Tezliklə qapımızı
döyəcəyinə söz vermişdi...
UNUDULMAZ HƏMKARIM TƏRANƏ MƏMMƏDOVANIN ƏZİZ XATİRƏSİNƏ
Arıq, sarışın, gülərüz, hərbi geyimli o xanımı
ilk dəfə 1992-ci ilin soyuq bir payız günündə görmüşdüm. Forma ona çox yaraşırdı,
o da formaya yaraşıq verirdi. İkisi bir-birini
tamamlayırdı. Həmin günlərdə
Daxili Qoşunların
"Əsgər" qəzetinə
işə düzəlirdim.
Hər dəfə lazımi sənədləri redaksiyaya
gətirəndə onunla
rastlaşırdıq. İşə düzələndə öyrəndim ki, bu gülərüz hərbçi qadın Təranə Məmmədovadır,
"Əsgər" qəzetinin
redaktor müavinidir.
Deməli, işə başlayandan
sonra onunla bir yerdə işləyəcəyik, necə
deyərlər, külüngü
bir yerə vuracağıq.
Həmin soyuq dekabr günlərində
həm Qarabağda, həm də bütün sərhəd boyu ərazilərdə qanlı döyüşlər
gedirdi. Erməni qəsbkarları addım-addım kəndlərimizi,
şəhərlərimizi ələ
keçirir, sakinlərini
yurd-yuvasından didərgin
salırdı. Belə çətin
bir vaxtda torpaq qeyrəti çəkən oğullar
ordu sıralarına gəlir, döyüşlərə
yollanırdılar. Onda
Təranə xanım da kişilərlə bərabər
əyninə hərbi
forma geyinib xidmətə
başlamışdı. Daxili Qoşunların
orqanı olan "Əsgər" qəzetinə
xidmətə gəlmiş,
qələmini süngüyə
çevirmişdi, düşmənlə
odlu-alovlu sözləri
ilə döyüşürdü.
Bu, çox çətin
döyüş idi, amma Təranə xanım bu savaşda
qalib gəlməli idi. Gəldi də!
Hərbi həyatdan, döyüşlərdən
yazı hazırlamaq, məqalə yazmaq bizim üçün yenilik, ilk addım idi. Nədən yazacağıq, necə
yazacağıq, işə
necə və haradan başlayacağıq,
bunu heç də hamımız dəqiq bilmirdik. Ortada hərbi sirrin qorunması məsələsi
də var idi. Bizdən bir müddət
əvvəl xidmətə
başlayan Təranə
xanım yeri düşdükcə bizə
bəzi dəyərli
məsləhətlər verir,
yol göstərirdi.
Bu məsləhətlər həm cəbhə xəttinə ezamiyyətə
gedəndə, həm
də material hazırlayanda
əlimizdən tuturdu.
Redaksiyanın kollektivi qısa
müddət ərzində
bir-birinə qaynayıb-qarışmışdı.
Mehriban atmosferin yaranmasında Təranə
xanımın da əməyi az
olmamışdı.
Səkkiz aya yaxın Təranə xanımla bir redaksiyada çalışdıq. Sonra ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq yollarımız ayrıldı. Mən xidmətimi ordu sıralarında davam etdirdim. Təranə xanım isə redaksiyada qalıb xidmətini davam etdirdi. Necə deyərlər, sanki əsgər kimi "Əsgər" qəzetinin keşiyini çəkdi.
İşdən çıxsam da,
yenə də zəngləşirdik. Bir-birimizdən hal-əhval tuturduq. Hərdən
yolum "Əsgər"
qəzetinin redaksiyasından
düşürdü. Hərdən
də Təranə xanım bizim redaksiyaya gəlirdi. Təranə
xanım Daxili Qoşunların mətbuat
xidmətinin rəhbəri
idi. Arxada qalmış illər
ərzində Təranə
xanımın rütbəsi
də artmışdı.
Bu sarışın, gülərüz qadın
çiynlərində polkovnik-leytenant
rütbəsi daşıyırdı.
Bu rütbə də, vəzifə də ona yaxşı
yaraşırdı.
Təqaüdə çıxandan sonra da Təranə xanımla bir-iki dəfə görüşdük. Artıq Təranə
xanım hərbi formanı çıxarmışdı.
Amma nədənsə mən həmişə onu formada təsəvvür edirdim. Təranə xanım yaddaşıma
hərbi geyimdə həkk olunmuşdu. Təqaüdə çıxandan sonra
Təranə xanım
bir müddət Bakı Baş Təhsil İdarəsində
və Respublika Tərcümə Mərkəzində
çalışdı. Sonuncu dəfə 2019-cu ildə M.F.Axundov adına Milli
Kitabxanada rastlaşmışdıq.
Tələsdiyindən atüstü söhbət
etdik, qısa da olsa, ötənləri,
keçənləri xatırladıq.
Bayramlarda, əlamətdar günlərdə
zəngləşib hal-əhval
tuturduq. Sonuncu dəfə zəngləşəndə
bir az
xəstələndiyini, müalicə
olunduğunu dedi. Söz verdi
ki, yaxın vaxtlarda bizim iş yerinə gələcək. Dediyi sözlər indiki kimi yadımdadır: "Vahid, bir də
gördün ki, iş yerinizdəyəm, qapınızı döyürəm".
Onun qapımızı döyməsini
çox gözlədik.
Amma sarışın, gülərüz
Təranə xanım
ilk dəfə olaraq verdiyi sözə əməl etməyərək,
redaksiyaya gəlmədi.
Düzdür, qapımız döyüldü.
Amma qapımızı Təranə
xanım deyil, onun ölüm xəbəri döydü.
Bu xəbər onu tanıyanlardan biri kimi məni
də çox kədərləndirdi. Necə
deyərlər, indi bizim dost itirən vaxtımız deyildi. Soyuq payız günlərində
mətbuatımız bir
hərbi jurnalistini də itirdi. Qələmimizin gözü nəmləndi.
Amansız ölüm onu
əlimizdən çox
tez aldı. Təranə
xanımdan bizə yazdığı kitablar və acılı-şirinli
xatirələr qalacaq.
1992-ci ilin keşməkeşli çağlarında əyninə
hərbi forma geyinmiş bu sarışın, gülərüz
qadın onu tanıyanların yaddaşında
əbədi yaşayacaq.
Biz onu heç
vaxt unutmayacağıq,
tez-tez anacağıq,
xatırlayacağıq.
Vahid
MƏHƏRRƏMOV
Hərbi
jurmalist
525-ci qəzet.- 2021.- 25 noyabr.- S.13.