Payıza yolun
düşsə... -
Unudulmaz Nisə
Bəyimin vəfatından 1 il ötür
Dərdimi suya danışdım,
Od tutub alışmadı.
Ölümümlə barışdım,
Həyatım barışmadı.
Anar
Xatırlamaq istəmədiyim hər
şey kimi, o günü də unutmaq istəyirəm... Bütün yaradıcılığını heçliklər arasında
tənhalıq nəğmələri
kimi izlədiyim və fərqləndirdiyim
Nisə Bəyimin sonuncu dəfə Yazıçılar Birliyinə
gəlişini. Dördüncü mərtəbəyə - redaksiyaya
qalxmağa gücü
çatmayıb bir mərtəbə aşağı
çağırmışdı. Gülümsəməyə çalışaraq:
- Narahat etməyim, işləyirsən, - desə
də, məğlub təbəssümündən acı-acı
süzülən "məni
belə xatırlamanızı
istəmirəm..." kədərinin
sarsıntısını gizləməyə
çalışırdım ki, qəfil zərbə kimi ürəyimin başına sancılan xahişini söylədi:
"Mən öləndə
haqqımda sən yazarsan!"
Heyrətlə gözünün içinə
baxdım və diksindim. Xahişindən yox,
səsindən diksindim...
Səsinin ahəngindən:
tərəddüdsüz, qətiyyətlə,
əminliklə! Eynən
mənim onun yaradıcı istedadı ilə bağlı qənaətim kimi! Şeirləri ilə ilk tanışlıqdan yaranan,
heç vaxt da dəyişməyən
bu qənaətimə
görə sözsüz
təşəkkür edirdi
bu ərki ilə... 15 il
əvvəl olduğu
kimi. 50 yaşına yazdığım esseni oxuyub gəlmişdi redaksiyaya... Gəldi, salamlaşıb qarşımda oturdu, əlini qoydu stoldakı jurnalın üstünə. Baxdı... baxdı
və gözlərini
yumdu. Sükutun gücü çatmadı
göyün buludundan ağır olan o göz yaşlarını
silməyə... Sonra dedi ki, insanın
sağlığında öz
elegiyasını oxuması
bilirsən nə gözəl hissdi?..
Və mən indi də o ürəyin çırpıntısını
tənhalıq nəğmələrinin
nəqəratı kimi
dinləyirəm. Və həmişə belə olacaq. Hər şeirini oxuyanda olduğu kimi.
***
Nisəbəyim Rəhimovanın yaradıcılığı
şərtilikləri məğlub
edirdi. Uzun illər imzasını
ad-soyad əmanətilə
təqdim etmişdi.
Bir gün redaksiyaya şeirlərini gətirəndə, necə
oldusa, təklif etdim ki, bəlkə
imzanı belə qoyasan: Nisə
BƏYİM?! Yenə çöhrəsi
təbəssümlə işıqlandı,
- olsun, - dedi. Ona Bəyimlik də, Xanımlıq da, Banuluq da yaraşırdı,
təxəllüslə seçilmək
ehtiyacı da yox idi. Nisə Bəyimi istedadı seçdirmişdi. Nisə Bəyimin
istedadında və xarakterində türk qadını, türk gözəli və türk düşüncəsinin
dəyər daşıyıcılığı
ilk baxışdan hiss olunur
və rəğbət
doğururdu.
Onun istedadının
obrazında Ləyaqət,
Ülvilik və Şəxsiyyətin ahəngi
də ilk baxışdan
seçilirdi və məhz bu, onun
yaradıcı üslubi
özəlliyini fərqləndirirdi. İstedad və
ləyaqətini əmtəə
predmeti kimi düşünməyi ağlından
keçirmədi və
elə ona görə də ədəbi vicdanına və ədəbi əxlaqına nəinki toz qondurmadı, əksinə, əsl istedadın və şəxsiyyətin dəyərinin
güzəşt və
imtiyaza əyilməyən
vüqarda olması nümunəsi kimi seçilənlərin azsaylı
cərgəsində oldu
həmişə. Çünki bütün gerçəkləri
söyləyən vaxtın
içində yalanla gerçəyin sıyrılacağı
günün sınağından
qalib çıxmağın
tək yolunu belə görürdü.
Və Ruhunun azadlığıyla şərti
belə kəsmişdi:
həyat da ölüm kimidir; ikinci şansı olmur. Bəli, tale ona təkrarsız
istedad bəxş etmişdi və bu istedad o qədər
qürurlu və azaddı ki, kitablarına ön söz yazdırmağı,
təqdimatında təşkil
olunmuş coşqu,
hay-küylü "tərif
dilənçiliyi" arzulamadı.
Güclü, əmin və azad düşüncəli
insanlara xas olan bir keyfiyyəti
ilə də çoxundan seçilirdi;
nitqində, hərəkət
və davranışında
təmkin, əndazəni
gözləmək bacarığı.
Nisə
Bəyimi haqsızlıq,
ədalətsizlik, etinasızlıq və ən dəhşətlisi,
biganəlik üzə
bilərdi, amma öz qiymətini bilən əsl istedadlar kimi, bir az da
uşaq saflığını
qoruya bildiyindən, qəlbi və düşüncəsi "Günəşə
boylanan çiçəklər kimi" (S.Rüstəmxanlı) ümidlərə
gülümsəməkdən heç yorulmadı...
Ümidlərin aldanışları yordu onu, bir
də "üç
nöqtələr"...
Mən ömür bildiyim qoca zamandan
Ovcumda bir nişan
qalmadı ki heç...
Günlərin bir günü bir gün istədim,
Günlərin bir günü olmadı ki heç...
...Günlərin bir günü... Noyabrın 26-da gecə Nisə
Bəyimin göndərdiyi
son şeirləri oxuyurdum.
Yenə tənhalığının ağırlığını
ruhumda, qəlbimdə
yaşaya-yaşaya, bu
şeirlərin cazibəsini
düşünürdüm. Düşünürdüm ki,
Nisə Bəyimin istedadı təkcə
30-a yaxın kitabında,
poemalarında, son illər
şeirindən kəsib
canı bahasına yazdığı romanlarında,
nəsr yaradıcılığında
kodlanmayıb, Nisə
Bəyim tənhalıqdan
bəhrələnmək istedadı
ilə də Azərbaycan poeziyasında
təkrarsızdır. Hardansa
yaddaşımda ilişib
qalmış səsini
eşitdim bir anlığa:
Vaxtın
gedib gəlmədiyi,
Baxtın
üzə gülmədiyi,
Dərdin
çəkə bilmədiyi
Yük imiş,
yük, tənhalığım.
Üşüdüm və mənə elə gəldi ki, Nisə Bəyim
də üşüyür. Əlimi telefona
uzatdım. Adını axtarışa
verəndə gözüm
saata ilişdi. Gecdi, sabah
mütləq yığaram.
Qalxıb xəbər
saytlarını gözdən
keçirməyə başladım
və... diksindim... Eynən son görüşümüzdəki
xahişindən diksindiyim
kimi... Pəncərəni
açıb göyün
qaşqabağına bir
iltimas göndərməkdən
başqa əlimdən
heç nə gəlmədi:
Payıza
yolun düşsə,
Darıxdığımı söylə...
Gecənin və varlığıma
çökmüş xəbərin
ağırlığını aldatmaqçün məğlub
bir təsəlli arayarkən qəfil bir yüngüllük hiss
elədim: nə yaxşı, nə yaxşı ki, Azərbaycanın görkəmli
şairi, sevimli və unudulmaz Nisə Bəyim Azərbaycan xalqının
zəfər tarixini yazanlara son sözünü
söylədi, Qarabağın
işğaldan azad olunmasının qələbə
sevincini yaşaya bildi.
Xatirəsinə və ruhuna dərin ehtiramla..
Südabə AĞABALAYEVA
525-ci qəzet.- 2021.- 26 noyabr.- S.12.