Dağıntılar
altında
Hekayə
"Avropada bir kabus - Kommunizm kabusu
dolaşmaqdadır".
Karl Marks
Adəm və Həvvanın ilk körpəsi dünyaya
gələn gündən ailədə münaqişə
yarandı.
Dağıntılar baş verdi. "Sən körpəni məndən çox istəyirsən.
Onu çimdirir, əmizdirir,
öpüb-oxşayırsan. Qucağına
götürüb həyətə çıxırsan ki, təmiz
hava alsın. O, nə çalırsa, oynayırsan. Amma mən yada düşmürəm. Paxıllığım tutur o uşağa".
Belindəki
şalın düyününü boşaldıb, ərinə
yaxınlaşdı, Həvva: - Amma səndə də təpər
qalmayıb. Güvəndiyim dağlara qar
yağıb. Dərindən bir ah çəkib
sözünü davam etdirdi. - İstərdim
ki, qolumdan çəkib məni aparasan otağına. Mən də ehtirasımı, həvəsimi
boğub, yaxına buraxmazdım səni. Ta o zamanacan ki,
"Sim-sim" xəzinəsinin daş-qaşlarını səpəsən
başıma. Amma yaman əfəlləşmisən.
Mənə yaxın düşmürsən həftələrlə.
Sənin kimi yarımçıq ər kimə
lazımdı?
Daş qəlbli Qabili diddi - dağıtdı canavar
tamahları. Qardaşı Habili qətlə yetirdi.
Öldürdü ki, doğma bacılar Liza və İqlimaya ər,
kişi qismində ancaq o, özü sahib
olsun. Ərləri ortaq olan doğma bacılar bir-birinə
düşmən kəsildilər. İqlima da, Liza da
"iti görüm, qurdu görüm, ancaq bacımı
görməyim" dedi.
Fağır İqlima əri Qabilə Lizadan daha cazibəli
görünmək niyyətiylə yuyub qurutduğu
qulaclarının arasına nərgiz, bənövşə
çiçəklərini düzüb saçlarını
hördü.
Al-yaşıl reyhanlardan toxuduğu çələngi,
qaşlarının üstünə çəpəki
oturtdu. İqlimanın canfəşanlığı
çoxbilmiş Lizanın gözündən yayınmadı.
"Məni səndən min qat artıq sevən
ərimə məndən şirin yar olmaq istəyirsən?
Ölərəm, iki dünya bir olar, qoymaram! Bil və agah ol! Qabil mənimdi, ömrü boyu mənim olacaq!"
O, başını pəncərə çərçivəsinə
söykəyib, yollara həsrətlə baxan
bacısının qolundan yapışıb aşağı
çəkdi. İqlima yerə
çırpıldı. Liza
ayağıyla İqlimanın boynundan basdı. Hörüklərinin köklərini
qayçının kəsərləriylə iki yerdən
üzdü. Minbir rəngə çalan
göyqurşağı hörükləri, quru əvəliklər
kimi ayaqları altına düşdü. Hirsi
soyumadı yenə. Qayçısını
alnının üstündən keçirib ənsədə
də işlətdi bir neçə dəfə.
- İndi mələyə-mələyə yüyür
Qabilin qabağına. O da çəpiş buynuzlarını görüncə,
dalından bir təpik vurub, səni evimizdən qovsun, - dedi.
Ailədə hər kəs öz sərfəsini
güdürdü. Nəfsin, tamahın qanlarda qaynayan "mən",
"mənim" virusları quduzlaşdıqca onları
daşıyan insanlar da dağıntıları
artırırdılar.
Nəvə-nəticələrin ayaqları yer tutduqca ana
yurdunu, ata ocağını tərk edir, daha geniş
üfüqlər axtarır, təzə qitələrə
köçürdülər. Və təbii ki,
qanlarda qaynayan "mən", "mənim"
viruslarının dağıntıları da
günü-gündən artıb çoxalırdı.
Qədim Roma səltənətində özünü
imperator taxtında görmək istəyən iki namizəddən
biri - Qay əyalətinin senatoru Qay Yuli Sezar idi. Bu
şan-şöhrət yolunda onun rəqibi Pompey yaxşı
təlim görmüş, öz senatoruna sadiq
döyüşçülərilə Qahirə həndəvərlərindəki
hərbi istehkamlarında qərar tutmuşdu. Hər dəqiqə Sezarla üz-üzə gəlməkdən
ehtiyatlanan, amma hər dəqiqə Sezara cavab verməyə
hazır Pompey qanlı düşməni Sezarın birinci həmləsini
dəf etmiş, qoşunlarını geri oturtmuşdu.
Keçən-keçmişinin o azman viruslu törəməsi,
şan-şöhrət hərisi Yuli Sezar gecənin yarısında
yerindən dik atıldı. Məğlubiyyət
onun yuxusunu ərşə qaldırmışdı. Əlinin üzündəki damarlar ovunun üstünə
atılmaq istəyən kərtənkələ kimi
çırpınırdı. Sifətinin
hamar tükləri pinəçinin əliylə ayaqqabı
altından üzə çıxan sivri, iti iynələr kimi
biz-biz dururdu.
Hökmdarı
qarşısında ağzı üstə yerə
yapışan münəccim, yavaş-yavaş
başını qaldırıb, titrəyən çənəsini
əliylə saxlayaraq:
- Ey
qüdrətli, basılmaz hökmdarım Yuli Sezar! Hüzurunuza yerlərə, göylərə
sığmayan şad xəbərlə gəlmişəm.
Sezarın yuxarı atılan qaşları,
göz qapaqlarını da yuxarı dartdı. Bəbəklərindən qopan
qığılcımlar, divar boyu düzülmüş,
qorxudan əsən sərkərdələrin ürəyinə
oxlar kimi saplandı.
- Ey cəsur
hökmdarım - deyə sözünü davam etdirdi münəccim
- Rəsədxanada göylərə baxanda gördüm ki, Sizin
tale ulduzunuz Qayənduz, onunla üzbəüzdəki Yer
kürəsinə oxşayan Mkma ulduzunu nura
bürümüşdür. Bu əlamət onu göstərir
ki, Siz artıq yerlərin - göylərin
Allahısınız! "Urra"lar qopdu
yer-yerdən. Kərənaylar, şeypurlar zilə
çəkdilər zəfər marşlarını. Göydə qoşalaşan şimşəklər təbillərin
gurultusundan hürküb aralandılar. Özünü
Allah hesab eləyən Yuli Sezar şəstlə əlini
qaldıranda səslər kəsildi.
-
Hazırlaşın! Pompeyə qan udduracam - dedi.
Qoşunlar səhradan keçirdi. Ərzaq, su
ehtiyatları tükənmişdi. Yorğun-arğın
qoşun mürgülərlə, ağır-ağır
yeriyirdi. İndiki Qahirənin
yaxınlığındakı Xeops ehramının qalın
kölgəsində Pompeyin cəngavərləri Sezarı və
onun köməkçilərini mühasirəyə
aldılar. Noolsun? Sezar
qılıncını sıyırdı. O, düşmənlərlə
əlləri, ayaqlarıyla, dişləriylə,
dırnaqlarıyla da döyüşən səmənd
atının belinə sıçradı. Bundan ürəklənən
xüsusi təyinatlı dəstələrin
döyüşçüləri - təkərli
qazalaqların nişançıları, snayper oxçular,
nizə atanlar, kürzlərlə, topuzlarla alay
dağıdan Koroğlu dəlilərinə oxşayan igidlər,
mühasirədən çıxdılar. Sağ qalmış
düşmənləri qandalladılar. Pompeyin
başını Sezarın ayaqları altına atdılar.
Hökmdar əlinin üzündə bir-birinə
sarmanan damarları dar ağacının ciyələrinə,
kəndirlərinə oxşatdı. "Əsirləri
asdırmalıyam! Yox, bu, çox
yüngül cəzadı" - düşündü. Sifətinin biz-biz tükləri kamanda tarım
çəkilmiş oxlar kimiydi. Üzünü
düşmən əsirlərə tutaraq:
- Mən
Allaham! Hər yerdə duz-çörəklə
qarşılandım. Bayraqlarınızı
ayaqlarımın altına atıb, təzim etməliydiniz mənə.
Belə qanacaq, mərifət görmədim sizdə! Deməli, məni Allah saymadınız.
Sezarı coşdurdu! Ağlını yerindən
oynatdı nəfsin, tamahın "mən", "mənim"
virusları. O, gözünü qabaq cərgədə
boynunu çiyninə qoyub, zarıyan yaralı döyüşçüyə
zillədi.
- Ölkələr
arasında sərhədlər olmayacaq, Yuli Sezarın
bayrağına sığınacaq bütün dünya millətləri.
Mən Yuli Sezar yerlərin, göylərin yeganə
Allahıyam - dedi "Yaralı" döyüşü, cərgədən
irəli çıxaraq: - Xeyr. Bu, əfsanə
söhbətdi. Səndən Allah olmaz, - dedi. Oxçular oxlarını ayağa çəkdilər,
Yuli Sezar qılıncının ucunu "Yaralının"
ürəyinə tuşladı. - Məndən
Allah niyə olmaz?! - Ona görə ki, zalımsan. Allah səhv eləyən bəndəsinə
qulaqburması verər. Onu maarifləndirər.
Amma sən qılıncdan keçirirsən məzlum
insanları. Allah olan, öz Allahından
qorxar. Belə qəddar əməllər yiyəsi sən
heç vaxt Allah ola bilməzsən!
- Mən
Allaham, Allaham! - bağırırdı Yuli
Sezar. Bir an fikrə getdi,
düşündü. Üzü güldü.
Qırmacını baş yavərin kürəyinə
çırpdı: Niyə kəsmirsən bu
alçağın səsini? Bu Allahsızların
hamısını özü də elə indi,
gözümün qabağında, özü də diri-diri,
çığırda-çığırda torpağa
basdırın, - dedi.
Bu döyüşdə Yuli Sezar qələbə
qazandı. İmperatorluq yolundakı rəqib aradan
götürüldü. O, artıq senatın
qapısından imperator ədalarıyla girdi içəri. Addımları döşəməni titrətdirdi.
Başını dik qaldırıb yuxarı
lojalarda oturanları gülə-gülə salamladı. Ancaq lojadakılar "urra"larla cavab vermədilər
ona. Əllər
çarpılmışdı bir birinə. Ayaqların yerə döyə-döyə
"İmperator Yuli Sezara eşq olsun"
bağırmadılar. Sezar senatın sədrinə
yaxınlaşdı:
-
Dostlarımda soyuqluq görürəm özümə
qarşı. Sədr təmkinlə: - Sən imperator
kürsüsünə layiq deyilsən - dedi.
- Nəyə
görə? Qüsurum nədədi?
-
Çünki diktatorsan! İnsanları diri-diri
torpağa basdırmısan. Qay əyalətini şəxsiyyətə
pərəstiş üsuluyla idarə etmisən!
Yuli
Sezarın qanında "mən", "mənim"
virusları qızışıb, onu vəhşiləndirdi. Sezar qılıncını sıyırdı. Nişançı nizəçilər iki nizə
tuşladılar Yuli Sezara. Kürəyinə
atılan nizənin ucu boğazından, sinəsinə hədəflənənin
ucu kürəyinin ortasından çıxdı.
Yuli Sezarın "kütləvi məhv etmək
üsulu" dünya faşizminin banisi Adolf Hitlerin xoşuna gəlmişdi. "Çox
dinamik dağıntı törədir. Sanitariya
baxımından analoqu yoxdur. Ən gözəli odur ki,
hüceyrələr xəstəlik yaymaz yer üzünə",
- demişdi. Adolf Hitlerin cəza dəstələri
əsir götürdükləri yüzlərlə insanı,
Kiyev şəhəri yaxınlığındakı "Babiy
Yar" deyilən yerdə diri-diri torpağa basdırdılar.
Deyilənlərə görə, "canlı qəbiristanlıq"
bir həftə enib-qalxmış, torpaq nəfəs
almışdır.
Faciəvi hadisələr arasından uzun-uzun illər,
uzaq əsrlər keçir. Lakin insanın daxilini, batilini də gəmirən
"Mən" və "Mənim"in
dağıdıcı xisləti dəyişməz qalır.
Qarabağın
azadlığı uğrunda gedən döyüşlərdə
hər yerdən əli üzülən ermənilər "qorxu",
"vahimə", "stress" doğuran əməliyyatlara
əl atdılar. Cəbhə xəttindən,
döyüş meydanlarından çox-çox uzaqlardakı
şəhər və kəndlərimizi bombaladılar. Hərbi konvensiyalarla qadağa qoyulmuş "İskəndər"
raketləriylə Gəncə şəhərinin
altını üstünə çevirdilər. Lakin düşmənlərin arzusu gözündə
qaldı. Gəncəlilərə
"xox" gələnlər əhalini "stress",
"vahimə" həddinə qaldıra bilmədilər.
Orduda fərarilik yaranmadı. Dövlətlə xalq arasındakı möhtəşəm
"Çin səddi" birliyi qırılmadı. Gəncəlilər bir atəşə min atəşlə
cavab verdilər. Hadisədən on dəqiqə
keçmiş, xəbəri eşidən əsli Gəncədən
olan iki təyyarəçi komandirlərindən xəbərsiz
"samavolnı" havaya qalxmış, ön cəbhə xəttindəki
bir neçə sursatı, yanacaq anbarını, raket-artileriya
birləşmələrini darmadağın etdilər.
İkinci Dünya müharibəsinin ilk günlərində,
Reystaqda keçirilən müşavirədə Adolf Hitler
öz mənfur məramını açıqladı. "Mənim millətim
istedadı, yeni-yeni
kəşflərilə də başqa millətlərdən
seçilən, ən ali irqə mənsub, yeganə, tək
millətdir. Biz sürətlə zəbt edəcəyik! Hərbi və mülki əsirlərimiz çox
olacaq. Onların ruhlarını incitməyin.
Qaz kameralarında rahatca boğun".
Adolf Hitlerin "Ruhları incitmədən
məhv etmək" şüarından ilham alan erməni
qaniçənləri Leninakan rayonunun azərbaycanlılar
yaşayan kəndində az yaşlı uşaqları, yeniyetmələri
də boş su borusuna doldurdular. Borunun hər
iki başını qaynaqlayıb, içəridəkiləri
boğdular. Sonra da altına, üstünə
bol-bol benzin çiləyib yandırdılar.
Oxucuların nəzərinə
çatdırdığımız dağıdıcı
hadisələri biri-birindən uzun-uzun əsirlər,
üfüqlərdən üfüqlərə uzanan yollar
ayırır.
Lakin bütün hadisələr mahiyyət
etibarilə dağıdıcıdır. Səbəb
nədir? Çaylar macərasını dəyişir,
göllər quruyur, dənizlər sahillərdən çəkilir,
dağlar yamaclanır, buludlar qaralır, yağış,
suların tamını dəyişir. Ancaq
"mən", "mənim"in əsiri olan insanların
xisləti dəyişmir. Neçə milyard il bundan əvvəl Adəm öz "mən"ini,
körpəsinin marağından üstün tutdu.
Müasirimiz Adolf Hitler də öz marağı naminə
"mən" və "mənim" viruslarının əsirinə
çevrilərək dünyanı alt-üst elədi...
Dağıntılar bizi qədəmbəqədəm
izləyir. Bəzilərimiz qabağını almağa
çalışır, buna nail olur. Əhsən! Min əhsən!
Amma bəzilərimiz də, təəssüflər ki,
dağıntılara biganəlik göstəririk. Oxuduğunuz
bu əsər, Sizi baş verəcək dağıntılar
önündə sədd olmağa çağırır.
Yusif
HƏSƏNBƏY
525-ci qəzet.- 2021.- 25
noyabr.- S.14.