xalq isə ona Sarı Aslan ləqəbini vermişdi.

 

İkinci Rusiya-İran müharibəsi başlayanda Abbas Mirzə hücum edib Şuşanı tutur. Bu zaman, yəni 1826-cı ilin yayında Hüseynqulu xan İrəvan xanlığına Şoragel vilayətini qaytarır. Avqust ayına qədər İran qoşunları birinci Rusiya-İran müharibəsində rusların işğal etdikləri əraziləri geri alır.

Bu vəziyyəti görən Rusiya çarı I Nikolay Yermolovu işdən uzaqlaşdırır və onun yerinə general Paskeviçi təyin edir. Paskeviç ağır artilleriyadan istifadə edərək 1 oktyabr 1827-ci ildə İrəvan qalasını tutur.

 

Arxiv mənbələrinə əsasən demək olar ki, Həsən xan son saata qədər ruslarla vuruşdu və düşmənə təslim olmadı.

 

6 günlük mühasirədən sonra rus qoşunları İrəvanı işğal etdi. Ruslara bu işdə İrəvan xanlığının təbəəsi olan ermənilər hədsiz köməklik göstərdilər. Oktyabrın 1-də axşama yaxın İrəvan qalasını işğal edən qraf Paskeviç İrəvan qalasını qəhrəmanlıqla müdafiə edən "Aslanlar başçısı" titullu Həsən xan Qacarı və onun ətrafında olanları ələ keçirdi. Rus tarixçisi V.A.Pottonun kitabında və Qafqaz Aktlarının 7-ci cildində olan məlumatlardan aşkar olur ki, Həsən xan Qacarla birlikdə qalanın komendantı Sübhanqulu xan (o, Hüseynqulu xanın qardaşı oğlu və kürəkəni idi), xüsusi tabor komandiri Qasım xan, Mərəndli xan və digər döyüşçülər də tutulur.

 

Rus tarixçisi Pottonun yazdıqlarından məlum olur ki, qraf Paskeviç cəsur sərkərdə Həsən xanı Peterburqa - I Nikolayın yanına göndərir. Qəhrəman sərkərdə Həsən xan Şimali Qafqazda, Terek çayı sahilində yerləşən Yekaterinoqradda saxlanılır. Rusiyada siyasi şəraitin dəyişməsi Həsən xanın xeyrinə olur. Onu Tiflisə geri qaytarırlar. Sonralar Rusiya ilə Persiya (İran) arasında bağlanan Türkmənçay sülh müqaviləsinin şərtlərinə əsasən, Həsən xan başqa bir rus əsirlə dəyişdirilir.

 

Rusiya hökuməti Hüseynqulu xanı və Həsən xanı mal və mülklərindən, həmçinin, torpaqlarından mərhum edir.

 

"Aslanlar başçısı" Həsən xanla bağlı bir əhvalatı Pottonun 1886-cı ildə yazdığı kitabda oxuyarkən çox təəssüfləndik. İrəvan şəhərinin başına gətirilən fəlakətləri və müsibətləri görən bir nəfərin dilindən bunları eşidən tarixçi yazırdı: "Mən qalanın cənub-şərq küncünə çatarkən divar və bürclərin dağıntısına təəccübləndim. Mənə elə gəlir ki, mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi". Sonra tarixçi böyük türk sərkərdəsi və hökmdarı Əmir Teymura məxsus olan, dəstəyi qızıl və qiymətli daşlarla bəzədilmiş qılıncın da Peterburqa, çar I Nikolaya qənimət kimi aparılmasından və təqdim olunmasından söhbət açır. Bu qılıncın qəribə taleyi olub. Tarixin qanlı dolaylarından birində, 1402-ci ildə Əmir Teymur Osmanlı sultanı İldırım Bəyazidi bu qılıncla məğlub etmişdi. Sonralar Səfəvi şahlarının əlinə keçmiş, Səfəvilərdən sonra Nadir şahın olmuşdu. Nadir şahın ölümündən sonra Qacarların əlinə keçmişdi. Fətəli şaha məxsus olan bu qılınc onun tərəfindən Həsən xana bağışlanmışdı. Həsən xan İrəvan qalasından kəndirlə enərkən qılınc belindən düşür. Ona görə çox təlaş keçirən Həsən xan general Krasovskidən xahiş edir ki, onun qılıncını tapdırsın. Krasovski o qılıncı tapdırsa da, öz sahibinə - Həsən xana qaytarmır.

 

Həsən xan 1848-ci ildən Yəzd, Girman və Bəlucistanda sərdar-hakim olub. 1855-ci ildə Girmanda vəfat edib və Nəcəf şəhərində dəfn olunub. Çox təəssüf ki, məşhur sərkərdənin fotosunu səhv təqdim edirlər kitablarda. Əslində, Həsən xan Qacarın rəsmi İrəvan Xan sarayına çəkilmişdi. K.Smirnovun yazdığı Həsən xan Məhəmməd oğlu başqa hərbçidir. 1934-cü ildə rus şərqşünası onun İrəvanda sağ olmasını da qeyd edib. İndiyədək çap edilən foto onundur.

 

Tbilisi arxivlərində axtarışlar apararkən Həsən xanın naxçıvanlı I Ehsan xana və onun qardaşı Şeyxəli xana yazdığı məktubu da əldə etdik. Onlar çox yaxın qohum olsalar da, yolları ayrılmışdı. Bunun bir neçə səbəbi vardı. Ən əsas səbəb isə Hüseynqulu xanın Naxçıvana "ögey" münasibəti idi.

 

(Ardı var)

Musa QULİYEV (RƏHİMOĞLU)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 25 noyabr.- S.15.