Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr

 

Qarabağ ədəbi mühiti nəinki Azərbaycana, eləcə də dünya mədəniyyətinə çox sayda dahi simalar və qüdrətli sənətkarlar bəxş edib. 

Qarabağın Aran hissəsində yerləşən Ağcabədi rayonu da bu cəhətdən çox qədim bir ənənəyə malikdir. O, Azərbaycan təbiətinin, xüsusən də Qarabağın nadir gözəlliklərini, xalqımızın maddi-mənəvi irsini, qədim adət və ənənələrini özündə əks etdirən yaşayış məskənlərimizdən biri olmaqla, həm də zəngin və şanlı tarixi keçmişə malikdir.

Bu mühitin yetirdiyi istedadlı qələm sahiblərindən biri də yazıçı-publisist Şirxan Aranlıdır. O, bədii yaradıcılığa gənclik illərindən başlayıb, şeirləri və hekayələri yerli və mərkəzi mətbuatda müxtəlif qəzet, jurnal və almanaxlarda dərc edilib. "Hər qəlbin öz səsi var", "Mehribanlıq məhəbbətin tacıdır", "Harda qaldın, Qarabağım", "Ürək sevəndə", "Mərhəmət yollarında", "Ömrün əzablı yolu" və "Yurd həsrəti" adlı şeirlər, hekayələr, poemalar, povest və romanlardan ibarət kitabların müəllifidir.

Yazıçının böyük zəhmət və sevgiylə yazaraq, xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli əsərlərdən biri də bu günlərdə çap etdirdiyi "Ağcabədi: ensiklopedik toplu" adlı əsərdir. Kitab elmi faktoloji cəhətdən çox zəngindir. Adından məlum olduğu kimi kitab qədim tarixə malik, Qarabağ bölgəsinin Aran hissəsində yerləşən Ağcabədi rayonunun və onun kəndlərinin yaranma tarixindən, toponomiyasından, etnoqrafiyasından, müxtləlif tarixi dövrlərdə əhalisinin tərkibindən, görkəmli şəxsiyyətlərindən, rayonun inzibati ərazi vahidi kimi təşkilindən, həmçinin sonrakı tarixi mərhələlərdə keçdiyi sosial-iqtisadi inkişafdan, geniş vüsət alan abadlıq-quruculuq işlərindən zəngin sənədlər və arxiv materialları əsasında elmi-publisistik üslubda müfəssəl məlumatlar verməklə, bu zəngin mənəvi sərvətin nəsildən-nəslə çatdırılmasına nail olmuşdur.

Ensiklopedik topluda ilk dəfə olaraq XIX əsrə aid rus canişinliyinin hazırladığı əyalət dəftəri əsasında Ağcabədinin və qədim kəndlərinin əhalisinin və evlərinin say tərkibi barədə qiymətli arxiv sənədlər əsasında məlumat verilməklə yanaşı, Qarabağın mərhələlər və ərazi idarəetmə formaları, ictimai-sosial mühiti və qədim tayfaları barədə bilgilər qeyd edilib.

Kitabda irəli sürülən ideyalardan biri də budur ki, vətən tarixini öyrənmək, öz soykökünə qayıtmaq, qan yaddaşını bərpa etmək hər kəsin şərəfli vəzifəsi və vətəndaşlıq borcudur. Çünki vətən tarixini öyrənmək insanlara keçmişin ibrət dərslərindən nəticə çıxartmaqda, vətən qarşısındakı borcu başa düşməkdə və əsrlərdən bəri yaranıb formalaşan milli mənəvi sərvətlərə yiyələnməkdə güclü vasitədir. Ensiklopedik topluda verilmiş məlumatlar əsasən tarixi-xronoloji və müqayisəli təhlil metodu ilə yazılıb. Məsələn: "Qarabağ - qan yaddaşı", "Oğuz yurdu-Ağcabədi", "Ağcabədi illərin sınağında" adlı fəsillərdə Ağcabədinin əsasən qədim yaşayış məskənləri, "Ağcabədi illərin sınağında" fəslində isə eradan əvvəl II minillikdən başlayaraq bizim əsrimizin hazırkı günlərinə qədər olan böyük bir tarixi dövrü əhatə olunur. Tarixi xronologiyanın bu çərçivəsində müəllif, "Qarabağ -qan yaddaşı" adlı fəsildə isə Ağcabədinin daxil olduğu Qarabağ bölgəsinin real tarixinə ekskursiya edərək, maraqlı məlumatları oxucuların diqqətinə çatdırır.

Kitabın, "Oğuz yurdu Ağcabədi," adlanan fəslində isə müəllif Ağcabədinin yaşayış məskənləri haqqında çox maraqlı məlumatlardan bəhs edir. Ağcabədi rayonunun Azərbaycanın qədim yaşayış məskənlərindən biri olması, onun inkişaf ənənələrindən, müasir dövrümüzə qədər keçdiyi dinamik inkişaf yolu, araşdırılır və əsas diqqəti Ağcabədi haqqında tarixi qaynaqlarda mövcud olan ilk məlumatlara, Ağcabədi adının yaşayış məskəni kimi elm aləminə ilk dəfə nə zamandan bəlli olmasından, Azərbaycanın müxtəlif dövrlərini özündə əks etdirən xəritələrdə Ağcabədi adının əks olunmasından, xanlıq dövründə və sonrakı illərdə tarixən bu ərazidə yaşamış zadəgan nəslinə mənsub olan 279 nəfər Ağcabədi bəylərindən, onların genealogiyasının araşdırılmasından, həmin bəylərə məxsus olan kəndlər, torpaq sahələri və tayfalar barədə tarixi materiallar da öz geniş əksini tapmışdır. Burada həmçinin rayonun ilk yaşayış məskənlərindən olan qədim kəndlərin əhalisi, tarixən məhşur olan tayfalar və təbəqələri - bəy, kəndli, rəncbər, sənətkarlar, köçəri tərəkəmə elatları haqqında da ətraflı məlumatlar var.

Ş.Aranlının gəldiyi nəticələrdən biri də budur ki, Ağcabədi respublikanın ən qədim sivilizasiya məskənlərindən biridir. Çünki tarixdən məlumdur ki, rayonun ərazisində ilk insan məskənləri Neolit, yəni daş dövrünün sonlarında, meydana gəlmişdir. Müəllif isnad etdiyi çoxsaylı tarixi sənədlərə əsaslanaraq, bu tarixiliyi sübut edən, arxeoloji qazıntılar zamanı əldə olunmuş sübut və dəlillərlə, maddi mədəniyyət abidələriylə, kurqan, küp qəbirlər və Üçtəpə, Şahtəpə, Kamiltəpə, Qalatəpə və başqa yaşayış məskənləri haqqında tutarlı faktlara əsaslanan, təsdiqini tapmış, maraqlı elmi məlumatlar verir. Müəllif bu istiqamətdəki elmi araşdırmaları ilə yanaşı, Ağcabədi toponimi barədə zaman-zaman şifahi şəkildə, folklor nümunəsi kimi günümüzə qədər gəlib çatmış bayatı və rəvayətlərə də yer verir. Ağcabədinin adı ilə bağlı olan həmin bayatılardan biri belədir.

 

Ağcabədi, duz dağı,

Ceyran gəzər düz, dağı.

Yan keçdin, qıya baxdın,

Çəkdin mənə düz dağı.

 

Ensiklopedik topluda qədim yaşayış məskəni olan Ağcabədinin XV-XXI əsrlər boyunca inkişaf yolu, ana xətt olaraq saxlanılır. Burada Ağcabədi ərazisindəki yerli tayfalar, onların nəslindən olan insanlar, onların nəsil-nəcabətləri, vaxtilə sahib olduqları torpaq sahələri, mülkləri, hazırda mövcud olan davamçıları barədə də maraqlı faktlar var. Müəllif həmçinin XIX əsrin ortalarında Ağcabədidə mövcud olmuş 50 kəndin adlı siyahısını və bu kəndlərin tabe olduğu bəylərin də adını vermiş, hər kənddə neçə ev və oradakı əhalinin kişi, qadın olmaqla, sayını özündə əks etdirən maraqlı cədvəllər də tərtib etmişdir.

Kitabda sovet hakimiyyətinin ilk illərində Ağcabədidə yeni yaranmış siyasi quruluşa qarşı baş vermiş yerli üsyanlardan və sovetlər tərəfindən dinc əhaliyə edilmiş zülm və işgəncələrdən, əsassız təqib olunan repressiya qurbanlar barədə də məlumatlar verilir. Məlum olur ki, təkcə 1920-1929-cu illərdə Ağcabədidə yeni siyasi quruluşa, sovetləşməyə qarşı 11 kəndli üsyanı baş vermiş və onlardan bir neçəsi genişlənərək, hətta silahlı toqquşmaya çevrilmişdi. Ağcabədililərin repressiya olunmasından bəhs edərkən Ş.Aranlı keçmiş SSRİ Daxili İşlər Komissarlığının "Azərbaycanda antisovet elementlərin sürgün olunması haqqında" və "Qolçomaqlar və antisovet elementlərin repressiyasına dair" mənfur qərarların adını çəkir və respublikanın hər yerində olduğu kimi, heç bir günahı olmayan yüzlərlə ağcabədili ailələrin və ayrı-ayrı insanların məhv edilməsi, sürgünə göndərilmələri və başlarına gətirilən faciələrdən ürək ağrısıyla bəhs edir.

"Ağcabədi: ensiklopedik toplu"sunda rayonun mədəni həyatına həsr olunmuş "Ağcabədi ilk məktəb, ilk teatr", "Ağcabədi təhsilinin tarixindən", "Ağcabədi səhiyyəsinin tarixindən", savadsızlığın ləğv edilməsi, mədəni quruculuq, maarifin, səhiyyənin və digər sahələrin inkişafına həsr olunmuş çox maraqlı nümunələr də verilib. Bu yazılardan məlum olur ki, 1883-cü ildə Ağcabədidə ilk məktəb, 1914-cü ildə isə ilk teatr tamaşası göstərilib. Amma müəllifin arxiv sənədlərindən gətirdiyi çoxsaylı faktlar göstərir ki, ilk teatr səhnəcikləri də elə həmin ilk məktəbin müəllim və şagirdləri tərəfindən göstərilməyə başlanıb. Əsərdə qeyd olunur ki, yeni tipli dünyəvi məktəblər açılana kimi Ağcabədidə uşaqlara dərslər mollaxanalarda keçirilib. Burada şəxsi məktəblərdən olan Məşədi Şirin bəyin, Hindarxda Səlim bəy Mustafabəyovun, Lənbəran kəndində Məhəmməd bəy Tahirbəyovun açdığı məktəb (Lənbəran kəndi vaxtı ilə Ağcabədinin kəndi olmuşdur), Kəhrizli kəndində Həmidə xanım Cavanşirin, Hacı Beftallının, Məşədi Məmmədalı qardaşlarının və Hüsülü kəndində Rəhim bəy Novruzbəyovun açdığı məktəblər, həmin məktəblərin müəllim və tanınmış məzunları haqqında məlumatlar verilir.

 

Kitabda Ağcabədi təhsilinin inkişafı, xüsusən 1883-1940-cı illər üzrə ayrıca araşdırılır, buradakı siniflər, uşaqların sayı, kəndlərin adı, dərs deyən müəllimlərin sayı, ixtisası, siniflərin sayı və inkişafı illər üzrə göstərilir. Ondan sonrakı dövrlər də bu qaydada nəzərdən keçirilir və sonda Ağcabədi məktəblərinin müasir vəziyyəti barədə ətraflı və statistik məlumatlar verilir. Aydın olur ki, 2019-2020-ci tədris ilində rayonda fəaliyyət göstərən 62 ümumtəhsil məktəbində, 21.847 şagird təhsil almış, onların təlim və təhsil ilə 2632 müəllim məşğul olmuşdu. Bundan başqa rayonda 1 şahmat məktəbi, 9 musiqi məktəbi, ADPU-nun Ağcabədi filialı, Ağcabədi Pedaqoji Kolleci, Texniki Peşə litseyi və çoxsaylı məktəbəqədər və məktəbdənkənar tədris müəssisələri də fəaliyyət göstərir.

 

Bəhs olunan dövrdə müəllif rayon səhiyyəsinin inkişafını davamlı olaraq tədqiq edir və məlum olur ki, 1920-ci ilə qədər Ağcabədidə səhiyyə məntəqəsi olmamış, yalnız 1920-ci ildə 2 nəfər başqa millətdən olan Zubov və Çereşkov familiyalı feldşerlər əhaliyə tibbi xidmət etmişdi. O vaxta qədər isə mənbələrdə ilk yerli həkim kimi Əkbər Ağamirovun adı çəkilir. Müəllif 1935-ci ildə Ağcabədidə 2 xəstəxana, 6 kənd ambulator məntəqəsi və orada çalışan 8 həkim və 14 tibb işçisi haqqında da məlumat verir. Əsərdə Ağcabədi səhiyyəsinin keçdiyi tarixi yolla bərabər müasir durumuna da nəzər salınır. Məlum olur ki, 2020- ci ilin əvvəlində rayonda 161 həkim və 543 orta ixtisaslı tibb işçisinin çalışdığı 7 xəstəxana və 25 ambulator- poliklinika fəaliyyət göstərmişdi.

 

Ş.Aranlı digər sahələrlə yanaşı Ağcabədinin zəngin mədəniyyət tarixinin formalaşması və inkişafını da bütün əsər boyu izləyir və davamlı tədqiq edir. Məlum olur ki, 1936-cı ildə rayonda 250 yerlik ilk klub fəaliyyətə başlamış, 1939-cu ildə isə 100 nəfərlik ikinci klub istifadəyə verilmişdi. Rayonun ilk kütləvi kitabxanası da bu klubda açılmışdı. Beləliklə, 1939-cu ildə Ağcabədidə 1 mədəniyyət evi və 5 klub, kəndlərdə isə 13 qiraət koması yerli əhaliyə xidmət etmişdi. Bəhs olunan dövrdə Ağcabədidə mədəni-maarif işinin inkişafı sistemli şəkildə, verilməklə onun müasir dövrü də tam işıqlandırılıb. İndi rayonda geniş mədəni maarif şəbəkəsi mövcuddur. Hazırda Ağcabədi mədəniyyət şöbəsində 1 mədəniyyət evi, 35 klub, 1 mərkəzi kitabxana və onun 38 kənd filialı, 1 şəhər uşaq, 1 qəsəbə uşaq, 6 kənd uşaq musiqi məktəbi, Qarabağ Muğam Mərkəzi, rayon Tarix diyarşünaslıq muzeyi və onun filialı olan Həmidə xanım Cavanşirin ev muzeyi, Heydər Əliyev Mərkəzi və Rəsm Qalareyası fəaliyyət göstərir. Qeyd olunur ki, 2020-ci ildə bu mədəniyyət ocaqlarında 87 ali, 638 orta ixtisaslı və 130 nəfər orta təhsilli olmaqla 855 nəfər işçi fəaliyyət göstərmişdir.

Əsərin dövlət müstəqilliyimizin ilk illərinin təhlilindən başlayan və "Ağcabədi yeni mərhələdə" adlanan hissəsi də maraqlı tarixi materiallarla çox zəngindir. Buradakı məlumatlar əsasən "Müstəqilliyimizin 90-cı illəri", "Aqrar islahatlar", "Qarabağ qan içində" adları altında verilir. Burada Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində əldə olunmuş bəzi nailiyyətlər, ölkədə baş verən siyasi çəkişmələr və bunun nəticəsində Dağlıq Qarabağın və ətraf rayonların erməni silahlı birləşmələri tərəfindən işğal olunaraq 30 ilə yaxın bir vaxtda yerüstü və yeraltı sərvətlərimizin düşmən dövlət tərəfindən talan qarət edilməsi, yerli əhalinin soyqırıma məruz qalması, şəhər və kəndlərin, tarixi- dini, memarlıq və digər mədəni abidələrin məhv edilməsinə də tarixi ekskursiya edilir, oxucuya erməni faşizmi barədə məlumatlar çatdırılır. Əsərin bu hissəsində Ş.Aranlı qeyrətli Ağcabədi oğullarının vətənpərvərliyindən, burada yaradılmış ilk özünü müdafiə dəstələri və batalyonlardan, onun komandir və şəxsi heyətindən, döyüş yolundan çoxsaylı məlumat verilməklə yanaşı, 831 saylı Motoatıcı batalyonunun keçdiyi şərəfli döyüş yolu və şəxsi heyətin 314 nəfər üzvü barədə məlumatlar verir. Həmçinin Birinci Qarabağ müharibəsində ağcabədili gənclərdən 227 nəfərin həlak olması, 258 nəfərin isə döyüşlərdə yaralanması və onlardan 3 nəfərə, ölümündən sonra, Azərbaycanın Milli Qəhrəman adının verilməsi barədə olan məlumatlarla da tanış oluruq.  Əsərdə 2020- ci ilin sentyabr ayının 27-də başlamış 44 günlük Vətən Müharibəsi bütün komponentləri ilə verilmiş və bu müharibədə Ağcabədidən 42 nəfər gəncin şəhid olması və 254 nəfərin isə yaralanması barədə məlumatlar da öz əksini tapmışdır. Döyüşlərdə xüsusilə fərqlənən Ağcabədi igidlərindən olan "Vətən müharibəsi qəhrəmanı" general-mayor Zaur Məmmədov, "Qarabağ orden"li polkovnik Rəfael Abdullayev, "III dərəcəli Vətənə xidmətə görə" ordenli, polkovnik Qiyas Abbasov, "Şücaət" və "Vətən uğrunda" ordenli polkovnik Elramin Behbudov və çoxsaylı medallar almış digər gənclər haqqında da məlumatlara geniş yer verilmiş, onların qəhrəmanlıqları gənc nəslə əsl vətənpərvərlik nümunəsi kimi təqdim edilmişdir.

 

Vətən müharibəsinin Zəfərlə başa çatmasını müəllif xalqın, ordunun və dövlətin birliyinin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi kimi xarakterizə edərək, gənc nəslin vətənpərvərlik tərbiyəsində, bu birliyin rolundan, bu müharibənin fəlsəfəsini çatdırmaqdan, yəni qalib ordu, qalib xalq və qalib Prezident ideyasını önə çəkərək bildirir ki, "Dəmir yumruq" həm də birliyimizin rəmzidir.

 

Kitabdakı "Tarixləşən korifeylər" adlı yazıda dahi bəstəkar Ü.Hacıbəyli, muğam ustaları Z.Adıgözəlov, M.Mütəllimov, Xalq artisti Y.Məmmədov haqqında geniş və əhatəli yazılar verilib, onların yaradıcılıq yolundan ətraflı bəhs olunub. Həmçinin Azərbaycan Respublikasının Xalq artistləri - rejissor A.Kazımov, aktrisa F.Mütəllimova, bəstəkar V.Adıgözəlov, xanəndə S.Qəhrəmanov, diktor R.Tağıyeva, Əməkdar artistlərdən, xanəndə Ə.Əhmədov, S.Novruzov, S.Əhmədova, K.Kərimova, aktyorlar N.Rüstəmov, Q.İsmayılov, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, əməkdar incəsənət xadimləri, bəstəkar C.Quliyev, Rauf Adıgözəlov və digərlərinin yaradıcılıq yolundan bəhs edilir. Əsərin "Ağcabədili şair və yazıçılar" adlanan bölməsi isə rayonun yaradıcı ziyalılarına, söz adamlarına həsr edilmişdir. Beləki, burada Ağcabədi torpağının yetirmələri olan 27 nəfər ədəbi-bədii aləmdə tanınmış şair, yazıçı, dramatruq və jurnalistlər barədə verilmiş məlumatlar yer alır.

 

Kitabda "Tarixdə iz qoyan şəxsiyyətlər" barəsində də maraqlı məlumatlara geniş yer verilib. Burada Qarabağ xanının varislərindən biri olan Əhməd bəy Cavanşir, onun qızı Həmidə xanım Cavanşir, Həmidə xanımın ömür-gün yoldaşı, böyük demokrat yazıçı C.Məmmədquluzadə, ağcabədililərin ilk maarifpərvər ziyalılarından olmuş Rəhim bəy Novruzbəyov və Mirzə Vəli İsmayılovun maarifçilik və xeyriyyə işlərindən, rayonun yetirməsi olan 52 nəfər ictimai-siyasi xadim, elm adamları - 3 akademik, 32 elmlər doktoru, professor və 105 nəfər fəlsəfə doktoru barədə məlumatlar yer alır. Əsərdə Ümummilli Lider Heydər Əliyevin Ağcadədi haqqında olan fikirlərinə xüsusi yer ayrılmışdır. Belə ki, "Əbədiyaşar Lider" sərlövhəli yazıda Ümummilli Lider Heydər Əliyevin Ağcabədiyə etdiyi tarixi səfərlərdən bəhs olunur. Oxucuya məlum olur ki, Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev 4 dəfə sovetlər dönəmində, 2 dəfə isə müstəqillik illərində Ağcabədidə olmuşdur. Müəllif haqlı olaraq Heydər Əliyevin dövründə rayonun sosial-iqtisadi inkişafını geniş təhlil edərək göstərir ki, Ağcabədi Ulu Ondərin hakimiyyəti illərində bütün sahələr üzrə ən uğurlu inkişaf yolu keçmişdir. Müəllif Ümummilli Lider Heydər Əliyevin "Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır" fikrini əsas tutaraq, böyük bir dövrün sosial-iqtisadi göstəriciləri ilə oxuculara geniş və hərtərəfli məlumatlar verir və 2003- cü ildən Heydər Əliyev irsini və siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də Ağcabədiyə 7 tarixi səfər barədə hərtərəfli bəhs edir. Əsərdə ölkə Prezidentinin Ağcabədi rayonuna səfərləri, hər dəfə müxtəlif obyektlərin açılışı, yenilərinin bünövrəsinin qoyulması, rayonun əhalisi və ərazisində məskunlaşmış məcburi köçkünlərlə, ziyalılar, gənclər və əmək adamları ilə görüşləri, 50 illik yubileyini Ağcabədinin Taxta Körpü adlı ərazisində müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə birlikdə keçirməsi, Qarabağ qaziləri ilə görüşləri, onlara ev, avtomobil verməsi və maddi yardımlar etməsindən söz açır, bütövlükdə Ağcabədinin bugünkü sosial-iqtisadi inkişafına verdiyi dəyərli töhfələri işıqlandırılır.

 

Kitabın sonuncu bölməsi "Yüksəlişə gedən yol" adlanır. Burada 2005-ci ildən başlayaraq bu günümüzə qədər olan dövrdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı hərtərəfli təhlil edilir və həyata keçirilmiş abadlıq quruculuq işlərindən bəhs olunur. Xüsusilə, kənd təsərrüfatı, sənaye, səhiyyə, mədəniyyət, təhsil, rabitə, insan resuslarının inkişafı, əhalinin yaxşılaşmış güzaranı barədə nəzəri müqayisəli və ümumbildirici statistik məlumatlar verilir. Müəllif görülmüş bu işlərin hamısının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçdiyini xüsusi vurğulayaraq, onun "Ağcabədidə son bir neçə il ərzində böyük işlər görülmüşdür" kəlamına cavab verən statistik rəqəmlər, inkişafın mərhələlərini göstərən cədvəllər, yeni tikilmiş sosial-mədəni obyektləri barədə yenilikləri nəzərdən keçirərək qeyd edir ki, hər il bir-birindən yüksək olan göstəricilər insanları ruhlandırır.

 

Maraqlı cəhətlərdən biri də budur ki, kitabın ilk səhifələrindən başlayaraq rayon ərazisində təhsilin, səhiyyənin, mədəniyyətin formalaşmasına nəzər salınmış və kitabın sonunadək bu sahələrin inkişafı və real vəziyyəti barədə olan məlumatlar ardıcıl olaraq öz əksini tapıb. Əsərlə tanış olduqca hiss edirsən ki, kitab səninlə, sanki 300 illik bir dövrün tarixinin canlı şahidi kimi danışır, vaxtilə bir neçə yüz evdən ibarət olan Ağcabədi indi 137 min əhalisi olan gözəl bir şəhər olmuş, yaşamaq üçün ən gözəl bölgələrdən birinə çevrilmişdir.

 

Diqqət çəkən məqamlardan biri də kitabda verilmiş çoxsaylı adlar siyahısında Milli Əlifbamızın tələblərindən düzgün istifadə olunmasıdır. Belə ki, əksər kitablarımızda, xüsusilə ensiklopedik toplularımızda adlar siyahısı sovet ideologiyasına uyğun olaraq soyad, ad və ata adı ardıcıllığı ilə verildiyi halda bu ensiklopedik topluda Milli Əlifbamıza uyğun olaraq ad bölgüsü ön plana çəkilib.

 

Əsərin dili aydın, oxunaqlı, çox sadə və təmizdir. Fəsillər və daxili bölgüləri, şəkillər və xəritələr bir-birini tamamlayır. Rayonun siyasi, mədəni həyatı, onun ayrı-ayrı sahələri barədə olan fəsil və paraqraflar bir-birinə nəinki, tarixi-xronoloji, həm də məntiqi cəhətdən bağlı, sistemli, ardıcıl və davamlı olaraq şərh olunmuşdur.

 

Yazıçı Ş.Aranlının bu kitabı onun illərlə öz düşüncələrində formalaşdırdığı tam və bitkin bir əsərdir və əsərin əsas qəhrəmanı da Ağcabədi və onun adını daim uca tutan vətənpərvər ağcabədililərdir. Ümumiyyətlə, Ş.Aranlının "Ağcabədi: ensiklopedik toplu"sunda, tarixi, yer, yurd, kənd adları ilə bərabər, rayonun 4193 nəfər tanınmış elm, təhsil, səhiyyə, mədəniyyət və başqa sahələrdə fərqlənən ziyalılar haqqında ətraflı məlumatlar verilib. 21 fəsil, 307 paraqraf və 912 səhifədən ibarət kitabın bədii və texniki tərtibatı, poliqrafik cəhətdən çap məhsullarının nəşrinə qoyulan müasir tələblərə yüksək səviyyədə cavab verir. Kitabın titul vərəqlərində və digər səhifələrində verilmiş çoxsaylı xəritələr, şəkillər, tarixi mənbələr, arxiv sənədləri, müxtəlif dövrləri əhatə edən cədvəllər, müəllifin mətndə verdiyi nəzəri məlumatların elmi əsaslı və həqiqət olduğunu bir daha təsdiq edir.

Fikrimizi yekunlaşdırarkən bildiririk ki, mütəxəssislər və geniş oxucu kütləsi üçün təqdim olunan "Ağcabədi: ensiklopedik toplu" əsəri Ağcabədi rayonunun tarixinin, mədəniyyətinin və incəsənətinin öyrənilməsində son söz yox, yeni-yeni tədqiqatlar üçün hərəkətverici mənbə rolunu oynayacaq. Kitabın ərsəyə gəlməsində onun redaktoru, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin zəhməti və dəyərli tövsiyələri də təqdirəlayiqdir.

 

Bir məsələni də dəyərli oxucularımızın nəzərinə çatdıraq ki, kitabın hər səhifəsində milli-mənəvi dəyərlərimizin başlıca prinsipi olan Azərbaycançılıq ideyası xüsusi yer tutur.

 

Müəllifin şəxsi keyfiyyətlərindən irəli gələn və diqqəti cəlb edən cəhətlərdən biri də onun peşəkar yazı üslubuna malik olması, elmi və ədəbi dilinin sadəliyidir. Onun özünəməxsus tarixi faktlara söykənən nəqletmə, müşahidə, paralellər aparmaq üsulları var. Sübhə yoxdur ki, bu da onun çoxillik yaradıcılıq təcrübəsindən irəli gəlir. Bizim fikrimizcə bu qiymətli əsər hər bir ağcabədili ailənin stolüstü kitabı olacaq. Çünki kim axtarsa, burada öz yaşadığı şəhər, qəsəbə, kəndi və nəsli- nəcabəti, ulu babaları haqqında ən azından bir neçə maraqlı məlumatla rastlaşa bilər.

 

Sonda belə bir dəyərli kitab yazdığına görə hörmətli yazıçımız  Şirxan Aranlıya təşəkkür edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Tahir KƏRİMLİ

ADPU-nun Ağcabədi filialının "Pedaqogika, psixologiya və onların tədrisi texnologiyaları" kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə

doktoru

 

Əlizadə NƏCƏFOV

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2021.- 26 noyabr.- S.14-15.