Hüseyn Cavid
ucalığı
Esse
Cavid Əfəndi doğulandan daim göylərdə - əkiz
qardaşı əzəli-əbədi sözlərlə bir məkanda
yaşadı, heç vaxt söz taxtından enmədi. Sözə
yerdən uca göylərə baxan kimi baxmadı. Çünki göylər təkcə
quşların, mələklərin deyil əzəli sözlərin,
sözlərin övladı, söz qədər müqəddəs
şairlərin də vətənidi. Bunun ən azı,
bir neçə üstünlüyü var:
Birinci, şair o ucalıqdan - zirvədən
dünyanın daha böyük, heç kimə müəssər
olmayan ən gizli, qaranlıq nöqtələrini də
görür, duyur, mənimsəyir, özününki edə
bilir. Dünya ona zirvədən ovcunun içindəki ov
kimi əlçatan görünür özünu ucalıqdan
daha çox dünyaya, dünyanı özünə,
tanrıya göstərə, seçdirə, eşitdirə
bilir. Daha böyük kütlə
auditoriyası qazanır.
İkinci,
sözlə - bir məkanda çiyin-çiyinə
yaşadığından (belədə vəcdən söz mənzilinə
qalxmaq, sözün qeybdən enməsinə məsafə qət
etməsinə ehtiyac qalmır) arı kimi uçub min
çeşidli - qoxulu çiçək-çiçək,
tala-tala sözlərin butasına qonub hələ yer
üzündə heç kimə nəsib olmayan, yerdəkilərin
namərhəm nəfəsi toxunmayan bakirə, zərif tül
pərdədə uyuyan, qorunan kəlmələrin qeyri adi məstedici
şəhdini-şirəsini çəkib, özü də
eşqdən çox sözün sehrinə düşub, onun
gözəlliyinə hayıl-mayıl olub, ondan var olub, ona
verilən bu ilahi lütfdən bolluca barına-barına
ölüləri dirildən həyat cövhəri bal
yığır köksünün altına. Ona
görə ölüləri diriltməyə ancaq müqəddəs
tanrının, bir də onun mərhəmətindən müqəddəs
bəndəsi şairlərin qüdrəti çatar.
Uçüncü,
o ucalıqdan qat-qat aşağı olanlar, yer
üzünün dərin, qaranlıq ətalət
çirkabında çobalayanlar üçün daim əlçatmaz-ünyetməz
olduqlarından onlara yerdəkilərdən heç bir xətərzəfər
toxunmur, tanrının nəzərindəymiş kimi özlərini
bir dinc, asudə, azad, təhlükəsiz, şərdən-bəladən,
hər cür maneədən, çərçıvədən,
qanun-qadağa, maddi-mənəvi sıxıntıdan-uzaq, təxəyyüllərinin
çatdığı göy hüdudsuzluğunda təxəyyüləri
tək yaşayırlar, qanad açıb uçurlar. Onlarla eyni üçalıqda, eyni məkandadılar.
Ömürlərinin sonunda bu hüdudsuzluqda bir
ulduz, gedilməmiş qurtaran bir ömür yolu kimi məsafəsizlik,
parlaq bir nöqtə, təxəyülləri ilə özlərinin
üst-üstə düşməsi kimi qalırlar.
Beləcə
bütünlükdə özləri də insanlara şəfa
tapdıran əzəli bal sözlərə
çevilirlər, çiçək-çiçək,
ulduz-ulduz göylərdə bitib göylərin mavi
tarlasını bəzəyirlər, şairlər haqqa
qovuşduqca göydəki ulduzların da sayı artır.
Göylər
bir az da işığa, nura dönür,
yaraşığa minir.
Tofiq Abdin
təbiiliyi
1960-cı ildə şair Tofiq Mütəllibov (Allah ona qəni-qəni
rəhmət eləsin) Lenin kitabxanası adlanan qədim binada ədəbiyyat
dərnəyi aparırdı. Həbsxana binasına oxşayan boz,
tutqun, görkəmindən zəhm, qaramat yağan
kitabxananın dar, həbsxana tək piramida şəkilli, dəmir
şəbəkəli pəncərəsinin önündə,
lap küncdə, indiki fəvvarələr bağıyla
üzbəüz hündür tor çəpərin gizlətdiyi
gündüz də axşam toranlığını
xatırladan, özündən buraxmayan gözdən iraq xəlvəti
guşədə kökləri, budaqlarıyla söykəndiyi
divardan, xalqın bilik sərvətinin həbs olunduğu mətənin
özülündən sanki güc alan yalqız, qocaman,
cılız, əyiş-üyüş, uzun yollar yortub
yorulmuş qərib yolçuya oxşayan donqarbel bir heyva
ağacı bitmişdi. Elə bil
dünyanın bütün bac-xəracını,
ağrı-acısını, dərdini-hüznünü
barındığı o nəhəng bilik sərvəti kimi
birgə onun belinə yükləmişdin, dünyada hökm
sürən əyriliyin bel sütunuydu, göstəricisiydi.
Çəlik kimi divara söykəndiyi, onu arxa
bildiyi üçün hələ də ayaq üstə zorla
olsa da duruş gətirə bilir, buna uşaqcasına sevinirdi
elə bil. Ancaq sevinc yaraşmırdı
ona. Çünki bu zəhmli, qaramat
basmış binaya dayaqlanıb həyat tapmağı ona baha
başa gəlmiş, bu haqqın muti quluna, əsrinə
çevrilmişdi. Bina elə bil bir yandan onun bəslənib
böyüməsinə şərait yaradır, küləkdən,
soyuqdan, onlardan da betər bəd nəzərdən qoruyur,
qayğı göstərir, o biri yandan elə bil daim
başından aşağı basırdı, öz
ucalığıyla onun cılızlığı
arasındakı məsafə kiçilməsin, ondan
asılılığı, ona qandırmağa, başına
qaxınc eləməyə əlində hər vədə,
girəvə qalsın, himayədarlığını hər
an ögey ana kimi ona duydursun, başına qaxınc eləsin,
bu onun başından bir az da aşağı bassın. Ona görə də ağac binanın daimi
ağırlığını çiynində
daşıyırmış kimi həmişə gərgin, əsəbi,
gücündən qat-qat yüksək olan bu
ağırlıqdan yerə sınmış
(başıqapazlı uşaq kimi ərsəyə
çatmamış) cavan yaşında donqarlaşmış,
qocalmış kimi görünürdü. Binanın zəhmi, qaramatı onun əlini-ayağını
qısır, nəfəsini daraldır, ürəkdolusu ətrafında
qaynayan həyatdan gərəyincə barınammırdı.
Ancaq inada düşüb öz varlığını
sübut etmək üçünmü bütün ağac
imkanlarından istifadə edib bütün ağaclardan tez
çiçəkləyir, bütün ağacların qibtə
etdiyi pıtraq barıyla aşkarca göz oxşayır, həsəd
yerinə çevrilirdi. Yol gedənləri yolundan saxlayır,
işini-gücünü unudub ona heyranlıqla baxmağa vadar
edir, ağacın donqarlığı, əyiş-üyüşlüyü
də bu vədə elə bil itir, yox olurdu. Daha
doğrusu, bu ona bir az da yaraşıq verir, adama elə gəlirdi,
heyva pıtraq barına, ətrafı tutub adamı bihuş edən
xoş rahiyə saçdığına görə bir el məsəlində
deyildiyi kimi təvazökarcasına başını
aşağı dikib, boylu gəlin kimi süslənib,
göyçəkləşib, bakirələşib, beləcə,
barımı, özümü, Tanrımı onun
yarımadığı kəm-kəsiri bu vədə
örtür, gizlədir, ağacın boyu da bu anda elə bil
uzanır, öz boy artımını binadan alıbmş kimi
onu ucalığından salıb alçaldırdı. Ya binanın küncündən, haradansa düşən
çəpəki qeyri-adi işıq sınıb onu
insanların gözündə o görkəmdə,
göründüyündən uca, boylu-buxunlu,
dolu-yaraşıqlı göstərirdi. Əsl
həqiqətdən çox illuziya həqiqətə
çevrilirdi. Ağacın ipək kimi yumşaq, boyuna
görə qeyri-adi iri, parlaq, dovşan qulağı tək
daim şəklənmiş, atlas yarpaqları da o biri
ağaclarınkından seçilir, son baharacan şux, təzə-tər
ilğımlı qalır, boğulub, qaralıb, ovulub
tökülmür, qartımır, eləcə kəhrəba
rəngi alıb indi də enli şam dilimləri kimi uzanaraq, hərəsi
bir yandan ona rəng, çalarlıq gətirir, barından
artıq sığal, yaraşıq verir, ağacı
başdan-başa bayramsayağı çırağban, bəzəkli
gəlin kimi ləl-cəvahirata tutulmuş kimi edirdi. Fərq oyuydu, bu çilçıraq binanın
tavanından yox, önündən asılıb. Daha
doğrusu, yerdən sıyrılıb çıxıb, yer
bitirib, bu çıraqbanı, çilçırağı,
ağac şəklində çıraq tutub ona...
Tofiq
Abdinin o dövrdəki şeirləri həmin ağacın o vədəki
köntöy, yöndəmsiz, düyünlü, qabarlı,
qayğı-qulluq görməyən, heç bir heyvaya
oxşamayan cır, tünd, acı, erkən çiçəkləsə
də yetirib son baharacan yetişdirəmmədiyi, buna heç
cəhd etmədiyi (çünki o həyatdan istədiyini
almışdı) meyxoş, yabanı bəhrələridi. Onun qeyri-adi yabanı dadını, bənzərsiz, məstedici
ətrini-rayihəsini yayır.
Qabil sadəliyi
Qabil müəllimi qiyabi çoxdan tanısam da, ona
sonralar - birgə işlədiyimiz illərdə daha
yaxından bələd oldum. O illərdə sezdim ki, Qabil müəllimin
ziyalı dostlarından həyat dostları çoxdur. Bunun səbəbi
onun həmin adamlara, onların mühitinə daha yaxın
olmağı, daha doğrusu, özü də o mühitdən
çıxdığından onları özlərindən
çox duyub başa düşməyi, onlarla daha tez
qaynayıb, qarışmağı, həyata onların
gözüylə baxa bilmək, dönüb onlardan biri olmaq
qabiliyyətidi. Həmin adamlara elə gəlir,
Qabil şair-filan deyil, eyniylə onlardan biridi, dərdləri,
qayğıları, sevincləri-nisgilləri birdi, eyni
düşünür, eyni xəyallara qapılırlar. Vaxtilə evlərinin alçaraq damından göyərçin
uçuranda eyni cür sevinib qəhərləniblər.
Bir-birinin ürəyindən o birinə yol
varmış kimi birinin demək istədiyini o birinin deməyi,
birinin düşündüyünü, xəyalına gətirdiyini,
təsadüfənmi, ya sırf məntiqi davam, bağdan
asılı olaraq o birinin də xəyalına gətirməyi
buna görədi. Onların içərisində
fəhlə də var, kəndli də, sənətkar da, el
ağsaqalı, tustaq qanunlarıyla yaşayan lotu-avtoritet, hərbçi,
dənizçi, balıqçı da. Bir dəfə dəniz
qırağında Qabil müəllimlə
görüşüb-öpüşən həmin qocaman dənizçi
dostlarından biri haqlı olaraq ona ömrüm boyu yadımdan
çıxmayacaq, dərin el hikmətini xatırladan bir
söz demişdi: "Heç özünü
dağa-daşa salma, - müəllim, sən bizim loru şairimizsən".
Bu söz ona elə uyuşmuşdu, bəlkə
ən başbilən tənqidçi, mütəxəssis onun
şair xislətini bircə cümləylə bu dəqiqliklə,
belə səlis aça bilməzdi. Doğrudan da, Qabil
müəllimin xasiyyətində də, şeirlərində
də sığallılıq, hamarlıq yox, həmin dənizçi
demiş bir sərtlik, codluq, yaxşı mənada loruluq, kələ-kötürlük,
köntöylük var. Bu bəlkə də Qabil müəllimin
böyüyüb boya-başa çatdığı yerin sərt
iqlimindən, dinclik bilməyən dəli-dolu küləklərin,
fırtınaların başsız-havalı at
oynatdığı Abşeron torpağının heç bir
bölgədə olmayan, heç bir ölçüyə, əndazəyə
sığmayan özünə xas, qeyri-adi,
çılğın, kükrək, ab-havasından irəli gəlir.
Min illər boyu sevgili dənizlə, qasırğayla əlbəyaxa
olan, dəniz-dalğa sinəsində əbədi, sağalmaz
yaralar, oyuqlar açsa da bu yaralardan bir az da xoşbəxt olub
öz varlığını qoruyub saxlayan, elə bil dənizin
gücündən güc alıb onun həmləsindən
anbaan sıxlaşıb, kütləşib dalğa-dalğa
daşlaşan, siqlətli qayalar şəklində
formalaşan, əvvəli sonu olmayan dəvə karvanı tək
sahil boyu xıxıb yatırılmış (nə vaxtsa
oyanıb, canlanıb öz uzaq səfər sərgüzəştlərinə
başlayacaqlarmış kimi) çılpaq qranit qayalardı,
onların sərt, kələ-kötür rəmzidi bu
şeirlər. Bu sərtlikdə, codluqda iradə gücü,
dözüm, səbr, qürur, əzəmət,
uzunömürlülük, gələcək həmlələrə
qabaqcadan hazır olmaq, ona duruş gətirmək əzmi,
qabiliyyəti var. Onda zəriflik, incəlik, axtarmaq, sadəlövlük
olardı. Elə bu qaya şeirlərin gözəlliyi,
zərifliyi onun sərtliyində, bir azca kələ-kötürlüyündədi.
Bu xislətiylə minillik mübarizəyə sinə gərib
öz varlığını qoruyub yaşatmağında; zəriflik,
incəlik yaranmış varlığın əlamətləri,
yəni sifətləri kimi ondan sonra gəlir, ondan
doğulur; onun başqasından
seçilmək, özünü təsdiq üçün fərdi
üz cizgiləri kimi yəni əslində bu zərifliyi-incəliyi
yaradan da odu, onun sifətləri, əlamətləridi
bütün bunlar.
Nə qədər dəniz, dənizin qoynunda dalğalanan qayalar, qayalaşan dalğalar var, nə qədər qızıl qumlu nadir bir sərvət, ləl-cəvahirat kimi par-par parıldayan dəniz sahili, vəhşi, yabanı Abşeron çölü mövcuddu, Qabil müəllimin bu əbədi varlıqların vəhdətindən yoğrulmuş qaya şeirləri də olacaq. Qabil müəllim ona görə xoşbəxdi, dəniz indidən, nəinki indidən, bəlkə Qabil müəllim hələ doğulmamışdan, hələ şeir yazmamışdan onun gələcək şeirlərinin qaya-qaya heykəllərini sıralayıb ucaldıb öz sinəsində, köksünün dərinliyindən üzə çıxarıb. Onları gözlə görmək, əllə toxunmaq, bir sözlə bu şeirlərin məmuniyyətlə seyrinə çıxmaq, mümkün olsun. Buna inanmayanlar bircə dəfə yönlərini dənizə səmt salsalar, ayrı-ayrı bölgələrimizi qarış-qarış gəzsələr, hər addımda daşda, qayada, dənizdə, dalğada Qabil müəllimin şeirlərini öz gözləriylə görərlər, dənizin, dalğanın Qabil müəllimin şeirlərini necə sərt, coşğun, ahənglə orkestr-cəsinə oxuduğunu öz qulaqlarıyla şahidi olarlar, Qabil müəllimin şeirlərindəki təmiz, sağlam ab-havanı öz nəfəsləriylə duyarlar. Bu havada mütləq eyinləri açılar, ovqatları saflaşar.
Qabil müəllimi görmək istəyən
dənizə, dalğaya, bütün Azərbaycana tamaşa
etsin. Dənizi, dalğanı, bütün Azərbaycanı
görmək istəyən Qabil müəllimin şeirinə
baxsın. Bu şeirlərin hər biri milyon, milyard miqyaslarla
kiçildilmiş vahid Azərbaycandı, onun nüvəsidi.
Vahid Azərbaycanı əmələ gətirən zərrəciklər,
fikir daşıyıcıları, düşüncə
materiallarıdı.
Əli
HƏSƏNLİ
525-ci qəzet.- 2021.- 26
noyabr.- S.10.