Dul qadının tənhalığı

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 Sonra əlavə etdi:

 

- Ələkbər müəllim, bu söhbətin mövzusundan, nəticəsindən, narazılığa səbəb olmasından asılı olmayaraq mən əvvəlki tək sizə hörmətlə yanaşmaqda davam edəcəyəm. Bizim yaradıcılıq əlaqələrimizə şəxsi həyatımızı qurmaq barədəki fikirlər mane olmamalıdır. Mən güman edirəm ki, bu söhbət bizim bir-birimizi daha yaxşı tanımağımıza kömək edəcəkdir.

Ələkbər müəllim Ruhiyyənin açıq-saçıq danışığından, səmimiyyətindən çox razı qalmışdı və ona görə də söhbəti yekunlaşdırmaq üçün dedi:

- Sizin fikrinizə tam şərikəm, biz bu söhbətin külünü deyil, bizim qarşılıqlı əlaqələrimizə hərarət verəcək odunu götürməliyik. Mən bu mövqeyə sadiq qalacağam, şübhə etmirəm ki, sizin də səmimiyyətiniz bir seanslıq söhbət limitində ilişib qalmayacaqdır, xarakterinizdəki xoş cəhətlər, məziyyətlər daha da böyüyəcək, parlaq ifadələrdə öz əksini tapacaq və mənim vəd etdiyim dostluq başqa keyfiyyətə keçməsə də, ən azı öz mahiyyətini qoruyub saxlayacaqdır. Mən bir daha tanışlığımızdan, bugünkü söhbət də daxil olmaqla sizinlə görüşlərimdən razı qaldığımı bildirirəm və çox istərdim ki, siz buna bütünlüklə əmin olasınız.

Mən gözəl və ağıllı qadını subalp çəmənliklərində bitən edelveysə bənzədirəm, onları görmək və üzmək hər adama nəsib olmur. Yalnız alpinistlər onların gözəlliyinə heyran olmaq imkanı qazanırlar, onların da uca zirvəyə dırmaşmaq və oradan enmək qayğıları daim əsəblərini məşğul etdiyindən, bəzən gözəllikdən nəinki həzz almağa, hətta onları seyr etməyə də imkanları olmur. Mən kompliment demək istəmirəm. Çox şadam ki, dağa dırmaşmadan belə edelveysi görə, onun ətrini duya bildim. Mən çox arzu edərdim ki, bu gözəl çiçək bitdiyi hündürlük qədər onun gözəlliyinə qiymət verməyi bacaran dağlar yolçusuna qismət olsun. Bu baş versə, mən özümün namizədlər sırasından çıxarılmağıma görə yalnız şad olacağam. Spartada xüsusi hərbi dəstəyə üç yüz adam seçilməli idi. Fiziki və mənəvi xüsusiyyətləri buna tam uyğun gələn biri müsabiqədən keçə bilmədi, ona təskinlik vermək istəyənlərə dedi:

- Mən xoşbəxtəm ki, vətənimdə məndən daha layiqli üç yüz nəfər vardır.

 

Xahiş edirəm, seçiminiz uğurlu olsa, məni həmin spartalı kimi qəbul edin və heç də halıma yanmayın, çünki siz məndən yaxşısına ürcah çıxdığınıza görə könlünüzü də ona təslim etməyi vacib sayıb, qəti bir qərar vermisiniz. Mən bunu həm də özümə düzgün qiymət verilməsi əlaməti kimi qəbul edəcəyəm.

 

Ruhiyyə gülə-gülə dedi:

- Mən üç yüzü deyil, bircə adamı, o da vaxtı gələndə və ya gəlsə seçəcəyəm, ancaq onun sizdən yaxşı olacağı fikrindən çox uzağam. Siz, yəqin ki, məndən daha yaxşısı ilə ailə quracaq, onu tam ürəklə sevəcək və həm də ləyaqətinizin qiyməti kimi seviləcəksiniz. Deyəsən, biz bir-birimizə çox tərifli sözlər dedik, aşıqlar bizə qulaq assaydı, elə güman edərdilər ki, biz deyişirik. Ən başlıcası, biz bir-birimizi başa düşdük, anladıq və mən sizə təlqin etmək istədim ki, adi bir dul qadına siz ikona kimi baxıb, onu ilahiləşdirməyin. Bu tərifdən o, büdrəyib yıxıla bilər, özünə problem yarada bilər. Öləri adamları ilahiləşdirmək, onları yerdən ayırıb göy qübbəsində yerləşdirmək, Allahın dərgahına yola düşməmişdən əvvəl, həmin əraziyə daxil olmağa qızışdırmaq ən azı müqəddəsliyə hörmətsizlik əlaməti sayıla bilər və sayılmalıdır. Xahiş edirəm, mənə çətin zəhmətlə məşğul olan və bədbəxtliklə üzləşmiş bir qadın kimi baxın, ondan artığına isə mən heç də iddia etmirəm.

Ələkbər müəllim Ruhiyyənin zərif əlini iki əli ilə sıxıb onunla vidalaşmadı, yeni görüş ümidi ilə ayrıldığını söylədi.

Hamnet anasına pis söz deyildiyinə görə ağlamışdı

Hamnet ağıllı olmaqla yanaşı, özündən böyük uşaqlarla dostluq etməyi sevirdi, çox vaxt anasının aldığı kitablardan özünə maraqlı görünənləri onlara söyləyirdi. Evdə valideynləri rus dilini çox işlətdiyindən və əsasən rus dilində olan kitabları oxuduqlarından bu dildə danışırdı, ana dilində danışmağa çətinlik çəkirdi. Lakin ağlı iti olduğundan oynadığı uşaqlarla təmasdan ana dilini də mənimsəmiş və heç bu dildə də pis danışmırdı. Anası televiziya kompaniyasına gedəndə onu kiçik bacısına tapşırmışdı.

Hüseynin ölümündən xeyli sonra Ruhiyyənin anası yaşadıqları evin pilləkənindən yıxılıb budunu sındırmşdı və ağrılardan əziyyət çəkirdi. Həkimlər cərrahiyyə əməliyyatını məsləhət görmədilər və budunu gipsə saldılar. Lakin ağrı azalmırdı, onun onurğa sütununda da əvvəldən qüsurlar var idi, fəqərənin biri yerindən oynayıb, sinirə toxunduqda dəhşətli ağrılar verirdi. Bu bədbəxt qadın iyirmi ilə yaxın idi ki, pentalgin, analgin qəbul edirdi, az qala narkomana çevrilmişdi. Yıxıldığı gündən on gün sonra öldü və qızları ilə ağlı üstündə ikən vidalaşdı. Kiçik qızı Aynuru Ruhiyyəyə tapşırdı, çünki onun başqa bir himayə edəni yox idi.

Ruhiyyə ucuz qiymətə də olsa, özünün vaxtilə aldığı və son beş ildə anası ilə bacısının yaşadığı qəsəbədəki evi satdı və pulu artıq universitet tələbəsi olan bacısına verdi. O, Aynuru öz evinə götürdü və Hüseynin keçmiş kabinetini onun üçün yataq otağı etdi. Xoşbəxtlikdən bacısı ilə oğlu dostlaşdılar, bircə pis cəhət o idi ki, Aynur rusca pis bilirdi və bu, Hamneti narazı salırdı. O, bacısının azyaşlı oğlundan fərqli olaraq ingilis dilinə də elə bir maraq göstərməməsindən narazı idi.

Ruhiyyə evə qayıdanda oğlunu pərişan vəziyyətdə gördü, sorğu-sual etsə də, o, heç nə demədi. Universitetdən qayıdan bacısı məsələyə aydınlıq gətirdi, qonşudakı rəfiqəsi qız ona hadisəni danışıbmış. Hamnetin özündən üç yaş böyük qonşu oğlu ilə oyun üstündə sözü çəpləşmiş, həyətdə hamının kobud, tərbiyəsiz kimi tanıdığı həmin oğlan əvvəlcə Hamnetə ata söyüşü söymüş, bundan hirslənən Hamnet yumruğu ilə onun üstünə gedəndə, onu itələyib yıxmış və uşaqların yanında bərkdən demişdi.

- Yəqin ki, fahişə anan olmasaydı, çox şey edərdin. Ananı küçələrdə hamı tanıyırmış, onu şəhərimizin Kabiriyası adlandırırmışlar.

Hamnet "fahişə" sözünü anlamırdı, lakin atası onunla televiziyada göstərilən "Kabiriya gecələri" filminin balaca boylu, elə də bir gözəlliyi olmayan, lakin iri, ifadəli gözləri, ağlayanda isə bu gözlər yaşla dolduğundan daha iri görünürdü, qadının kim olduğunu müəyyən ifadələrlə ona izah etmişdi və əlavə etmişdi ki, onların çoxunun belə olmalarında günahları yoxdur, şərait, ehtiyac onları belə vəziyyətə salmışdır. Bu qızları çoxları hətta təhqir etməkdən də çəkinmir.

Hamnet Kabiriyanın nə demək olduğunu, qonşu pis oğlanın anasının təhqir etdiyini anlayıb, hönkür-hönkür ağlamağa başladı. Həmin oğlan ona yazığı gəlmək, sakitləşdirmək əvəzinə, qeyzlə dedi:

 

- Səni də ananın oğlu kimi tanıyacaqlar, özün də qız kimisən, çox vaxt kitablardan danışırsan, bizə qıcıq vermək istəyirsən. Ondansa get ananın dərdini çək.

Uşaqlar Hamneti sakitləşdirməyə çalışırdılar və onu yerdən qaldırıb, evlərinin qapısına qədər müşayiət etdilər.

Bunları Aynura qonşu qız söyləmişdi və demişdi ki, o həyasız uşağın da anası əsl küçə qadınıdır, danışığına fikir verən deyil, Ruhiyyə xanımdan da xoşu gəlmədiyindən, imkan düşən kimi ondan qeybət qırır, haqqında pis sözlər işlətməkdən də çəkinmir.

Ruhiyyə hər şeyi anladı, Hamneti qucaqlayıb, bağrına basdı, elə tərbiyəsiz uşaqla bir daha oynamamağı məsləhət gördü.

Özü də göz yaşlarını saxlaya bilməyib dedi:

- Hər deyilən sözə fikir vermə. Maman səni canından artıq sevir, bilirəm ki, sən də məni çox istəyirsən. Biri üstümə çirkab suyu atsa da, sən əhəmiyyət vermə, paltarımı dəyişəcəm və hər şey ötüb-keçəcəkdir. Sən mənim ağıllı balamsan, həyatda hələ çox nadanlıqlarla qarşılaşacaqsan, onlara qarşı özündə təmkin, möhkəmlik tərbiyə etməlisən. Həyatın qarşıya qoyduğu çətinlikləri də nəzərə almalısan, onlardan qorxmamalısan. Kinoda gördün ki, Kvazimodo heç kəsdən qorxmayıb Esmeraldanı kütlənin əlindən alıb, xilas etdi və qucağına götürüb kilsədə özü yaşadığı zənglər olan yerə apardı.

Hamnet anasının da ağladığını görüb, həzin səslə ona qısılıb dedi:

- Məni bağışla, mama. Günah mənimkidir, bəlkə də, kitablardakıları onlara söyləməklə, mən onlarda qısqanclıq yaratmışam. Onların mənim söhbətlərimdən xoşları gəlmədiyini də hiss etmişdim. Lakin özümü elə köhnə qaydada aparırdım. İncidinsə, bir də məni bağışlamanı xahiş edirəm. Atam yoxdur, səni də itirsəm, mən necə olaram?

Ruhiyyə bu nazik qəlbli oğlunu bağrına basıb öpdü:

- Sən mənim olduqca ağıllı balamsan. Həyətdə kimsə səni bəyənmirsə, buna fikir vermə. Hamıyla mehriban dolan, məni təhqir etsələr də, bunu qulaqardına vur. Sənin üçün ən vacibi ananın sənə olan məhəbbətidir, atan da sənin yolunda hər cür fədakarlığa hazır idi. O, təkcə sənə görə Allaha yalvarırdı ki, ona möhlət versin, öz dərgahına aparmasın ki, sənin təhsilinlə məşğul olsun. Lakin tale sapı kəsilməli imiş və kəsildi də. Biz özümüz özümüzü qorumalıyıq.

Hamnet başının işarəsi ilə anasını başa düşdüyünü bildirdi və öz otağına keçib, yaşına uyğun olmayan Viktor Hüqonun əsərini götürüb oxumağa başladı. Anasının dediyi Kvazimodo fiziki cəhətdən çox qüsurlu, lal-kar olan bir adam olsa da, olduqca təmiz ürəyə malik idi və özünü ona layiq görməsə də, Esmeraldaya vurulmuşdu və bu qıza görə atası kimi sevdiyi keşiş Frollonu da kilsənin uca balkonundan atıb öldürmüşdü. Hamnetin bunları başa düşməsi çətin idi. O, məhəbbətin də nə olduğunu bilmirdi, bu hissin bədbəxt bir məxluqu ani olaraq ən xoşbəxt insana çevirdiyini də anası ilə baxdığı filmdən öyrənmişdi.

Ancaq uşağın kitablara, filmlərə böyük marağı olduğundan bəzi şeyləri anlayırdı, bəzilərini isə güclü intuisiyası hesabına dərk etməyə çalışırdı. O bilirdi ki, atası ilə anası bir-birlərini çox sevirlərmiş, ona görə də anası onun ölümündən çox keçsə də, dərddən özünə gələ bilmir. Rəfiqələri də onu qınayırdılar ki, ölənə görə illərlə yas saxlamaq olmaz. Ruhiyyəyə sərt qaydada bildirirdilər ki, bəlkə, sən də Hüseynlə birlikdə qəbirə yollanmaq istəyirsənmiş, bu, heç də böyük ağıldan xəbər vermir. Bəlkə, sənə də bir özünə sui-qəsd meşəsi lazımdır, axı bu qədər də dərd çəkmək, qüssə, qəm simvoluna çevrilmək olmaz. Sən matəm əlaməti kimi daim qara paltar geyinirsən, özünü qocaltmağa çalışırsan. Qara rəng, tuareqlərin geyindiyi göy satinin rəngi dərilərinə hopduğu kimi, paltarından sənin başına, ürəyinə də nüfuz etmişdir, bütün vücuduna keçmişdir. Sən çox mütaliə etmisən, axı məhəbbət etalonları sayılan cütlükdən biri həyatdan getdikdə, digəri itkiyə görə nə qədər pis olsa da, sonra özünə gəlir, həyata açıq gözlə baxmağa başlayır və az sonra bədbinliyin ağır yükünü çiyinlərindən atıb, ətrafa nəzər saldıqda, özünün nadir nüsxə olmadığı qənaətinə gəldikdə, həyatı davam etdirmək barədə fikirləşir, ona olan təklifləri götür-qoy edir, nəhayət, yeni həyata başlamaq qərarına gəlir. Qadınlar ikinci dəfə ərə gedir, dul kişilər yenidən evlənirlər və hiss edirlər ki, əvvəlki cütlükdəkinin birisini itirməklə heç də həyat başa çatmır, davam edir, yenidən xoşbəxtliyin ziyafəti süfrəsi arxasına oturub, həyatdan həzz almaq şansı mövcud olur. Bəzən ikinci bağlılıq hətta birinci məhəbbətin şiddətini də arxada qoyub, onu üstələyə bilir, çünki bədbinlik əzablarından sonra ikinci dəfə xoşbəxtlik imkanına qovuşmaq, insanın zövqündə, dünyaya baxışında əsaslı dəyişiklik əmələ gətirir və tədricən ilk məhəbbətin canlı abidəsi də uçub dağılmağa başlayır, onun konturları da itir, yerini reallıq əvəz edir, adam gerçəkliyi olduğu kimi qəbul etməklə, ondan həzz almaq yolunu da öyrənməyə başlayır.

 

 (Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.22.