"Çaldıran"
hökmü
Şah İsmayıl Xətai şəxsiyyət kimi
formalaşmağında ilahi tapşırığa,
dövrünə, zəmanəsinə, eyni zamanda, fenomenal
istedadına, fəhminə, dünyadərkinə,
özünü və ətrafını dərindən hiss
etməsinə borclu idi. O, öz taleyini özü yazan, dövrünün
möhtəşəm və güclü simalarını
kölgədə qoyan, fərdi həyatdan daha çox
ümumxalq, ümumdövlət taleyi yaşayan, ömür
yolu qısa olsa da çox zəngin və mənalı
keçən nadir şəxsiyyətlərdən biridir. Çətin qavranılan işlərin öhdəsindən
ləyaqətlə gələn, qeyri-müəyyənlikləri,
ziddiyyətləri asanlıqla çözən, möhtəşəm
islahatçı, qurucu, yaradıcı dövlət xadimi kimi
tarixin çöhrəsində işıqlı bir yaddaş
kimi daim nur saçır. Məhz
tanınmış yazıçı Hüseynbala Mirələmov
da "Çaldıran yolu" əsərində ona bu məhəbbət
və sevgilə, bir qədər də yanıqlı təəssüflə
yanaşmışdır. "İki
şah, iki sultan" trilogiyasının
üçüncü kitabı olan bu əsər Şah
İsmayılın romanıdır, onun zəngin həyatının
müxtəlif epizodlarının təcəssümüdür.
Tarix çox zaman qələmdən daha çox
qılıncla yazılmışdır. Hamısı əzəmətli
taleyə malik unudulmaz simalar, öz inancları, yaxud
iddiaları uğrunda döyüşən coşğun
şövqlü insanlar tarix səhifələrini
qılıncının ucundan axan qanla yazmışlar. Bəzən insana elə gəlir ki, tarix, əslində
müharibələrin, döyüşlərin, qan-qadalarla izlənən
hadisələrin tarixidir. "Çaldıran
yolu" romanı bu mənada bizə zəngin məlumat verir,
hamı üçün məlum tarixi hadisələrə
yeni baxış sərgiləyir, əzəmətli taleyə
malik insanların ömür yoluna, yaşam tərzinə,
tarixi taleyinə yeni aspektdən işıq salır.
Müəllif İsmayılın şah elan edilməsinin
təntənələrini, bu seçimin arxitektonik
gücü və mistikası, ona qarşı alovlu ümumxalq
sevgisinin gürşadını istedadlı qələm məhsulu
kimi təqdim edir. Xalq misli görünməmiş bir bayram içindədir,
sevincə, şadlığa bələnib, öz gələcək
tale yolunu bu seçimdə tapdığını
açıq ürəklə bəyan edir: "...Hüseyn bəy
Lələ Şamlı on beş yaşlı hökmdarın
on beş günlük ay kimi parlayan işıqlı təbəssümü
qarşısında sükuta daldı. Sanki o, donmuşdu,
qabağa gedə bilmirdi... Şahın
üzü nura bələnmişdi. Bir anda ona elə gəldi
ki, gənc İsmayılı yox, özünün gənclik
dostu, həm də mürşidi Şeyx Heydəri
görür...". Bu
sözlərdə təkcə Heseyn bəy Lələnin gənc
şaha hüsn və rəğbətinin, məhəbbətinin
ifadəsi yox, həm də müəllifin yaratdığı
obraza mehr-məhəbbətinin, sevgisinin təzahürlərinin
şahidi oluruq. Doğrudan da, hadisələr
inkişaf etdikcə yazıçı münasibəti daha da
qabarıqlaşır, sənətkar qəhrəmanı ilə
birgə dayanır, yaratdığı obrazı
çox-çox ucalara qaldırmaq üçün qələminin
bütün qüdrətindən istifadə edir.
Şah İsmayılın həyatı qovğalarda,
döyüşlərdə, cəngi-cidada keçib. Amma o,
heç vaxt döyüşkən, radikal tələblərlə
çıxış eləməyib. Onun
missiyası ilahi tapşırıqla gözlənilən
qanlı savaşları başlamaq yox, hədələyici
müharibələri barışdırıcı sülh təkliflərilə
dayandırmaq, töküləcək qanları göz
önünə gətirərək barış yolları
axtarmaq olmuşdur. Dini ehkamın və dövlət siyasətinin
ən xırda detalları ətrafında barışmaz
mübarizələrin getdiyi bir zamanda o, mənəvi
inancın yollarını axtarır, onu ətrafına (hətta,
düşmən tərəfə belə) sirayət etdirməyə
çalışır, mənəvi inancın
formalarının müəyyən sintezi ilə
dünyanı düşmənçilikdən xilas etməyə
səy göstərirdi. Haqqı, ədaləti,
bəşəri dəyərləri hamının sərvətinə
çevirmək üçün daim öz idealına sədaqət
nümayiş etdirirdi. O, tez-tez düşünürdü:
"Axı nə üçün dünyaya rahat yaşamaq
üçün gələn insanlar bir-birini qanına qəltan
etməlidirlər? Olmazmı ki, hər kəs öz haqqına
qane olub, sakit yaşasın?".
Şah İsmayıl hakimiyyətə qan-qadalarla,
qırğınlarla və xalqın sevgisilə gəlmişdi. Və sona qədər
bu qırğın və döyüşlər, həm də
xalq sevgisi onu daim müşayiət etdi. Uzun
Həsənin nəvələri Əlvənd Mirzə və
Sultan Murad özlərini taxt-tac varisi hesab eləyib, Şah
İsmayıla qarşı çıxdılar. Hərçənd, özləri də yola getmir,
bir-birini didir, bir-birinə qarşı açıq
döyüşdən də çəkinmirdilər. Şah İsmayıl Əlvənd Mirzəni
Naxçıvan yaxınlığında məğlub etdi.
Bu nümunədən dərs götürməyən
Əlvənd Mirzə özünü toparlayıb yenidən
Qızılbaşların üzərinə yeridi. Bu dəfə biabırçılıqla məğlub
edilib zəbun oldu. Növbə Sultan Murada
çatdı. Sultan Muradla
döyüşlər uzun və yorucu oldu. Yazıçı bu mürəkkəb və
konqolomerat tarixi hadisələri incə detallarınadək, təfərrüatı
ilə oxucuya çatdırır. Çünki
bu hadisələr gənc şahın həyatının ən
zəruri və vacib momentlərindəndir. Sultan Murad hiyləgər, fəndgir və kəmfürsətdir.
Hüseyn bəy Lələ döyüşün lap əvvəlindən
Sultan Muradın əhvali-ruhiyyəsini dəqiq ifadə edir:
"Şahım, onun qələbəyə heç bir
ümidi yoxdur. Qüvvəsi bizdən ikiqat
artıq olsa da. Onun düşməni
inamsızlıqdır". Şah
İsmayılın qələbələrinin bünövrəsində
də inam, etiqad və gələcəyə ümid
dayanırdı. Bütün bunlar da
qızılbaş sevgisilə süslənirdi.
Romanda Şah İsmayılın xoşməramlı gəlişmələrinə
də geniş yer verilir. O, insanlığa inamın müqəddəs haləsi altında
insanların dostlaşıb birləşməsini
arzulayırdı. Dünyaya həmişə insanlar lazım
idi ki, tarixin küt, yeknəsəq gedişatının dəyişməsinə
töhfələr versin. Axı, tarix təkcə
qılıncların toqquşmasından, qan-qadalardan
keçmir, o, həm də mənəvi tərəqqidir.
Qəddar zorakılıqdan mənəvi yüksəkliyə
aparan yol da insanlıqdan, yaxşı, xeyirxah əməllərdən,
ədalətdən keçir. Bu mənada
Şah İsmayılın Xorasan hakimi, şair Hüseyn Bayqara
ilə xoş münasibətləri, söhbətləri əsl
mənəviyyat aktı kimi yadda qalır.
Yazıçı romanda yaşananların ruhunu
çatdırmaq, dərin düşüncəyə, ruhi təbəddülata
malik insan psixologiyasını açmağa yönəlik bədii
üsul və vasitələrdən geniş istifadə edir. Düşmənlərin
xislətindəki dərinləşən düşmənçiliyi,
doğmaların, tərəfkeşlərin düşüncələrindəki
saflığı çatdırmaq üçün obrazlı
dilin və ifadə vasitələrinin imkanlarından tam
yararlanır. Bunlardan biri də
obrazların bir-biri ilə xəyali söhbətləşmələridir.
Bu, hadisələrin daxili dinamizmini
artırır, onlara ekspressivlik verir, insanların ruhən
qovuşmağına şərait yaradır. Hökmdarların, şahların, sultanların məktublaşma
səhnələri möhtəşəm və
eksklüzivdir. Bu məktublarda şəxsiyyətlərin
gizli niyyətləri açıq söhbətdən daha
çox alt qatdadır. Heç bir səmimiyyətdən
söhbət gedə bilməz. Əsl
mahiyyət siyasətdədir. O da gizli mənalarla,
işarələrlə, eyhamlarla, çox incə üsullarla
ört-basdır edilir. Bu məktubların hər
birində Şərq ruhu bariz şəkildə üzə
çıxır. Hər şey
aydındır, amma heç nə həm də aydın deyil.
Əlvən Mirzənin Şah İsmayıla məktubu,
İsmayılın cavabı, Sultan II Bəyazidin Əlvən
Mirzəyə məktubu (onu Şah İsmayıla qarşı
çağırır, kömək vəd edir), Sultan
Muradın II Bəyazidə məktubu, Şah
İsmayılın II Bəyazidə məktubları, II Bəyazidin
Şah İsmayıla cavabları, Şah İsmayılın Məhəmməd
Şeybani ilə məktublaşmaları, Şah
İsmayılın Misir sultanı Qansu Qiruya göndərdiyi məktub,
Sultan Səlimin Şah İsmayıla göndərdiyi məktublar...
Bu yazışmalar romanın bel sütununu təşkil
edir və qeyd olunmalıdır ki, ona yeni təravət verir.
Dəqiq deyə bilmərəm, müəllif bu
məktubların originalları ilə tanışdır, ya
yox, məktubların məzmunu originala uyğundur, ya uyğun
deyil, ancaq bir məsələ var ki, bu məktublardakı
pafos, bəlağət, zəncirvari məntiq, sətiraltı
işarələr dövrün və müəlliflərin
tam ruhuna uyğundur. Məktublardakı ehtiyatkarlıq,
sözlərin seçilməsi, fikrin
üstüörtülü çatdırılması hadisələrlə
həmahənglik təşkil edir, ruhi təbəddülatı
bir az da dərinləşdirir.
Romanın ən incə məqamları sevgi ilə
süslənmiş, müharibə və siyasətin
sıxışdırılıb
çıxarıldığı məhəbbət dolu səhnələrdir. Bütün ətrafda
qanlı döyüşlərin cövlan elədiyi bir vaxtda
Şah İsmayıl mənəvi inancın layiqli
formasını tapdığı məhəbbətə
sığındı: "Əslində İsmayıl günəş
üzlü Şahbigə xanımı çoxdan
tanıyırdı. Bilirdi ki, Əbdi bəyin
qızıdır. Gözəlliyinə,
görkəminə görə atası onu qızların
şahı adlandırırdı. Elə
bu üzdən onun əsl adı unudulmuşdu. Hamı elə "Taclı" deyə
çağırırdı". Təbrizin
"Həşti-Behişt" adlanan şah
bağçasında Şah İsmayılla Taclı
xanımın görüşləri munis bir qələmlə,
romantik duyğularla təsvir edilir. Bu saf məhəbbət
öz işığında həyatın bütün problemlərini
əridir, eyni coşğu ilə Şah İsmayılın qəlbini
nura bələyir, ona saf, təmiz, ilahi duyğular bəxş
edir. Lələsi Qəmbər ağanın (Sultan Murad
elçi sifətində gəlmiş Qəmbər
ağanı ağsaqqal çağında atların
ayaqları altında tapdatdırmışdı) sözləri
bu anlarda həmişə qulağında səslənirdi:
"Sevgidə kamillik tapan hakimiyyətdə də kamil
olar".
Başqa
bir eşq misalı Sultan Səlimlə
Hafizə arasında yaşanır. Hansı məmləkətdənsə
əsir götürülmüş bu qız uşaqlıqdan
sarayda böyümüşdü. Sultan II
Bəyazid əvvəlcə bu izdivaca razı olmur. Sonradan Səlimin inadları və Nurəddin
Sarıgörəzin məsləhətlərindən sonra
razılaşır. Səlim nə qədər
qəddar, şöhrətpərəst, xudbin, hakimiyyət hərisi
olsa da, məhəbbət qarşısında bir o qədər
aciz və köməksizdir. Onun bu sifətləri
yazıçı tərəfindən dəqiq ştrixlərlə
verilmişdir.
"Çaldıran yolu" romanında Şah
İsmayılın ətrafında toplanan əmirlərin,
döyüş başçılarının şəxsiyyəti,
portret cizgiləri müəllif tərəfindən peşəkarlıqla
yaradılmışdır. Ətrafda baş verənləri
müşahidə etmək, onu təhlil süzgəcindən
keçirmək, ümumiləşdirmələr aparmaq,
dünyaya bəsirət gözü ilə baxmaq onun
yaratdığı qəhrəmanlara xas cəhətlərdir.
Şahını ürəkdən sevmək,
onun yolunda mərd-mərdanə ölümə getmək, ona
sidq-ürəkdən bağlılıq bu şəxslərin
mənəvi keyfiyyətləridir. Onlar Hüseyn bəy
Lələ Şamlı, Əmir Zəkəriyyə, Şəmsəddin
Lahicani, Abdin bəy Davaçı Şamlı, Bayram bəy
Qaramanlı, Məhəmməd xan Ustaclı, Əbdi bəy
Şamlı, Abdal bəy Dədə, Xadim bəy Xülafə,
Qarapiri bəy Qacar, İlyas Halvaçıoğlu və
başqaları idi. Onlar təkcə
döyüşdə qılınc çalmaq ustası deyildilər,
həm də qəlb və zəka sərkərdələri
idilər. Qol döyüşündə,
meydan savaşında fərqləndikləri kimi, Şahın
yaxın məsləhətçiləri, söz, ağıl,
düşüncə döyüşçüləri idilər.
"Qardaş
qardaşı mərdanə vurdum deyən yalan söylər"
(Şah İsmayıl Xətai) və "Sanma şahım hər
kəsi sən sadiqanə yar olur" (Sultan Səlim Yavuz)
şeirlərinin ovqatı oxucunu hadisələrin finalına
kökləyir. Anadoluda Şah
İsmayıl tərəfdarlarına, şiə aşiqlərinə,
Şahqulu Baba üsyançılarına qarşı
mübarizə üçün Sultan Səlim Osmanlının
baş müftisi Həmzə Əfəndinin dini fətvasını
aldı. Qızılbaş tərəfdarlarının
qanı su yerinə axıdıldı. Bütün bunlar
"Çaldıran"a aparırdı. Şah İsmayıl bütün vasitələrlə,
ciddi-cəhdlə döyüşdən yayınır,
müharibəyə girməməyə
çalışırdı. Sultan Səlimin təhqirlərlə
dolu məktublarına cəmi bir cavab verdi.
Səliqəylə, təmkinlə
yazılmış cavab məktubunda sülhdən,
barışdan söhbət açılırdı. Səlim isə qan-qan deyirdi. Axır
ki, o gün gəlib çatdı. 1514-cü
ilin avqustunda Maku yaxınlığında Çaldıran
düzündə qoşunlar üz-üzə durdu.
Osmanlı ordusuna gecə hücumunun təşkili təklifinə
Şah İsmayıl məşhur cavabını verir: "Biz
karvanbasan quldur deyilik ki, gecə hücum eləyək". Beləliklə, türk dünyasının iki
qüdrətli söz və qılınc cəngavəri
arasında bu qırğın tarix səhifələrinə
adi hadisə kimi yazılmadı. Burada iki
qardaş üz-üzə durmuşdu və uduzan da
bütün türk dünyası idi. Əslində
burda qalib və məğlub tərəf yox idi. Məğlub olan külli türk aləmi idi.
Ən böyük əqidəni və dövləti yaratmaq üçün əlindən gələni edən, canından-qanından keçən Şah İsmayıl taleyin sınağı ilə üz-üzə gəlmişdi. Burada onun öz şəxsi həyatının bir parçasını da puç elədiyi aydın görünürdü. Qandan-qadadan nə qədər qaçsa da, tale onu məhz ora sürükləmişdi. Ətrafına baxdı, süzgün nəzərlərlə dörd tərəfinə göz atdı. Canı qədər sevdiyi xanımı Taclı gözə dəymirdi. "Şah İsmayılın gözü gəzirdi Hüseyn bəy Lələ Şamlını, Məhəmməd xan Ustaclını, Durmuş xanı, Nurəli bəyi, Əbdi bəyi, qeyrilərini... ancaq onlar yox idilər. Çaldıran həm də onların adları ilə yaşayacaqdı".
Yaralı şah əndişələr içində qovrulmağına baxmayaraq, qayada, mağarada gizlətdiyi məşhur rəssam Kəmaləddin Behzad və şəxsi saray xəttatı Mahmud Nişapurinin taleyilə maraqlanır. Tez onları tapmaq üçün adamlar göndərir. Yır-yığış eləyib Təbrizi tərk eləyəndə məlikişüara Həbibini və sazəndələrin başçısı Aşıq Dirili Qurbanini görmür. Deyirlər ki, onlar Sultan Səlimə sözlərini demək üçün qalırlar. Şah yüngülcə istehza edir. Yəni, Sultan Səlimə bu, təsir edəcəkmi?.. Bütün bu epizodlar Şah İsmayılın şeirə, sənətə, sənətkara nə qədər yüksək dəyər verdiyini bir daha sübut edir.
"Çaldıran" öz amansız hökmünü verdi. Baxış bucağının uzaqlığına, insan qəlbinin aydınlığına yönələn Şah İsmayıl ideyaları pərən-pərən düşmüşdü. İnancına zərbə dəymişdi, o inanca ki, bəşəriyyətin birgəliyinə, əmin-amanlığa, humanizmə, sülh və barışa yönəlmişdi. Şah İsmayıl "Çaldıran"dan sonra siyasət, dövlət idarəçiliyi, diplomatiyadan tamam uzaqlaşdı. Elə bil heç əvvəlki çılğın xarakterli hökmdar deyildi. Sanki birdən-birə yüz yaş qocalmışdı. Çünki "Çaldıran" onu sındırmışdı. Və şeirlərilə baş-başa qalmışdı, onlara sığınmışdı:
Diyari-eşqə sultanəm, dila, mən də zəmanimdə,
Vəzirimdir qəmi-qüssəm, oturmuş iki
yanimdə...
Loğman
RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2021.- 27 noyabr.- S.20;21.