Azad Kəlbəcər
Esse
Salam! Mən - Kəlbəcərəm...
Eşidirsiz? - Kəlbəcər. Eşidirsiz! - Kəlbəcər!
Düz
27 il, 8 ay, 22 gün yurddaşlarının həsrəti
ilə, nisgili ilə yaşayan, əslində isə yaşamayan - ömür-gün
çürüdən, əsir
düşüb zəhər
içən Kəlbəcər.
Bu illər ərzində
nələr çəkdim,
nə acılar gördüm. Səməd Vurğunun vəsf
etdiyi kəklikli daşlarım, quşqonmaz
qayalarım hikkəsindən
başıma yuvarlandı.
Elsiz-günsüz Dəlidağım, Murovum haray çəkdi.
Bənövşələrim saçını yoldu, nərgizlərim yaxasını cırdı.
Tərtərim su yerinə qanlı yaş axıtdı... Nələr görmədim, nələr.
Sərvətim talandı, qızılım,
civəm, şəfalı
dərman bitkilərim,
narzan bulaqlarım yad ölkələrə daşındı. Evim-eşiyim
yağmalandı...
İlahinin yaratdığı bir təbiət muzeyi idim - xarabazara çevrildim. Çaylarımı
qurutdular, ağaclarımı
kəsdilər, bulaqlarımın
gözünü oydular...
Böyük sənətkarlar, alimlər,
şairlər yurdu idim - bu illər
ərzində vəsf
olunmadım, oxşanmadım,
əzizlənmədim. Sinəsi
sözlə dolu övladlarım qürbətdə
ağrımı-acımı, həsrətimi, nisgilimi qələmə aldılar
illər boyunca...
Sözümün əvvəlində dedim
axı: əsir düşüb zəhər
içmişdim. Amma ölmədim
bu zəhərdən.
İçimdəki inam, hər
tərəfindən sağlamlığın
ətri gələn saf təbiətim, bulaqlarımın məlhəm
suyu qoymadı içdiyim zəhərdən
ölüm. Qəhrəmanlar - Koroğlular, Nəbilər
yurdu idim - bilirdim ki, əvvəl-axır
oğullarım harayıma
gələcək, dadıma
yetəcəklər. Ona görə
hər ayaq səsindən diksinirdim, hər səsdən-sədadan
üşənirdim. Ümidim çox
idi gələcəyə.
Bilirdim ki, illərdir Murovun ətəklərindən
qərib-qərib boylanan,
evinin, ocağının,
babalarının qəbrinin
bir addımlığında
olan yurddaşlarım
günün birində
heç nəyə, heç kimə baxmadan o zirvəni aşacaqlar. Murov zirvəsini - qürurumuzun
və şərəfimizin
zirvəsi olan Murov aşırımını!
2020-ci ilin 27 sentyabrında
illərlə həsrətindən
yanıb-yaxıldığım xəbəri eşitdim. Qəhrəman oğullarımın son döyüş
üçün savaşa
yollandıqları müjdəsi
çatdı qulaqlarıma.
Elə həmin gün Murovumun zirvəsindən üçrəngli bayrağımı
gördüm. Bildim ki,
xilasım yaxındadır.
Arxayın oldum ki, igidlərim mənə sarı gəlirlər...
2020-ci noyabrın 25-də ruhum tərpəndi, qulaqlarım cingildədi, illərlə gözlədiyim
gün gəldi. Müzəffər ordumun ayaq səsindən
gözlərimdən sevinc
yaşları axdı
həmin gün.
Murovumun zirvəsindən
üzü mənə
tərəf gələn
əsgər balalarımı
gördükcə uca
səslə qışqırırdım:
Sənə zirvələr yaraşır,
Müzəffər Ordum!
Sənə ucalıq yaraşır,
üçrəngli bayrağım!
Murov zirvəsində qədəmlərin
mübarək olsun, qəhrəman əsgərim!
Ruhun şad olsun, Polad Həşimov!
Ruhun şad olsun, Murov qartalı - Raquf Orucov!
Ruhlarınız şaddır, uğrumda canlarına fəda edən şəhid övladlarım. Tanrı Sizi qorusun, qazi oğullarım. Müzəffər Ali Baş Komandanımızın
sərkərdəliyi ilə
Sizlərin sayənizdə
azadlığıma qovuşdum.
Daha Dəlidağım,
Murovum ah-nalə çəkmir, sevincindən
yerə-göyə sığmayıb
Koroğlu kimi nərə çəkir.
Bənövşələrim artıq saçını
yolmur. Nərgizlərim yaxasını cırmır.
Gül-çiçəklərim elimin, obamın
böyük və əbədi qayıdışı
üçün bəzənib-düzənirlər.
Tərtərim daha su yerinə qan axıtmır, sevincdən
göz yaşları axıdır. Füzulidə,
Cəbrayılda, Zəngilanda,
Qubadlıda, Ağdamda,
Laçında, Şuşada,
Qarabağda dalğalanan
üçrəngli bayrağım
mənim də zirvələrimdə qürurla
dalğalanır!
Allaha sonsuz şükürlər olsun
- Elim-obam qoynuma qayıtdı. Sürülərim, naxırlarım təzədən çəmənlərimin
bəzəyi oldu.
Arılar
çiçəklərimdən bal çəkdilər. Oğullarım mənə sarı
gələn neçə-neçə
yol çəkdilər.
İllərdir qaranlığa qərq
olmuşdum - artıq hər tərəfimdə
gur işıqlar yanır - Düşmənlərimin
gözünü kor, övladlarımın üzünü
nur edəcək bu işıq.
Şükürlər olsun - İllər sonra xoşbəxt həyatıma, bəxtəvər
günümə-güzəranıma qayıtdım. İndi Müzəffər Ali Baş
Komandanımızın zirvəmdə
ucaltdığı müqəddəs
bayrağımla başa-başa,
üz-üzə, göz-gözəyəm!
O qədər bəxtəvərəm
ki, bu halımla.
Azadlığımın birinci
ilində ötən ilin noyabrın 25-də igid oğullarımın qoynuma əbədi qayıdış günündə
qürurla səsləndirdikləri
sözlər qulaqlarımda
dua kimi səslənir:
"Möhtərəm Prezident!
Cənab
Ali Baş Komandan!
Azərbaycan Respublikasının dövlət
bayrağı Kəlbəcərdə
dalğalanmaqdadır.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Kəlbəcər Azərbaycandır!"
Ələmdar
CABBARLI
Bakı
Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2021.- 25 noyabr.- S.6.