Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu başlanıb

 

Noyabrın 24-də Bakıda "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb.

525.az Azərtac-a istinadən xəbər verir ki, noyabrın 26-dək davam edəcək forum "Nizami Gəncəvi İli" çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bütün qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən biri olduğunu söyləyən Əli Əhmədov deyib: "Nizami Gəncəvinin bütün yaradıcılığı, həyatı bilavasitə Azərbaycanla bağlıdır. O nəinki Gəncədə doğulub, bütün həyatını Gəncədə keçirib. Onun yaradıcılığı nə dərəcədə Azərbaycanla bağlıdırsa, o dərəcədə də ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya örnəkdir. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri iftixarıdır. O, 8 əsrdən çoxdur ki, şeirləri, fikirləri ilə yaşayır. Güman edirəm ki, şairə xas olan dərin fəlsəfi fikirlər bu forumda müzakirə ediləcək, Azərbaycandan kənarda da Nizami Gəncəvi yaradıcılığına marağı daha da artıracaq".

Bu gün Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyalarının fəal təbliğatçısı kimi çıxış etdiyini deyən mədəniyyət naziri Anar Kərimov bildirib ki, xalqımızın mədəniyyətinin, onun multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında Nizami Gəncəvinin müstəsna rolu olub: "Şərqin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə öz doğma vətənində deyil, bütün dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətlərdəndir".

Nizami Gəncəvi ilə əlaqədar Mədəniyyət Nazirliyinin bir təşəbbüsünü tədbir iştirakçıları ilə bölüşən nazir deyib: "Bəllidir ki, BMT-nin 2030 Gündəliyi çərçivəsində qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) bütün qlobal problemlərin həllini nəzərdə tutur. Mədəniyyət Nazirliyi olaraq biz bu istiqamətdə yeni yanaşmanı təklif edirik. Bu yanaşma DİM-lərə nail olunmasında cəmiyyətlərin rolunun gücləndirilməsini hədəfləyir. Bu yanaşmaya uyğun olaraq dayanıqlı inkişaf naminə 17 məqsəddən hər biri Nizami Gəncəvi prizmasından nəzərdən keçirilib. Beləliklə, DİM-lərin əksəriyyətinin tarixən insanlıq problemi olduğu müəyyən edilib.

Təklif edilən bu yanaşma ölkələrin DİM-ləri həmçinin öz mədəniyyətləri çərçivəsində qəbul etmələrini dəstəkləyərək problemlərin həllində mədəni irsin vacibliyini qeyd edir. Bununla əlaqədar olaraq əslində burada DİM və mədəniyyət kəsişməsinin önəmini xüsusilə göstərmək istəyirik. Biz istəyirik ki, BMT ölkələri DİM-lərin təmin edilməsi üçün özünün mədəniyyət siyasətini, məcazi mənada hamı öz "Nizami Gəncəvi"sini tapsın". Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, "Nizami Gəncəvi kimdir?" sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda 7 dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: "Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Bir olub minillik tariximizə birlikdə sahib çıxacağıq".

Tədbirdə Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov və Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Forumun keçirilməsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək "Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri", "Nizami Gəncəvi: Müasir dünyaya baxış", "Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri", "Xəmsə" dialoqlarının didaktik rolu", "Sovet dövründə Nizami tədqiqatları" mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.

Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlər keçiriləcək.

Sonda Forumun 8 bənddən ibarət Birgə Kommünikesi qəbul olunub.

Forum işini panel müzakirələrlə davam etdirib. Bakıda təşkil olunmuş Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində ilk panel iclas "Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri" mövzusuna həsr edilib.

Tədbirdə Fransanın "Musuomans en Franse" jurnalının baş redaktoru Jam Mişel Brun, Rusiya Milli Kitabxanasının Əlyazmalar Departamentinin şərqşünaslıq sektorunun müdiri Olqa Vasilyeva, türkiyəli professorlar Adnan Kara İsmayıloğlu, Nemət Yıldırım və başqalarının məruzələri dinlənilib.

Çıxışlarda Nizami Gəncəvi yaradıcılığının zənginliyi, şairin poetik irsinin dünya miqyasında təşviq edilməsi, dünyəvilik sahəsində nümunəliyi və onun maarifçilik fəlsəfəsinin özünəməxsusluğu barədə danışılıb.

Qeyd edilib ki, Nizami yaradıcılığı dünya xalqları və bəşəri fərdlər arasında birgə sülh şəraitində yaşamağa və dünyanı gözəlləşdirməyə xidmət edir. Şərq cəmiyyətlərinin mədəniyyətlərində problemli məsələlər var. Nizami də Nyuton kimi qeyd edir ki, elm çıxış yoludur. Nizamiyə görə fərdlər öz təfəkkürlərini inkişaf etdirməklə neqativləri aradan qaldırmalıdırlar. Maarifçi alimlərin dediyi elmi məsələlər, Nizami tərəfindən çox-çox əvvəllər deyilib. Belə bir qənaətə gəlinir ki, dünyanın bir çox maarifçi alimlərinin Nizami yaradıcılığına çıxışı olub.

Vurğulanıb ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri vardır.

Dünən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində fransız dilinə tərcümə edilmiş "Nizami Gandjavi: Ghazals suivis de Aphorismes" - "Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar" adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak çıxış edərək Nizami yaradıcılığından, onun əsərlərindəki ümumbəşəri ideyalardan söz açıb.

Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü, Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova Nizami irsinin özəlliklərindən danışarıq təqdimatı keçirilən kitab barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubiley ili çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən Nizami irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə əcnəbi dillərdə bir sıra nəşrlər çap olunub.

Xarici nəşrlərdən biri, mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarət kitab layihəsidir.

Cari ilin oktyabrın sonunda Fransada "HEMISPHERES EDITIONS / MAISONNEUVE & LAROSE" nəşriyyatı tərəfindən çap olunmuş "Nizami Gandjavi: Ghazals suivis de Aphorismes" - "Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar" adlı kitabın redaktorları görkəmli fransalı türkşünas, qafqazşünas alim Remy Dor və Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova, "Ön söz"ün müəllifi NGBM-nin İdarə Heyətinin həmsədri İsmayıl Səragəldin, müqəddimənin müəllifi Ümumdünya Verona Şeir Akademiyasının təsisçisi, görkəmli yazar Məhəmməd Nadir Aziza, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında fəslin müəllifi islamşünas alim Kərim İfrak, müasir Azərbaycan miniatürü tərzində çəkilmiş 23 illüstrasiyanın müəllifi isə rəssam Pərnisə Əsgərovadır.

Kitab noyabrın 1-dən etibarən Fransada fəaliyyət göstərən kitab dükanları, Fnac və Amazon saytları, həmçinin nəşriyyatın internet satış xidməti üzərindən ictimaiyyətə, həmçinin Fransada fəaliyyət göstərən aidiyyəti universitet, kitabxana və şərqşünaslıq mərkəzlərinə təqdim olunmaqdadır.

Diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin "Xəmsə"yə daxil olan beş bədii əsərin yalnız bir qismi ("Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi Gözəl") fransız dilinə tərcümə olunub. Yeni işıq üzü görmüş "Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar" adlı kitab müasir fransız oxucularının Nizami Gəncəvi poeziyası ilə yaxından tanış olmasına şərait yaradacaq.

525-ci qəzet.- 2021.- 25 noyabr.- S.9.